KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: Türkiyə-İran danışıqlarında Azərbaycanın yeri

Aqşin Kərimov: Türkiyə-İran danışıqlarında Azərbaycanın yeri

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
114 0

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehrana səfər edərək İranın baş diplomatı Hüseyn Əmir-Abdullahianla danışıqlarında Azərbaycan üçün vacib sayıla biləcək bir nüans müzakirə predmetinə çevrildi.

Söhbət Türkiyə və İran xarici işlər nazirlərinin Bakı-Ankara-Tehran danışıqlar formatının yaradılması ilə bağlı razılaşdırdığı nöqtədən gedir.

Klassik yanaşmanın dəyişməsindən danışa bilmərik

Bu razılıq İranla Türkiyənin regional planlarının irəliləməsinə hazırlıq mərhələsinin ikitərəfli əməkdaşlıqla möhkəmləndirilməsi məqsədlərini özündə ehtiva edir.

Lakin İran bütün regiona və qlobal oyunçulara birmənalı surətdə bəlli edir ki, Cənubi Qafqazda geosiyasi dəyişikliklər qəbuledilməzdir, Türkiyə isə Azərbaycanın yeni reallıqlar yaratmaq qabiliyyətinə nəhəng dəstək verir.

Deməli, Türkiyə ilə İran Cənubi Qafqazdakı vəziyyət üzərindən regional maraqlarını yaxınlaşdırmağa çalışsalar da, hər iki dövlətin adət edilmiş vərdişlərinin və bundan irəli gələn maraqların təminindəki klassik yanaşmasının dəyişdiyindən söz aça bilmərik.

Bununla belə, Ankara-Tehran trafikindəki əməkdaşlığın Cənubi Qafqazı əhatə edəcək sərhədlərini təyin etmək qarşılıqlı ehtiyaclardan dolayı əhəmiyyət daşıyır.

Bu mənada Abdullahian-Fidan danışıqlarının nəticələrinin Qafqaz regionu üzrə çalarlarını iki regional oyunçunun yeni tendensiyalar haqqında birgə məruzə hazırlamağa razılıq əlamətləri kimi də şərh etmək olar.

Türkiyəni narahat edən səbəb

Təbii ki, tərəflər bir-birlərinin strategiyasındakı dəyişməz ölçülərə hörməti nümayiş etdirə bilən diplomatik və hərbi-siyasi nəzakəti qorumaq öhdəliklərini də göstərməlidirlər.

Belə strateji sistem daxilində tərəflər bir-birinə qarşı hərbi seçim etmək prinsipindən qaçırlar, çünki nə Türkiyə, nə də İran bir-birilə açıq toqquşmada maraqlıdır.

İranın Azərbaycan məsələsindəki doktrinası isə Türkiyənin narahatlığına səbəb olur, çünki Ankara Bakının strateji müttəfiqi olduğundan onun strateji müdafiəsinə cavabdehlik məsuliyyətini dərk edir.

Türkiyə-İran danışıqlarının aspektlərindən aşkar olunan budur ki, onlar Cənubi Qafqazdakı gündəlik üzrə iddialarını saxlasalar da, bunun icrası üzrə izləmə konsepsiyasını qarşılıqlı şəkildə hazırlamağı düşünürlər.

Razılaşmanın anatomiyasında iqtisadi aspektlər ön plandadır

Yeri gəlmişkən, Azərbaycan üçün qeyd olunan əməkdaşlığın faydalılıq dərəcəsi Zəngəzur dəhlizi layihəsinin formatı çərçivəsində qiymətlidir. Çünki regionda “3+3” formatı (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) səmərəli əməkdaşlıq modeli kimi təhlükəsizliyə də töhfə verən nəzəri aspektlərə malikdir.

Abdullahianla Fidanın danışıqları ümid yaradır ki, İran Zəngəzur koridorunun açılması mövzusunda Azərbaycanın mövqeyinə yaxınlaşan dairə cıza bilər.

Lakin köklü siyasətdə dəyişiklik gözlənilmədiyindən İranın Zəngəzur dəhlizinin strateji kontekstinə davamlı qarşı çıxması gözləniləndir.
Türkiyə ilə İranın razılaşmasının anatomiyasında iqtisadi aspektlər ön plandadır, belə ki, Zəngəzur koridorunu beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin şaxələndirilməsindəki roluna diqqət yetirilir.

Bu amil Rusiya üçün də önəm daşıyır, çünki Şimal-Cənub Nəqliyyat Dəhlizinin diversifikasiyası qlobal tədarük zəncirlərində maneələrlə üzləşən Moskvaya kompensasiyaedici platforma təqdim edir.

Azərbaycanla Türkiyə üçün isə Zəngəzur dəhlizi mövzusu “Şimal-Cənub”la yanaşı, Şərq-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun içərisində böyüyən strateji məntiqə söykəyir.

Deməli, Azərbaycan-Türkiyə-İran formatındakı mümkün danışıqlarda ən çox iqtisadi-ticari layihələrin parlaqlaşacağını vurğulaya bilərik.

Təhlükəli təhlükəsizlik reseptləri

İqtisadi faza üzərindən regional təhlükəsizlik üçün reseptlər müxtəlif versiyalarla hazırlanmalıdır, hərçənd bu mövzuda Tehranın strateji zəkası Bakı-Ankara müttəfiqliyinin müştərək məntiqindən fərqli meyarlara söykənir.

Təkcə ona görə yox ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İranın klassik qısqanclığı mövcuddur. Həm də bu amil nəzərə alınmalıdır ki, regionda Azərbaycan-Türkiyə-İsrail üçbucağı çəkilir və təhlükəsizlik sahəsindəki meyarlar dəyişir.

Bu faza təhlükəsizlik üzrə prioritetlərin icrasını yenidən qızışdırır, hələ nəzərə alanda ki, regionda Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq səviyyəsi də yüksəlir, vəziyyətin rəngini müəyyən etmək çətinləşir.

Bakı-Ankara-İslamabad ruhuna qarşı tövr nümayiş etdirən alternativ güc olan Hindistan da İranla ortaq məxrəcə gəlmək istəyir. Bu, xüsusilə Azərbaycan-Ermənistan gündəliyinə münasibətdə özünü aydın şəkildə göstərir.

Bu faktoru da qeyd etmək zəruridir ki, İran Türkiyənin ərəb dünyası və Mərkəzi Asiya ilə münasibətlərini diqqətlə izləyir. Ankaranın xarici siyasət konsepsiyasındakı formaca yeni tendensiyalara Azərbaycan və İsrail də dəstək göstərir. Bu da təbii ki, İranın maraqları ilə uyuşan səviyyədən kənardadır.

Bütün bunlardan yola çıxsaq, qarşıda hələ Azərbaycan-Türkiyə-İran formatında danışılası və yerinə yetiriləsi çox işlərin olduğu qənaəti asanlıqla formalaşır.

Ancaq Bakı-Ankara-Tehran formatı regionda dinamikanı artırmağa və siyasət, təhlükəsizlik sahəsindəki maneələri aradan qaldırmağa imkan verə biləcək faydaya malikdir.

Faydaların praktiki əhəmiyyəti daha çox İranın sərgiləyə biləcəyi davranışların xarakterindən asılıdır.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir