KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mosul əməliyyatı Yaxın Şərqdə yeni münaqişə ocağı vəd edir

Mosul əməliyyatı Yaxın Şərqdə yeni münaqişə ocağı vəd edir

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
409 0

İraqın ikinci böyük şəhəri uğurunda regional savaş; türkmənlər yenə uduzan tərəf olacaq
Uzun müddətli hazırlıqdan və iki dəfə təxirə salındıqdan sonra Mosul şəhərinin azad edilməsi əməliyyatı, nəhayət, başladılıb. İraqın baş naziri Heydər İbadi yerli televiziya vasitəsilə xalqa müraciətində əməliyyatın başlandığını elan edib. Eyni zamanda İbadi Mosul əməliyyatında iştirak edəcək qüvvələri də açıqlayıb. Baş nazir deyib ki, Mosulun azad edilməsi əməliyyatını İraq polisi, ordu və könüllü yerli birliklər həyata keçirəcək.

Qeyd edək ki, əməliyyatın ilk etapında Mosul şəhərindəki İŞİD birlikləri havadan bombalanıb, daha sonra isə artilleriya atəşinə tutulub. Əməliyyatda 30 min nəfərə qədər canlı qüvvə, ordu və polislə yanaşı, könüllü hərbi birliklər, peşmərgə də qatılıb. Əməliyyata həmçinin Türkiyə ordusunun Başika hərbi bazasında təlim keçdiyi 3 min nəfərlik sünni tayfa döyüşçüləri də qatılıb. Bu məlumatı isə Anadolu Agentliyinə Mosulun keçmiş valisi, şəhərin İŞİD tərəfindən işğalına şərait yaratmaqda ittiham olunan Esil Nuceyfi verib. Sünni tayfa qüvvələri Şimali İraq kürd administrasiyasının döyüşçüləri olan peşmərgələrlə birlikdə savaşa qatılıb.

İraq hökumətinin rəsmi məlumatına görə, hazırda Mosulda 8 minə yaxın İŞİD döyüşçüsü var. Artıq ilkin bilgilərə görə, hökumət qüvvələri Mosula daxil olub. İŞİD terrorçularının qaçması xəbərləri gəlsə də, toqquşmaların hələ bir müddət davam edəcəyi ehtimal olunur.
Qeyd edək ki, Mosul İraqın ikinci böyük şəhəridir. 2014-cü il iyunun 10-a, yəni İŞİD işğalına qədər şəhərdə 2 milyon insanın yaşayıb. Ancaq İŞİD-in işğalından sonra əhalinin yarıdan çoxu şəhəri tərk edib. Hazırda ehtimallara görə Mosulda 1 milyondan da az əhali qalıb.
Mosulun azad edilməsi əməliyyatı Səddam Hüseyninin devrilməsindən sonra İraqda həyata keçirilən ən böyük hərbi əməliyyatdır. Hazırda İraqda olan və əməliyyatın təlimatçılarından olan amerikalı generallardan biri Mosulun azad edilməsi əməliyyatının ağır olacağını və həftələrlə davam edə biləcəyini deyib.

Mosul 2014-cü ildə işğal edilib. Ardınca İŞİD lideri Əbubəkr əl-Bağdadi “xilafət” elan edib və Mosul “islam dövləti”nin paytaxtı elan olunub. Mosul İŞİD-in İraqdakı əsas mərkəzi olub. Əməliyyatdan öncə İraq ordusu Mosula on minlərlə büroşurlar ataraq əhalinin əməliyyat zamanı necə davranması barədə açıqlama verib.

Mosul üzərində mübahisələr

Ancaq Mosul əməliyyatı Türkiyə və İraq hökumətləri arasında qarşılıqlı ittihamlarla yadda qalıb. Türkiyə hökuməti şiə könüllülərinin əməliyyatda iştirak etməsinə qarşı çıxıb. Eyni zamanda Türkiyə ordusunun da bu əməliyyata qatılmasını tələb edib. Ancaq mərkəzi İraq hökuməti Türkiyə ordusunun Mosul əməliyyatına qarşı çıxıb. Nəticədə Türkiyə ordusu birbaşa Mosul əməliyyatına qatılmayıb. Eyni zamanda əldə olunmuş razılığa əsasən şiə könüllüləri – Həşdi Şabi birlikləri Mosulun mərkəzinə daxil olmayacaq, yalnız cənub istiqamətindən şəhəri mühasirəyə alacaq. Ancaq bununla belə Başika düşərgəsi hələ də Türkiyə ordusunun nəzarətindədir. Ankara bəyan edib ki, İraqdakı terror fəaliyyətləri birbaşa Türkiyəni də təhdid etdiyi üçün Türkiyənin bu əməliyyatlara qatılmaq haqqı var. Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyənin beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək Mosul əməliyyatında iştirak edəcəyini və əməliyyatlara hər cür dəstəyi göstərəcəyini bildirib. Prezident R.T.Ərdoğan isə çıxışında Mosulun azad edilməsi əməliyyatında şiə könüllülərinin (Həşdi Şabi) qüvvələrinin iştirak etməsinə qarşı olduqlarını bildirib.

İŞİD Suriyada mövqe itirir

Yeri gəlmişkən, Türkiyə ordusu hazırda Suriya ərazisində İŞİD və YPG – kürd silahlılarına qarşı əməliyyatları davam etdirir. Avqustun 24-də başladılan “Fərat Qalxanı” əməliyyatı çərçivəsində bazar günü Türkiyə ordusunun dəstəklədiyi silahlı qruplar, o cümlədən “Azad Suriya Ordusu” birlikləri Dabıq qəsəbəsini İŞİD-dən təmizləyib. Əməliyyat bir neçə saat davam edib və İŞİD yaraqlıları qəsəbəni qoyub qaçıblar.

İŞİD-in Raqqadakı komandirlərini dəyişdiyi, eləcə də bir sıra komandirləri xəyanətdə ittiham edərək edam etdirməsi xəbərləri də gəlir. Bu isə müxtəlif cəbhələrdən çıxışdırılan təşkilatın daxilində böhran olduğunu göstərir.

Son məlumatlara görə, Mosuldan çoxlu sayda İŞİD yaraqlılarının çıxdığı, o cümlədən Əbubəkr əl-Bağdadinin də şəhəri tərk edərək Suriya ərazisinə qaçmağa çalışdığı haqda məlumatlar var. Eyni zamanda Suriya və Rusiya aviasiyasının da Suriya-İraq sərhədində reydlər keçirdiyini, sərhədə yaxınlaşan İŞİD silahlılarını vurduğu haqda məlumatlar yayılır.

İraqın şimalında yeni ərazi mübahisələri və məzhəb amilinin etnik kimlik üzərinə keçməsi

Mosul əməliyyatının başlanması İraqda İŞİD varlığının məhv edilməsi ilə yanaşı, ölkənin şimal ərazilərində yeni hərbi-siyasi vəziyyətin yaranmasına səbəb olacaq. İndi ən əsas suallardan biri də İraqın şimalında yaşayan türkmənlərin taleyidir. Hazırda o bölgədə münasibətlərdə etnik deyil, məzhəbi və siyasi maraqlar daha öndə olduğu üçün türkmənlər də faktiki olaraq iki cəbhəyə bölünüb. Ankaranın təsiri altında olan əsas sünni türkmən qrupları Şimali İraq kürd administrasiyası ilə birgə hərəkət edir və Bağdadla məsafəli davranırlar. Bu qrupların silahlı dəstələri də Mosul əməliyyatında peşmərgə ilə bir yerdədir.

Ancaq Kərkük, Tuzhurmatı və digər ərazilərdə çoxluqda olan türkmən qrupları isə 2014-cü ildən Bağdad mərkəzi hökumətlə birgə hərəkət edir, faktiki olaraq könüllü “Həşdi Şabi” briqadalarının tərkibində savaşır. Və ən çox narahat doğuran məsələ isə Mosulun azad edilməsindən sonra İŞİD-in bölgədən təmizlənməsi nəticəsində boşalan ərazilər böyük ölçüdə peşmərgənin nəzarəti altına düşəcək. İstənilən halda Mosulun azad edilməsi bölgədə kürdlərin yeni əraziləri ələ keçirməsi ilə nəticələnəcək və bununla da Kərkükdən sonra türkmənlər növbəti dəfə uduzan tərəf olacaq.

Mosul əməliyyatının uğurla başa çatması eyni zamanda Bağdad və Ərbildəki kürd hakimiyyəti arasında münasibətləri yenidən gərginləşdirəcək. Çünki İŞİD bölgəni işğal edənə qədər kürdlərin bir sıra əraziləri ələ keçirməsi Bağdadla Ərbil arasında münasibətləri gərginləşdirmişdi. Yalnız Mosulun işğalından sonra daha ciddi təhlükənin ortaya çıxması bu mübahisələri arxa plana atdı. İndi isə əməliyyatın başlaması və torpaqların İŞİD-dən təmizlənməsi köhnə mübahisələri yenidən gün üzünə çıxaracaq.

Mosul əməliyyatı Yaxın Şərqdə son illərdə açıq şəkildə özünü büruzə verən cəbhələşmənin yeni qarşıdurması olacaq. Doğrudur, hazırda bütün tərəflər formal da olsa vahid düşmənə – İŞİD-ə qarşı savaşır. Ancaq aparılan təbliğatlar, informasiya mübarizəsi və hərbi hərəkətlilik onu göstərir ki, burda müttəfiqlikdən çox mehriban düşmənçilik var.

Bağdad, yəni mərkəzi hökumət müəyyən qədər güc qazansa da, ölkə içərisində həm keçmiş hakimiyyətin qalıqları, o cümlədən Tariq Haşimi, Üsamə Nuceyfi kimi ciddi müxaliflər var. Bağdadı İran, Rusiya və qismən də Bəşər Əsəd hakimiyyəti (informasiya dəstəyi ilə – K.R) müdafiə edir. Eyni zamanda Mosul əməliyyatına qatılan Bərzaninin peşmərgələri və ABŞ, eləcə də Türkiyənin təlim keçdiyi sünni tayfa qüvvələri faktiki olaraq bir-birini istəməyən qüvvələrdir. Artıq ərəb mediası da indidən Mosula şiə qüvvələrinin daxil olacağı təqdirdə sünni qətliamı olacağı haqda xəbərlər paylaşmağa başlayıb.

Görünən odur ki, son illərdə Yəmən və Suriyadan sonra bu dəfə Mosul məzhəb üzərindən siyasət oyununun növbəti hədəfi olacaq.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir