KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Rüfət Muradlı: Qubad İbadoğlu niyə həbs edildi ?

Rüfət Muradlı: Qubad İbadoğlu niyə həbs edildi ?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
261 0

Onun həbs edilməsi birbaşa Azərbaycan xalqının heysiyyətini hədəf almışdır.

İyul ayının 2-də vətənə dönən Qubad İbadoğlu cəmi 20 gün sonra absurd ittihamla saxlanılaraq, bir gün sonra məhkəmə qarşısına çıxarıldı. Dövlət adına qərar çıxarmalı yeganə orqan olan Azərbaycan məhkəməsi hüquqa və dəyərlərə etina etmədən, yalnız siyasi sifarişlə Cinayət Məcəlləsinin 204.3.1 maddəsinə əsasən Qubad İbadoğlu haqqında 3 ay 26 günlük həbs qəti imkan tədbiri təyin etdi. Adını çəkdiyim maddə isə külli miqdarda saxta pulu hazırlama, əldə etmə və satma cinayətini ehtiva edərək günahkar üçün 12 ilədək həbs cəzası nəzərdə tutur. Deməli Azərbaycan hakimiyyəti, ya başqa sözlə İlham Əliyev üçün Qubad İbadoğlu o qədər təhlükəli rəqibdir ki, öz opponentini ölkənin siyasi tarixində görünməmiş müddətdə azadlıqdan məhrum etmək istəyir. Tətbiq edilən maddənin ən gülünc tərəfi isə budur ki, Qubad İbadoğlunun ölkəyə gəlişinin müddəti cəmi 20 gün olduğu halda, o saxta pulu harada, necə, hansı şəraitdə hazırlaya, əldə edə, eləcə də sata bilərdi. Nəzərə alsaq ki, bu ittiham irəli sürüləzdən öncə, Qubad bəy saxlanılan anlarda Azərbaycandakı yandaş medialarda Türkiyənin bəzi hökumət saytlarına istinadla “Azərbaycanda FETO Əməliyyati” başlıqli yazılar dərc edildi. Həmin yazılarda işarə edilirdi ki, guya həbs edilən “fetocu”ların bir partiya sədri ilə də əlaqələri olub . Bəzi hökumət saytları bir az da irəli gedərək, utanmadan həmin partiya sədrinin Qubad İbadoğlu olduğunu da yazdılar. Nəhayət bu cəfəngiyyatı Daxili İşlər Nazirliyi də elan etdi. Amma bu gülünc iddianın ömrü yarım gün belə sürmədi və 24 iyunda keçirilən məhkəmədə daha çox gülüş doğuran səbəb “saxta pul hazırlama, əldə etmə və satma” ittihamı əsasında hökm çıxarıldı.
Yəqin bu gün Azərbaycanda vicdanı ayıq olan, şərəfini ada, evə, pula dəyişməyən hər kəsin beynində dolaşan belə bir sual var – Ölkənin bütün yeraltı, yerüstü sərvətlərini talayaraq əhalini bir tikə çörəyə möhtac qoyan hakimiyyət üçün Qubad İbadoğlu niyə bu qədər təhlükəli simadır ki, ona qarşı misilsiz amansızlıq nümayiş etdirir? Öncə “Qubad İbadoğlu kimdir?” sualına nisbətən müxtəsər cavab tapaq.
Azərbaycan Demokratiya və Rifah ( ADR ) Partiyasının sədri Prof. Dr. Qubad İbadoğlu 1971-ci ildə sentyabrın 12-də 27 il işğalda qalan Qarabağın Füzuli rayonunun Aşağı Güzdək kəndində doğulub, orta məktəbi isə Bakıda, fizika-riyaziyyat təmayüllü məktəbdə bitirib.1987-ci il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub, 1992-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət İqtisad Universitetini, 1996-cı ildə eyni adlı universitetin aspiranturasını bitirib. 1999-2000-ci illərdə Polşada Varşava Ali İqtisad Məktəbində doktorluq proqramını müvəffəqiyyətlə başa vurub. 1995-1999-cu illərdə “Ekonomiks” İqtisad qəzetinin baş redaktoru, 2000-2009-cu illərdə “Ekspert” İqtisad Jurnalının baş redaktoru, 2002-2012-ci illərdə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, 2013-2015-ci illərdə Azərbaycan Beyin Mərkəzləri Assosiyasının sədri olub.
Qubad İbadoğlu 2012-ci ildən İctimai Təşəbbüslər Mərkəzinin sədri, İqtisadi Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi vəzifəsində çalışır. O, 2008-ci ildə qərargahı Londonda yerləşən “Ödədiyini Açıqla” Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupunun üzvü, 2009-cu ildə qərargahı Buxarestdə yerləşən Qara Dəniz QHT Forumunun İdarə Heyətinin üzvü2011-2012-ci illərdə qərargahı Brüsseldə yerləşən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsinin üzvü, 2013-2019-cü illərdə qərargahı Osloda yerləşən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT)-nin Beynəlxalq İdarə Heyətinin üzvü seçilmişdir
2020-ci ildən isə qərargahı Pekində yerləşən CAREC Beyin Mərkəzləri Şəbəkəsinin Strateji Məsləhət Qrupunun üzvüdür.
Qubad İbadoğlu 2014-15-ci illərdə BMT-nin İnkişaf Proqramının beynəlxalq məsləhətçi statusu ilə Qırğızıstan hökümətində müşavir vəzifəsində çalışıb, gömrük və büdcə siyasətinin effektivliyinin artırılması sahəsində islahat proqramlarına rəhbərlik edib.
Professor Qubad İbadoğlu 2004/2005-ci tədris ilində Budapeştdə Mərkəzi Avropa Universitetində, 2008/2009-cü tədris ilində Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universitetində;, 2015/2016-cı tədris ilində Dürhamda ABŞ-ın Duke Universitetində, 2017/2018-ci tədris ilində Prinsetonda ABŞ-ın Qabağcıl Tədqiqatlar İnstitutunda, 2018/2021-ci tədris illərində Nyu Brunsvikdə ABŞ-ın Rutgers Universitetində elmi tədqiqatlarla və pedoqoji fəaliyyətlə məşğul olub.
2021-ci ildən günümüzədək isə Böyük Britaniyada London İqtisad və Siyasi Elmlər Məktəbinin professoru və baş elmi işçisi vəzifəsində çalışıb və iyul ayının 2-də pedaqoji fəaliyyətinə son qoyaraq Vətənə dönüb.
Siyasətçi Qubad İbadoğlu 21 fevral 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransındə hərəkatın, 17 oktyabr 2021-ci ildə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının təsis qurultayında isə partiyanın sədri seçilib.
Məncə yuxarıdakı sualın cavabını həm də Qubad bəyin bu dolğun həyat yolunda tapmaq olar. Korrupsiyaya bulaşmış bir rejim üçün qarşısında dünyaca tanınmış bir simanın varlığı əlbəttə ki, arzuedilməzdir. Bir halda ki, həmin sima dayanmadan bu rejimin cinayətlərini ifşa etməklə məşğuldur. Qubad İbadoğlu həm də bu gün Azərbaycan xalqının ümidlə baxdığı bir siyasətçi və ziyalıdır. Onu zərərsizləşdirməklə hakimiyyət həm də bu ümidləri puç etməyi hədəfləyir. Amma görünən budur ki, aqoniyaya yuvarlanmış hakimiyyət üçün artıq qırmızı xətt anlayışı mövcud deyil.Əslində görkəmli bir alim və ziyalı kimi Qubad bəyin həbs edilməsi birbaşa Azərbaycan xalqının heysiyyətini hədəf almışdır. Əgər bu gün ölkənin alimi hədəf alınırsa, sabah bu ölkədə kimsə analoji durumdan amanda deyil və ola bilməz. Necə ki, vaxtilə Martın Nimöller özünün ” Onlar gələndə” adlı şeirində yazırdı ki,
“Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim.
Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim.
Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim.
Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim.
Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı…”
Təəssüf ki, bu gün Azərbaycanda müşahidə edilən tablo cox üzücüdür, həm də dəhşətli. Çünki bu şəkildə davranış yaddaşımızda Faşist Almaniyasında ziyalılara münasibəti, 30-cu illərdə SSRİ-dəki ölüm repressiyalarını xatırladır. Yəni görünən budur ki, bizi böyük fəlakətlər gözləyir və susduqca, olayları seyr edərək keçdikcə, bu fəlakət içində batacağıq.
Qubad İbadoğluna haqq etdiyi azadlıq diləyirəm!
Rüfət Muradlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir