KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukraynadakı müharibə müvəqqəti dayandırıla bilər: Atəşkəs istisna deyil

Kənan Novruzov: Ukraynadakı müharibə müvəqqəti dayandırıla bilər: Atəşkəs istisna deyil

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
74 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilib ki, Rusiyanın maksimalist məqsədləri Ukraynada yeni ərazilərin işğalını istisna etmir. Bildirilib ki, istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq: “Bu, Moskvaya fayda verəcək. Rusiyaya maksimalist məqsədlərinə nail olmaq üçün və Ukraynada gələcək ərazi zəbtinə nail olmaq üçün yeni imkanlar yaradacaq”.

Qeyd olunub ki, Kreml NATO-nun genişlənməsini və Ukraynanın müstəqil, suveren dövlət kimi mövcudluğunu Rusiyanın təhlükəsizliyi üçün təhdid kimi görür.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.

Öncə onu deyək ki, Ukraynanın işi getdikcə çətinləşir. Bunun əsas səbəbi ABŞ-nin müharibə ilə bağlı tutduğu mövqe ilə bağlıdır. Belə ki, əvvəl də dediyimiz kimi, Ağ Evi Ukraynanın taleyi düşündürmür. Ona görə də rəsmi Kiyevə silah tədarükü qələbə qazanmağa yox, sadəcə müqavimət göstərməyə hesablanıb.

Savaşda hər iki tərəf artıq dalana dirənib. Ukrayna son zamanlar Rusiya ərazisinə hava zərbələrini, raket zərbələrini intensivləşdirib. Bu, Ukraynaya havada üstünlük qazandırmaqla yanaşı, həm də psixoloji üstünlük qazandırır. Buna baxmayaraq, yayılan məlumatlardan məlum olur ki, Rusiya tutduğu ərazilərdə qismən olsa da irəliləyə bilir. Çox güman, bu, Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından daha çox gücə malik olması ilə bağlıdır.

Həm Moskvanın, həm də Kiyevin verdiyi açıqlamalardan belə məlum olur ki, müharibə yaxın gələcəkdə başa çatmayacaq. Ümumiyyətlə, müharibənin taleyi ilə bağlı tərəflərin iradələri getdikcə azalır, ABŞ-nin rolu isə artır. Belə ki, Vaşinqton Kiyevi silahlandırmaqla Ukraynanı döyüşü davam etdirməyə vadar edir. Moskva isə, əlbəttə, adekvat cavab verməyə məcburdur.

Rusiya kimi imperialist dövlətləri ayaq üstə saxlayan, hegemonluğunu qoruyan əsas amil məhz işğaldır. Bu mənada ehtimal etmək olar ki, Rusiya Ukraynada yeni torpaqlar ələ keçirməkdən ötrü bütün imkanlardan istifadə edəcək. O da istisna deyil ki, Rusiya bu müharibədən qalib çıxsa, qonşu dövlətlərə də hücum edəcək. Bir çox siyasiləri bu ssenari narahat edir.

Dediyimiz kimi, yaxın vaxtda atəşkəsin olması gözlənilmir. ABŞ tərəflər arasında uzunmüddətli sülh istəmir. Amma, ola bilsin, müvəqqəti atəşkəsə nail olmaqla gələcəkdə daha ciddi eskalasiyaya şərait yaratmaq barədə düşünür. Rəsmi Kiyevin söz zamanlar verdiyi açıqlamalar belə düşünməyə əsas verir.

ABŞ-da prezident seçkiləri yaxınlaşır. Bu ərəfədə Ağ Evin prioriteti seçkilərdir. Odur ki, ola bilsin, Ukraynaya maliyyə vəsaitinin ayrılmasında qənaətə ehtiyac var. Bu, ABŞ- ı müvəqqəti olaraq Ukraynada atəşkəsin əldə olunması barədə düşündürə bilər. Seçkilər başa çatdıqdan sonra isə Vaşinqton yenidən asanlıqla vəziyyəti qızışdıra bilər. Çünki onsuz da durum həssas olacaq.

Amma bu, məhz ABŞ İnstitunun iddia etdiyi kimi, Rusiyanın əlini gücləndirəcək və Moskva mövcud vəziyyətdən mümkün qədər istifadə etməyə çalışacaq.

Əlbəttə, bunlar sadəcə ehtimaldır, amma utopiya da deyil: Ukraynadakı müharibə müvəqqəti dayandırıla bilər. Dayandırılmasa belə, döyüşlərin tempi aşağı düşəcək.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir