KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

İrəvan da daxil olmaqla Arazın hər iki tayının Azərbaycan adlandırlması ilə bağlı daha bir sənəd

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
428 0

1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin yaranması, xüsusilə də bu dövlətin adı İranda ciddi narahatlığa səbəb oldu. İran dövləti məsələ ilə bağlı Osmanlı dövlətinə etirazını bildirərək, tarixən bu adda bir dövlətin mövcud olmadığını iddia etdi. Etirazlar İran mətbuatında da öz əksini tapdı və Azərbaycanın tarixi ərazisi ilə bağlı həqiqətdən uzaq fikirlər irəli sürülərək, Azərbaycan adının təkcə İran sərhədləri daxilindəki əraziyə aid olduğu qeyd edildi. İranda son 100 ildə müxtəlif hökumətlər, fərqli ideologiyalarla hakimiyyətə gəlsələr də dövlətin və hakim ziyalıların azərbaycanlılara və Azərbaycana qarşı olan münasibətində ciddi dəyişiklik görünməməkdədir.

1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra da respublikanın adı ilə bağlı narahatlıq müxtəlif formalarda özünü göstərməyə davam etdi. Bu gün də vaxtaşırı İranda bəzi mətbu orqanların, tədqiqatçıların, bəzən rəsmilərin belə “Şimali İran”, “Aran” və “Bakı Cümhuriyyəti” kimi terminlərdən istifadə etməsinə şahid oluruq. Bu yanaşma bəzən, dərs kitablarında, hətta rəsmi dövlət sənədlərində də öz əksini tapır. Məsələn, 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan tarix dərsliklərinin birində (11-ci sinif) Arazın şimalındakı ərazinin tarixi adının Azərbaycan deyil, Arran olduğu və həmin ərazinin ən qədim dövrlərdən İran torpaqları olduğu iddia edilir. Müsavat hökumətinin Osmanlı türklərinin israrı ilə tarixi təhrif edərək “Arran” sözünü Azərbaycanla əvəz etməsi və bu ad dəyişmənin arxasında Cənubi Azərbaycana qarşı ərazi iddiasının dayandığı iddia edilir.

İddiaların doğru olmadığını göstərən daha bir sənəd

Quzeyli, güneyli Azərbaycan tədqiqatçıları müxtəlif tarixi mənbələrə istinad edərək, bu iddiaların doğru olmadığı, Azərbaycan sözünün istər Arazın cənubundakı, istərsə də Arazın Quzeyindən Dərbəndə qədər olan əraziyə aid olduğu haqda müxtəlif elmi məqalələr yazıblar.

Məsələ ilə bağlı ortaya atılan iddiaların düzgün olmadığını sübut etmək baxımından İranda hakimiyyətdə olan dövlətlərin maliyyə dəftərlərindəki qeydlər (Azərbaycan əyalətinə hansı mahalların daxil olması ilə bağlı) ən yaxşı qaynaqdır.
Qacar dövründə dövlətin bütün mühasibat-maliyyə işlərində Siaqət (Siyaq /Sayaq) xəttindən istifadə olunurdu. Bu xətti və siyaq elmini öyrətmək üçün tərtib olunan 19-cu əsrə aid “Bəhrül-Cəvahir fi elmüd-dəfatir” kitabında Azərbaycan mahallarının adı sırasında Arazın güneyindəki şəhərlərlə yanaşı, Arazın quzeyində yerləşən şəhər və bölgələrimizin adlarının siyaqət xəttindəki yazılış forması göstərilir. Bu mahala Dərbənd, Bakı, Beyləqan, Şirvan və Quba ilə bərabər Qarabağ və İrəvan da daxildir.
Kitabda ərəb əlifbası sırası ilə Azərbaycan mahallarının adları belə verilir: Urumi (Urumiyə), Əhar, İrəvan, Badkubə, Beyləqan, Təbriz, Xalxal, Xoy, Dərbənd, Salyan, Şirvan, Tarım, Quba, Qarabağ, Gəncə, Marağa, Mərənd, Salmas və Naxçıvan.

Kitabın müəllifi Əbdulvahab Şahşani İsfahanidir. Əsərin İranın “İslami Şura Məclisinin” kitabxanasında saxlanılan nüsxəsi 1861-ci ilə aiddir, lakin kitabın fərqli illərdə litoqrafiya üsulu ilə çap edilmiş nümunələri də mövcuddur.

Siaqət xətti haqqında

Bəzi alimlərin fikrincə, siaqət xətti Səlcuqlular dövründən etibarən İslam dünyasında istifadə olunmağa başlamışdır. Adı türkcə say + aq şəkilçisinin birləşməsindən ortaya gələn sayaq /siaqət xətti daha çox dəftərxana və hesabdarlıq işlərində tətbiq olunmuş və ərəb əlifbasının xətt növü olsa da, qədim uyğur yazısına məxsus bəzi cəhətlərə malik idi.
Ümid Niayeş

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir