“Ankaraya da hücum edə bilərlər” – türkiyəli ekspert İstanbul terrorunu şərh edir
İstanbulun mərkəzində iki terror aktı törədildi. Hücum nəticəsində 44 nəfər həlak olub, 150-dən çox yaralı var. Terror aktını PKK terror təşkilatı öz üzərinə götürüb. Türkiyəyə qarşı bu hücumun baş verməsi bir sıra aspektdən diqqət çəkir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın çağırışından sonra vətəndaşlar dolları lirəyə çevirməyə başladı. Nəticədə dolların dəyəri aşağı düşdü. Həmçinin, Türkiyə Suriyada Əl-Babın İŞİD-dən azad olunması üçün uğurlu əməliyyatlara başlayıb. Bu iki məqam terrorun arxasındakı səbəblər haqqında şübhələrə yol açır. Qeyd edək ki, bir neçə gün öncə İŞİD-in Ankarada terror aktı törədəcəyinə dair məlumatlar yayılması da diqqətdən qaçmır.
KAFKASSAM mərkəzinin eksperti, Amerika araşdırmaları və terrorçuluqla mübarizə üzrə türkiyəli mütəxəssis Emrah Kaya İstanbul terrorunu və arxasındakı hədəfləri Enter.News-a şərh edib.
Türkiyəli mütəxəssis qeyd edib ki, İŞİD və PKK-nın arxasındakı güclər eyni olsa da, qərar vermə mexanizmləri fərqlidir:
“Bu baxımdan, İŞİD-in Ankaraya hücum etmək ehtimalı hələ də var. Süleyman Soylunun daxili işlər naziri olmasından sonra terror fəaliyyətlərinin çoxusunun qarşısı alınıb. Lakin polis və xüsusi xidmət orqanlarında vətən xaini FETÖ-çülərin fəaliyyətdə olması istisna deyil. Xüsusilə xüsusi xidmət orqanlarında FETÖ-cülərin olması terrorçularla bağlı sağlam məlumatlar əldə etməkdə böyük maneə yaradır”.
E. Kaya bildirib ki, Türkiyə hazırda daxili və xarici siyasətdə böyük sınaqdan keçir:
“Xarici siyasətdə cəbhə dəyişikliyi, Rusiya ilə münasibətlərin güclənməsi, Avropa Birliyi və ABŞ-a qarşı artan qəzəb, iqtisadiyyatın çətin vəziyyətdə olması Türkiyəni milli iqtisadiyyata yönləndirdi. Asiya ölkələri ilə ikitərəfli ticarətdə milli valyutalardan istifadə edilməsi çağırışı edildi. Bu, azad iqtisadiyyatın əsas nöqtələrindən biridir və Qərbdəki xarici sərmayə bundan narahat olur. Bununla yanaşı, Türkiyənin Suriya siyasəti və Əl-Babdan sonra Menbiçə müdaxilə edəcəyinə dair açıqlamlar ABŞ-ı narahat edir. Planlaşdırdıqları “terror dəhlizi” (Suriyanın şimalında kürd dəhlizi) planının baş tutmaması da onları qəzəbləndirir. Bu vəziyyətdə “sözə qulaq asmayan” Türkiyəyə qarşı cəzalandırmaq siyasəti aparılır. Suriyada türk əsgərini vura bilməyən Qərb terror təşkilatları vasitəsilə türk millətini qəlbindən vurmağa çalışır. Vermək istədikləri mesaj isə belədir:
“Siz ölkənizin təhlükəsizliyi ilə məşğul olun. Suriyada suyu bulandırmayın”. Gülnar Babazade Enternews.az