KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aygün Murathanlı: Moskvanın təhlükəsizlik sistemi haqqında

Aygün Murathanlı: Moskvanın təhlükəsizlik sistemi haqqında

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
79 0

2018-in aprelində dünyanın ən sevmədiyim paytaxtında – Moskvadaydım. Rusiya çapında çox önəmli bir tədbirdən reportaj hazırlayacaqdım.

Bakıdan tək uçdum. Taksi, otel… İçəri girdim…, rəhmətlik Kamil Vəli Nərimanoğlu Türkiyədən bərabər gəldiyi heyətlə lobidə. Bəh… Axan sular duruldu, kefim kökəldi… Daha mənim yuxarıda nə işim? Neçə il idi qiymətli müəllimimi görmürdüm. Görüşdük, sevindik, İstanbul və Ankaradan gələn alimlər, hüquqşünaslarla tanış oldum sayəsində. Getdik çay içməyə.

Bu arada otel çalışanları çantalarımı alıb otağa qaldırdılar, açarımı da verdilər. Yanımda sadəcə içərisində pasport və 1-2 əşya olan kiçik əl çantam qaldı. 1 saat sonra Kamil hoca dedi, yol yorğunuyam, mənə müsaidə. O qalxandan 10-15 dəqiqə sonra “məclis” dağıldı.

Mobil telefon kartım yanmışdı deyə, oteldən çıxıb üzbəüz TM-nə keçdim Bilayndan, MTC-dən… hansını tapsam kart alım. Elə girişdə gördüm MTC. Amma birinci pul dəyişməliydim. ABŞ-ın yaşıl kağızını verdim, rusların kifir pullarını aldım, getdim kart dalınca. Öz adıma 1 nömrə aldım, ikincisini də hədiyyə verdilər. Sistem donmuşdu deyə, MTC-də karta pul yükləmək alınmadı. Qalxdım ikinci mərtəbəyə Rusiyanın “Milliön”ünü tapdım, pul köçürdüm. Nömrəm açıldı. Bir az dükanlara baxdım, qiymətlərdən şoka düşdüm, çıxdım havaya.

Yaz, Moskva, ağaclar yaşılın açıq tonunda, yağış hər yeri yuyub, topa-topa ağ bulud. Bir az gəzdim.

Axşam da heyətə xoşgəldin ziyafəti var – amma hələ 4-5 saat sonra. Bir də gördüm, what’s up zəngi. Moskvadakı əziz dostlardan biri… Yer bildirimi at, maşın göndərirəm keçək “Azərbaycan” restoranına, dedi. Ay daaa… Şəhərin o biri başı… Yollar fəlakət. O maşın gələsi, biz ora gedəsi… Azı 2 saat… Dedim otel maşın ayırıb mənə (girişdə demişdilər) 1 saata ordayam. Telefonu bağladım, otelə maşın dalınca da getmədim, düşdüm yeraltı Moskvaya. 2 dəfə xətt dəyişdim, çıxışda taksi çağırdım, axırda çatdım.

Oturduq dostlarla, dedik-güldük, dərdləşdik. Axşamkı məclisə saat yarım qalmış mən durdum, onlar qaldılar. Dostumun sürücüsü döngə-dolan məni çatdırdı otelə. Fikirləşdim, 20 dəqiqəyə hazırlaşıb düşərəm ordakı ziyafətə.

Girişdə resepsiondakı gənc dedi ki, pasport bilgiləriniz var, ölkəyə giriş talonunuzu verin lütfən, surətini götürməliyəm. Onu həmişə pasportumun içərisində saxlayıram. Əlimi atdım çantama, pasport yox. Bir an elə bildim, o biri çantamda yuxarıdadır. Amma nə yuxarı? Otağa çıxmamışam axı… TM-nə keçmişəm. Ordan da “Azərbaycan”a getmişəm. Deməli itirmişəm…( Amma harda? TM-da, gəzəndə, metroda, restoranda?…

Səfərdə bundan xoşagəlməz iş yoxdur. Nə uzunluqda prosedur… Artıq vaxt… Qanım möhkəm qaraldı…

Telefonda taksi şöferinin nömrəsini tapdım – Uberdən (deyəsən) çağırmışdım. Maşını saxladı, görüntünü açdı… tapılmadı. TM-dən çıxanda metro jetonu almışdım, onda çantamdaydı, dəqiq yadımdadı.

“Azərbaycan”dakılara zəng elətdirdim, masanın ətrafını axtardılar, yoxdur. Sürücü də maşıma baxdı. Yoxdu…(

Qaldı metro.

Resepsiona keçdim – yəqin metroda düşüb pasportum, içində də talon, polisə deyə bilərik? Adamların rəngi ağardı – siz metroya minmisiz? Dedim, burda nə var ki? Dedilər, axı sizə maşın ayrılıb, dedik. Bilsələr sizə xidmət göstərməmişik, metroya minmisiz, üstəlik buna görə pasportunuz itib, qanımız getdi. İndi yalvarırlar – siz təşkilatçıya deməyin, biz tapacağıq. Dönə-dönə xahiş edirlər – təşkilatçıya deməyin. Dedim, həyəcanlanmayın, təşkilatçı qonaqlarla tost deyir, gəlin 1 yerdə tapaq)

Daxili işlər orqanı əməkdaşı gəldi, qulağına nəsə dedilər) , o kiməsə zəng elədi, axtarış başladı.

Mən də öz aləmimdə guya bunlara ifadə verirəm – oteldən çıxdım, TM-ə keçdim. Dedilər, siz narahat olmayın. Biz sizi tapacağıq

Moskva daxili işlər idarəsi otelin kompüterindən müşahidə kameralarına özəl giriş icazəsi verdi, oturduq hamılıqla mənim Moskva turumu izlədik)

Demək, üztanıma ilə kameralar şəxsi təsbit edir, birinin görüntü trayektoriyası bitir, üzün göründüyü növbəti kamera dərhal açılır. Nə isə… DİN əməkdaşı 2 dəfə diqqətlə baxdı dedi ki, pasport restoranda düşüb – metro kassasında açdız çantanı, ordaydı deyirsiz, taksidə ödəniş etmək üçün açmısız, orda da yoxdur, geri döndüyünüz maşın da tanışdır, orda da yoxdur, demək, “Azərbaycan”dadır.

Ərazidəki bölməyə zəng elədi. 15-20 dəqiqə sonra pasportumun şəklini göndərdilər. Kamerada görmüşdülər.

Oturacaqlar divandır biz oturan hissədə. Çantamı açıb telefonu götürürəm, sonra bağlamıram… sürüşür gedir divanın altına.

1 saat sonra pasport “öz ayağı” ilə gəldi otelə.

Yəni, Moskvada heç kimi dindirməyə ehtiyac yoxdur. ”MoBeSe” sənin yerinə danışır…

Orda quş uçsa, bilinir…

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir