KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Şahin Cəfərli: İran-Azərbaycan münasibətlərində böhran

Şahin Cəfərli: İran-Azərbaycan münasibətlərində böhran

Kafkassam Editör Kafkassam Editör - - 27 dk okuma süresi
410 0

Azərbaycan – İran dövlətlərarası münasibətləri böhran mərhələsinə daxil olub. 2021-ci il sentyabrın 12-dən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində Qarabağa yük daşıyan İrana məxsus ağır tonnajlı avtomobilləri saxlayıb yoxlama aparması, onlardan gömrük rüsumu tələb etməsi və 2 iranlı sürücünün həbs olunması ilə başlayan gərginliyin dərəcəsi rəsmi səviyyədə qarşılıqlı sərt bəyanatlarla davam edərək sanksiya xarakterli qərarların qəbuluna qədər yüksəlib. Əslində Azərbaycanın 30 illik müasir müstəqillik tarixində İran İslam Respublikası ilə münasibətlər rəvan və problemsiz cərəyan etməyib, amma hazırda baş verən hadisələr tarixi, mədəni və dini yaxınlığa malik iki qonşu arasında daha dərin etimadsızlığın və antaqonizmin yarandığını, bunun ikitərəfli münasibətlərə uzunmüddətli təsirlərinin olacağını söyləməyə əsas verir. Bu yazıda problemin yaxın tarixdən başlayaraq günümüzə qədərki dövrü nəzərdən keçirilir, ziddiyyətlərin səbəblərindən, o cümlədən 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə yekunlaşmış ikinci Qarabağ müharibəsinin İranı narahat edən geosiyasi nəticələrindən bəhs olunur.

Yaxın tarix

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edərək öz istiqlaliyyətini elan etdiyi halda, İran tərəfindən dekabrın 25-də tanınıb, diplomatik əlaqələr isə 1992-ci ilin martında qurulub. Müqayisə üçün qeyd edək ki, Türkiyə Azərbaycanı 1991-ci il noyabrın 9-da tanıyıb və 1992-ci il yanvarın 9-da diplomatik əlaqələr qurulub. Yaxud Rumıniya analoji qərarı dekabrın 11-də, Pakistan dekabrın 12-də verib. İranın qərarındakı gecikmənin səbəbləri haqqında rəsmi məlumat olmasa da, Azərbaycanda belə düşünülür ki, əhalisinin əksəriyyətini türklərin (azərbaycanlıların) təşkil etdiyi Qərbi və Şərqi Azərbaycan ostanları (vilayətləri) ilə sərhəddə eyni adlı müstəqil dövlətin yaranması faktı Tehranda narahatlıqla qarşılanıb və bu səbəbdən onu tanıyıb-tanımamaq məsələsində tərəddüd göstərilib. Qeyd etmək lazımdır ki, hələ 1969-cu ildən etibarən Bakı şəhərində İranın Baş Konsulluğu fəaliyyət göstərirdi, yəni burada baş verən hadisələr barədə Tehranın məlumat almaq imkanları digər ölkələrlə müqayisədə daha geniş idi. 1992-ci ilin iyununda millətçi Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyətə gəlməsi və onun lideri, Bütöv Azərbaycan ideyasının fəal tərəfdarı və təbliğatçısı olan Əbülfəz Elçibəyin prezident seçilməsinin İranda narahatlığa səbəb olması, 1 il sonra – 1993-cü ilin iyununda bu hökumətə qarşı Gəncə şəhərində başlayan silahlı qiyamın İran tərəfindən dəstəklənməsi hər kəsə məlum olan faktlardır. O zaman İranın Azərbaycandakı səfiri olan Əli Əfsər Nəhavəndian Gəncədə qiyamçıların lideri, polkovnik Surət Hüseynovla görüşüb, ona Quran hədiyyə etmişdi.

Son hadisələrə qədər Azərbaycan və İran dövlətləri arasında ən ciddi gərginlik 2001-ci ildə baş verib. Həmin il iyul ayının sonlarında İranın hərbi gəmi və təyyarələri Xəzərdə BP tərəfindən idarə olunan Azərbaycana məxsus tədqiqat gəmisini Araz-Alov-Şərq perspektiv strukturlarının daxil olduğu kəşfiyyat blokunun ərazisini tərk etməyə məcbur etmişdi. ARDNŞ (SOCAR) 1998-ci ildə BP və Statoil şirkətləri ilə həmin yataqların işlənməsinə dair müqavilə bağlamış və ilk kəşfiyyat işlərinə başlanmışdı. Lakin bu strukturların bir hissəsinin Xəzərin İran sektoruna düşdüyünü iddia edən İran Neft Nazirliyi bəyan etmişdi ki, orada kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün bağlanan müqavilələri etibarsız sayır. Nəticədə BP Araz-Alov-Şərq yataqlarında bütün fəaliyyətləri dayandırmaq məcburiyyətində qalmışdı. İranın davam edən təzyiqləri o zaman da Türkiyənin reaksiyasına səbəb olmuşdu. Azərbaycanın kömək üçün müraciətindən sonra əvvəlcə diplomatik səviyyədə İrana xəbərdarlıq edən Ankara lazımi nəticə əldə edilmədikdən sonra güc nümayişinə qərar vermiş, bu məqsədlə avqustun sonlarında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüseyn Kıvrıkoğlu Azərbaycana səfər edərək prezident Heydər Əliyevlə görüşmüş və onun tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş, Türkiyə Hərbi Hava Qüvvələrinin F-5 təyyarələrindən ibarət Türk ulduzları eskadrilyası isə Bakının Azadlıq meydanı və Xəzər üzərində nümunəvi uçuşlar keçirmişdi.

İran Azərbaycanın müstəqillik tarixinin ilk illərindən yumşaq güc üsulları ilə öz təsirini və nüfuzunu ölkədə yaymağa çalışıb. 1993-cü ildə Bakıda fəaliyyətə başlayan İran Mədəniyyət Mərkəzi və İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi müstəqilliyin ilk dövrlərində çox aktiv fəaliyyət göstəriblər. İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatı 2011-ci ildə Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən ləğv edilib, diplomatik statusa malik olan Mədəniyyət Mərkəzi isə fəaliyyətdədir. Ötən dövr ərzində İranda dini tədrisin mərkəzi olan Qum şəhərində minlərlə azərbaycanlı təhsil alıb.

İranın Azərbaycan daxili siyasətinə təsir cəhdləri periodik olaraq Bakının repressiv əks-tədbirləri ilə qarşılaşıb. Məsələn, 1991-ci ildə təsis edilmiş Azərbaycan İslam Partiyasına (AİP) qarşı dövlət tərəfindən cinayət təqiblərinin əsas motivini bu partiyanın iddiala görə İranla gizli əlaqələri təşkil edib. 1995-ci ildə partiyanın sədri Hacı Əlikram Əliyev və müavinləri İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı Azərbaycan Ali Məhkəməsi tərəfindən ləğv olunub. 2010-cu ilin sentyabr ayından etibarən Azərbaycanda orta təhsil müəssisələrində qızların hicabla dərsə gəlməsi rəsmi qərarla qadağan olunduqdan sonra Bakıda və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilmişdi. Bu aksiyaların təşkilatçılarından olan AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında polis tərəfindən saxlanılaraq əvəlcə inzibati həbsə məhkum edilib, sonra isə barəsində cinayət işi açılaraq hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinməklə 12 il müddətinə azadlıqdan məhrum olunub. Həmin il partiyanın sədr müavini Arif Qəniyev və digərləri Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən yayılan bəyanatda bir sıra ağır cinayətlərlə yanaşı, Bakıda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında Cəfəri heyəti adlı radikal dini qrup yaratmaqda ittiham olunublar. Qrupun rəhbəri Hacı Abgül Süleymanov 2012-ci ildə məhkəmənin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum olunub. Bütün bu hadisələrdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi Azərbaycan Prezidentini hədələyərək, ona Azərbaycan “xalqın[ın] oyanışının qarşısını almamağı” məsləhət görüb və əks halda onu “amansız tale” gözlədiyini deyib. Azərbaycan XİN-in bununla bağlı rəsmi etiraz notasından sonra İranın Bakıdakı səfirliyi həmin açıqlamanın general Firuzabadiyə aidiyyəti olmadığını bildirib. 2020-ci ilin fevralında İslam Partiyasının sədr əvəzi İlham Əliyev DTX tərəfindən saxlanılıb və bu il may ayında dövlətə xəyanətdə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib. O, digər ittihamlarla bərabər, İrandan maliyyə yardımı almaqda da suçlanıb.

Eurovision 2012 musiqi yarışmasının Bakıda keçirilməsinə etiraz olaraq Təbrizdəki Azərbaycan Konsulluğunun qarşısında etiraz aksiyaları təşkil olunması, buna cavab olaraq Bakıda İran səfirliyinin qarşısında keçirilən aksiyada səslənən bəzi şüarların Tehranda təhqir kimi qiymətləndirilərək, Bakıdakı səfirin geri çağırılması, Azərbaycanın Tehrandakı səfirinin də ölkəyə qayıtması, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin ikinci adamı, din xadimi Fərid Əsrin Bakıya daxil olmasına icazə verilməməsi və hava limanından geri qaytarılması da yaxın keçmişdə tərəflər arasındakı ziddiyyətlərin başqa bir epizodudur.

2015-ci ilin noyabrında Bakı ətrafının mühafizəkar, dindar kəndləri arasında Xamenei davamçılarının xüsusilə güclü olduğu Nardaranda polis əməliyyatı keçirilib. Nəticədə 2-si polis olan 7 nəfər ölüb, 4 nəfər yaralanıb, çoxsaylı həbslər aparılıb. Həbs olunan Müsəlman Birliyi ictimai hərəkatının rəhbəri Taleh Bağırova qarşı terrorizm, zorla hakimiyyəti ələ keçirmək cəhdi, qanunsuz odlu silah saxlama və adam öldürmə kimi çoxsaylı ittihamlar irəli sürülüb.

2018-ci il iyulunda Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi edildi və bir həftə sonra “bir qrup insan yaralanmış icra başçısının avtoritar idarə üsuluna etiraz etmək və [Səfərovu] müdafiə etmək məqsədilə şəhər mərkəzində yığışdı” və nəticədə 2 polis zabiti öldürüldü. “İlk hadisə ilə bağlı dövlət rəsmilərinin ziddiyyətli açıqlamalarından sonra hakimiyyət hər iki hadisənin də şiə radikal dindarlar tərəfindən törədildiyini iddia etdi.”[1] Sonra Baş Prokurorluq, DTX və DİN tərəfindən yayılan birgə açıqlamada sui-qəsdi törədən Yunis Səfərovun 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşadığı və bu müddət ərzində Suriyaya gedərək oradakı silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilib.

İranın adı Azərbaycanda ateist yazar Rafiq Tağının qətlində də hallanıb. 2011-ci ilin noyabrında Tağı Bakıda naməlum şəxs tərəfindən bıçaqlanıb və bir neçə gün sonra xəstəxanada ölüb. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılsa da, 2014-cü ilin yanvar ayında Prokurorluq hadisəni törədən şəxsin müəyyən edilmədiyini səbəb göstərərək, istintaqı dayandırıb. Yazıçının 2006-cı ildə mətbuatda dərc olunan Avropa və biz adlı məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fətvası verməsi haqqında xəbərlər yayılmışdı. Bu yazıda Tağının islam dinini və peyğəmbərini təhqir etdiyi iddia olunurdu. Hadisədən sonra ayətullah Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkərani atasının saytında “heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq” deyə yazıb.

Göründüyü kimi, ötən 30 ildə Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf etməyib, mütəmadi gərginliklərlə müşayiət olunub, amma ortaya çıxan anlaşmazlıqlar və ziddiyyətlərin dövlətlərarası münasibətlərə neqativ təsirləri minimal, qısamüddətli olub və tərəflər praqmatik yanaşma nümayiş etdirərək, problemlərin qalıcı-uzunmüddətli xarakter daşımamasına çalışıblar. Amma hal-hazırda müşahidə olunan gərginlik Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibənin yaratdığı geosiyasi dəyişikliklərdən qaynaqlandığı üçün əvvəlkilərdən fərqlənir.

Geosiyasi balansı dəyişən savaş: Zəngəzur dəhlizi İranı niyə qorxudur?

Sentyabrın 12-dən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunda post quraraq, İrandan gələn yük avtomobillərini dayandırıb, yoxlamağa başlaması və onlardan rüsum tələb etməsi, 2 iranlı sürücünün saxlanılması Bakı ilə Tehran arasında hazırkı böhranın başlanğıc nöqtəsi olsa da, səbəbi deyil, nəticələrindən biridir. (10 noyabr Bəyanatının imzalanmasından sonra Azərbaycan Qubadlı və Zəngilan rayonları istiqamətində öz dövlət sərhədlərini sovet dövrünə aid xəritələr əsasında bərpa edib, nəticədə Ermənistanın Gorus və Qafan rayonlarını birləşdirən, eyni zamanda Ermənistanı İranla əlaqələndirən yol iki hissədə Azərbaycan ərazisinə düşüb.) Səbəb Azərbaycanın qələbəsinin bölgədə İranı indiyədək az-çox qane edən (ən azı narahat etməyən) geosiyasi tarazlığı pozması və bunun nəticəsi olaraq regionun coğrafi xəritəsinin dəyişə biləcəyinə dair Tehranda yaranan qənaətdir. Zəngəzur dəhlizinin – Ermənistanın Mehri rayonu ərazisindən keçən 40 km-lik zolağın Azərbaycan və onun müttəfiqi Türkiyə tərəfindən nəzarətə götürülə biləcəyi ehtimalı İranı qorxutduğundan, hələ 2020-ci ilin oktyabr ayında Araz boyunca Azərbaycan və Ermənistan orduları arasında hərbi toqquşmalar davam edərkən İran komandanlığı ölkənin şimal-qərb sərhədlərinə hərbi birləşmələr cəmləşdirmiş və general Seyid Əbdülrəhim Musəvi bölgə ökələrinin ərazi bütövlüyünün pozulmasına, sərhədlərin dəyişməsinə yol verməyəcəklərini bəyan etmişdi. Azərbaycan rəsmi dairələrinə yaxın caliber.az saytının iddiasına görə, hətta həmin vaxt İran ordusu Xudafərin hidroqovşağı istiqamətindən Zəngilana doğru irəliləyən Azərbaycan ordusunun qarşısını kəsib və hücumu bir gün ləngidib.

Ümumiyyətlə, bölgədə geosiyasətin, o cümlədən sərhədlərin dəyişməsinə dözüm göstərilməyəcəyi yönündə ardıcıl və qətiyyətli bəyanatlar İranın rəsmi ritorikasına məhz 44 günlük müharibənin sonlarından eitbarən daxil oldu. Əvvəlcə hərbi komandanlığın dilindən səslənən bu bəyanatlar siyasi rəhbərlik tərəfindən də ifadə edilməyə başlandı və Ruhani hökumətinin Xarici İşlər naziri Cavad Zərif 2021-ci ilin yanvarında Ermənistanın Xarici İşlər naziri ilə görüşündə bu ölkənin ərazi bötüvlüyünün qorunmasını İranın qırmızı xətti adlandırdı. Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat İranın narahatlığını aradan qaldırmadı, çünki həmin sənəddə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın materik hissəsi arasında Ermənistandan keçəcək nəqliyyat əlaqəsinin yaradılması barədə razılaşma əksini tapıb. Məhz buna istinadən Azərbaycanın postmüharibə dövründə Zəngəzur dəhlizindən israrla və davamlı bəhs etməyə başlaması, hətta Prezident Əliyevin Ermənistan razı olmasa, bu dəhlizi zor tətbiq etməklə gerçəkləşdirəcəklərini söyləməsi İranda ölkə maraqlarına təhdid kimi qəbul olunur. İran Zəngəzur dəhlizinə və ya yoluna Azərbaycanın da istifadə edəcəyi, Ermənistana məxsus nəqliyyat kommunikasiyası kimi deyil, böyük geosiyasi layihə kimi baxır və onun eksterritorial (yerləşdiyi ölkənin qanunlarının şamil olunmadığı ərazi) olacağını düşünür. Eksterritorial dəhliz İran-Ermənistan quru əlaqəsinin kəsilməsi deməkdir ki, bunun da öz növbəsində çoxşaxəli geosiyasi, geoiqtisadi nəticələri ola bilər.

İranın Ermənistana qurudan çıxışı itirməsi Cənubi Qafqazdan da faktiki təcrid olunmasıdır, çünki bu coğrafiya ilə əlaqə etimad etmədiyi Azərbaycandan tam asılı hala gəlir. Bu halda İranın Türkiyə və Azərbaycandan yan keçməklə Avropaya çıxış marşrutu kimi düşündüyü Fars körfəzi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsi (Qafqaz dəhlizi) təhlükə altına düşür. Bu ideya İran tərəfindən 2016-cı ildə irəli sürülüb, layihədə İran və Ermənistanla yanaşı, Gürcüstan, Bolqarıstan və Yunanıstan da iştirak edir. Ötən 5 ildə layihə üzrə işçi qrupların 5 görüşü keçirilib. Dəhliz multimodal tipli olub, İran limanlarını Gürcüstan limanları ilə əlaqələndirməlidir. Hindistan və Çin hələ layihəyə qoşulmasa da, nəzərdə tutulur ki, yüklər bu ölkələrdən İranın Bəndər-Abbas limanına daxil olacaq, oradan avtomobil yolu ilə Ermənistana aparılacaq, sonra dəmir yolu ilə Gürcüstanın Poti limanına, oradan isə Qara dəniz vasitəsilə Yunanıstan və Bolqarıstan limanlarına daşınacaq. Ermənistanın nəqliyyat infrastrukturu yetərsiz olduğu üçün ölkə ərazisində İran sərhədindən Gürcüstan sərhədinə qədər 490 km uzunluğunda Şimal-Cənub avtomagistralının tikintisinə qərar verilib. Ötən 5 ildə işlər çox zəif irəliləyib və Ermənistanın maliyyə imkanları layihəni qısa müddətdə tamamlamağa imkan vermir. Amma İran son hadisələrdən sonra bu layihədə bilavasitə iştiraka maraq göstərməyə başlayıb. Gorus-Qafan yoluna alternativ olan Tatev yolunun tikintisinin isə çox tezliklə yekunlaşdırılması nəzərə tutulur. Oktyabrın əvvəlində Ermənistana səfər edən İranın Yol və Şəhər İnkişafı nazirinin müavini Xeyrulla Xademi ölkəsi üçün strateji əhəmiyyət daşıyan bu yolun inşasında Ermənistana kömək etməyə hazır olduqlarını açıqlayıb.

Fars körfəzi-Qara dəniz dəhlizi Rusiyadan yan keçdiyi üçün Moskvanın bu proyektin baş tutmasında maraqlı olub-olmaması sualı da ortaya çıxır. (Eyni marşrutla İrandan Avropaya qaz boru kəməri çəkilməsi ideyası var və bu da Rusiyanın marağına uyğun deyil, amma hələ ki fikir səviyyəsində qalır.) 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarda Ermənistan ərazisindən keçəcək nəqliyyat kommunikasiyaları Zəngəzur dəhlizi adlandırılmasa da, Azərbaycanın və Türkiyənin məhz dəhlizdə israr etməsi, Rusiyanın isə səssiz qalması bu 3 dövlətin İranın layihəsini bloklamaqda ortaq maraqlara sahib olduqları qənaətini yaradır. Ümumiyyətlə, ikinci Qarabağ müharibəsinin siyasi yekunları Rusiya ilə İranın regional maraqlarının fərqli, toqquşan tərəflərini də ortaya qoyub. Zəngəzurdan keçəcək nəqliyyat kommunikasiyalarının Rusiyanın nəzarətində olması İranda etimad doğurmur və onun narahatlığını azaltmır. İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdollahianın Rusiyaya 6 oktyabr tarixli səfəri də bu ölkələrin məsələyə fərqli baxışlarını ortaya çıxardı. Sergey Lavrov Azərbaycanın İran ordusunun sərhəddəki təlimlərindən narahatlıq keçirdiyini vurğulayaraq, Rusiyanın təlimlərin təxribat xarakteri daşımasına qarşı olduğunu söylədi, Xəzərdə Azərbaycan-Türkiyə təlimlərindən İranın narahatlığına cavab olaraq isə bu ölkənin Xəzərin hüquqi statusuna dair imzalanmış Konvensiyanı hələ ratifikasiya etmədiyini xatırlatdı. Rusiya Cənubi Qafqazın məhz onun nüfuz sahəsi olduğu mesajını verir.

Zəngəzur dəhlizinin İranda ciddi narahatlıq doğuran başqa bir nəticəsi Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsini təmin etməklə türkdilli ölkələrin qurşağını formalaşdırması ehtimalıdır. Türkiyənin birbaşa Azərbaycana və oradan Xəzər vasitəsilə Orta Asiya türk respublikalarına çıxışı İranın bütün şimal sərhədlərinin türk dilli ölkələrlə əhatələnməsi deməkdir ki, bunun İrandakı türk əhalini ruhlandırması və orada türk millətçiliyinə təkan verməsi mümkün perspektiv kimi görünür. Daha bir nəticə Naxçıvan MR-ə birbaşa çıxış əldə edəcək Azərbaycanın bu sahədə İrandan asılılığının azalması olacaq. Bütün bu məqamlar kompleks şəkildə İranın bugünkü aqressiv reaksiyalarını şərtləndirən amillərdir.

İran Azərbaycan sərhədlərində hərbi güc nümayişini sərhədin Azərbaycan tərəfində İsrail dövlətinin fəaliyyətləri ilə əsaslandırır, bu səbəbdən hərbi təlimlərə 629-cu ildə müsəlmanlarla yəhudilər arasında baş vermiş Xeybər savaşına işarə edilərək, Xeybərin fatehləri adı verilib. Böyük ehtimalla İran tərəfi sərhəddə sionistlərin fəaliyyətləri dedikdə işğaldan azad olunan, İranla həmsərhəd Zəngilan rayonunda İsrail şirkətlərinin fermer təsərrüfatı – camış ferması yaradılmasında iştirakı faktını nəzərdə tutur. Ola bilsin, orada həqiqətən camış ferması yaradılması adı altında hansısa hərbi və ya kəşfiyyat məqsədli işlər aparılsın, amma Azərbaycan-İsrail əməkdaşlığı, o cümlədən bu əməkdaşlığın hərbi-təhlükəsizlik aspekti yeni hadisə deyil. Azərbaycanın ötən illərdə İsraildən müasir silah sistemləri alması, bu sistemlərin sərhəddə Azərbaycan Sərhəd Xidməti tərəfindən də istifadəsi dövlət sirri olmayan və İranın da bildiyi faktdır. Ona görə də, İranın Azərbaycana təzyiq və xəbərdarlıq məqsədilə sərhədə ordu toplamasını İsrail təhlükəsi ilə izah etməsi öz əhalisinin və dünya müsəlmanlarının nəzərində bu təzyiq siyasətinə legitimlik qazandırmağa yönəlmiş təbliğata daha çox bənzəyir.

Nəticə

Ötən 30 ildə Azərbaycan-İran münasibətlərinin problemsiz cərəyan etmədiyini, zaman-zaman mürəkkəb mərhələlərdən keçdiyini yazının əvvəlində qeyd etdik. Lakin budəfəki gərginlik əvvəlkilərdən fərqli, indiyədək görünməmiş səviyyədədir.

İran Zəngəzur dəhlizinin açılmasına qəti şəkildə qarşıdır, amma Rusiya bu nəqliyyat kommunikasiyasının qurulmasında maraqlı olduğu müddətdə İran bunu əngəlləyəcək gücdə deyil. Azərbaycan böyük ordulara sahib olan və Orta Şərqdə çoxlu sayda proksi gücləri idarə edən cənub qonşusundan çəkinmədiyini nümayiş etdirir, prezident səviyyəsində açıq mətnlə sərt cavablar verir, xarici siyasətini istədiyi şəkildə quracağını, İranın buna mane ola bilməyəcəyini bəyan edir. Azərbaycan İranın hərbi müdaxiləyə cəsarət edəcəyinə inanmır, ilk növbədə Rusiya faktorunun çəkindirici təsiri var, başqa bir tərəfdən, Bakı Türkiyə ilə hərbi müttəfiqliyə güvənir. Təsadüfi deyil ki, İranın sərhəddəki aktivliyinə cavab olaraq 5-8 oktyabr tarixlərində Naxçıvanda – İran sərhədləri yaxınlığında hərbi təyyarələrin də iştirakı ilə Azərbaycan və Türkiyə arasında Sarsılmaz qardaşlıq-2021 adlı taktiki təlimlər keçirildi.

Azərbaycan Respublikasının mövcudluğunu əzəldən bəri öz daxilində separatist meyillərə təkan verəcək faktor kimi görən İran, problemlərini həll edən və güclənən Azərbaycanın İran türkləri üçün cazibə mərkəzinə çevriləcəyindən ehtiyatlanır. Müharibə zamanı Araz boyunca irəliləyən Azərbaycan ordusunun çayın o tayında həyəcan və ruh yüksəkliyi ilə izlənməsi, eləcə də Rusiyanın İran vasitəsilə Ermənistana silah göndərməsinə qarşı keçirilən etiraz aksiyaları bu baxımdan İran rejimi üçün təhlükəli siqnallar idi. Yəni, Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı ziddiyyətlər hansısa konkret hadisədən irəli gələn müvəqqəti hal deyil, fundamental xarakter daşıyır.

[1] Goyushov, Altay. “Azerbaijan.” In Yearbook of Muslims in Europe, Volume 11, edited by Oliver Scharbrodt, Samim Akgönül, Ahmet Alibašić, Jørgen S. Nielsen, and Egdunas Racius, 11:71–87. Leiden, Boston: Brill, 2019, 71. https://brill.com/view/title/56496.

Şahin Cəfərli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir