Doç.Dr ATİF İSLAMZADƏNİN YENİ MONOQRAFİYASI NƏŞR OLUNUB
Kafkassam yazarlarından Doç.Dr ATİF İSLAMZADƏNİN YENİ MONOQRAFİYASI NƏŞR OLUNUB.
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Mərasim folkloru və Milli Kulinariya ənənəsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslam oğlu İslamzadənin “Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası” adlı yeni monoqrafiyası nəşr olunub.
Əsərin elmi redaktoru filologiya elmləri doktoru, professor Sərxan Xavəri, elmi rəyçiləri folklor mətnləri üzrə filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, yazılı ədəbi mətnlər üzrə filologiya elmləri doktoru, professor Vaqif Sultanlıdır.
Ön sözün müəllifi Seyfəddin Rzasoydur.
Monoqrafiya ön söz, giriş, altı əsas fəsil, ədəbiyyat siyahısı və üç dildə – türk, ingilis və rus dillərində xülasədən ibarətdir. Kitabın hər bir fəsli bir kitab olaraq təqdim olunur, hər kitabdan verilən nümunələr əsasında struktur-semantik təhlillər aparılır. Monoqrafiyada analitik tətbiqi semantik metodologiya əsasında mətnlərin semantik qatları araşdırılıb. Hər fəsil I kitabdan ibarətdir. Çünki nəşr olunmuş kitablardakı folklor mətnləri və yazılı ədəbi nümunələr tək-tək təhlil edilmiş, mətn layları açıqlanmış, hər mətnin struktur modeli ayrıca şərh olunmuşdur. Bu tədqiqat əsəri konkret mətn təhlili əsasında yeni metodologiya təqdim edir. Folklor janrlarına və yazılı ədəbiyyat nümayəndələrinin əsərlərinə ümimi yanaşma ənənəvi hal aldığı üçün bu araşdırmada folklor örnəklərinə və yazarların fəaliyyət sferasına konkret bir mətn əsasında yanaşma elmi-nəzəri cəhətdən çox vacibdir. Eyni zamanda bu tədqiqatda mətn açıqlaması situasiyaların
kontekst daxilində təhlil olunması istiqamətində aparılması baxımından da yenidir.
I kitabda “Göyçə dastanları və aşıq rəvayətləri” kitabından “Ağ Aşıq və Süsənbər dastanı”, II kitabda “Azərbaycan nağılları” toplusundan “Nar qızı” nağılı, III kitabda “Azərbaycan nağılları”nın başqa bir toplusundan “Məlik Məhəmməd” nağılı, IV kitabda O.Fikrətoğlunun “Vaxt” kitabından “Papaq Yusif” film-ssenarisi”, V kitabda K.İmranoğlunun “Dağlı məhəlləsi” kitabından “Riyaziyyat müəllimi” hekayəsi, VI kitabda F.Sadığın “İşlə-ev arasında” kitabından “Saxlama” gəraylısı seçilmiş, konkret örnək olaraq mətn təhlilinə cəlb olunmuşdur. O.Fikrətoğlunun “Papaq Yusif” film ssenarisi düşünülmüş şəkildə yalnız mətnin özü əsasında təhlil olunmuş, digər qaynaqlara müraciət edilməmiş, bu kimi metodoloji yanaşmanın da mümkünlüyünə nəzər yetirilməsi baxımından mətn bazasının zənginliyi diqqətə çatdırılmışdır.
Tədqiqatın ən mühüm orijinallığı ondan ibarətdir ki, folklor mətnləri və yazılı ədəbi nümunələr əsasında ədəbi tənqidin yalnız yazılı ədəbiyyat sərhədləri daxilində deyil, ümummədəniyyət sahəsi olaraq da genişlənməsinin vacibliyini diqqətə çatdırır, folklor və yazılı ədəbiyyatın vahid mədəniyyət təşkil etdiyini göstərir. Təqdim edilən monoqrafiya metodoloji olaraq yeni yanaşma kimi struktur-semiotik metod əsasında meydana gəlmişdir. Bu tədqiqatda yalnız folklor materiallarının deyil, ən müxtəlif sahələrə aid olan nümunələrin təhlilinin yeni əsasda diqqətdən keçirilməsi təklif olunur. İlkin olaraq folklor mətnləri əsasında semantik təhlil aparılır, daha sonra yazılı ədəbi nümunələrə müraciət olunur.
Tədqiqat işi elmi ictimaiyyət üçün yeni işdir. Qarşıda eyni metod əsasında bir çox nümunələrin tədqiqinin aparılması elmi-nəzəri baxımdan bu sahələrdə geniş inkişaf istiqamətinin yaranmasına səbəb ola bilər. Atif İslamzadənin bu monoqrafiyasının yeni metodoloji konsepsiya kimi istifadə qaynağına çevriləcəyi şübhəsizdir. Monoqrafiyadan ali məktəblərin filologiya fakültələrində, folklor, ədəbiyyatşünaslıq və mifologiya ixtisasları üzrə magistratura və aspirantura təhsili zamanı xüsusi kurslarda praktiki vəsait kimi istifadə etmək mümkündür.



Yorum gönder