Malik HASA: Mesele Türkiye idi

Jo Cox AB Türkmen Dağı Rusya kurbanı!

AZERBAYCAN-ERMENİSTAN HATTINDA ÇÖZÜM İŞARETLERİ

Արամ Ամատունի: Ինչու Մոսկվան ոգևորված չէ Իրանի հայտարարությամբ

PARÇALANMIŞ AZƏRBAYCAN FOLKLORDA BİRLƏŞİR

Gündem 11 Nisan 2021
44
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Söz sənətinin əksər nümayəndələri yeni söz demək üçün dəridən-qabıqdan çıxırlar. Hətta bəzən o qədər ifrata varırlar ki, sözün özünü də sözlükdən çıxarıb eybəcər hala salırlar. Sözdən səs qalır, səsdən gurultu.
Hər sahədə sözə, rəngə, avaza yenilik gətirmək müsbət hadisədir. Lakin bizim fikrimizcə, bu fəaliyyət ideal deyil, keyfiyyət dəyişikliyidir. Məhz bu keyfiyyət təzahürü kimi yenilik yaratmaq yox, köhnəni (əsli, kökü, mənbəni) unudulmamağa qoymamaq, üstünü kül basıb, yaddaşlardan silinməkdə olan, lakin qan yaddaşında həkk olunub saxlanan dəyərli səhifələri min bir zəhmət bahasına üzə çıxarmaq, təzələmək, xalqdan alıb xalqa qaytarmaq özü də bir keyfiyyətdir: həm də daha böyük bir keyfiyyətdir.
Ağsaqqal babalarımız, ağbirçək nənələrimiz qıfıllı-kilidli dodaqlarında, dərya misallı sinələrində elə bir zəngin xəzinəni torpaq altına aparırlar ki, dəyəri, qiyməti hesaba gəlməz. Xalq hikmətlərinin (folklorun) toplanması, tədqiqi və nəşri elə bu ehtiyacdan irəli gəlmişdir. İstər ənənəvi, istərsə də müasir ədəbiyyatın ən görkəmli nümayəndələri xalqın ruhundan süzülüb gələn dəyərli söz çeşməsindən içə bildikcə ölməzlik qazanmışdır. Məhz elə abi-həyat adlanan dirilik suyu kimi. Kimi bu çeşmədən bir qab götürə bilmiş, kimi bir ovuc doldurub içmiş, kimi bir qurtum udmuş, kimi də yalnız çatlayan dodaqlarını islada bilmişdir. Bu müqəddəs çeşmədən götürülən bir damsı su belə o kəslərə əbədi “Xızır ölməzliyi” qazandırmışdır.
Şifahi ədəbiyyat yazılı ədəbiyyatdan çox-çox qədim olduğuna görə ikinci birincidən bəhrələnə-bəhrələnə formalaşmışdır ki, bu mövzuda mübahisə etmək belə lüzumsuzdur. Xalqın yeddidən-yetmişə, uşaqdan böyüyə, çavandan-piraniyə qədər yaddaşdan-yaddaşa ötürdüyü məlumat (informasiya) şifahi xalq ədəbiyyatının janrlarında cəmlənmişdir. Bir ağızdan boylanıb, ifadələnib, qulaqlara çatıb, qəlblərə hopub, ağız-ağız gəzib dəyişən, dəyişə-dəyişə cilalanan, cilalanıb daha dərin dəyər qazanan xalq yaradıcıllığı inciləri – Ata sözü və məsəllər, əmək nəğmələri, mərasim (ritual, ayin) mətnləri, miflər və əsatirlər, tapmacalar, nağıllar, əfsanələr, bayatılar, aşıq şeir şəkilləri, dastanlar və neçə-neçə bu kimi qiymətli örnəklər yazılı ədəbiyyatdan, klassik və müasir poeziya və nəsrdən ana xətt kimi keçdikcə ona elə parlaqlıq gətirmişdir ki, yüz illər boyu insanların daxili dünyasına işıq salmışdır. Göyün günəşə ehtiyacı kimi ruhun sözün işığına ehtiyacı işıqlı kökdən gələn nümunələrdən qaynaqlanmışdır.
Xəlqi şair (nazim) və yazıçı (nasir)lar, dəyərli sənətkarlar soyuna, kökünə söykənməklə, xalqın istedadına güvənməklə böyük olmuşdur. Öz əsərlərində xalqın təfəkküründən bəhrələnən sənətkarlar yüksək səviyyədə ədəbi miras meydana gətirə bilmişdir. Böyük sənətkarların yaratdığı əsərlərdən xalq öz yaradıcıllığını geri tələb edərsə, yerdə nə qalar? Kökü torpaqda olmayan ağacın bəhəri, istiliyi ocaqdan gəlməyən çörəyin bərəkəti, dayaq nöqtəsi olmayan çevrənin hərəkəti olmadığı kimi, xalq yaradıcıllığı örnəklərini bətnindən, vəznindən keçirə bilməyən sənətkar irsi irsə çevrilə bilməz. İrsə söykənməyən necə irs ola bilər? O elə öz vaxtında bir günlük çiçək kimi solub getməyə məhkumdur.
Modernizm adına sığınan bütün yenilikçi cərəyanlar xalq təfəkkürünə dayana bildiyi qədər mövcud olacaq. Ondan o tərəfdə isə ondan ancaq “izm” qalacaq. O “izm” də bizim olmayacaq. Sənətkar öz sənət yolunun izini “izm”lərdən götürmür, laylalardan, alqışlardan, öyüdlərdən götürür. Hər insan dualarla, alqışlarla bu dünyaya gəlirsə, laylalarla, nazlamalarla, əzizləmələrlə qayğı görürsə, öygülərlə, öyüdlərlə boy atırsa, məsəllərlə, nağıllarla, yediləmələrlə, yuğlamalarla dünyasını tərk edirsə, demək, folklor (xalq hikmətləri) yalnız xalq yaradıcıllığı deyil, həm də xalqın (insanın) ömründən əvvəlki uğurlanması, ömründən sonrakı rəhmət duası, bir sözlə, xalqın həm ruhu, həm cismi, həm əvvəli, həm sonudur. Yazılanların, və yazılmayanların (şifahi və yazılı ədəbiyyatın) həm alın yazısı, həm də kağız yazısıdır. İnsanın yaranışından üzü bəri gələn müqəddəs sözdür, kəlamdır; fövqəladə səsdir, avazdır, bəhrdir: heyrətamiz rəsmdir, təsvirdir, təcəllidir, əlamətdir.
Çox təəssüf ediləsi haldır ki, xalqa əsaslanan yaradıcıllıq nümunələri uzun illər ərzində təzyiq və təqiblərə məruz qalmış, rəsmi ideoloji təbliğatın ittihamlarına tuş gəlmiş, işıq üzü görən nümunələr də yalnız görkəmli folklorşünaslarımızın gərgin zəhməti, vətəndaş cəsarəti nəticəsində meydana çıxmışdır. Lakin bir çox nümunələr üzərində elə eybəcər əməliyyat aparılmışdır ki, bu nümunələri yalnız repressiya qurbanları sırasına aid etmək olar.
XX əsrin elmi-texniki tərəqqi əsri kimi başladığı dönəmdə mənfur qırmızı ideologiya dünyanın altıda bir hissəsini zəncirləmiş “çəkic” altında saxlanan millətlərin “oraqlar”la cızılan sərhədləri bu sərhədlərdən kənarda gedən elmi-texniki inkişafın və intellekt inqilabının kütlə inqilabı ilə əngəllənməsinə səbəb olmuşdur. Elə buna görə də qırmızı sovet imperiyasının zorakı siyasəti xalqımızın minillər boyu davam edən zəngin mənəvi söz xəzinəsini nəinki dünya miqyasına, heç öz tribunasına bütünlüklə çıxarmağa yol verməmişdir.
Üzdə bütün millətlərdən bir sovet adamı “düzəltməyə” çalışan totalitar rejim, məhz bu sovet adamını rus siyasətinin, rus görkəminin irqi əlamətlərinə uyğun şəkildə təsir etməyə, daha doğrusu, etdirməyə çalışmışdır. Bu isə digər xalqların milli xüsusiyyətlərini, dini mənsubiyyətlərini, irsi (genetik) diskretliyini və s. inkar etməyə gətirib çıxarmış, ümumi məkan, ümumi mədəniyyət, ümumi tarix, ümumi iqtisadiyyat və s. mütərəqqi istiqamət adı altında böyük rus (veliko-rus) şovinizminə xidmət etməyə çalışılmışdır. Bu siyasi-ideoloji istiqamətə etiraz edən, buna qarşı mübarizə aparan fərdlərin, qrupların, hətta millətlərin (çeçenlərin deportasiyası və s.) sındırılmasına və məhv edilməsinə, repressiya olunmasına gətirib çıxarmışdır. Tarixdə “ağ vərəqlər” adlanan dəhşət qırmızı terroru inkaredilməz fakt olaraq ortaya qoyur.
Xalqımızın türksoylu olması ümumtürk kültürünün, islam dinində olması ümumislam mədəniyyətinin yüksək dəyərlərini, özünəməxsus xüsusiyyətlərini və mentalitetdə formalaşan adət-ənənə fərqini özündə cəmlədiyinə görə, bunu həzm edə bilməyən əkssoylu, əks dinli, əks mədəniyyətli hakim elitanın və onların yerlərdəki manqurtlaşdırılmış buyruq qullarının qanlı zorakılıqları nəticəsində müsliman-türk xalqlarına qarşı aparılan növbəti səlib yürüşünün (özü də məcazi mənada deyil) xalqımızın milli, dini-mədəni varidatına böyük zərər vurmasına səbəb olmuşdur. Tarixi ədavəti, türkə qarşı nifrəti, islama qarşı dözümsüzlüyü I Pyotrun vəsiyyətində manifestləşdirilmiş rus şovinizminin, rosizminin və xüsusilə panxristianizminin zahirən dəyişib ateistləşdirilən materialist nəzəriyyənin hegemon baxışa çevrildiyi dövrdə belə əvvəlki mövcudluğunu saxlaması yalnız dəyişənin kütlə təbliğatı üçün dekorasiya olduğunu milli mənəviyyatımıza vurulan zərbələr bu gün ortaya çıxarmışdır.
Xalqımızın soyuna, kökünə, dininə qarşı yönələn qayçı barmaqlar folklorumuzda təbii ki, birinci dərəcəli məsələ olaraq özünü göstərmişdir. Hansı folklor nümunəsində türk adı, türk adəti, türk ənənəsi varsa, hansı folklor janrlarında və strüktür materialında dinimizlə bağlı ciddi məsələlər mövcuddursa, “sosializm realizmi” və materialist-ateist baxış formalizmi nəticəsində qarşısı alınmış və yaxud da ciddi dəyişikliyə məruz qalmışdır.
Çoxsaylı saray qarğalarının sayəsində aşıq ədəbiyyatının və digər folklor janrlarının belə ya mətninə əl gəzdirilmiş, yaxud da tamamilə qadağa qoyulmuşdur. Mövcud rejimi tənqid edən üsyankar el şairlərinin və aşığın sazın yalnız məddah və tərənnümçü obrazı uzun illər meydanda qalmış, tənqid hədəfi kimi xalqın öz keçmişi olan xan, bəy və ruhani təbəqəsi əsas götürülmüşdür.
Bu qədər şiddətli milli müqavimətə baxmayaraq milli dəyərlərimizi ortaya çıxarmağa çalışan və qismən buna nail olan folklorşünaslar fədakar qəhrəman adına layiq olsalar belə, yenə də folklorumuzun bütövlükdə meydana çıxması və təbliğ olunması yuxarıda qeyd etdiyimiz səbəblərdən mümkün olmamışdır. Təsəvvür edin ki, son günlərə qədər bütün xalqın yaradıcı fəaliyyətini meydana çıxardıb sistemləşdirən nəinki bir institut, heç müstəqil elmi mərkəz belə mövcud ola bilməmişdir. Hansısa bir saray məddahının nəşr etdirdiyi maklatura yığını bütöv xalq yaradıcıllığını əhatə edən nəşrlərdən bir neçə dəfə tirajına görə daha artıq olmuşdur ki, bu da xalqımıza qarşı yönələn məqsədyönlü mənfur siyasətin xarakterindən irəli gəlmişdir. Məhz folklor irsinə sahiblənmək vəzifəsi bu baxımdan qarşıda duran strateji məqsəddir. Həm mənəvi, həm siyasi-ictimai fəaliyyət sahəsi olaraq folklorumuz bizim dünyaya çıxışımızı şərtləndirən amil olmalıdır. Çünki millət milli mənliyini bütün dillərə tərcümə etmək üçün öz adət-ənənəsini, spesifik özəlliklərini, məkan və mövqe xüsusiyyətlərini mövcud durumunu digər xalqlara təqdim etməlidir. Bu təqdimat yalnız folklor dilində mümkündür. Çünki elə bizim özümüz kimi digər xalqların da dünyaya çıxışı bütün xüsusi-fərdi milli cizgiləri özündə cəmləyən folkloru ilə şərtlənir. Əsasən də ona görə ki, folklor həm sözü, həm avazı, həmçinin də digər şəkli görüntüləri özündə yüksək səviyyədə əks etdirir.
Folklor nümunələrinin meydana gəlməsi, folklorlaşması üçün əsasən kütləvi fəaliyyət gərək olur. Fərd-kütlə-fərd, yəni, bir şəxs tərəfindən söylənib, dildən-dilə keçib, kütləviləşib, örnəyə çevrilən sənət nümunəsinin yenə bir şəxs tərəfindən auditoriyaya çatdırılması və yaxud yazıya alınması özü kütləvi hadisə olaraq insanları özündə birləşdirən fəaliyyət sahəsi olub toplum arasında ruhi-mənəvi və fiziki yaxınlıq yaradır. Təsəvvür edin ki, bu prosesdə iştirak edən tərəflər bir-birinə yaxınlaşdıqca, ünsiyyət bağladıqca necə böyük bir enerji kütləsi bir araya cəmlənib ümumi hədəfə tərəf yönələ bilir. Elə bu baxımdan folklor milli-ideoloji təbliğatın əsas hərəkətverici faktoru kimi iştirak edir. Bir nəfər varsa söz, iki nəfər varsa folklor mətni vardır. Demək, ev-ev, həyət-həyət, küçə-küçə, məhlə-məhlə, kənd-kənd, şəhər-şəhər, vilayət-vilayət bir ölkənin hər yerində yaranmaqda olan folklor nümunələri fərdi və kütləvi yaradıcıllıq məhsulu kimi ölkənin insanları arasında elə gözəgörünməz əlaqə zənciri qurur ki, bu bir toplumun daha çox tellərlə bir-birinə bağlanmasına səbəb olur. Buna Ata sözü də misal ola bilər, məsəl də. Rəvayət də, əfsanə də, nağıl da. Tapmaca da misal ola bilər, yanıltmac da, qərəvəlli də, lətifə də, atmaca da. Aşıq şeri də misal ola bilər, el şairinin bədahətən dediyi kəpənək qanadlı zərif misraları da. Bu elə hazır ideya yüküdür ki, bu toplumsal fəaliyyəti yalnız strateji məqsədlərə yönəltmək həvəsi qalır. Parçalanmış Azərbaycan məmləkəri folklorda birləşir. Elə buna görə də folklorumuzu bayraq edib başımız üzərində vətənimizin xilas yolu kimi dalğalandıra bilmək bizim ana vətənimizə olan oğulluq borcumuzdur.

6

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent​ e-mail: atif.islamzade@mail.ru

Yorumlar