KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Paşinyan “döyüş meydanında” tək qoyulur?- Çıxış yolu budur

Kənan Novruzov: Paşinyan “döyüş meydanında” tək qoyulur?- Çıxış yolu budur

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
64 0

Ermənistanda baş nazir Nikol Paşinyana sadiq adamlar azalır.
Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Bildirilib ki, onun komandası tədricən köhnəlir: “Nikol Paşinyan nazirləri vəzifədən uzaqlaşdırmağa çalışmır, əksinə, onları könüllü istefaya göndərir”.
“Baş nazir rəhbərlik etdiyi hökumətdə onunla işləmək istəyən adam tapa bilmir”, – nəşr bildirib.
Sözügedən nəşrin başqa bir məqaləsində yazılıb ki, fevralın 8-də N.Paşinyanın rəhbərliyi ilə hakim “Mülki müqavilə” partiyasının iclası keçirilib.
İclasda baş nazir komanda yoldaşlarına partiya üzvlərinin sayının artırılması üçün hər şeyi etməyi tapşırıb. İqtidar mediada fəallaşmaq barədə qərar da qəbul edib: “Təsadüfi deyil ki, Paşinyan və partiyanın digər üzvləri bir-birinin ardınca “tiktok” səhifələri açıb son videolar yayımlayırlar. Onların Kütləvi İnformasiya Vasitələri ilə işləri nəticəsiz qalıb, ona görə də ümid sosial şəbəkələridir”.
Məlum olduğu kimi, daha əvvəl Ermənistanda iqtisadiyyat nazirinin müavini Ani İspiryan işdən çıxarılıb. KİV Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın N.Paşinyanı əvəz edə biləcəyini də iddia edib.
Ermənistanda hakim partiya arasında gərginliyin artması və Paşinyan əleyhinə narazılığın artması səbəbsiz deyil. Bunun əsas səbəbi, çox güman, hökumət başçısının daxili və xarici siyasət kursu ilə bağlıdır. Baş nazirin son vaxtlar, xüsusilə konstitusiya, gerb və himnin dəyişdirilməsinin zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər, yəqin ki, bir çoxunun xoşuna gəlmir. Və əslində bu, təbiidir. Çünki Paşinyan, həqiqətən, inqilabi dəyişiklik edir.
İkinci bir tərəfdən, mövcud hakimiyyətin xarici siyasətindəki bəzi məqamların hökumətdəki müəyyən şəxsləri narazı salması da mümkündür. Məsələ ondan ibarətdir ki, Paşinyan hər nə qədər inqilabi dəyişikliklər etsə də, kənar təzyiqlərdən tam azad ola bilmir. O, həm ABŞ-ı, həm Fransanı, həm Avropa İttifaqını(Aİ), həm də Rusiyanı qane etmək istəyir. Çünki təzyiqlərdən qorxur. Bu isə sözügedən tərəflərin daha çox təzyiqi ilə nəticələnir.
Keçirilən rəy sorğularından belə məlum olur ki, Paşinyanın nüfuzu getdikcə azalır. Çünki onun sürüşkən, qeyri – müəyyən siyasəti çox az adamda ümid yaradır. İnsanlarda, xüsusilə vəzifə sahiblərində Ermənistanın gələcəyi ilə bağlı konkret təsəvvür yoxdur. Ona görə də onlar mövcud iqtidarı dəstəkləmək istəmirlər.
Paşinyanın Rusiyadan lazımi səviyyədə uzaqlaşmaması, görünür, Qərb dairələrində narahatlıq yaradır. Çox güman, Qərb Ermənistanın Rusiya ilə münasibətlərində daha radikal mövqe ortaya qoymasını tələb edir. Elə buna görə də artıq Qriqoryanın hakimiyyətə gətirilməsi məsələsi müzakirə olunur. Məlum olduğu kimi, Qriqoryan da Qərbmeyilli siyasətçidir. Hərçənd Ermənistanda hakimiyyətin asanlıqla və yaxın gələcəkdə dəyişiləcəyi ağlabatan görünmür.
Hakimiyyət- KİV münasibətlərinə gəldikdə isə deməliyik ki, Ermənistanda hakimiyyəti açıq şəkildə tənqid və ifşa edən nəşrlər var. Onlar iqtidarın nüfuzuna təsir edirlər. Ona görə də, ola bilsin, hakimiyyət itməkdə olan reputasiyasını bərpa etmək üçün sosial mediadə fəallaşmağa başlayıb.
Paşinyan administrasiyası vaxt qazanmağa, prosesi uzatmağa çalışdıqca özünü daha çıxılmaz vəziyyətə salacaq. Paşinyan boğa biləcək dalğalar güclənir. Odur ki, baş nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə səmimi və sürətli töhfələr verməklə ölkəsi üçün yeni təhlükəsizlik çətiri formalaşdıra bilər.
Kənan Novruzov

“Report” İA-nın əməkdaşı, siyasi şərhçi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir