İranın İsfahan şəhərində ölkənin müdafiə nazirliyinin fabriklərindən birində partlayış baş verib, yerli KİV xəbər verir. İranın hərbi idarəsi istehsalat obyektlərindən birinə pilotsuz təyyarələrin “uğursuz hücumu” barədə məlumat verib. İran İnternational hadisə şahidlərinə istinadən yazır ki, yanvarın 29-na keçən gecə sursat istehsalı zavodunda silsilə partlayışlar və yanğın baş verib. Nəşr partlayışlardan birinin videosunu dərc edib. İran Müdafiə Nazirliyinin açıqlamasına görə, mini pilotsuz təyyarələr idarənin mərkəzlərindən birinə hücum edib. Bir pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, digər ikisi “müdafiə tələlərinə düşüb və partlayıb”.
İdarədən verilən məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb, sexlərdən birinin dam örtüyü zədələnib. Eyni zamanda, bəyanatda İranın müəssisəyə hücumda kimi təqsirli saydığı göstərilmir. İran İnternational sosial şəbəkələrdəki mesajlara istinadən Kərəc, Təbriz, Dezful və Həmədan şəhərlərində baş verən partlayışlar və yanğınlardan yazır. Bundan əlavə, Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində motor yağı emalı zavodunda yanğın baş verib. Bu hadisələrin əlaqəli olub-olmadığı bilinmir.
Britaniya Müdafiə Araşdırmaları İnstitutunun məlumatına görə, İranın “Shahed Aviation Industries” müəssisəsi İsfahan yaxınlığında yerləşir və Şahed 131/136 kamikadze dronlarının istehsalı ilə bağlıdır. Rusiya Ukraynada belə dronlardan istifadə edir.
Bu arada, ərəb mediası İsrailin İranda xüsusi əməliyyat keçirdiyini yazıb. Əməliyyatın məqsədi hərbi sənayenin məhv edilməsidir. İsrailin hərbi əməliyyata başlaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Bir gün əvvəl İsrailin baş naziri bildirib ki, ölkə Şərqi Qüdsdə baş verən terror aktına cavab hazırlayır. Bir qədər əvvəl İsrailin İranın bəzi bölgələrinə qoşun yeritdiyi barədə məlumat yayılıb. Bu məlumat rəsmi təsdiqini tapmayıb. Və çox güman ki, təsdiqlənməyəcək.
İsrail hakimiyyəti yeni terror aktları dalğasından sonra vətəndaşların silah əldə etməsi prosedurunu sadələşdirir. Bundan əlavə, ölkədə yəhudi məskənləri möhkəmləndiriləcək, ordu və polis bölmələri gücləndiriləcək, qeyri-qanuni saxlanılan silahların ələ keçirilməsi üçün həbs və məqsədyönlü əməliyyatlar praktikası genişlənəcək.
Dadash Ahmadli