KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya ilə danışıqların vaxtı çatıb?- Ukrayna buna getməsə…

Kənan Novruzov: Rusiya ilə danışıqların vaxtı çatıb?- Ukrayna buna getməsə…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
13 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər. Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya dəstək səviyyəsindən asılıdır: “ABŞ-nin yardımı dayandırması nəticəsində Ukrayna artilleriya və hava hücumundan müdafiə çatışmazlıqları ilə üzləşir. Bu, Rusiya qüvvələrinə marjinal taktiki irəliləyişlər əldə etməyə imkan verir. ABŞ yardımı bərpa etməsə, Rusiya gələcəkdə daha ciddi uğurlar qazana bilər”.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da rəsmi Vaşinqtonun Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırdığını bildirib.
Ukraynada vəziyyət kifayət qədər çətindir. Rusiyanın imkanları həm şəxsi heyət, həm də texnika baxımından Ukraynanın resurslarından daha çoxdur. Bunu Rəsmi Kiyev özü də etiraf edir.
Ukraynanın işini çətinləşdirən bir neçə amil var. Birincisi, ABŞ-nin Ukraynaya yardımı dayandırmasıdır. İkincisi, Avropa İttifaqının (Aİ) dəstəklə bağlı tərəddüdləridir. Üçüncüsü, Qərbin Ukraynanın Rusiya ərazisinə hücumlara mənfi reaksiyasıdır. Bütün bunlar Kiyevin imkanlarını məhdudlaşdırır.
Ukraynaya hərbi yardımla bağlı kollektiv Qərbdə ciddi fikir ayrılıqları var. ABŞ və Aİ arasındakı ziddiyyətlər aydın müşahidə olunur. Bunun bir neçə səbəbi ola bilər. Mümkündür ki, Ukraynanın əks – hücum əməliyyatındakı uğursuzluq Qərbi məyus edib. Və Qərb düşünür ki, ayrılan vəsait sadəcə olaraq göyə sovrulur.
İkincisi, ola bilsin, Qərb Rusiya ilə birbaşa müharibə ehtimalından çəkinir və bunun qarşısını almaq istəyir.
Üçüncüsü, mümkündür ki, Qərbin müəyyən hissəsi ilə, xüsusilə ABŞ ilə Rusiya arasında Ukraynanın parçalanmasına dair mümkün plan işə düşüb.
Bundan başqa, ABŞ – nin Ukraynaya yardımı dayandırması həm də ölkə daxilindəki prezident seçkiləri ilə əlaqələndirilə bilər. Hərçənd bu, hazırda iqtidarda olan Demokratların reytinqinə mənfi təsir də göstərə bilər.
Bütün hallarda yuxarıda qeyd olunan məqamlar və digər amillər Qərbdə, o cümlədən NATO daxilində ciddi fikir ayrılığına səbəb olmaqdadır. Bu isə heç bir halda Kiyevin xeyrinə deyil.
Qərb rəsmiləri özləri də etiraf edirlər ki, Ukraynaya dəstəyin gücləndirilməsi həyati əhəmiyyətlidir. Amma bu hələ ki, ancaq söz səviyyəsindədir və əməldə təsdiqini tapmır.
Belə davam edərsə və yaxın gələcəkdə Rusiyaya dəstək bərpa olunmazsa, ABŞ institunun proqnozu özünü doğrulda, Ukrayna daha çox ərazilərini itirə bilər. Hər halda Ukraynanın keçirdiyi xüsusi əməliyyatlar hələ ki, arzuolunan nəticəni vermir. Partlayışlarla, texnikaların sıradan çıxarılması ilə cəbhədə uğur qazanmaq mümkün görünmür.
İndiki məqamda Kiyev Qərbin gələcək addımlarını təxmin etməyi bacarmalıdır. Dəstəyin yaxın vaxtda gücləndiriləcəyi ağlabatan görünmür. Və əgər belədirsə, onda, bəlkə də, çox gec olmadan Rusiya ilə danışıqlara getmək daha yaxşı olar. Yaxud da Ukrayna silah çatışmazlığını aradan qaldırmaq üçün daxili istehsalı artırmalıdır. Başqa müttəfiqlər axtarmaq variantı da var, amma bu, nəticə verməz. Çünki vaxtı ilə Ukraynanın yanında olanlar artıq onu tək qoyurlar. Türkiyə kimi neytral aktorlar isə Rusiya ilə münasibətləri pozmaq istəməzlər.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir