KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Şimali və Cənubi Koreyanın birləşəcəyi realdırmı?

Şimali və Cənubi Koreyanın birləşəcəyi realdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
389 0

Şimali Koreya lideri (Kim Yonq Un-Kim Çen In) ilə Cənubi Koreya lideri Mun Çje İn arasında tarixi görüş keçirildi. Əslində yarımadada sülhün, təhlükəsizliyin qorunması üçün bu kimi görüşlər çox vacibdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik tək Koreya yarımadası üçün deyil, bütün region üçün təhlükəlidir. Cənubi Koreya lideri: “geriyə yol yoxdur” – dedi. Bununla da o, yeni sülh dövründən söz etdi. Cənubi və Şimali Koreya ortaq hədəflərinin “nüvə silahının, tamamilə, ləğv olunması ilə nüvəsiz bir Koreya yarımadasının yaradılmasını olduğunu” bəyan etdilər. Dünən keçirilən görüşdə tərəflər aralarında bir sıra razılıq əldə etdi:
Hər iki ölkə quruda, suda və havadakı hərbi gərginliklərin qaynağı olan bütün düşmənliklərini sona çatdırmaq istəyirlər. Hər iki tərəf də savaşdan zərər görən ailələrin görüşməsi kimi insani layihələrə yenidən başlamağa qərar verdi. Kim Çen Şimali və Cənubi Koreyanın bir-birindən ayrı yaşamamalı olan qardaş olduqlarını bəyan etdi. Hər iki tərəf də gərginliyin azaldılması məqsədilə müdafiə nazirləri və generallar səviyyəsində davamlı görüşlərin təşkilində razılaşdılar. Koreya yarımadasında savaşın olmayacağını elan etdilər. Kim Çen daha çox nüvə sınaqlarının olmayacağı ilə bağlı Cənubi Koreya liderini əmin etdi.

Şərh:
Hesab edirəm ki, bütün bu addımlar hər iki ölkə adına çox qürurverici və təqdiredicidir. Bəs bu razılaşma nə zamana kimi qüvvədə qalacaq, hər iki ölkə vahid Koreya adı altında birləşə bilərmi, doğrudanmı artıq sülh dövrünə qədəm qoydular?!
Hesab edirəm ki, işin ən çətin tərəfi hələ qabaqdadır. Razılıq əldə olunması işin asan tərəfidir, razılıqlara riayət olunması isə işin ən çətin tərəfidir. Açığı bu razılaşmanın davamlı olacağına, vahid Koreyanın yaradılacağı kimi səsləndirilən fikirlərlə razı deyiləm: Hər şeydən öncə qeyd etmək istərdim ki, bu böyük dövlətlərin maraq çərçivəsindən kənardadır. Koreya yarımadasında sülhün əldə olunması yarımadada gərginliyin tərəfdarı olan ABŞ-a heç cür sərf etmir. ABŞ-a Uzaq Şərq regionunda öz hərbi mövcudluğunu qoruması üçün Koreya yarımadasında hərbi gərginliyin saxlanılması həddən ziyadə lazımdır. Vahid Koreyanın yaranması, bölgədə sülhün olması ABŞ-ın Uzaq Şərqdəki hərbi mövcudluğunun sonudur. ABŞ “Şimali Koreya barıt çəlləyidir, Kim hər zaman öz nüvə oyuncaqları ilə region üçün təhlükəlidir” kimi fikirlərdən yaxşı bəhanə tapa bilməz. Ona görə hesab edirəm ki, hər vəchlə ABŞ bu razılaşmaya mane olmağa çalışacaq. Bəlkə də, ABŞ əvvəlcədən bu prosesləri təxmin etdiyi üçün Cənubi Çin dənizində öz hərbi aktivliyini gücləndirərək Koreyadan çıxacağı halda mümkün itkinin kompensasiya edilməsini planlaşdırıbmış?! Lakin razı deyiləm bununla. Çünki Koreyada ABŞ tək Çin, Yaponiya üzərində təsirini gücləndirmək üçün yox, həm də Uzaq Şərqdə, xüsusən, Sibirdə Rusiyanın nüvə silahlarını nəzarətdə saxlamaq üçün mövcuddur. Dediyim kimi Vahid Koreyanın mövcudluğu yeni güc mərkəzinin, güclü iqtisadi bir məkanın formalaşması deməkdir. Hətta bu gün Cənubi Koreyanın qabağa getməsi, Vahid Koreyanın Çin və Yaponiya üçün necə güclü bir rəqib olacağını deməyə əsas verir. Yaponiya Koreya yarımadasında gərginliyin azaldılması tərəfdarı olsa da heç vaxt yaxınlığında güclü Koreyanın olmasını istəməz. Bütün bunlar isə sülh istiqamətində əldə olunan razılıqların və Koreyanın birləşməsi kimi fikirlərin heç də asan olmayacağını göstərir. Hər nə olsa da Cənubi Koreya Şimali Koreya rəhbəri Kim Çen haqqında heç də anlaşmaya getməyən, pis oğlan sindromunu qırdı – bu düşüncələrin kökündə isə Amerika propoqandasının uğuru dayanırdı.

Emil Həsənli
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir