KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Kərimli: Erməni separatizminin məğlub edilməsindən düzgün nəticələr çıxarılmalıdır

Ali Kərimli: Erməni separatizminin məğlub edilməsindən düzgün nəticələr çıxarılmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
123 0

Erməni silahlı separatizmi Azərbaycan ordusu tərəfindən məğlub edildi. Separatçı iddialarını gerçəkləşdirmək üçün hərbi müstəvini, güc yolunu erməni separatçıları özləri seçmişdilər. Sonda elə özlərinin seçdiyi hərbi müstəvidə də məğlub edildilər. Ancaq azərbaycanlılar və ermənilər qonşu xalqlar olaraq qalacaqlar. Ona görə də erməni siyasətçilər, liderlər erməni separatizminin hazırkı məğlubiyyətindən düzgün nəticə çıxarmalıdırlar.

Paşinyan hökumətin iclasında Azərbaycanı Qarabağda “etnik təmizləmədə” ittiham edib. Beynəlxalq ictimaiyyəti də bu “etnik təmizləməyə” sərt reaksiya verməyə çağırıb. Hazırda digər erməni liderlər də Azərbaycana qarşı eyni ritorika ilə danışırlar. Biz əlbəttə ki, öz ölkəsində rusiyapərəst müxalifət tərəfindən möhkəm sıxışdırılan, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə “satqınçılıqda” ittiham edilən Paşinyanın hazırda Azərbaycan əleyhinə sərt bəyanatlar vermək ehtiyacını başa düşürük. Hazırda əleyhimizə nə danışmasından asılı olmayaraq onun hakimiyyətdə qala bilməsindən yanayıq. Ona görə yox ki, siyasi rəqiblərinin iddia etdiyi kimi o Azərbaycana işləyir. Xeyr, Paşinyan öz xalqına işləyir. Öz xalqını sevdiyi üçün Rusiyanın regionda maşası olmaq rolundan Ermənistanı xilas edir. Ermənistanı gələcəkdə inkişaf etdirəcək Avroatlantika inkişaf yolunu cəsarətlə seçir.
Ancaq öz xalqı üçün, bütövlükdə Cənubi Qafqazın Rusiya əsarətindən qurtuluşu üçün gördüyü bu yaxşı işlərə baxmayaraq deməliyik ki, Azərbaycanı “etnik təmizləmədə” ittiham etməklə çox böyük səhv edir.

Birincisi ona görə ki, bu iddia tam yalandır. Biz azərbaycanlılar etnik təmizləmənin necə olduğunu çox yaxşı bilirik. Azərbaycanlılar 1988-ci ildə Ermənistandan qovulanda, Kəlbəcərdən və digər 6 rayonumuzdan didərgin düşəndə, Zəngilan camaatı Xocalı camaatı kimi soyqırıma məruz qalmamaq üçün soyuq payızda Araz çayını keçməyə məruz qalanda minlərlə dinc azərbaycanlı qadın, uşaq, qoca öldürülmüşdü, itkin düşmüşdü, əsir alınmışdı, əlil olmuşdu.
Azərbaycanın Qarabağdan əlavə işğal olunmuş 7 rayonunda bircə bina da salamat qalmamışdı.

İndi isə Qarabağda bənzər heç nə baş vermir. Erməni əhalinin özünün dediyi kimi sadəcə panikaya və ya kənar təsirə düşüb sağ – salamat evlərindən qaçırlar. Azərbaycan onlara humanitar yardım göstərir, səyyar xəstəxana açır, tıxacda qalan insanlara su və yardım təklif edir. Azərbaycanı tərk edən bu qədər erməni əhalinin bu günə qədər nəinki özünə, heç maşınının təkərinə belə toxunan olmayıb və bunu bütün dünya bilməlidir.

Bəli, Azərbaycan hakimiyyəti repressivdir, ədalətsizdir, insafsızdır, qanunsuz həbs edən, işgəncə verəndir. Ancaq Azərbaycan hakimiyyəti bizə göstərdiyi bu sifətlərini erməni əhaliyə göstərməyib axı. Azərbaycan hakimiyyətini çox şeydə ittiham etmək olar və biz bunu edirik. Ancaq “etnik təmizləmə” ittihamı kökündən yalandır.

Tam əksinə, Azərbaycan hakimiyyəti də, müxalifəti də dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycanda yaşamağı seçən erməni əhalinin bütün hüquqları təmin olunacaq. Ancaq bütün bunlardan sonra erməni əhali Azərbaycanı tərk etməyi seçirsə, bu onların özlərinin azad seçimidir. Bizə də onların bu seçimlərinə hörmət etmək düşür.

Erməni liderlərinin Azərbaycana qarşı başlatdığı “etnik təmizləmə” ittihamı təkcə saxta deyil, həm də çox zərərli kampaniyadır. Belə kampaniya Ermənistanda qisasçııq, Azərbaycanda özünü bu qisasçılıqdan qoruma hisslərini gücləndirəcək. Nəticə etibarilə Azərbaycana qarşı belə əsassız iddialar regionumuza möhkəm sülhün gəlməsini yenə də ləngidə bilər. Regionun bundan sonra da gərginlik, etnik nifrət, savaş bölgəsi olaraq qalmasını arzu edən kənar qüvvələrin işinə yarayar.
Ona görə də erməni liderlər özlərində güc tapıb bu səhifəni çevirməlidirlər.

Azərbaycan və Ermənistan hakimiyyəti Brüssel sülh prosesinə sədaqətli qalmalıdırlar. Bu proses Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir – birinin ərazi bütövlüyünü tanıyan sülh sazişinin imzalanması ilə başa çatmalıdır. Azərbaycan və erməni xalqı tariximizin bu lənətlənmiş səhifəsini nəhayət, bir daha açmamaq şərtilə bağlamalıdırlar.
Bir – birimizi sevməyə borclu deyilik. Ancaq sülh şəraitində yaşamağa, hər birimiz öz xalqının inkişaf və səadətinə töhfə verməyə isə borcluyuq.
Əli Kərimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir