KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elhan Şahinoğlu: Zəngəzur dəhlizi ümidləri azalıb

Elhan Şahinoğlu: Zəngəzur dəhlizi ümidləri azalıb

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
142 0

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək. “Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq” deyən Hikmət Hacıyev Azərbaycanın regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyini bildirib.

Belə anlaşılır ki, Zəngəzur dəhlizinin açılması dalana dirənib və rəsmi Bakının bununla bağlı ümidləri azalıb. Ümumiyyətlə iki ölkə arasında sülh sazişi imzalanmayana və Ermənistan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər Zəngəzur dəhlizinin açılması çətindir. Zəngəzur dəhlizinin açılmasıyla bağlı 3 ildir danışıqlar gedir, nəticə yoxdur. Bəs Hikmət Hacıyev alternativ marşrutlar dedikdə hansı istiqamətləri nəzərdə tutub?

Bakı-Tiflis-Qars dəmir yolu işlək vəziyyətdədir. Bu yol Zəngəzur dəhlizindən uzun olsa da, Bakı-Tbilisi-Qars dəmiryolu ilə daşımalar ildən ilə artır. Bunu prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı da bildirib. Dövlət başçısının sözlərinə görə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlət başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Yəni Zəngəzur dəhlizi olmadan da Çin, Mərkəz Asiya, Türkiyə və Avropa arasında körpü rolunu oynayan dəhlizimiz var.

Digər alternativ marşrut İranla bağlıdır. Keçən ilin mart ayında Azərbaycanla İran arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıların – dəmir və avtomobil yolunun İran üzərindən həyata keçirilməsi planlaşdırıb. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Azərbaycan bütün xərcləri öz üzərinə götürüb. Bu memorandum rəsmi Bakının İrəvana əlavə təzyiq vatitəsi idi, yəni “Zəngəzur dəhlizini açmasanız, dəhliz İran ərazisindən keçəcək və bununla Ermənistan oyundankənar vəziyyətdə qalacaq”. Ancaq sonrakı aylarda İran Azərbaycanla münasibətləri gərginləşdirmək siyasətini seçdi və imzalanan memorandum arxa plana keçdi. Münasibətlərin normallaşması halında həmin memoranduma qayıdış mümkündür.

Bütün hallarda Ermənistan Zəngəzur dəhlizini açmasa bu Azərbaycan üçün böyük problem deyil, Bakı-Tbilisi-Qars yolu ilə daşımaların həcmin artır, üstəgəl Türkiyə üzərindən Naxçıvana da əlavə xətt çəkiləcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir