KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Moskvanın Bakı-İrəvan gündəliyinə dördhissəli baxışı

Aqşin Kərimov: Moskvanın Bakı-İrəvan gündəliyinə dördhissəli baxışı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
121 0

Rusiyanın Zaxarovanın dili ilə çatdırdıqları: Moskvanın Bakı-İrəvan gündəliyinə dördhissəli baxışı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 30-da keçirdiyi brifinqdə Qarabağda, Şərqi Zəngəzurun Laçın istiqamətində baş verən hadisələr barədəki bəyanatlarının alt qatı incələnməlidir.

Zaxarovanın timsalında Kremlin mövqeyinə görə:

– Laçın yolundakı hadisələr Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsidir;

– Fransa həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini nəzərə almalıdır;

– Əldə edilmiş razılaşmaları icra etmək lazımdır;

– Rusiya sülhməramlı kontingentinin yaranan yeni şəraitdəki vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməkdən;

O cümlədən Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı etməkdən ibarətdir.

Birinci hissə

Rusiya Fransanın da müşayiəti ilə Ermənistanın Laçındakı sərhəd-buraxılış məntəqəsindən Qarabağa humanitar yük karvanı göndərmək cəhdini Kreml üçün müdaxilə imkanları kimi nəzərdən keçirir. Yəni regionda nə qədər gərginlik olarsa, Moskva əlini bu narahatlıqların arasına salıb müxtəlif manevrlər etmək üçün qeydlərini diqqətə çatdırır.

Rusiya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, buna şübhələr yoxdur, lakin Ermənistana mesajı ondan ibarətdir ki, baş verənlərin günahkarı sən özünsən.

Kreml üçün Ermənistanın taleyi o qədər də maraqlı deyil, ona görə Moskvanın regiondakı prioriteti 200 illik erməni kartı ilə ayaqda durmaq və bölgəyə özünə rəqib olan kənar qüvvələr buraxmamaqdır.

Rəsmi Moskva Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından yox, onun başqa oyunçularla əlaqəli şəkildə plan qurmasından narahatdır. Beləliklə, Rusiya Ermənistanın tamamilə öz kölgəsi altında qalmasında maraqlıdır, ona görə də “sən Qarabağı sırf mənim himayəm altında Azərbaycan ərazisi kimi tanısaydın, bu qədər problem yaşamazdın” xəbərdarlığını edir. Zaxarovanın çıxışı Ermənistanın gələcək üçün Moskvanın axıtdığı plazmaların içərisində əridilməsinə hazırlıq mərhələsinin anonsu kimi qeyd oluna bilər.

İkinci hissə

Rusiya Fransanın regional fəallıq cəhdlərini Kremllə koordinasiyalı şəkildə qurmaq istəyir.

Hər nə qədər Rusiya ilə Fransa Afrikadakı nüfuz dairəsi uğrunda mübarizəyə girişsələr də, Parislə Moskvanın bir-birinə hiss etdiyi “doğmalıq” da beynəlxalq siyasətə yad deyil. Zaxarova Fransaya “Azərbaycanın da, Ermənistanın da mövqeyini nəzərə al” deməklə Parisi Moskva oxuna doğru dartmaq yolundakı niyyətini nümayiş etdirir.

Beləliklə, Zaxarova deyir ki, Fransanın səyləri Rusiyanın mövqeyi ilə dərin ziddiyyət təşkil etməməlidir. Bu, Qərblə Rusiya arasında dərinləşən mübahisələrin yaratdığı tapmaca deyil, onsuz da, Moskva həmişə Fransanın bir həddə qədər regionda fəallıq göstərməsinə tərəfdar olub.

Çünki Fransanın regiondakı rəqabət tonu Qərbin əsas güclərindən olan ABŞ ilə Böyük Britaniya ikilisinin maraqlarına qarşı yönəldiyindən bu, bir qədər Moskvaya sərfəli variant kimi görünür.

Lakin nəticədə Rusiya ilə Fransa həm tarixi, həm də siyasi rəqibdirlər, onlar bir-birlərinə hədlərini bildirmək xəttindən uzaqlaşmırlar. Xüsusilə Fransanın Ermənistanı ələ alaraq onu Rusiyadan qoparmaq cəhdi Kremlə qarşı sərt haşiyələrin cızılmasıdır.

Üçüncü hissə

Rusiya Zaxarovanın dili ilə qeyd edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas kökü 10 Noyabr Bəyanatı və bu sənəddən sonra Moskvanın təşəbbüsü ilə ərsəyə gələn razılaşmalardır.

Yəni hətta bundan sonra Azərbaycanla Ermənistanı bir araya gətirən Qərb mərkəzli danışıqlarda belə, Moskvanın hökmünü arxa plana atmaq olmaz.

Rusiya Ukraynadakı müharibə səbəbilə geosiyasi doktrinasını icra etmək istiqamətində labirintə düşüb, Kreml bu baxımdan Cənubi Qafqazı itirilməz qalasına çevirmək istəyir.

Bu yanaşma regiona təhdidlər vəd edir, çünki Moskva hər vəchlə özünün hökmranlığı altında Azərbaycan-Ermənistan münasibətlərini nizama qoy(ma)maq üçün “sərvət”ini xərcləyir.

Belə plan ona görə təhlükəlidir ki, regionda çoxşaxəli əməkdaşlıq formatı zədələnir. Məsələnin bu tərəfi də var ki, elə Qərbin özünün də təşəbbüslərdə monopoliya yaratmaq cəhdi problematikdir, çünki Rusiya bu zaman regiondakı “barıt çəlləkləri”ni partladır. Azərbaycan üçün məqbul olan isə həm Qərb, həm də Rusiya mərkəzli danışıqlara önəm verməkdir, bununla da təhlükələri sovuşduran balansı saxlaya bilir.

Dördüncü hissə

Rusiyalı xanım diplomat Qarabağdakı sülhməramlı kontingentin rolunu qabardır, onu sülhyaratmanın bir elementi kimi təsvir edir.

Hərçənd, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya qoşunları getdikcə funksiyalarını itirir, elə bu səbəbdəndir ki, Zaxarova sülhməramlıların rolunu qabardır.

Məsələnin başqa bir tərəfi Rusiyanın sülhməramlılar vasitəsilə Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilər arasındakı görüşə moderatorluq etmək səylərini davam etdirməkdir.

Birinci görüş Xocalıda keçirildikdən sonra Azərbaycan növbəti müzakirələrin başqa ərazilərdə təşkil olunmasını təklif etdi. Təbii ki, Bakıda, Gəncədə, Yevlaxda, Bərdədə keçirilə biləcək görüşə Rusiya sülhməramlılarının qatılması real görünmürdü, ona görə də proses Moskva tərəfindən tormozlandı.

Həmçinin, ABŞ də Azərbaycanla Qarabağdakı ermənilər arasındakı görüşə öz işığını salmaq istəyirdi – bu amil Rusiyanın maraqlarına toxunduğundan Kreml yenə arı yuvasına çomaq soxdu.

NƏTİCƏ

Rusiyanın başı Ukraynaya qarışsa da, Azərbaycanla Ermənistan arasındakı danışıqların mərkəzinə çevrilmək üçün regional bəhanələr yaratmağa davam edəcək.

Qərb prosesdən kənara çəkilən deyil, bu baxımdan, Avropa İttifaqı formatında Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması davam etdiriləcək və prosesə ABŞ kölgəsini salacaq.

Regionda gərginlik davam edəcək, hətta Azərbaycan-Ermənistan sərhədində toqquşmalar baş verə bilər. Bunun fonunda Azərbaycan hökumətinin Qarabağ erməniləri ilə təmaslar planı qüvvədən düşməyib və gələcəkdə mümkün müzakirələrin baş tutacağı istisna deyil.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir