KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: ABŞ və Türkiyə arasında “buzlar əriyir”?

Kənan Novruzov: ABŞ və Türkiyə arasında “buzlar əriyir”?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
56 0

Hakimiyyət dəyişikliyi ilə…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək. Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki açıqlanmayıb. Hazırda tarixlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.
Bildirilib ki, R.T.Ərdoğan C.Baydenin görüşü iyul ayında keçiriləcək NATO sammiti çərçivəsində də ola bilər. Payız aylarında isə ABŞ-dən olan iki nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. ABŞ xüsusilə yaşıl enerji ilə bağlı Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.
Qeyd olunub ki, bu səfərlərin məqsədi Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymaqdır.
Məlum olduğu kimi, Türkiyəyə F-16 qırıcılarının tədarükü uzun müddətdir mübahisəli olaraq qalırdı. Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ Konqresi də qırıcıların satışı ilə bağlı müqaviləni təsdiqlədi. R.T.Ərdoğan fevralın 12-də deyib ki, ABŞ Türkiyənin F-16 qırıcıları ilə bağlı tələbini yerinə yetirib.
ABŞ-la Türkiyə təxminən mehriban düşmən kimidirlər. Tərəflər NATO daxilində müttəfiq olsalar da, Ankaranın fərqli regionlarla bağlı mövqeyi heç də Vaşinqtonun maraqları ilə üst-üstə düşmür. Nəinki Yaxın Şərq və Şərqi Avropada, həmçinin Cənubi Qafqazda da tərəflərin maraqları üst-üstə düşmür.
Türkiyə yuxarıda adını çəkdiyimiz regionlarda, o cümlədən Cənubi Qafqazda ABŞ-nin oyunlarını pozur. Bu isə tərəflər arasında ikitərəfli münasibətlərə mənfi təsir edir.
Dediyimiz kimi, ABŞ-nin Türkiyəyə F- 16 qırıcılarının yeni partiyasını tədarük etməsi uzun müddətdir tərəflər arasında mübahisə predmetidir. Bu məsələnin həlli tərəflər arasındakı “soyuq küləklərin” azalmasına kömək edə bilər. Çünki qismən olsa da konsensus əldə olunub.
Gələcəkdə H.Fidanın ABŞ-a səfəri, həmçinin liderlər səviyyəsində görüş mümkündür. Gərginliyin müəyyən qədər azalması da istisna deyil. Amma ABŞ-la Türkiyənin xarici siyasət kursları fərqli olduğuna görə, fundamental problemlər həllini tapmayacaq. Türkiyə ilə ABŞ arasında münasibələtlərin tamamilə yaxşılaşması üçün Ankara ən azından Moskva ilə münasibətlərinə ciddi redaktələr etməlidir. Bu isə yaxın gələcək üçün real görünmür. Çünki Ərdoğan hakimiyyətinin xarici siyasəti Rusiya ilə münasibətlərin qorunmasını tələb edir.
Əlbəttə, ABŞ -dakı prezident seçkilərinin nəticəsi də Türkiyə ilə münasibətlərə müəyyən qədər təsir edəcək. Əgər seçkilərdə Respublikaçılar hakimiyyətə gələrsə, onda Ankara ilə münasibətlərdəki gərginlik azala bilər. Çünki Respublikaçılar Rusiya ilə münasibətlərdə daha loyaldırlar. Biz bunu Donald Trampın hakimiyyəti dövründə də görmüşdü.
Əlbəttə, ABŞ-la Türkiyə arasında münasibətlərin normallaşması hər iki tərəf üçün faydalı ola bilər. Bu, həm də gələcəkdə NATO daxilindəki parçalanmaların qarşısını ala bilər. Amma dediyimiz kimi, Ankara və Vaşinqtonun xarici siyasət kursundakı fərqli prinsiplər ciddi dəyişikliyin olmasını istisna edir. Bunun üçün heç olmasa iki ölkədən birində hakimiyyət dəyişikliyinə və ya xarici siyasət kursunun dəyişməsinə ehtiyac var.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir