KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: İRNA agentliyi Azərbaycan haqqında bir il əvvəl nə yazırdı?

Elhan Şahinoğlu: İRNA agentliyi Azərbaycan haqqında bir il əvvəl nə yazırdı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
185 0

İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. İRNA agentliyinin əməkdaşı Şuşada keçirilən Qlobal Media Forumunda yeni büro ilə bağlı prezident İlham Əliyevə sual verib. Azərbaycan prezidenti İRNA agentliyinin Azərbaycanda bürosunun açılmasının iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcəyini deyib: “Düşünürəm ki, ən yaxşı üsul auditoriyanızı, İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti haqqında, xüsusilə Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun”.

İran-Azərbaycan münasibətləri normallaşmayıb. Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra səfirlik fəaliyyətini bərpa etməyib. Tehran səfirliyin fəaliyyətini davam etdirməsini istəsə də, rəsmi Bakı buna razılıq verməyib. Çünki səfirliyə hücumla bağlı istintaq araşdırmasının hansı mərhələdə olduğu Bakıya məlum deyil. Bu barədə Bakı məlumatlandırılmayıb. Bakının təminatı yoxdur ki, səfirlik fəaliyyətə başlayandan sonra Azərbaycan diplomatlarına yeni terror hücumu baş verməyəcək. Digət tərəfdən Almaniyada təhsil alan azərbaycanlı tələbə İranda saxta ittihamla həbs olunub. Azərbaycanlı tələbəni casusluqda ittiham ediblər. Bu da iki ölkə arasında münasibətləri gərginləşdirib.

İndiki şərtlər altında Tehranın Azərbaycanda İRNA agentliyinin bürosunu açmaqda məqsədi nədir? Azərbaycan-İran münasibətlərinin normal olduğu illərdə Bakıda iranlı jurnalistlərin sayı çox idi, müxtəlif bürolar var idi. Münasibətlər gərginləşəndə İranın informasiya və televiziya büroları Bakıda bağlandı. İRNA agentliyinin Azərbaycanla bağlı xəbər siyasəti fərqli olacaqmı? Aydındır ki, İRNA-nın Azərbaycanda bürosunun açılması araşdırılıb və buna yüksək səviyyədə icazə verilib. Görünür, Tehran vəd verib ki, İRNA agentliyi Azərbaycan əleyhinə xəbərlər yaymayacaq, xəbər siyasətində Azərbaycanın təhlükəsizlik maraqları nəzərə alınacaq. Bunun belə olub-olmayacağını zaman göstərəcək. İRNA agentliyinin Bakıda bürosu açılacağı xəbəri yayıldıqdan sonra Azərbaycanla bağlı yaydığı ilk xəbərini müsbət qiymətləndirmək olar. Agentliyin 22 iyul bülletenində “Təbriz və Bakının ortaq yönləri dostluğun möhkəmlənməsi üçün əsasdır” başlıqlı məqalədə İran əhalisinin 40%-nin türklərdən ibarət olduğunu bildirilib. Bu məqalədə “İran və Azərbaycanda incəsənət”, “Adət və ənənələr” və “Etnik və dil” kimi başlıqlar altında İranla Azərbaycan arasındakı mədəni oxşarlıqları dəyərləndirib.

İran əhalisinin 40 fazinin türklər olduğunu bu ölkənin keçmiş xarici işlər naziri Əli Əkbər Salehi 2011-ci ildə Türkiyəyə rəsmi səfəri zamanı da bildirmişdi. İran əhalisinin 88 milyon nəfər olduğu nəzərə alındıqda Tehran “40 faiz” rəqəmini səsləndirməklə ölkədə 35 milyondan çox türkün yaşadığını etiraf edib. Halbuki, İran rəsmiləri heç zaman ölkədə yaşayan millətlərin sayı barədə məlumat vermirlər. Digər tərəfdən İran rəsmiləri və xəbər agentlikləri İranda yaşayanlar barədə “türklər” ifadəsini işlətmirlər, “Azəri” ifadəsinə üstünlük verirlər. İRNA-nın məqaləsində isə bir neçə dəfə “Azərbaycan türkləri” ifadəsi işlədilib. İRNA dövlət agentliyidir və rəsmi icazə olmadan məqalədə “Azərbaycan türkləri” ifadəsi yazılmazdı. Görünür, həm İRNA agentliyinin məqaləsi, həm də “türklər” ifadəsinin işlədilməsi iki ölkə arasındakı münasibətlərin normallaşmasına xidmət etməlidir.

Buna baxmayaraq, İRNA agentliyinin keçmiş illərdə Azərbaycan əleyhinə xəbər siyasəti unudulmamalıdır. Misal üçün bir il əvvəl İRNA agentliyi Azərbaycanla bağlı yayımladığı məqalədə Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirirdi. “İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq” yazılan məqalədə Azərbaycanın İsraillə sıx əlaqələrinin də guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanırdı. İRNA agentliyi Azərbaycan bağlı yayımladığı gələcək məqalələrində bu ritorikadan istifadəni davam etdirərsə, Bakıdakı bürosunun ömrü uzun çəkməyəcək.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir