KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Elçin XALİDBƏYLİ: Kremldən İrəvana “Zəngəzur dəhlizini ver” tələbi

Elçin XALİDBƏYLİ: Kremldən İrəvana “Zəngəzur dəhlizini ver” tələbi

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
130 0

Kreml Zəngəzur dəhlizinin Ermənistanın manipulyativ bəhanələri ilə ABŞ və Qərbin nəzarətinə keçməsinə heç bir halda, imkan vermək istəmir… Üçtərəfli anlaşmada dəhlizlə bağlı qeydi tapan şəxsə pul mükafatı vəd edən baş nazir Nikol Paşinyan rus nazir qarşısında borclu durumuna düşdü…
Ermənistan ətrafında olduqca qəliz situasiya yaranmağa başlayıb. Əslində, bu situasiya Paşinyan hakimiyyətinin II Qarabağ savaşından sonra yürütdüyü xaotik xarici siyasət kursunun real nəticələridir. Rəsmi İrəvan dünya nəhənglərinin geopolitik maraqlarını Ermənistan üzərində cəmləşdirməklə, ölkəni qarşıdurma məkanına çevirib. Və bu, indi Ermənistanı Qərblə Rusiya arasında pressinq altına salıb.

Nə qədər qəribə də olsa, ABŞ və Qərbin Ermənistana münasibətdə atdığı addımlar ilə Rusiyanın Paşinyan hakimiyyətinin son davranışlarına reaksiyası kəskin şəkildə ziddiyyət təşkil edir. Belə ki, Ermənistan ilə heç bir hərbi-siyasi bloka daxil olmayan ABŞ və Qərb rəsmi İrəvanın bütün manipulyativ iddialarını dəstəkləyir. Ermənistanın həm ikitərəfli müqavilə, həm KTMT üzrə hərbi müttəfiqi olan Rusiya isə Paşinyan hakimiyyətinin uydurduğu yalan iddiaları ifşa edir. Və bu, rəsmi İrəvanın Rusiya əleyhinə fəaliyyətinin real nəticələri olaraq, ortaya çıxmaqda olan önəmli faktordur.

Məsələ ondadır ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova rəsmi İrəvanın Azərbaycanın Qarabağ iqtisadi regionunda “erməni azlığının etnik təmizləməyə məruz qalması” barədə iddialarını açıq mətnlə və birmənalı şəkildə təkzib etmişdi. Rusiya diplomatiyasının təmsilçisi vurğulamışdı ki, erməni azlığı Qarabağ bölgəsini könüllü olaraq tərk edib. Mariya Zaxarova Paşinyan hakimiyyətinin erməni azlığına qarşı hər hansı zorakılığın törədilməsi barədə faktlara malik olduğuna şübhə etdiyini də dilə gətirmişdi. Və rəsmi İrəvandan əgər əlində bu barədə təkzibolunmaz faktlar varsa, dərhal onları açıqlamağı tələb etmişdi.

Rusiya diplomatiyasının təmsilçisinin bu açıqlamasını rəsmi İrəvanın uydurma iddialar üzərindən Azərbaycana qarşı yürütdüyü “qara propoqanda” kampaniyasına sarsıdıcı zərbə hesab etmək olar. Ancaq Kreml rəsmi İrəvanın uydurma iddialarının ifşası ilə bağlı prosesi davam etdirməkdə israrlı görünür. Belə ki, bu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanın yalanlarını ifşa edib. Və bu, rəsmi İrəvanı növbəti dəfə çıxılmaz vəziyyətə salıb.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli anlaşmada rəsmi İrəvanın nəzarətindən kənar dəhlizin yaradılması ilə bağlı nəinki bir cümlə, hətta bir söz belə, olmadığını iddia etmişdi. O, bildirmişdi ki, rəsmi İrəvan Azərbaycana İranla razılaşdırılmış marşrutun şərtlərinə uyğun nəqliyyat-kommunikasiya xətti almağa hazırdır. Üstünlük, erməni baş nazir üçtərəfli anlaşmada rəsmi İrəvanın dəhliz öhdəliyinə aid hər hansı qeydi aşkar edən şəxsə pul mükafatı da vəd etmişdi.

Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasından sonra belə təəssürat yaranır ki, deyəsən, Ermənistan baş naziri Nikol Paşinyan vəd etdiyi pul mükafatını hər halda, ödəmək məcburiyyətində qalacaq. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov baş nazir Nikol Paşinyanın Naxçıvana İran və Ermənistandan keçməsi nəzərdə tutulmuş marşrutları müqayisə etməyə çalışmasını tamamilə yersiz və məntiqsiz hesab edib.

Rus diplomat 10 noyabr üçtərəfli anlaşmasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası barədə maddənin olduğunu xatırladıb: “Sənəddə qeyd olunub ki, Ermənistan Azərbaycan və Naxçıvan arasında nəqliyyat-kommunikasiya xətlərinin hər iki istiqamət üzrə fəaliyyətinə təhlükəsizlik təminatı verir. Bu nəqliyyat-kommunikasiya marşrutuna nəzarəti isə Rusiya FTX-nin sərhəd xidməti yerinə yetirir. Ona görə də, baş nazir Nikol Paşinyanın İran və Ermənistan marşrutlarını müqayisə etməyə çalışması, Azərbaycana eyni şərtləri təklif etməyə hazır olduğunu bildirməsi tamamilə yersizdir və heç bir məntiqə sığmır”.

Rusiya xarici işlər naziri Ermənistanı yeni tələb və şərtlər irəli sürməkdə də ittiham edib. Onun fikrincə, məhz rəsmi İrəvan Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı fərqli iddialar gündəmə gətirilir: “İndi rəsmi İrəvan bu nəqliyyat-kommunikasiya xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsini istəmir. Bu marşrut üzərində neytral sərhəd və gömrük nəzarətinin olmasına qarşı çıxır. Rəsmi İrəvan bu marşruta Ermənistanın təkbaşına nəzarət etməsinə çalışır. Halbuki, bu, Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı anlamaya ziddir”.

Rusiya diplomatiya idarəsinin rəhbəri hesab edir ki, rəsmi İrəvan Ermənistan üzərindən Azərbaycan və Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı hüquqi öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşib. Sergey Lavrov bu dəhlizin Ermənistan üçün də çox sərfəli olduğunu açıq mətnlə vurğulayıb: “Təəssüf ki, Sünik vilayətindən keçməklə açılması nəzərdə tutulan və Ermənistan üçün də sərfəli olan bir marşrut hələ də kağız üzərində qalmaqdadır”.

Belə anlaşılır ki, Kreml artıq dilə gəlmək məcburiyyətində qalıb və Ermənistandan açıq mətnlə Zəngəzur dəhlizinin açılmasını tələb edir. Üstünlük, Rusiya öz mövqeyini və tələblərini Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli anlaşmanın maddələri ilə əsaslandırır. Bu baxımdan, rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı yeni, həm də çox təhlükəli təzyiq mərkəzinə tuş gəlməkdə olduğunu da düşünmək olar.

Çünki Kreml heç bir halda, Zəngəzur dəhlizinin Ermənistanın manipulyativ bəhanələri ilə ABŞ və Qərbin nəzarətinə keçməsinə imkan vermək istəmir. Nəhayət, Rusiya xarici işlər naziri Sergey Lavrov 10 noyabr üçtərəfli anlaşmasında dəhlizlə bağlı hüquqi maddəni də taparaq, rəsmən elan edib. Ona görə də, indi bunu edə biləcək şəxslərə pul mükafatı vəd edən Ermənistan baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrov qarşısında da borclu durumuna düşmüş kimi görünür. Və erməni baş nazirin öz vədinə sadiq qalıb, rus nazirə pul mükafatını təqdim etməsi lazım gələcək.

Elçin XALİDBƏYLİ
https://musavat.com/news/kremlden-irevana-zengezur-dehlizini-ver-telebi-lavrov-hucuma-kecdi-pasinyanin-ohdeliklerini-ifsa-etdi_1037919.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir