KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Putin yenidən Ukrayna ətrafında gərginliyi yüksəltməyə başladı

Shahin Caferli: Putin yenidən Ukrayna ətrafında gərginliyi yüksəltməyə başladı

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
39 0

Putin ilkin tələblərinə Qərbdən yox cavabı aldıqdan sonra qısa tərəddüd yaşayıb, son 3 gündə yenidən Ukrayna ətrafında gərginliyi yüksəltməyə başladı.

Məqsəd budur ki, müharibənin artıq qaçılmaz olduğu görüntüsünü yaradıb, Qərbin təzyiqi ilə Ukraynanı real güzəştlərə – Minsk razılaşmalarının siyasi hissəsini yerinə yetirməyə vadar etsin.

Lakin Ukraynanın bu güzəştlərə getməsi praktik olaraq mümkün deyil. Hesab edək ki, Qərb təzyiq etdi və Zelenski razılaşdı, bu halda belə, Ali Radada təslimçi sülh şərtlərinin qəbulu ehtimalı sıfırdır.

Beləliklə, dalan vəziyyəti yaranıb və krizisi yaradan Putin hansısa şəkildə bu vəziyyətdən çıxmalıdır. Siyasi və hərbi xarakterli 2 yol var və hər ikisi üçün hazırlıqların başladığını görürük.

Siyasi yol Abxaziya və Cənubi Osetiya ssenarisi üzrə oyuncaq respublikalar – DNR və LNR-in Moskva tərəfindən rəsmən tanınması və bu bölgədə Rusiya hərbi mövcudiyyətinin rəsmiləşdirilməsidir. Duma artıq bu barədə prezidentə müraciət edib. Bu hadisə bir tərəfdən imkan verəcək ki, rəsmi təbliğat ölkə daxilində növbəti dəfə “müzəffər Putin”, “əjdaha Putin” obrazı yaratsın və bu yöndə təbliğat qursun. Digər tərəfdən, bu qərar Avropadakı bir çox satılmış siyasətçiyə və digər peşə sahiblərinə imkan verəcək ki, Putinin qan tökmədən böhrana son qoyduğunu əsas götürüb, Rusiyaya qarşı 2014-cü ildən sonra olduğu kimi, daha yumşaq sanksiyaların tətbiqinə nail olsunlar. Yəni bu variantda Putinin öz sifətini qorumaqla, az itki ilə vəziyyətdən çıxmaq şansı var.

İkinci yol müharibə yoludur.

Son iki gündə Moskvadakı rejim tərəfindən alman faşizminin Gleiwitz və sovet kommunizminin Maynilo provokasiyalarına bənzər şəkildə hərbi müdaxiləyə əsaslandırma / bəhanə yaratmaq üçün informasiya kampaniyası aparıldığını görürük.

Müharibə olacaqsa, onun miqyası önəmlidir: böyük, yoxsa lokal savaş?

Bilirik ki, Rusiya ordusu Ukrayna ordusundan güclüdür, xüsusən havada, raket silahlanmasında bariz üstünlüyü var. Amma savaşlara yerdə nöqtə qoyulur. Ukrayna hərbi strukturlarının (ordu, milli qvardiya, sərhəd qoşunları) 370 min nəfər şəxsi heyəti, üstəgəl ordunun şərqdə döyüş təcrübəsi keçmiş və qısa müddətdə səfərbər olunacaq 400 min nəfər operativ rezervi var. Bunların 70 minini mülki personala aid etsək, Ukraynanın Rusiyanın qarşısına 700 min civarında heç də pis silahlanmamış, hətta əlindəki müasir antitank sistemlərinin sayına görə dünyada ilk yerlərdə olan nizamlı qüvvə çıxarmaq imkanına malik olduğunu deməliyik. Belə bir güc qarşısında Rusiyanın sərhədə topladığı 130 minlik qruplaşmasının böyük hərbi tapşırıqlar yerinə yetirmək üçün nə dərəcədə yetərli olduğu şübhəli məsələdir. Başqa bir məqam: Putinlə bağlı düşüncələrimi bilirsiniz, amma hər şeyə rəğmən, onun Avropa coğrafiyasında bütün dünyanın gözü önündə, dünya mediasının canlı yayınında böyük slavyan qırğını törədəcəyi ağlabatan ehtimal kimi görünmür. Böyük şəhərlərə, o cümlədən rus tarixçiliyinin “мать городов русских” dediyi 3 milyonluq Kiyevə Qroznı ssenarisi üzrə hücum isə fantastik ehtimal kimi görünür. Pandemiyadan bəri bunkerdə yarımtəcrid həyatı yaşayan Putinin psixikasında hitlersayağı problemlər yaranmış ola bilər, amma yəqin ki, bu dərəcədə ağlını itirməyib, eləcə də Rusiya dövləti içərisində başı işləyən adamlar var ki, onlar “fürer”in çılğınlığının qarşısını almaq gücündədirlər. Yəni böyük miqyaslı müharibə inandırıcı görünmür. (Yanıla bilərik əlbəttə…)

Donbasda lokal savaş daha ehtimal ediləndir, Rusiya ordusu sürətli həmlə ilə Donetsk və Luqanskın qalan hissəsini də işğal etməyə çalışa bilər. Amma bu da asan olmaz, çünki Ukrayna ordusu illərdir orada mövqelərini möhkəmləndirir və kiçik miqyaslı toqquşmalarda “Bayraktar”lar da effektiv olacaq. Hesab edək ki, Rusiya Ukrayna ordusunun müqavimətini qırdı və Donetsk-Luqansk regionunun inzibati sərhədlərinə çıxdı. Sonra? Hər bu tip hərbi əməliyyatın siyasi vəzifəsi olur, Rusiya bu uğurlu əməliyyatla hansı siyasi vəzifəyə nail olacaq? Çünki bu halda Ukrayna yenə təslimçi sülhə getməyəcək. Ukrayna xalqında daha da artan Rusiya nifrəti, dünyada daha da pozulan reputasiya, “izqoy”a çevrilmək və Qərbin sanksiyaları da öz yerində…

Ümumiyyətlə, geopolitikanı bir tərəfə qoysaq, qardaş xalqın qanını töküb, ərazilərini işğal edən, onu barışmaz düşmənə çevirən tərəfin hər hansı uğurundan danışmaq mənə əsassız və mənasız görünür. 2014-cü ildən Rusiya-Ukrayna konfliktinə qəti və dəyişməz baxışım budur.

Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.