Azərbaycan və Rusiya nədən narahatdır ?
Azərbaycandan sonra Rusiya da Ermənistan rəhbərliyinin aprelin 5-də ABŞ və Avropa İttifaqı ilə keçirəcəyi samitə görə öz narahatlığını bildirib . Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, “aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur. Çünki ABŞ, Avropa İttifaqı (Aİ) nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti ancaq və ancaq Rusiyaya qarşıdır. Düz mətnlə belə deyirlər”.
Zaxarova diplomatik çərçivəni aşaraq Ermənistan rəhbərliyini riyakarlıqda günahlandırıb və açıq şəkildə hədələyib .O, deyib ki, “Rəsmi Yerevanın söhbətin nədən getdiyini anlamamazlığa vurması böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının reallaşdırılması alətinə çevrilir. Hansı ki, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.
Xatırladaq ki, bundan öncə də Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Ermənistanın Qərb liderləri ilə keçirəcəyi görüşlə bağlı təmsil etdiyi qurumun narahatlığını bildirmişdi. Onun sözlərinə görə bu görüş Ermənistanı Azərbaycana qarşı yeni təxribatlara həvəsləndirə bilər və buna görə də yaranacaq hər hansı qarşıdurmaya görə ABŞ və AB məsuliyyət daşıyır. Açıq şəkildə görünür ki, Azərbaycan və Rusiya rəhbərliyi Ermənistanın Qərbə inteqrasiyasına qarşı eyni mövqedən çıxış edərək bu prosesi durdurmağa çalışırlar. Moskva bu yaxınlarda Ermənistana “Smerç” Yaylım Atəş Sistemi göndərəndə, Putin başda olmaqla bütün Rusiya rəhbərliyi Paşiniyanı Qarabağı Azərbaycana ərazisi kimi tanıdığına görə lənətləyəndə, Qarabağa ermənilərin qaytarılması ilə bağlı bəyanatlar verib İrəvandakı revanşistləri qızışdıranda Bakı bütün bunlara qarşı səssiz qalıb və Kremlin bu desturiktiv mövqeyinə heç vaxt etiraz etməyib.
İki gün öncə Paşinyan Rusiyanın fitvası ilə fəaliyyət göstərən və özünü Qarabağ ermənilərinin mühacir hökuməti adlanandıran qrumu nəzərdə tutaraq “bir ölkədə iki hökumət ola bilməz, bu cür fəaliyyətlər xarici dairələr tərəfindən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratmaqdır” deyəndə bu işdə Moskvanın barmağı olduğuna işarə edib. Paşinyanın bu etirazı fonunda Azərbaycan hakimiyyəti Ermənistanda Şahramanyanın rəhbərliyi ilə separatçı ermənilərin mühacir hökumətinə himayədarlıq edən Rusiyanın qızışdırıcı əməllərini görməzdən gəlir. Halbuki ilk növbədə Bakı Rusiyadan tələb etməlidir ki, keçmiş Qarabağ separatçılarını Azərbaycana qarşı bu cür təxribatlara təhrik etməsin. Ancaq bunun əvəzində biz görürük ki, Azərbaycan hakimiyyəti bu gün separatçı Şahramanyanın revansist fəaliyyətinə qarşı çıxan Paşinyanın Qərblə əlbir olub Rusiyanı Ermənistandan çıxarmağa çalışmasından daha çox narahatdır.
Bəs o zaman harda qaldı Azərbaycanın milli marağı ?
İndi bu daha aydın görünür ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını təkidlə davam etdirməyə və sülh müqaviləsi imzalanmasına çalışan, öz müşahidəçilərini göndərməklə sərhəddə Rusiya təxribatlarının qarşını alan və hər vasitə ilə regionda barışı dəstəkləyən, bu işdə Türkiyə ilə eyni mövqedən çıxış edən Qərbi gərginlik yaratmaqda ittiham etmək Cənubi Qafqazda Rusiyanın varlığını qorumaq məqsədi daşıyır. Ermənistanın Qərbin maliyyə, hərbi dəstəyini qazanaraq öz ucün yeni inkişaf perspektivləri yaratmağa çalışdığı bir vaxtda təəssüf ki, bu gün Azərbaycan hakimiyyəti də milli mənafelərimizi qurban verərək Rusiyanın imperiya maraqlarını qorumaqla məşğuldur.
Fuad Gahramanlı