Bu terror üzərindən hansı mesaj verildi ?
Dünən Moskvada “Crocus City Hall” da baş verən terror aktı ilə bağlı çox saylı versiyalar ortaya atılmaqdadır. Kəşfiyyat orqanları belə hadisələri araşdırarkən bütün ehtimalları nəzərə almaqla yanaşı, ilk olaraq baş verən hadisənin kimin marağına xidmət edə biləcəyi və bu hadisə ilə hansı mesaj verildiyi versiyası üzərindən yola çıxırlar.
Məsələyə bu baxımdan yanaşdıqda burada əsas müyyənedici, istiqamət göstərən amil Rusiya hakimiyyətinin bu hadisəyə necə reaksiya verməsi, əsas məsuliyyəti kimin üzərinə qoymağaı çalışmasıdır.
Əgər bu terror hadisəsi Ukraynaya və ya Qərbə bağlanacaqsa, bu o demək olacaq ki, Putin hakimiyyəti bundan öncəki məlum ssenariləri yenidən təkrarlayır. Xatırladaq ki , 1999-cu ildə Putin baş nazir təyin olunduqdan dərhal sonra Moskvada və başqa iki yaşayış binası partladılmışdı və o zaman Moskva bundan əsas kimi istifadə edərək Çeçenistana qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmışdı. 2002-ci ilin oktyabrında yenə Moskvadakı bir Teatr Mərkəzinə sonradan Rusiya FSB ilə bağlılığı üzə çıxan bir neçə nəfər çeçen tərəfindən basqın edilərək minə yaxın insan girov götürülmüşdü. Bütün bunlar onu göstərir ki, Putin hakimiyyəti tərəfindən Rusiya cəmiyyətini hədəf alan terror aktlarının törədilməsi ənənəsi mövcuddur və lazım olduqca bu cür üsullara əl atılır.
İlkin reaksiyalar isə onu göstərir ki, Rusiya hakimiyyəti bu işdə Ukraynanı günahlandırmağa hazırlaşır. Terror hadisəsinin istintaqı başa çatmamış Rusiya
Federasiya Şurasının müdafiə komitəsi sədrinin birinci müavini Viktor Bondarev tələm-tələsik hadisəyə görə Ukraynanı günahkar çıxarmağa çalışıb. Terrora terrorla cavab verməyə çağıran Təhlükəsizlik Şurasının sədri Medvedev isə şübhələrin əsas ünvanı kimi Kiyevin adını çəkib. Ramazan Kadırov da bu işə görə Ukraynanı suçlayıb. Göründüyü kimi araşdırma bitməmiş bu terror hadisəsinin məsuliyyətini Ukraynanın üzərinə atmaq cəhdi Putin hakimiyyətinin bu məsələdəki marağını göstərir və yuxarıda xatırlatdığımız əvvəlki terror aktlarının təşkili ilə bir bənzərlik yaradır.
Yazını paylaşdıqdan sonra məlumat yayıldı ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti dünənki terror hadisəsinə görə Ukraynanı ittiham edib. Bununla da terror hadisəsinin arxasında gizlədilmiş məqsəd aşkara çıxmış oldu.
ABŞ Rusiya hakimiyyətindən gələn bu suçlamaların əsasız olduğunu bildirərək ittihamları rədd edib . Pentaqon sözçüsü Con Kirbi bu terrorun arxasında Ukraynanın olması ilə bağlı heç bir dəlil olmadığını bildirib . Ukrayna tərəfdən Podalyak da Kiyevin bu işdə əli olmadığını bəyan edib . Və maraqlıdır ki, Rusiya XİN sözçüsü Zaxarova Kirbinin bu sözlərinə aqressiv reaksiya göstərərək, əgər ortada hər hansı bir dəlil yoxdursa, o zaman Ukraynanın bu hadisə ilə bağlılığını da inkar etmək mümkün deyil deyib. Zaxarovanın da reaksiyası əslində bütün şübhələri Kiyev üzərinə yönəltmək niyyətini büruzə verir.
Bura qədər dediklərimiz Moskvanın törədilmiş terrordan Ukraynaya qarşı istifadə niyyətinin olduğunu göstərir və bu həm də yuxarıda verdiyimiz “hadisə kimin marağına xidmət edir?” sualına da cavab verir.
Hadisənin əməliyyat planı səviyyəsində dəyərləndirilməsi də yuxarıda səsləndirdiyimiz ehtimalı gücləndirir. Necə olur ki, həmin “Crocus City Hall”da iki kütləvi konsert tədbiri keçiriləcəyi halda girişdə hər zaman quraşdırılan metal aşkarlayıcı dedektorlar həmin gün quraşdırılmayıb ? Və ya necə olur ki, müharibə vəziyyətində olan ölkənin paytaxtında baş verən terror hadisəsinə operativ reaksiya gecikir və xüsusi təyinatlılar bir saat sonra iş işdən keçəndən sonra hadisə yerinə gəlib çıxırlar. Nəzərə alsaq ki, martın 7-də ABŞ kəşfiyyatı Rusiyada kütləvi tədbirlər zamanı terror ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Bunu nəzərə almaq əvəzinə Putin bir neçə gün öncə FSB əməkdaşları ilə keçirilən görüşdə bu xəbərdarlığı əsassız adlandıraraq inkar etmişdi. Putin niyə belə bir xəbərdarlığı inkar edərək ehtimal edilən təhlükəni önləmək əvəzinə, hərkəsi arxayınlaşdırırdı? Bu suala cavab hələ ki, yoxdur.
Və ya necə olur ki, ABŞ kəşfiyyatı Rusiya ərazisində ola biləcək terroru 15 gün öncədən bildiyi halda , Kreml öz daxilində belə bir təhlükədən xəbər tutmayıb. Bu qədər xüsusi xidmət orqanları nə ilə məşğul imişlər bəs, buna qeyri peşəkarlıq demək çətindir. Rusiya FSB -sinin məlumatsızlığı ilə bağlı hekayə İndandırcı deyil və kəşfiyyat işinə az çox bələdçiliyi olan hər kəs bilir ki, hətta prezident publik olaraq nəyə görə isə bu xəbərdarlıq məlumatını inkar etsə belə, xüsusi xidmət orqanları bu məlumat üzərində ciddi şəkildə işləməli idi . Demək ki, FSB -nin bu işdən xəbəri olmayıb versiyası da doğru deyil. Digər maraqlı bir məqam bu miqyasda terror törədən şəxslərin üzlərinin açıq olmasına baxmayaraq hadisə yerini tərk edə bilmələridir. Bu faktı təkcə şübhə yox, terrorçulara hadisə yerini tərk etməyə şərait yaratmaq da adlandırmaq olar .
Bəs bu hadisədə Rusiya hakimiyyətinin marağı nə ola bilər ? Müharibənin uzanması nəticəsində yaranacaq sosial iqtisadi çətinliklərə görə rus cəmiyyətində “bu işğal müharibəsi nəyə lazımdır?” deyənlərin sayı getdikcə arta bilər. Navalnının ölümünə verilən reaksiya belə bir potensialın olduğunu göstərdi. Ona görə də Putin sadə rusları da bu hadisə ilə qorxudub xalqın indiki işğal müharibəsinə loyallığnı təmin etməyə, savaşınn rusların təhlükəsizliyinə xidmət etdiyi fikrini aşılamağa çalışır. Bu yolla Ukrayna müharibəsi ruslar arasında legitimləşdirilməyə çalışılır.
Digər bir ehtimal isə budur ki, Rusiya qarşıdakı günlərdə Ukraynaya göndərilməsi gözlənilən silah yardımlarının cəbhədə vəziyyəti dəyişəcəyini nəzərə alaraq, bu yolla ya taktiki nüvə silahına əl atmaq üçün zəmin yaradır, ya da ki, Ukrayna şəhərlərunə qarşı kütləvi raket hücumları planlaşdırır.
Fuad Gahramanlı