KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: ABŞ Ukraynanı “yağışdan çıxarıb yağmura salır”

Kənan Novruzov: ABŞ Ukraynanı “yağışdan çıxarıb yağmura salır”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
12 0

Məkrli plan

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Rəsmi Vaşinqtonun son hərbi yardımı Ukraynaya işğal altındakı bütün ərazilərini azad etmək üçün kifayət etməyə bilər.

Qeyd olunub ki, ABŞ rəsmiləri də bundan narahatdırlar: “Bu hərbi yardım Ukraynanın hazırda ehtiyac duyduğu yardımın yalnız bir hissəsidir. ABŞ rəsmilərindən biri bəyan edib ki, sözügedən hərbi yardımın məqsədi rəsmi Kiyevin itkilərini dayandırmaq və Ukraynaya müəyyən uğurlar əldə etməyə kömək etməkdir”.
Hesabatda yazılıb ki, Ukraynanın işğal altındakı əraziləri azad etməsi təkcə hərbi yardımdan yox, həm də qoşunların yenidən qruplaşdırılmasından asılıdır: “Rusiya qüvvələri, ehtimal ki, qarşıdakı həftələrdə taktiki nailiyyətlər əldə etmək üçün cəbhənin müəyyən istiqamətlərində hücum əməliyyatlarını gücləndirəcək”.

Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Əslində ABŞ-ın təsdiqlədiyi bu yardım indiki halda Ukraynaya hava- su qədər lazım idi. Çünki rəsmi Kiyevin imkanları getdikcə tükənirdi. Prezident Volodimir Zelenski də bunu etiraf edirdi.

Əgər ABŞ yardımı bir az da ləngitsə idi, bu, Ukrayna üçün ciddi itkilərə və müharibənin başa çatmasına səbəb ola bilərdi. Görünür, Vaşinqton savaşın hələ başa çatmamasında maraqlıdır. Ona görə də yardımı bərpa etdi.

Yardım Ukraynaya çatana qədər Rusiya müəyyən ərazi qazancları əldə etməyə çalışa bilər. Mümkündür ki, Ukraynanın infrastruktur obyektlərinə kütləvi hücumlar olsun.

Amma yardım Ukraynaya çatandan sonra cəbhədəki vəziyyət müəyyən qədər sabitləşə bilər. Yəqin ki, Kiyev cəbhədə irəliləməyə çalışmaqla yanaşı, həm də Rusiya ərazisində xüsusi əməliyyatlar keçirməyə cəhd edəcək. Bu, müəyyən müddət üçün nəticə verə bilər. Ancaq daimi olmayacaq.

Ukrayna ayrılan vəsaitdən mümkün qədər uğurlu, lazım gələrsə qənaətlə istifadə etməyi bacarmalıdır. Çünki növbəti yardım məsələsi xeyli dərəcədə ABŞ – dakı prezident seçkilərinin nəticəsindən asılıdır. Nəticələrin necə olacağı isə hələ məlum deyil.

Amerikalı analitiklərin iddiası kifayət qədər məntiqlidir. Birincisi, ona görə ki, indi Kiyevin prioriteti işğal altındakı ərazilərin azad olunması yox, müqavimət göstərmək, daha çox ərazi itkisinə məruz qalmamaqdır. İkincisi, Rusiya işğal etdiyi ərazilərdə, o cümlədən Krım yarımadasında kifayət qədər ciddi istehkamlar qurub. Onları dəf etmək o qədər də asan deyil. Üçüncüsü, Rusiyanın “damarına basmaq” perspektivdə nüvə silahının tətbiqi ilə nəticələnə bilər. Dördüncüsü isə ABŞ – ın bunu, həqiqətən, istəməsi hələ sual altındadır.

Nəzərə almaq lazımdır ki, ABŞ ən kritik anda Ukraynaya yardımı təsdiqlədi. Halbuki bunu, bəlkə də, daha erkən edə bilərdi. Görünən odur ki, Vaşinqton düşündürən Ukraynanın taleyi yox, öz maraqlarıdır. Bu maraqlar isə ən azından hələ ki, müharibənin davam etməsini tələb edir.

Kənan Novruzov, siyasi şərhçi, “Report” İA- nın əməkdaşı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir