KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Xaos planı və İstanbul hücumundakı 5 SİRR

Xaos planı və İstanbul hücumundakı 5 SİRR

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
329 0

Türkiyəni yenə qəlbindən vurdular. Bu gözlənilən idimi? Proseslərin inkişafı nələrinsə olacağına işarə edirdi. ABŞ-da prezident seçkiləri və Donald Trampın qalibiyyəti, Avropada daxili çaxnaşmalar Türkiyənin bir qədər “nəfəs alması”na imkan verdi və Ankara yaranmış şəraitdən istifadə edərək, hədəflərinə doğru daha sürətli addımlarla irəliləyirdi. Xüsusilə 15 iyul hadisələrindən sonra oyanan Türkiyə Qərbə qarşı qəti addımlar atdı. Lakin bu addımların qarşısında Qərbin qəribə sakitliyi müşahidə olunurdu. Və bu sakitlik dekabrın 10-da pozuldu. İstanbulda baş verən terror aktında 40-dan çox insan həlak oldu, 150-dən çox insan yaralandı. Türkiyə xalqı matəm içindədir və hələ də əvəz ödəyir.

Nəyin əvəzini?

Terror aktından öncə müşahidə olunan siyasi proseslərin analizi sualların cavabını da aydınlaşdırır.

Hədəf Ankara idi: İstanbul terrorundan iki gün öncə Ankara polisi xəbərdarlıq yaydı: İŞİD paytaxtda terror aktı törədəcək. Hətta hücumun hansı küçələrdə və hansı avtomobillər tərəfindən ediləcəyi də qeyd olunurdu.

İki gün sonra Ankaranı partladacaqlar – ŞOK PLAN
“Mümkün hücum 7” adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.

Ankaranın əvəzinə İstanbul partladıldı. Burada iki məqam aydın görünür: ya terrorçular hədəfi yayındırmaq üçün Ankaraya hücuma hazırlaşıblar və diqqəti bura cəlb edərək İstanbulda terror aktı törədiblər; ya da Ankaraya da eyniməqsədli hücum hazırlığı davam edir. İkinci məqam terror aktını PKK-ya bağlı TAK tərəfindən törədilməsi baxımından diqqət çəkir.

Hücum niyə indi edildi?: 15 iyuldan sonra Qərblə Türkiyə arasında körpülər bir-bir yanmaqdadır. Ankara üzünü Şərqə doğru tutub, Rusiya ilə sıx əlaqələrin yaradılması ilə yanaşı Çinlə də əməkdaşlıq müstəvisi genişləndirilir. Lakin İstanbul hücumunun məhz indi edilməsinin arxasında bir sıra amillər dayanır:

a) FED rəhbəri Janet Yellenin faiz dərəcələrini artırması ehtimalı haqqında açıqlamasından sonra iki həftə öncədən başlayaraq, Türkiyədə lirənin dollara nisbətdə uçuruma doğru yuvarlanması prosesi başlandı. Hətta 1 dollar 3,35 lirə olmaqla rekord həddə çatdı. Bu, Türkiyə iqtisadiyyatının sürətlə üzüaşağı getməsi deməkdir. Hökumətin bütün addımlarına baxmayaraq, heç nə dəyişmirdi. Və Türkiyə rəhbərliyi unikal addıma əl atdı: prezident Rəcəb Tayyip Ərdoğan vətəndaşlara dollarları milli valyutaya dəyişmək çağırışı etdi. Çağırışdan sonra türk vətəndaşları uzun növbələr yaradaraq, lirəyə dəstək kampaniyasına başladılar. Nəticə gözlənildiyindən də yüksək oldu. Ardınca Ankara Rusiya və Çin başda olmaqla bir sıra ölkələrlə ikitərəfli ticarətdə milli valyutalardan istifadə olunması təklifini irəli sürdü. Bu, dolların və bu valyuta arxasından iqtisadi kataklizmlər yaradan qüvvələrin marağına endirilmiş ən böyük zərbədir. Lakin bu, həm də uzun müddətdir gözlənilən böyük prosesin başlanğıcı da ola bilər.

b) “Təktərəfli olmayan və bütün iqtisadiyyatların qatıldığı daha ədalətli qloballaşma”.

Bu çağırışı 2016-cı ilin sentyabr ayında G-20-nin Pekində keçirilən toplantısında Çin lideri Si-Cinpin etmişdi. Uzaq Şərqdən olan lider bununla birbaşa Amerikaya mesaj verir və dolayısı ilə dollardan şikayətlənirdi. Barak Obamanın həmin toplantıda soyuq qarşılanmasının da səbəbləri məhz boğaza qədər yığılan şikayətlər idi. Həmin vaxt artıq Türkiyə yönünü dəyişdirmiş və beynəlxalq tədbirlərdə Ərdoğanla eyni sırada dayanan Obamanın yerini Putin tutmuşdu.

Pekin təktərəfli iqtisadi hegemonluqdan şikayət edirdi. Bu, həm də Rusiya başda olmaqla dolların şıltaqlığından əziyyət çəkən bir çox ölkənin də ürək sözləri idi. Əslində, Türkiyənin Rusiya və Çinlə milli valyutalar üzərindən alış-veriş etmək istəyi aylar öncəsinə qədər gedib çıxır. Türkiyədə dollara qarşı göstərilən milli dirəniş, ardınca milli valyuta ilə beynəlxalq ticarət istəkləri Qərbin qorxulu röyası olan Ankara-Moskva-Pekin marşrutunun əsasının qoyulması deməkdir. Və bu hər şeydən öncə Qərb sərmayəsinə zərbədir. Məhz İstanbul hücumu ilə Qərb bu marşrutu “beşiyində boğmaq” və Türkiyəni cəzalandırmaqla, digər iki ölkəyə də mesaj vermək istəyir.

Suriya həmləsi: Dekabrın 9-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Azad Suriya Ordusu türk əsgərlərin dəstəyi ilə Əl-Baba yaxınlaşmaqdadır” açıqlamasını verdi. Bir gün sonra Rusiya mediası hərbi mənbələrə istinadən məlumat yaydı ki, Türkiyə ordusu və Azad Suriya Ordusu Əl-Baba daxil olub, xəstəxana da daxil olmaqla bir sıra strateji yerlər İŞİD-dən təmizlənib, şəhərin azad olunması üçün döyüşlər gedir. Daha sonra Türkiyə təyyarələrinin Əl-Baba ərəbcə “qurtuluş yaxındadır” vərəqələri atdığı haqda xəbərlər yayıldı. Və İstanbulda terror aktı: ilk olaraq Türkiyəyə verilən mesaj budur: “Suriyada irəliyə doğru getmə, yoxsa torpağında bombalar partlayacaq”. Lakin Əl-Bab əməliyyatının əsas hədəfinin Amerikanın Suriyanın şimalında yaratmağı düşündüyü “kürd dəhlizi” olması da İstanbulu partladanların məqsədinə işarədir.

“Kürd dəhlizi”: Suriyanın şimalında “kürd dəhlizi” yaradılır və bu, Şimali İraq Kürd Muxtariyyətinə birləşdirilir, beləliklə, Aralıq dənizinə qədər olan zolaq ABŞ-ın idarəçiliyi altındakı kürdlərin əlində olur; Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları “kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır; Bununla həm də kürd dövlətinin qurulması iqtisadi tərəfdən təmin olunur; Həmçinin, Şimali İraqın karbohidrogen ehtiyatlarının Avropaya çıxması üçün marşrut olmaq istəyən Ankaranın planları pozulur; Türkiyə ərəb ölkələrinə çıxışını itirir.

Suriyada yaşanan faciənin hədəflərindən biri də budur. Lakin Ankara özünün “qırmızı cizgi”lərini yaratmaqla bunun qarşısına əngəl oldu. Hazırda Əl Babda aparılan əməliyyatların əsas məqsədi də budur. Çünki Əl Babı İŞİD-dən təmziləyəndən sonra Türkiyə Menbiçə doğru hərəkətə keçəcək. Menbiç PKK-nın Suriya qolu olan və “kürd dəhlizi”nin yaradılmasında əsas vasitəyə çevrilən PYD-nin əlindədir. PYD Əl-Bab da daxil olmaqla Afrin kontonuna qədər olan əraziləri ələ keçirərək, bu dəhlizin yaradılmasına çalışır. 15 iyul dövlət çevrilişi cəhdinin əsas hədəfində bu da var idi. Türkiyənin Əl-Baba hücum etməsi, ardınca Menbiçin PYD-dən təmizlənmək istəyini açıq şəkildə dilə gətirməsi dəhliz planlarını və Amerikanın oyunlarını pozur.

Hesab etmək olar ki; Türkiyə seçkidən sonra ABŞ-ın öz qınına çəkilməsindən istifadə edərək, bölgədəki şərtləri öz xeyrinə dəyişmək istəyir; Amerika isə Obama administrasiyasına vida etməmişdən öncə bu planı həyata keçirmək niyyətindədir; hazırda Suriyada Türkiyənin əli güclüdür və türk ordusunun qarşısını almaq Amerika üçün çətinləşib; belə bir məqamda, İstanbuldakı terror Türkiyənin Suriyadakı əməliyyatlarına cavabdır.

Hədəf Türkiyə, günahkar Ərdoğan: məqsəd nədir?

Bütün bu siyasi mübarizənin fonunda terroru təşkil edənlərin hədəfi problemi kökündən həll etməkdir. Onlara görə, bunun üçün AKP-nin hakimiyyətdən getməsi və Türkiyə daxili siyasi çaxnaşmaların ortasında qalmasıdır. Terror həyata keçirən PKK-ya bağlı TAK-ın açıqlamasında bu hədəf aydın görünür.

“Türk xalqı TAK-ın birbaşa hədəfi deyildir…Türk xalqlarının bu faşizmə artıq dur deməsi lazımdır. Çünki bu xaosa görə sadəcə AKP məsuliyyət daşıyır”, – terrorçuların bəyanatında bildirilir.

İstanbulda terror törədilir; terrorçular bunu AKP-yə görə etdiklərini deyirlər; xalqın qəzəbi iqtidara qarşı çevrilir; çevriliş baş verir və Türkiyə siyasi xaos dönəminə qədəm qoyur; 15 iyulda baş tutmayan plan davam edir.

Terror aktının məhz yeni konstitusiya layihəsinin parlamentdə təqdim edildiyi gün törədilməsi də bu hədəfi açıq şəkildə göstərir.

Çünki: yeni konstitusiya ilə Türkiyə parlament respublikasından prezident üsul-idarəsinə keçir; mərkəzi hakimiyyət güclənir; bu isə siyasi xaosun qarşısının alınmasında əsas amildir.

Bu terror həm də Türkiyədə “rəngli inqilab” həyata keçirmək istəyinin bir parçasıdır.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir