KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Bir həftədən sonra Ermənistanın aqressiv ritorikası güclənəcək:

Kənan Novruzov: Bir həftədən sonra Ermənistanın aqressiv ritorikası güclənəcək:

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
42 0

Səbəb budur
Aprelin 5-də Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının da planlaşdırıldığı Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi nəzərdə tutulur. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib.
Qeyd olunub ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.
Nazirliyin məlumatına görə, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib:
“Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub”.
XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib.
“Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib”, – A.Hacızadə qeyd edib.
O bildirib ki, narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır: “Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”.
Öncə onu deyək ki, üçtərəfli konfrans nə Aİ, nə də ABŞ-ın dediklərinə uyğundur. Belə ki, hər iki tərəf Ermənistanla- Azərbaycan arasında münasibətlərin normallaşmasında, regional əməkdaşlıq mühitinin təmin olunmasında səmimi olduqlarını deyirlər. Amma əməldə bunu göstərmirlər. Əksinə, hər fürsətdə Ermənistanı dəstəkləyir və Ermənistandakı mövcud hakimiyyətdən öz maraqları naminə istifadə edir.
Həm Vaşinqtonun, həm də Brüsselin ABŞ-nin xarici siyasət kursu üçün ən səciyyəvi detallardan biri daimi münasibətlər yox, daimi maraqlar prizmasından hərəkət etməsidir. Ağ Evin Yaxın Şərqdə, Şərqi Avropada etdikləri bunu təsdiqləyir. Gürcüstanda keçmiş Prezident Mixail Saakaşvilinin uğursuzluğu da buna nümunədir. Bu gün eyni taleyi Ukrayna lideri Volodimir Zelenski yaşamaqdadır. Ermənistan baş naziri Nikol Paşinyanın da növbəti qurban olması istisna deyil.
Çünki ABŞ öz maraqları naminə faktiki olaraq Ermənistandan istifadə edir. Vaşinqtonun maraqları Cənubi Qafqazda təsir imkanlarının gücləndirilməsini, Rusiyanın bölgədəki “rıçaqlarının” zəiflədilməsini nəzərdə tutur. Elə buna görə də zaman-zaman Ermənistandakı mövcud iqtidardan istifadə edir. N.Paşinyan bütün çətinliklərə, hətta böhranlara baxmayaraq, indiyə qədər hakimiyyətdə qalmasına görə məhz ABŞ-a minnətdar olmalıdır. Səbəb də odur ki, Qərbin Paşinyanla bağlı planları hələ bitməyib. Yeri gəlmişkən, xatırladaq ki, 2018-ci ildə Paşinyana hakimiyyətə gətirən də məhz Qərb olmuşdu.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ rəsmiləri sülhlə bağlı bəyanatlarında səmimi deyillər. Çünki sülh təmin olunarsa, ABŞ-ın regiona təsir imkanları xeyli azalacaq, ümumiyyətlə, bölgədə üçüncü gücə ehtiyac qalmayacaq. Odur ki, ABŞ zaman-zaman sadəcə “mən burdayam” deyir və Rusiyanın Cənubi Qafqazda hərəkət etməsinə mane olmağa çalışır.
Əslində ABŞ siyasəti ilə özünü ifşa edir. Belə ki, Vaşinqton balanslı davrandığını iddia etsə də, açıq-aşkar Ermənistanı dəstəkləyir. Məsələn, aprelin 5-də Brüsseldə ABŞ, Ermənistan və Avropa İttifaqı arasında müştərək konfrans keçiriləcək. Sual yaranır: Xeyir ola? Məqsəd nədir? Azərbaycan Xarici İşlər Nazirliyinin martın 27-də yaydığı bəyanatda bildirilib ki, 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Bakı heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb. Təkcə bu fikrin özü Qərbin, o cümlədən ABŞ-nin ikili standartlarının ifşası baxımından əhəmiyyətlidir.
Nazirlikdən o da bildirilib ki, bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Ehtimal etmək olar ki, sözügedən konfransdan sonra Ermənistanın aqressiv ritorikası güclənəcək, İrəvan sülhdən yayınmağa çalışacaq. Çünki həm Brüssel, həm də Vaşinqton onun “başının altına yastıq qoyurlar”. Beləliklə, Ermənistan özünü təhlükəsizlik hiss etməklə yanaşı, həm də aldığı direktivləri yerinə yetirir.
Tarix siyasi riyakarlıqlara lazımi qiymət verir. ABŞ və Aİ bunu unutmamalıdır. Azərbaycana qarşı məkirli plan kağız üzərində qalacaq. Tarix isə buna layiqli qiymət verəcək.
Kənan Novruzov, “Report” İA-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir