KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Bitməyən “Taliban” kabusu – “tələbələr” gücü haradan alır?

Bitməyən “Taliban” kabusu – “tələbələr” gücü haradan alır?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
306 0

Əfqanıstan hakimiyyəti ilə nüfuz müharibəsinin yenidən şiddətlənməsinin səbəbi
Əfqanıstanda “Taliban” hərəkatı yenidən fəallaşıb. Son aylarda hökumət qüvvələri ilə toqquşmaların sayını artıran qruplaşma ötən həftə sonu Uruzqan vilayətinin Tarinkot şəhərində ordu və polis bazasını ələ keçirib. Bazada olan 25 polis və ordu nümayəndəsindən xəbər yoxdur.

Ümumiyyətlə, son 3 ayda Əfqanıstanda İŞİD və “Taliban” fəallaşıb. Hökumət qüvvələri tez-tez qarşıdurmaya gedən silahlılar sentyabr ayında Kabildə terror hücumu həyata keçirib, eləcə də Fərəh və Badqis əyalətlərində 15 polis əməkdaşını öldürüb. Avqustda isə “Taliban” silahlılarının Əfqanıstanın şimal-qərbindəki Fəryab vilayətində hərbi bazaya hücumu nəticəsində azı 17 hərbçi ölüb, daha 12 nəfər yaralanıb. Baza terrorçuların əlinə keçib.

Əfqanıstanda “Taliban”ın bu qədər fəallaşması ölkədəki hərbi-siyasi vəziyyəti yenidən gözlər önünə gətirib. Məsələ ondadır ki, uzun fasilədən və iki il təxirə salındıqdan sonra nəhayət, oktyabrın 20-də Əfqanıstanda parlamentin aşağı palatasına seçkilər keçirilib. Seçkilər zamanı 10-u polis, biri hərbçi olmaqla 28 nəfər ölüb, 1000 nəfər isə yaralanıb. Lakin hər bir halda bu seçkilər 2010-cu ildən bu yana keçirilirdi və ciddi hadisə hesab olunur.

Seçkilər və toqquşmalar Əfqanıstan uğurunda savaşın daha da şiddətləndiyini göstərir. Yeri gəlmişkən, iki gün əvvəl Pakistanda ölkə Senatının sabiq üzvü, “Talibanın atası” ləqəbi ilə məşhur olan Sami al-Xak öldürülüb. Hələlik onun kim tərəfindən qətlə yetirildiyi bilinmir. Lakin bilinən odur ki, Əfqanıstanın da daxil olduğu Mərkəzi Asiya növbəti terror müharibəsinin ünvanı hesab olunur. 4 ildir Əfqanıstana İŞİD-in yerləşməsi prosesi müşahidə olunur. Güman ki, növbəti savaşın əsas aktyorlarından biri də İŞİD olacaq. Lakin “Taliban” da mövqelərini itirmək istəmir.

Hazırda Əfqanıstan 34 vilayət və 407 rayona bölünüb. Bunlardan 229-na hökumət, 59-na isə “Taliban” nəzarət edir. Qalan 119 mübahisəli ərazidə şiddətli döyüşlər gedir. Belə görünür ki, “Taliban” Əfqanıstanı əldən vermək istəmir. Sovetlərin Əfqanıstana müdaxiləsi sonrası baş verən müharibədə ortaya çıxan “Taliban” təxminən 30 ildən çoxdur mövcuddur, bunun 22 ilini Əfqanıstana nəzarət edir. Amma qruplaşmanın dini-ideoloji tarixi çox qədimlərə gedib çıxır.

“Taliban” sözü puştun dilində “tələbə” deməkdir, daha çox Pakistan və Əfqanıstanda dini mədrəsələrdə təhsil alanlara verilən ümumi addır. Ancaq “Taliban”ın yetişdiyi mədrəsələr sıradan din təlimi mərkəzi deyil, siyasi İslam fikirlərinin yayıldığı mərkəzlərdir. İlk dəfə 1866-cı ildə Hindistanda qurulan (o zaman Hindistan və Pakistan ümumi bir müstəmləkə ərazisi idi – K.R.) Diyobendi mədrəsəsi ingilis müstəmləkəçiliyinə qarşı mübarizə fikirlərinin yayıldığı mərkəz idi. Bu təxminən ümumi İslam aləmində yayılmağa başlayan oyanış dalğasının təsiri idi. Bu, cür mədrəsə və məktəblər Hindistan və Pakistan ərazilərində yayğın idi, amma bu məktəblər daha çox fikri oyanışı təbliğ edirdilər.

1980-ci ildə SSRİ silahlı qüvvələri Əfqanıstana yeridilir və buna qarşı Əfqanıstanda xalq müqaviməti başlayır. Bu zaman təbii ki, dini mədrəsə və qruplar cihad təbliğatına köklənirlər. “Taliban” eyni zamanda bir dini hərəkat olmaqla yanaşı, puştun tayfaları arasında çıxmış, dini və etnik xarakterlərini birləşdirən yerli şərtlərin də təsir etdiyi bir düşüncə cərəyanı idi. Əfqan savaşı bu düşüncənin genişlənərək özünə güc, özü də silahlı güc qazanmasına səbəb oldu. Nəticədə savaş zamanı böyük təcrübə toplayan, çoxlu sayda tərəfdarları olan hərəkat dövrün ən müasir silahlarına sahib idi. 1989-cu ildə sovetlər Əfqanıstanı tərk edərkən ölkədə ən böyük mütəşəkkil qüvvə “Taliban” silahlıları idi. “Taliban”ı güclü edən bir neçə səbəb vardı.

Birincisi, din amili. Savaş dini şüarla başladılmışdı, işğalçı ruslara qarşı cihad elan olunmuşdu. Ərəb ölkələrindən dini, mənəvi, siyasi, maddi və canlı qüvvə (yüzlərlə ərəb Əfqanıstanda sovetlərə qarşı savaşırdı) dəstəyi alan “Taliban” hərəkatı sovetlərə qarşı savaşan ən böyük güc idi. Savaş müqəddəs savaş elan olunduğu üçün dini hərəkat olan “Taliban”ın üzə çıxması təbii idi.

Sovetlər Əfqanıstanı tərk edəndə ölkədə artıq bir neçə güclü silahlı birləşmələr vardı. Ölkədə ruslardan sonra başlayan daxili savaş 1996-cı ildə “Taliban”ın digər rəqiblərini məğlub edərək Kabili ələ keçirməsi ilə nəticələndi, ancaq savaş bitmədi. “Taliban” Əfqanıstanın 85 faizini ələ keçirərək “Əfqanıstan İslam Əmirliyi” elan etdi.

Ümumi olaraq Hənəfi məzhəbinə mənsub olmasına və sufi təriqətləri təsiri olmasına baxmayaraq, “Taliban” təkfirçidir, dgər dini inanclara qarşı, o cümlədən şiə Hazari tayfalarına qarşı qırğınlara səbəb olub. Çoxlu sayda hazari günahsız olaraq öldürülüb. Ancaq “Taliban” eyni zamanda sünni müsəlmanlara qarşı da mülayim deyildi. “Taliban”ın hakimiyyəti altında olan ərazilərdə televizor, video, səsyazma qadağandır. Məktəblər qapadıldı, qız uşaqlarının təhsil alması qadağan edildi. Qadınların məhrəm (yaxın qohumu) olmadan küçəyə çıxması yasaqlandı, evdən çıxan qadınlar yerli əfqan çadrası – başdan ayağa qədər örtən, yalnız gözləri görünən geyim geyməli idilər.

Eyni zamanda kişilərin saqqal saxlaması, saçlarının alına qədər uzadılmaması qadağası qoyulmuşdu. Əmmamə bütün uşaqlara və dövlət məmurlarına məcburi olub. Uşaqların göyərçin saxlaması, uçurtması, çərpələng uçurtması, şahmat oynaması qadağan olundu. Eyni zamanda kağızdan çanta və tualet kağızı da daha əvvəl Quran səhifələrinin təkrar emalından ola biləcəyi şübhəsi ilə yasaqlandı. Üzərində və ya qutusunda insan, yaxud heyvan rəsmi olan əşyaların satışı və sərgisi qadağan edildi.

Lakin “Taliban”ın Əfqanıstanda xalq arasında nüfuz qazanması, nəticədə hakimiyyəti ələ keçirməsinin təbii səbəbləri vardı. Müharibədən, yoxsulluq və rüşvətxorluqdan, ən mühümü isə qeyri-sabitlik, təhlükəsizliyin qorunmadığı Əfqanıstanda sovetlərə qarşı savaşan və hər biri özünü nəzarət etdiyi bölgənin ağası sayan silahlı qruplardan fərqli olaraq nəzarət etdiyi bölgələrə sülh, sabitlik, ədalət gətirirdi. Bu isə ilk vaxtlarda əhalinin diqqətini və marağını cəlb elədi. Nəticədə bir çox bölgələrin əhalisi xaos və anarxiya qarşısında “Taliban”ın ədalətinə və gücünə sığındı. Bir də təbii ki, etnik amildir, çünki “Taliban” ən böyük etnik qrup olan puştunların təmsilçisi idi.

11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ “Talibana” qarşı müharibə elan etdi. 2001-ci il oktyabrda hava zərbələri ilə başlayan Amerika hücumları qısa müddətdə Əfqanıstanın paytaxtı Kabilin alınması ilə nəticələndi. “Taliban” isə dağlara çəkildi. Bir müddət səssiz qalsa da, 2004-cü ildən başlayaraq “Taliban”ın Əfqanıstanda hücumları artmağa başladı. 2009-cu ildə isə yerli hökumət və ardınca isə amerikalılar Əfqanıstanda sülhün əldə olunması üçün “Taliban”la danışıqlara getməyin vacibliyindən danışmağa başladılar.

Ancaq buna baxmayaraq, “Taliban” və Əfqanıstan hakimiyyəti arasında nüfuz müharibəsi yenidən şiddətlənib. Çünki sülh əldə olunana qədər hər kəs daha böyük əraziləri ələ keçirməkdə qərarlıdır. Digər tərəfdən, maraqlı xarici qüvvələr bu savaşın tez bitməsində maraqlı deyil.


Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir