COP29″un hansı ölkədə keçiriləcəyi hələ müəyyən edilmədən əvvəl bir çox mənbələr Azərbaycanın gələn il Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinə ev sahibliyi edəcəyini təsdiqləyib”. Bu barədə SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının qaydalarına əsasən, rotasiya qaydasında sədrlik etmək növbəsi Şərqi Avropadadır: “Lakin qrup bu məsuliyyəti hansı ölkənin üzərinə götürəcəyinə yekdilliklə qərar verməlidir. Rusiya Avropa Birliyi ölkələrinin konfransa ev sahibliyi etməsinin qarşısını almışdı. Azərbaycan və Ermənistan bir-birinin təkliflərini əngəlləyirdilər. Qrupun qalan hissəsi isə böyük konfransa ev sahibliyi etmək üçün lazım olan maliyyə və imkanları təmin etmək üçün mübarizə aparırdı”.
Politoloq bildirib ki, Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq, Ermənistanın təklifini geri götürməsi və Azərbaycanın təklifini dəstəkləməsi barədə razılığa gəldiklərini açıqlayıb: “Ermənistan Respublikası və Azərbaycan Respublikası çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şansın olması fikrini bölüşürlər. Dünyanın ən mühüm toplantılarından biri hesab edilən bu görüşün Bakıda baş tutması çox vacibdir. Cənubi Qafqazda sülh və sabitliyə dəstək olacağı gözlənilən bu görüşə qədər Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli sülh sazişi imzalana bilər”.
Müəllif: Rəşid Qarayev
https://sia.az/az/news/politics/1120055.html