KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Aqşin Kərimov: Paşinyanın AP-də çıxışı: Yanlışlar, Rusiyanı hiddətləndirəcək tezislər

Aqşin Kərimov: Paşinyanın AP-də çıxışı: Yanlışlar, Rusiyanı hiddətləndirəcək tezislər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
179 0

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqa gedərək Avropa Parlamentində çıxış etməsi İrəvanın Avropadakı havadarlarına minnətdarlığının ifadəsi idi.

O hissələri bir kənara qoyaraq hesab edirəm ki, Paşinyanın demokratiyadan bəhs edən tezisləri əsl demokratik təsnifatlarla manipulyasiya cəhdi kimi qiymətləndirilməlidir.

Paşinyanın “demokratiyası” necəsə Ermənistanı fəlakətə, təhlükəli boşluqlara buraxır, ən azından ona görə ki:

– Paşinyan Ermənistan dövlətinin işğalçılıq siyasətini tamamilə konstruktiv əsaslı əməkdaşlıqla əvəzləməyib;

– Paşinyan üçün demokratiya işğala bərabər anlayışdır, yoxsa ağızdolusu demokratiyanı sülhün və təhlükəsizliyin açarı kimi xarakterizə etməzdi;

– İşğalçı siyasətdən əl çəkən doktrina qəbul edilməlidir, Ermənistan boynuna götürməlidir ki, o, ərazi iddialarından əl çəkir.

Yekunda isə bu qeyri-müəyyənliklər özü Ermənistanı təhlükəsizlik mühitindən kənara tullayır, çünki rəsmi İrəvanın regional münasibətlər sisteminə baxışı onu poliqona çevirir.

Paşinyanın timsalındakı gizli qəzəbli doktrina və ya onun ekvivalentində bir mövqe Ermənistanı İranın, Rusiyanın, Qərbin maraqlarını bu ölkədə elə toqquşdurur ki, onun dövlət kimi varlığı sual altına düşür.

Deməli, məntiqlə Ermənistan etdiklərinin və ya edə biləcəklərinin cəzasını çəkir, amma hələ də Paşinyandan qeyri-müəyyən siqnallar verilir.

Misal üçün, Paşinyan Avropa Parlamentində çıxış edərkən Qarabağdan ermənilərin köçünü etnik təmizləmə ilə bərabərləşdirir. Bu, olduqca təhlükəli mövqedir, hətta ənənəvi erməni təbliğatındakı mətnlərin təkrarıdır.

Başqa yöndən, Paşinyan Laçın yoluna dəhliz statusundan danışır, bunu 10 Noyabr Bəyanatı ilə tövsif etməyə girişir. Belə bir mövqe Azərbaycanın strateji maraqları və sülh üçün təklif etdiyi prinsiplərlə eynilik təşkil etmir. Yəni Paşinyan mahiyyətə köklənmir. Çünki Laçın yolu dəhliz deyil, ora gömrük-sərhəd rejimi əsasında fəaliyyət göstərir.

Zəngəzur dəhlizi ilə əlaqəli hissələrə gəlincə, Paşinyan, onsuz da, bilir ki, Azərbaycan bu koridoru açacaq – bunun hansı əməliyyatlarla olacağı başqa mövzunun predmetidir.

Burada məğzi Paşinyanın dəhlizlə əlaqədar fikir yayındırmasına yönləndirmək istərdik. Hesab edirəm ki, Paşinyan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında gələcək nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməkdən qaçır. Başqa məqam da üzə çıxır – məntiqi gümanla qeyd etmək olar ki, Paşinyan Zəngəzur dəhlizində Rusiyanın maraqlarını bloklamağa çalışır.

Buna görə də Paşinyan perspektivdəki həmin keçidin dəhliz məntiqi ilə deyil, yol məntiqi ilə işləkliyinə eyham vuraraq öz məntiqinə Qərbdən dəstək axtarır.

Belədə inandırıcı gəlir ki, 10 Noyabr Bəyanatında “dəhliz” ifadəsi işlənməsə belə, Paşinyan bununla bağlı şifahi şəkildə böyük ölçülü razılıq verib, sadəcə, onun sənədləşdirilməməsi əlinə fürsət verir.

Ümumi bir qiymətləndirmə ilə, Paşinyanın mövqeyi Qərb dairələrinin sarı simini titrətmək, Rusiyanın isə aqressiv sinirinə toxunmaqdan başqa bir şey deyildi.

Çünki Paşinyan:

– Qərb dairələrinin ünvanına xoş fikir söyləyir, bunun müşayiətində Azərbaycan-Ermənistan sülh gündəliyindən danışır;

– Rusiyanın ikitərəfli əməkdaşlıqdakı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı öhdəliyini yerinə yetirməməsini Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət fonunda dəyərləndirir;

– Qarabağda müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə təqsirləndirir.

Paşinyanın gedişi Rusiyanın iri miqyasda Ermənistanla əlaqəli planlarının davamını gətirməyə şərait yaradır.

Azərbaycan regional qarışıqlıq yaradılmasını dəstəkləmir, amma Moskva ilə İrəvan arasındakı soyuqluqdan maksimum yararlanmağa çalışır. Azərbaycanın məqsədi özünün milli təhlükəsizliyini və strateji əsaslarını, sərhədlərində boz zonaların aradan qaldırılmasını təmin etməkdir.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir