Zeynal Emraliyev: CAVABI TAPILMAYAN SUAL ABŞ İRANA ZƏRBƏ ENDİRƏCƏK? “
ABŞ İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək niyyətindədir”. Bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib. O, ABŞ-nin İrana qarşı növbəti zərbələrinin gözlənilirmi sualına birbaşa cavab verməkdən yayınıb. “Bu gün heç bir açıqlama verməyəcəyəm. Birləşmiş Ştatlar prezidenti bizim İrana qarşı siyasətimizi açıq şəkildə ifadə edib. O, həqiqətən də çiçəklənən İran və iranlılarla yaxşı münasibət istəyir” deyə Vens bildirib. “Lakin onların nüvə başlığı ola bilməz. Buna görə də biz İranın nüvə başlığına malik olmadığına zəmanət vermək üçün bütün diplomatik vasitələrdən tam istifadə etməyə çalışacağıq. Bu, bizim diqqətimizdədir. Və biz qeyri-müəyyən müddət ərzində buna diqqət yetirməyə davam edəcəyik” deyə vitse-prezident bildirib. J.D.Vensin bu açıqlaması bir daha ABŞ – nin İrana qarşı ikili yanaşmasını göstərir. Bir tərəfdən İranla müharibə istəmədiyini, diplomatik yolları seçdiyini bildirir. Digər tərəfdən isə hərbi seçimi də tamamilə istisna etmir. “Heç bir açıqlama verməyəcəyəm” deməklə ehtimalı açıq saxlayır. Görünür ki, rəsmi Vaşinqton İran tərəfinə müəyyən qədər şans vermək istəyir. Ancaq eyni zamanda təzyiq siyasətini də davam etdirir. Vitse – prezidentin “Bütün diplomatik vasitələrdən tam istifadə” ifadəsi, əslində, ABŞ-nin hərbi gücə əl atmadan İranın qarşısını almaq istədiyini göstərir. Lakin bu ifadə həm də “bütün variantlar masadadır” anlamına da gələ bilər. İrana qarşı Qərb tərəfindən ilk öncə sanksiyalar, kəşfiyyat əməliyyatları, kiber hücumlar, diplomatik təcrid kimi yumşaq təzyiq variantlarından istifadə edilməsi daha realdır. Ehtimal ki, ABŞ hərbi əməliyyatlarla bağlı variantı daha sonraya saxlamağı hədəfləyir. Məsələnin daha bir maraqlı tərəfi isə açıqlamanın D.J. Vensin İsrailə səfəri zamanı verilməsidir. Bu, bir tərəfdən İsrailə təhlükəsizlik zəmanəti olaraq başa düşülə bilər. Məlum olduğu kimi İsrail İranın nüvə proqramından ən çox narahat olan ölkədir. ABŞ İsrailin təhlükəsizliyinin onun üçün vacib olduğunu göstərmək istəyir. İkinci bir tərəfdən isə Tramp admistirasiyası İsraili İrana qarşı təkbaşına atılacaq addımlardan çəkindirmək istəyir. Bütün hallarda görünən odur ki, ABŞ İrana qarşı ” qırmız xətt ” müəyyən edib. Əgər Tehran bu xətti keçərsə o zaman hərbi əməliyyatlar variantı reallaşa bilər.
Share this content:
 
								


 
                                     
                                     
                                     
                                    
Yorum gönder