Şimdi yükleniyor

Vasif Efendi: Azerbaycan siyasi partiyalarda böhran

Azərbaycanın siyasi partiya sistemində institusional böhran və nizamlanma ehtiyacı
Son illər siyasi partiyalarda müşahidə olunan proseslər göstərir ki, ölkənin partiya sistemində ciddi institusional və normativ boşluqlar mövcuddur. Siyasi münasibətləri tənzimləməli olan dövlət qurumları və cavabdeh şəxslər bu sahədə səmərəli idarəetmə mexanizmini formalaşdıra bilməyiblər.
Formal şəkildə “nəsil dəyişikliyi” və ya “struktur islahatı” adı altında həyata keçirilən addımlar əksər hallarda modernləşmə məqsədinə deyil, şəxsi ambisiyaların təmininə xidmət edir. Bunun nəticəsində siyasi təşkilatlar içərisində legitimlik böhranı, idarəetmə xaosu və mənəvi deqradasiya halları müşahidə olunur.
Məsələn, Ana Vətən Partiyasında sədrlik uğrunda ailədaxili mübarizənin açıq qarşıdurma mərhələsinə keçməsi təkcə fərdi hadisə deyil, ümumən Azərbaycan siyasi mədəniyyətinin zəif institusional əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Bu, partiyaların çoxunun şəxslərə bağlı, ideologiyasız və struktur baxımından dayanıqsız olmasının nəticəsidir.
Mövcud “Siyasi partiyalar haqqında” qanun uzun müddətdir ki, dövrün tələblərinə cavab vermir. Qanunun normativ bazası partiya həyatının demokratikləşməsi, maliyyə şəffaflığı, daxili idarəetmənin institusional mexanizmlərlə təmin edilməsi baxımından yetərsizdir. Bu səbəbdən də partiyalar çox zaman hüquqi deyil, fərdi nüfuz və əlaqələr üzərində fəaliyyət göstərir.
Ölkədə siyasi aktivlik daha çox virtual müstəviyə keçib. Sosial şəbəkələrdə aparılan debatlar və “rəqəmsal siyasi davranış” real siyasi institutların yerini tutmağa başlayıb. Bu isə partiyaların sosial baza ilə təmasını zəiflədir, onları “şəxsi brendlərin” toplusuna çevirir.
Siyasi plüralizm və fikir müxtəlifliyi, xüsusilə də partiyaların daxilində, demək olar ki, mövcud deyil. Əksər təşkilatlarda qərarlar mərkəzləşdirilmiş qaydada, tək liderin iradəsi ilə qəbul olunur. Bu vəziyyət demokratik institutların formalaşmasına, yeni siyasi nəsillərin yetişməsinə və ictimai etimadın artmasına mane olur.
Azərbaycan reallığında onlarla qeydiyyatda olan partiya mövcud olsa da, onların yalnız 4–5-i real siyasi subyekt kimi fəaliyyət göstərmək potensialına malikdir. Digərləri isə sadəcə formal təsisatlar, ya da şəxsi dairələrin maraqlarını qorumaq üçün yaradılmış strukturlardır.
Bu mənada, siyasi sistemin sağlamlaşdırılması üçün ölkədə az, lakin ideoloji baxımdan fərqli və təşkilati cəhətdən güclü bir neçə partiyanın mövcudluğu daha məqsədəuyğun olardı. Belə bir sistem həm siyasi rəqabəti keyfiyyətcə dərinləşdirər, həm də dövlət–cəmiyyət əlaqələrinin institusional əsasda formalaşmasına xidmət edər.Nəticə etibarilə, siyasi partiyaların gələcək inkişafı üçün iki əsas istiqamət prioritet olmalıdır.İlk növbədə siyasi partiyalar haqqında qanunun müasir reallıqlara uyğun yenilənməli və partiyalar şəxsiyyətlərdən asılı olmayan, ideoloji və institusional əsaslara söykənən modelə keçid etməlidirlər.Əks halda, mövcud vəziyyətin davamı yalnız “partiya çoxluğu” görüntüsü yaradacaq, lakin real siyasi plüralizmin və demokratik rəqabətin formalaşmasına imkan verməyəcək.

Share this content:

Yorum gönder