Uzun müddətdir gözlənilən Mosul əməliyyatı başlandı. Məlumatlara görə, İraq ordusu bir tərəfdən, kürd muxtariyyətinin peşmərgə gücləri isə digər tərəfdən İŞİD-in əlindəki şəhərə doğru irəliləyir. Dünən yayılan informasiyalarda əməliyyatın böyük qisminin bu gün həyata keçiriləcəyi qeyd olunurdu.
Mosul əməliyyatının indi başlanmasında diqqət çəkən məqamlar var.
Admiral.Az xəbər verir ki, əvvəlcə əməliyyatın oktyabrın 20-dən sonra keçiriləcəyi deyilirdi. Daha sonra bu tarix 19 oktyabra dəyişdirildi. İndi isə qəfil hücuma başlandı. Əməliyyatın indi başlanmasında diqqət çəkən əsas məqam Türkiyənin kənarda saxlanılmasıdır.
ABŞ əvvəldən Türkiyənin əməliyyatda iştirakına qarşı idi. Rəsmi Bağdad Vaşinqtonun istəyi ilə Ankaraya qarşı çıxaraq, Başika bazasını boşaltmasını tələb edirdi. Türkiyə isə bundan imtina etdi və vaxtilə məhz rəsmi Bağdadın terrorla mübarizədə kömək istəyindən sonra Başika bazasının qurulduğunu açıqladı.
news-detail
Türkiyəni niyə istəmirlər?
Mosul əməliyyatında iştirak etmək Türkiyə üçün vacibdir. Hər şeydən əvvəl burada türkmənlər yaşayır və onlar əsasən Türkiyəyə bel bağlayırlar. Türkiyə əməliyyatda iştirak etməsə? türkmənlərin etibarını itirə bilər. Bununla yanaşı, şiələrin təşkil etdiyi İraq hökuməti İŞİD-i Mosuldan çıxarandan sonra oraya olan nəzarəti ələ keçirmək istəyir. Buna səbəb olan amillərdən biri də Mosulun neftlə zəngin olmasıdır. Həmçinin, Bağdadın əsas hədəflərindən biri Mosulun İŞİD-dən təmizlənməsindən sonra şəhərin demoqrafik vəziyyətini dəyişdirmək və türkmənləri şəhərdən çıxarmaqdır. Türkiyə məhz buna qarşı çıxır.
Eyni zamanda, Türiyə bölgədə baş verən proseslərdə yaxından iştirak etmək istəyindədir. İraq üzərində öz planlarını həyata keçirmək istəyən ABŞ isə bütün vasitələrlə buna qarşı çıxır.
ABŞ İraqı üç hissəyə bölmək istəyir. Bununla bağlı plan üç mərhələdən ibarətdir.
Birincisi, federalizm quruluşunun yaradılmasıdır. 2005-ci ildə referendumla qəbul olunan konstitusiyaya federalizm anlayışı salınıb. Beləliklə, Amerika ilk mərhələni həyata keçirib.
İkincisi, ərəb etnik qrupunu şiə-sünni məzhəbi ilə ayırmaq və İraqı digər ərəb ölkələrindən uzaqlaşdırmaqdır. Ərəblərin məzhəbə görə bölünməsi ssenarisi artıq uğurla alınıb.
Üçüncüsü, İraqın unitar quruluşunu dəstəkləyən sünni ərəblərə federalizm quruluşunun qəbul etdirilməsidir. Bu mərhələ baş tutmayıb. Çünki sünni ərəblər buna qarşı çıxır. Sünilərin əsas dəstəkçisi də Türkiyədir.
news-detail
Türkiyəli ekspert Göktürk Tüysüzoğlu Mosul əməliyyatının gözləniləndən tez başlanmasının əsas səbəbinin Türkiyənin qarşısını kəsmək olduğunu deyib.
Onun sözlərinə görə, türk əsgərləri bölgədə olsalar da, ABŞ və Bağdad hökuməti Türkiyənin əməliyyatda yer almayacağını açıq şəkildə bildirirlər:
“Türkiyənin əsas narahatlığı Mosuldakı sünnilərin və türkmənlərin gələcəyidir. Çünki şiələrin qurduğu Haşdi Şabi qrupu və kürd peşmərgələr şəhəri İŞİD-dən alandan sonra əhalinin çoxunu təşkil edən sünni ərəbləri və türkmənləri oradan köçürə, hətta qətliam törədə bilərlər. Təbii ki, bu iki güc şəhərə girəndən sonra oradan çıxmaq istəməyə də bilərlər”.
Türkiyəli ekspert “cəhənnəm ssenarisi”nin tətbiq oluna biləcəyinə diqqət çəkib:
“Ankara əməliyyatda iştirak etməkdə israr etsə, yaxud istəməsələr belə əməliyyatda iştirak etməyə çalışsa, o zaman ABŞ, Bağdad hökuməti, kürd muxtariyyəti və İranın ciddi reaksiyası ilə qarşılaşa bilər. Belə olarsa, bölgədə qarşıdurma güclənə və “cəhənnəm ssenarisi”nə çevrilə bilər”.
news-detail
Partlayan bombalar
Mosul əməliyyatı fonunda diqqət çəkən əsas məqamlardan biri də Türkiyədə bombaların partlamasıdır. Dünən Türkiyənin Qaziantep bölgəsində iki terror aktı baş verib. Daha bir terror aktı isə Hakari vilayətində törədilib. Hakkari terrorunun arxasında PKK-nın olduğu ehtimal olunur. Qaziantepdəki terror aktlarını törədən kamikadzelər isə məhz İŞİD üzvləri olub.
Hesab etmək olar ki, bu bombalar məhz Türkiyənin Mosul əməliyyatında iştirak etməsini istəməyən güclər tərəfindən partladılır. Məqsəd Türkiyənin daxili təhlükəsizliyə başının qarışması və Mosul əməliyyatında iştirak etmək istəyinin təxirə salınmasıdır. Beləliklə, Mosulun məhz ABŞ-ın planlarına uyğun şəkildə İŞİD-dən təmizlənməsi həyata keçirilə bilər.
Gülnar Babazadə