KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Nəsib L. Nəsibli: Türk-Fars münasibətləri və İran alqısı

Nəsib L. Nəsibli: Türk-Fars münasibətləri və İran alqısı

Kafkassam Editör Kafkassam Editör - - 53 dk okuma süresi
464 0

Azərbaycanı içinə alan geopolitik üçbucağın iki tərəfini (Türkiyə və Rusiya) ələ aldıq. Hər birinin Azərbaycan üçün nə ifadə etdiyini, aralarındakı fərqi açıqlamağa çalışdıq.[1] Üçbucağın digər tərəfi – İranın Azərbaycan üçün nə olduğuna və ictimai fikrə necə yansıdığına da baxmalıyıq. Əks təqdirdə mənzərə aydınlaşmamış qalar.
Son həftələrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi gərginlik yaşandı. Vətəndaşlarımız bu gərginliyi ayrıntıları ilə izlədilər və gedişatla bağlı yetərli bilgiyə sahibdirlər. Bu yazıda biz məsələnin necəsinə deyil, nədəninə göz atacağıq. Sözümüzün başında son həftələrdəki gərginlik keçəcək, amma Azərbaycanla İran arasında, Türklərlə[2] Farslar arasındakı ziddiyyətlər keçici deyil fikrini vurğulamaq istərdik. Ən azından iki dövlət və xalq arasındakı ziddiyyətlər köklü, qalıcı xarakterdədir. Bu üzdən də məsələyə daha geniş müstəvidə, məsələnin tarixi dərinliyini nəzərə alaraq yanaşmaq lazımdır.
Azərbaycanla İran arasındakı azalıb-artan gərginliyin səbəbləri sırasında bölünmüş Azərbaycan faktoru başda gəlir, daha dəqiq desək – Güney Azərbaycanın məzlum durumu, İrandakı Türklüyün varlığının inkarı durur. Məsələnin dramatikliyinin sübutu üçün son dönəmin diqqət çəkəsi bir faktını örnək verək. İran dövlətindən və Fars milləti ilə bir dövlət tərkibində qalmaqdan bezar olan Türklük stadionlarda Təbriz, Bakı, Ankara, Farslar hara, biz hara?! deyə haray çəkir. Bu istək qarşısında Farslar da xorla Eşşək Türk, hətta Mərg bər Tork [Türkə ölüm] qışqırırlar. Bir müddət sonra da buna cavab olaraq Qurddərəsindəki stadionda (Təbriz) Mərg bər Fars səsləri eşidilir.[3] Bu, əvvəllər görmədiyimiz yeni bir haldır. Artıq İran dövləti – Türk milləti münasibətlərindən bəhs etmək yetmir. Dövlətin onillərlə yürütdüyü anti-Türk siyasəti (eyni zamanda başqa Fars olmayanlara münasibət) toplumun da şüuruna hopmuş, millətlər arasında düşmənçiliyin yaranmasına qədər irəliləmişdir.
Farsların gözündə Türk alqısı[4]
Bir dövlət sərhədi daxilindəki iki xalqın bir-birini ölümlə, qətliamla təhdid etməsi tək İran üçün deyil, bütün dünya üçün fövqəladə hallardan biridir. Etnik münasibətlərin bu həddə qədər gərginləşməsi son dönəmin hadisəsi olsa da kökləri qədimdir. Bu yazıda Fars fikir adamlarının Türklər haqqında görüşlərini özətləməyə çalışacağıq. Oxucularımızdan hövsələlərini basmağı, Türklərə yönələn aşağılamaları soyuqqanlı yanaşmağa çağırıram. (Aşağılamalara cavablar növbəti bölümdə olacaq).
Fars fikir adamlarına görə, Perslərlə/Farslarla Türklərin ilk təmasları İran-Turan savaşları zamanı olmuşdur. Avesta’ya görə Türklərin məmləkəti olan Turan, İranlıların və dinin [Məzdək təliminin] düşmənidir. Əfrasiyab [Alpər Tunqa] ‘xüsusilə mənfur bir şəxsdir’.[5] Uzun zaman Iranın xarici işlər naziri olan, indi isə Rəhbərə müşavirlik edən Seyid Əli Vilayəti kimilər bu ‘mənfur məmləkəti’ belə Türklərə çox görürlər. Onlara görə burada məskun olanlar köçəri həyat tərzi yaşayan Perslərin elə özləridir.
Firdovsinin Şahnaməsində Turana və Türklərə düşmən münasibət artıqlaması ilə özünü göstərir. İran-Turan savaşlarının qalibi həmişə İranlılar göstərilir. Türk Qəznəlilər hakimiyyəti dönəmində tamamlanan (1020 ərəfəsi) bu əsərdə qatı Ərəb düşmənçiliyi ilə yanaşı, Türkləri də aşağılayan bəndlər yer almaqdadır. Əsrlər boyu Farslar bu əsəri ana kitabları saymış, buradakı nifrətlə bəslənmişlər.
Deyilənlərə görə Əmir Teymur İranı fəth etdiyi zaman Firdovsinin dəfn edildiyi Tusa gəlir. Türkləri pisləyən Firdovsinin məzarına ayağıyla vuraraq deyir: ‘Ey Firdovsi, qalx, qalx da, hər sətrində pislədiyin məğlub Türkü indi gör! Qalx da küfr etdiyin, küçümsədiyin Türkü gör!’ Şahnamədəki Türk düşmanlığı zamanında Türk fikir adamlarının da diqqətini çəkmişdir. Məmməd Əmin Rəsulzadə Azərbaycan şairi Nizami əsərində Firdovsini təpədən dırnağadək ‘Fars oğlu Fars’, ‘qatı bir irq təəssübkeşi’, ‘Fars nasyonalizminin bir şair ideoloqu’ adlandırmışdır.[6] Farsın fikir tarixində Şahnamənin oynadığı rol haqqında ən sərrast yanaşmalardan birini Təbrizli Əli ortaya qoymuşdur. Onun fikrincə, bu əsəri ilə ‘Firdovsi vəhdət və birlik yerinə milli ixtilaflar və [başqa] qövmə kinələr [etnoca nifrət] törətmişdir.”[7]
Çağdaş İran coğrafiyasındakı 1000 illik Türk hakimiyyəti Fars təəssübkeş yazarları rahatsız etdiyi mövzuların başında gəlir. Rəsmi İran tarixçiliyinin ən önəmli tezislərindən biri dövləti təşkil edən Türk xanədanlarının İrana həmişə bədbəxtlik gətirməsidir. Bu qaralama fəaliyyətlərində yer alan tarixi faktlardan birisi də Səlçuqlu xanədanı və Böyük Səlçuqlu Dövlətidir (1037-1157). İran tarixçiləri Səlçuqlu faktını tarixdən silə bilmədiklərindən onu olmazın təhriflərə məruz qoymuş, tarixi rolunu yanlış dəyərləndirmişlər.
Halbuki Səlçuqlu hökmdarları Azəri dilində danışanların dilini dəyişdirmədilər, əksinə Fars dili və ədəbiyyatını, Farsca və Ərəbcə təhsil sistemini himayə etdilər; Fars dilini bürokratiyanın dilinə çevirdilər; bəzi hökmdarlar Farsca şeirlər yazdı. Ömər Xəyyam Sultan Məlikşahın, Ənvəri Sultan Səncərin sevimlisinə çevrildi. Bu bir yana, indiki Farsların danışdıqları dilin (Dəri/Farsi) Fars bölgələrində yayılması məhz Səlçuqlu dönəminin və Səlçuqlu hökmdarlarının fəaliyyətlərinin nəticəsidir. Bu dönəmdə xalq ümumiyyətlə Pəhləvi dilində danışırdı. Selçuqlular yeni Dəri (dərbar/saray sözündən) dilini indiki Əfqanıstan və Tacikistandan gətirdilər. Dəri/Farsi dili məhdud sayda oxumuş təbəqənin, özəlliklə məmurların sarayda və idari yazışmalarda istifadə etdiyi dilə çevrildi. Onların mədrəsələrdə öyrəndiyi dil sonralar kütlələr arasında yayıldı. Bu təhrif və qaralamanı yapanları insafa çağırmaq bir işə yararmı, bəlli deyil. Amma Səlçuqlu mirasını sorğulamaq gərəkdirsə, bunu Türklərin daha artıq haqqının olduğu ortadadır.[8]
Məsələnin başqa bir düşündürücü tərəfinin də üstündən keçməmiş olaq. Sovet dönəmində formalaşan Quzey Azərbaycandakı rəsmi tarixçilikdə Səlçuqlu xanədanı haqqındakı tezislərin İrandakılardan elə də fərqli olmamasıdır. Rəsmi tarixçiliyə görə, Səlçuqlu Dövləti müasir yerli xalqa yaddır, bu torpaqlarda zorla yerləşdirilən Türk dilli etnoslar …bugünkü Türk dilli Azərbaycan xalqının formalaşmasına gətirib çıxarmışdır.[9] Başqa sözlə, buranın əhalisi Türk deyil, dilləri dəyişdirilmiş yerli xalqlarmış. Səlçuqlulara/Oğuzlara yad gözlə baxma yanlışlığı ədəbiyyata da keçmiş, həssas milli kimlik məsələsinə dönmüşdür (hər iki Azərbaycanda).
Türk xanədanlarına və Türklərə münasibət mövzusunu başqa bir örnək üzərindən davam etdirək. 19. yüzil Fars təəssübünün millətçiliyə, oradan da irqçiliyə keçdiyi bir dönəmdir. Etnik münasibətlər sahəsində təşəbbüsün Farslara keçdiyi bu dönəmdə İrandakı Türklər hələ uzun zaman qəflət halında qalacaqdı. Türklər dövlət həyatında Qacar xanədanı, mülki bürokratiyanın yuxarı hissəsi və hərbi bürokratiyanın tamamına yaxını ilə təmsil olunmuş, mühüm çəkiyə malik idilər. Mülki bürokratiyanın xeyli hissəsi, ruhanilərin isə yuxarı təbəqəsinin tamamına yaxını Farslardan ibarət idi. Şah sarayında və orduda şifahi danışıqda Türk dilindən də istifadə edilməsi ənənəsinin qalmasına baxmayaraq, kargüzarlıq işi və təhsil də ənənəyə uyğun olaraq Fars dilində idi. Qacarlar hələ özünü açıq şəkildə büruzə verməyən etnik proseslərin fövqündə durmağa çalışırdılar.
İranda xüsusi marağı olan Rusiya bu ölkədə hərbi sahədə durumun öyrənilməsinə bir sıra mütəxəssis cəlb etmiş, onlar da yerlərdə araşdırma aparmış, maraqlı təhlillər ortaya qoymuşlar. Rus, eləcə də Avropalı müəlliflərin araşdırmalarına görə, bu coğrafiyada hərbi sahədə Türklərin üstünlüyü ənənəsi Qacarlar dövründə də davam etmişdir. A. Medvedev yazır ki, ‘nərmə-nazik Farslar’ hərbi işə nifrət edirlər, onlar ‘qorxaq, saxta, tənbəl, tamahkar, intriqan, sısqa, ətalətli, amma son dərəcə bacarıqlı, biliyə həvəsli və ağıllıdırlar.’ Farslar orduda qulluq etməyi sevmirlər, ‘sənaye, ticarət onların əlindədir.’[10] Müsəlman olmayanlar və şəhər əhli orduda xidmətdən azad edildiyindən, ‘demək olar ki, bütün Farslar hərbi mükəlləfiyyətdən azaddırlar.’ Bu müəllifin fikrinə görə, Türk-Tatar hərbi işi sevir, o, ‘cəsur ola bilir, tündxasiyyətdir, kobuddur, enerjilidir, saxtadır, amma daha az qabiliyyətli və az inkişaf etmişdir, fanatikdir; zabitlər bütövlükdə əla atıcıdırlar, süvaridirlər, nisbətən sadəlövhdürlər.’ [11] A. Medvedev Ariyalılarla Türk-Tatarların ‘bir-birinə nifrət etməsi’ haqqında fikir irəli sürür. İranın bu iki əsas etnik vahidi arasında hakimiyyət uğrunda etnik əsasda mübarizənin getdiyi haqqında müəllifin fikrini qəbul etmək olar. Xüsusən müəllifin ‘Əlverişli şəraitə baxmayaraq, Türk-Tatarlar adətən hakimiyyətin idarəsindən uzaqlaşdırılırlar və özləri də bilmədən yerlərini Farslara verirlər’ fikri[12] diqqət tələb edir və bu fikir sonrakı siyasi proseslərdə özünü doğrultdu.
Türklərin 19. yüzil boyu, hətta ondan xeyli sonra da qəflətdə olduğu bir ortamda İran/Fars millətçiliyinin şəkillənməsi sürəci yaşandı. Örnək verək.
Quzey Azərbaycanda hələ də yanlış olaraq ‘Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi’ kimi təqdim edilən Zeynalabdin Marağayi və onun baş əsəri İbrahim Bəyin Səyahətnaməsi tipik pan-İranizm və Türk düşmanlığı örnəyidir. Marağayi üçün İran tarixinin ən möhtəşəm dövrü Əhəməni və Sasanilərin hökmranlığı dövrüdür. Müəllifə görə, ‘Pişdadi sülaləsinin ilk padşahı olan Kəyumərsdən tutmuş Sasani sülaləsinin sonlarınadək bu abad ölkə ədalətin mənbəyi olmuş, onun saçdığı mədəniyyət işıqları başqa ölkə xalqlarının gözünü qamaşdırmışdır.’[13] Müəllif, ‘cənnətməkan’ Firdovsini çox öyür, çünki o, ‘bir millətin [Farsların] ölmüş dilini diriltdi, millətin tarixinə dəyərli xidmət etmiş oldu.’ Müəllif elə buradaca Qəznəli Sultan Mahmudu pisləməyi uyğun görür, Firdovsiyə mükafat vədi deyilən əfsanəni ‘boş vəd’ adlandırır. Zeynalabidin Marağayi İran tarixinin ən möhtəşəm dövrlərindən birini də Səfəvilərin, xüsusilə Şah Abbasın hökmranlığı dövrü sayır, onları vəsf edir, Çingiz övladlarının hakimiyyəti dövrünü isə bədbəxtliklər dövrü sayır.[14] Əsərin üçüncü cildində müəllif ‘bıçağın sümüyə dayandığını’ bildirib, Qacarları və Qacar hakimiyyətini nəzərdə tutaraq haray çəkir: ‘Ey Çingiz tayfasının qalıqları! Bilin və agah olun ki, sizin hökmranlıq dövrünüz başa çatmışdır.’[15] Əsərin bir yerində etnik münasibətlər haqqında diqqətçəkən bir işarə var. Romandakı surətlərdən biri deyir ki, ‘bunlarla işiniz olmasın, Türkdürlər. Bunlar sadəlövh və tərbiyəsiz olurlar.’[16] Əsərin üçüncü cildi, müəllifin tərcümeyi-halı haqqında hissədə isə müəllif özünü təqdim edir: ‘Əlqərəz, başdan ayağa günahkar olan bu müəllif Zeynalabdin ibn-Məşədi Əli ibn-Hacı Rəsul ibn-Hacı Abdulla ibn-Həmzə Xan Savucbulaq Kürdlərindən və o mahalın xanlarından idi.’[17]
Mühacir qəzetləri ölkənin mövcud vəziyyətinə qarşı İranın ‘möhtəşəm keçmişini’ qoyur, ondan ibrət almağa, İran vətənsevərlərini birlik yaratmağa və fəal olmağa çağırırdı. Qanun qəzeti (redaktoru Iran Ermənisi Mirzə Melküm Xan) ölkə hakimlərini ‘yırtıcılar’,’məvacib quzğunları’ adlandıraraq yazırdı: ‘Onlar Cəmşidin səltənət sarayını hərrac bazarına çevirmişlər…[Onlar] xalqın hüququnu, ölkənin ticarətini, dövlətin istiqlaliyyətini çox aşağı qiymətə satdılar.’[18] Fars dili və ədəbiyyatının təbliği də vətən və millət şüurunun yaranmasında həssas amil hesab edilirdi. Müxalifətin təbliğatında Qacarlarla Türklük eyniləşdirildi, ona olan nifrət ölkə əhalisinin xeyli hissəsini təşkil edən Türklərə qarşı yönəldildi. Ölkənin çoxmillətli tərkibi gerilik əlaməti hesab edildi. Iranın ayağa durması və inkişafı üçün modernist dairələrdə Qərbi Avropanın homojen (təkmillətli) toplumları model götürüldü. Çeşidli tayfalardan, dillərdən, kültürlərdən ibarət olan İran imperiyası müxalifətin təbliğatında vahid mərkəzi hakimiyyətə malik, birdilli, birkültürlü, birmillətli unitar dövlətə çevrilməli idi. Bu məqsədə çatmaq üçün iki yol təklif edilirdi: idarəçiliyin mərkəzləşdirilməsi və azlıqların Farslaşdırılması.
Etnik münasibətlərin məntiqi nəticəsi olaraq Məşrutə inqilabından (1905-11) ən karlı çıxan Fars etnosu oldu. Hər şeydən əvvəl Farsların onillərlə uyuşa bilmədikləri Qacar hakimiyyəti zəiflədi. Bunun əksinə, ölkə idarəçiliyində onsuz da böyük çəkisi olan Fars bürokratiyasının rolu daha da artdı. 1907’nin avqustunda Təbrizli Abbas Ağanın baş naziri qətl etməsindən məmnun olan Fars şairlərindən Fəhrül Vaizin adlı birisi Qacar hakimiyyətini Fars dövlətçiliyinə yad, hətta düşmən hadisə sayır. Bir şeirində o yazır: ‘Türk, İran əsillilərə eyləyib töhmət, Firudin mülkünü, Cəmşidin camını aldı.’[19] İslahatçı-modernist dairələrin Hindistanda çap etdirdiyi nüfuzlu Həblülmətin qəzeti inqilab zamanı (12 noyabr 1906) Təhsil Nazirliyinə ünvanladığı redaksiya məqaləsində yazırdı ki, toplum özünü yalnız o vaxt modernləşdirə bilər ki, o tək millətə çevrilə bilsin. Və toplum o zaman tək millətə çevrilir ki, o, ortaq ənənə, inanc və özəlliklərlə birləşə bilsin. Qəzetin fikrinə görə, ‘bəzilərinin yanlış olaraq iddia etdiyi kimi, təkcə monarxa sədaqət yetməz.’ Bu bağların olmaması toplumu bölər və modernləşmənin qarşısını alar. Məqalə-müraciət müəllifləri İranın başına gələn faciələri buradakı Türklüyün varlığı ilə izah etmək kimi qatı irqçi nəticəyə gəlirlər: ‘Bizim indiki bədbəxtliklərimizin kökləri Moğol və Tatar yürüşlərinə gedib çıxır. Sevgili Azərbaycanımıza bir xarici dil təhmil edildi. Əhalimiz Fars və Türk dillilərə bölündü.’ Başqa bir yerdə Həblülmətin hesab edirdi ki, ‘ölkədə çoxdilçilik qaldıqca, onun müstəqilliyini nəinki Əsas Qanun, hətta respublika idarəçiliyi belə təmin edə bilməz.’
Sonrakı dönəmlərdə Türklərin başına hansı fəlakətlərin gəldiyini oxucuların əksəriyyəti bilməmiş deyildir. Fars irqçiliyi dalğasında hakimiyyətə gətirilən Rza Pəhləvi İranı, Fars dövlətinə çevirə bildi. Pan-İranizm və Fars irqçiliyi Rza Şah hökumətinin rəsmi siyasətinin ideoloji əsasını təşkil etdi. Fars etnosu arasında etnik konsolidasiya prosesi müqayisəedilməyəcək sürətlə getdi. Türklük isə İran üçün fədakarlıq etmənin, özünü düşünməməyin bədəlini artıqlaması ilə ödədi. Türklüyün ölkə siyasətində addım-addım mövqeləri təhvil verməsi Pəhləvilər və İslam Cümhuriyyəti dönəmində onu məzlum millət durumuna gətirib çıxartdı. Rza Şahın diktatura rejiminin timsalında dövlət Türk varlığını modernləşən İranın bütövlüyü üçün əsas təhlükə gördü,Türk kültürünü hədəf alaraq ona ciddi zərbə vurdu. Türklərdə millətləşmə sürəcinin qarşısını almaq, onu aşağılıq kompleksi içində tutmaq üçün etnik aşağılamaların (‘Türke-xər’) yanında çeşidli etnik stereotiplər uyduruldu. Əsas iddialar bunlardır:
• Siz Azərisiniz.[ yəni dilləri dəyişdirilmiş İranlısınız/Farssınız].
• Siz gəlməsiniz. [yəni burada vətən haqqına sahib deyilsiniz].
• Türk xanədanları İran üçün yad, yaramaz ünsürlər idi.
• Türklərin İrana yürüşləri ona bədbəxtlik gətirdi.
• Moğollar İranın inkişafını dayandırdı.
• Azərbaycan Respublikası əski İran torpağıdır.
• Arazdan quzeydəki torpaqlar Azərbaycan deyil.
• Zəncan, Həmədan, Bicar, Astaranın… Azərbaycana nə dəxli?
• Qərbi Azərbaycan ostanının xeyli hissəsi Kürdüstandır.
• Urmu gölünün quruması təbiət hadisəsidir.
• Azərbaycan əhalisi hamıdan çox İran üçün çalışıb, indi də bu yolda fədakarlıq etməyə hazırdır.
• Sizin məqsədiniz İranı bölməkdir, siz təcziye-tələbsiniz.
• Siz hamınız pan-Türkistsiniz.
• İran nefti olmasa siz batarsınız.
• Quzey Azərbaycan dediyiniz yer azad oldu, bir Erməniyə belə cavab verə bilmir.
• İranın başında duran bir Türkdür [Ayətüllah Xamnei], hansı məzlumiyyətdən danışırsınız?
• Quzey Azərbaycana birləşməkdənsə qoy kiçik hissə böyüyünə birləşsin.
• Türkcə zəif, lazımsız dildir, onu öyrənməyə dəyməz.
• Azərbaycandakı bütün hərəkatlar xaricilərin təhriki ilə olub.
• Əvvəl gəlin İranı demokratikləşdirək, sonra qövm [etnik] məsələlərinə baxarıq.
• Fars dili olmasa ölkə dağılar. [yəni başqa dillərə rəsmi status verilməməlidir]…[20]
‘Türk problemini’ bu yolla həll etməyə çalışan İran, etnik münasibətləri həddən artıq gərmiş oldu. Yuxarıdakı siyahıda yer almış iddia və aşağılamalar indi də kitablarda, mətbuatda, günlük həyatda bol-bol qarşımıza çıxmaqdadır. Bəs Türk aydınları bu yanlış alqılara və aşağılamalara necə təpki verdilər?
Türklərin Farslara baxışı
Farsların gizli işlər çevirməsinin fərqində olmayan və ya göz yuman Qacar xanədanı hakimiyyətdən getməsilə qəflətin bədəlini ödədi. Bütövlükdə Türklük sonunda məzlum millət durumuna düşdükdə ayılmağa başladı. İranda Türkləri təhdid edən təhlükələrlə bağlı ilk həyəcan siqnalları Quzey Azərbaycan və Türkiyə əsillli aydınlardan və siyasətçilərdən gəldi.
Əhməd Ağaoğlu (Ağayev) 1911’də Türk Yurdu dərgisində çap etdirdiyi Türk Aləmi ümumi başlıqlı silsilə məqalələrində İrandakı Türklər haqqında maraqlı məlumat verir. Ağaoğlu yerli Türklərin milli şüur baxımından geridə qaldığını bildirir və yazır: ‘Türk kadar temessüle (assimilation), şerait-i mühitiyyeye tabıyyat etmeğe meyyal bir kavim yoktur. Türk mühitinin esiridir; o kadar ki kendini, kendi şerefe-i kavmiyyesini, haysiyyet-i tarihiyyesini, edebiyyat, lisan ve hatta an’anat-i milliyyesini bile unutuvermeye hazırdır; şu hakikati bütün tarihimiz bütün safahatı ile ispat ediyor: Türkler İran medeniyyetinin amil ve sani’i oldukları halde adat-i kavmiyye ve lisan-i millilerini unutarak bütün kalpleri ile Fars adat ve lisanına kapıldılar.’[21]
Məmməd Əmin Rəsulzadə 1912’də ‘İran’da Türkler, ne Rusya’da olduğu gibi mahkum ve ne de Türkiye’de olduğu gibi hakim bir millet değildirler. İran Türkleri, asıl İranlı olan Farslarla hukukta müsavi [bərabər] vatandaş halinde bulunuyorlar: Aynı hakları, aynı imtiyazları haizdirler; ögeylik çekmezler. Beş yüz seneden [1912’də 900 sene olmalıdır] beri İran’da hükümran olan padişahlar hep Türk ırkından geldiler; bugün icra-yi saltanat eden Kaçar sülalesi de Türkmen kabilelerinden bir kabileye mensuptur. Fakat İran hükümdarlarının Türk olması Türklere hususi bir imtiyaz bahşetmediği gibi, Fars milletinin tazyikine de sebep olmamıştır.’ deyə Qacar İranındakı durumun dəqiq təsbitini verirdi. [22] Rəsulzadə davam edir: ’…şahlık tahtında bir Türk hanı oturuyorsa da gerek bu hanlar, gerekse ahali İranlılaşmış, yani Farslar tarafından temsil olunmuşdur [assimilə edilmişdir]… Şiilik İran Türklerini o kadar Farslaştırmıştır ki, şimdi onlar kendilerini Türkleşmiş Fars, yani aslen İranlı telakki ederler!’[23]
Durumun dramatikliyini Ruşeni Barkın’la bağlı yaşananlar da açıq göstərir. Ruşeni Bəy 1920’lərin başında Türk Ocaqlarında verdiyi mühazirələrdə və Vatan qəzetində çap etdirdiyi məqalələrdə Türklərin sürətlə məzlum duruma düşməkdə olduğunu bildirir, Farslarla onların münasibətlərinin gərginləşdiyini yazır: ‘Orada Farslar, yani hâkiki Acemler İran Türklerini Türk oldukları için, hâkir görürler. İranda bir Acem bir Türke kızdığı vakit ona Türke har, yani eşek Türk diye hitap eder.’[24] Fəryad qəzetinin keçmiş redaktoru, şair və publisist Mahmud Qənizadə Ruşəni Bəyə Cavab adlı risalədə ‘dörd milyon Türkün əsarət altında inlədiyini’ yazan Ruşəni Bəyə şiddətlə qarşı çıxır, İranda ayrı-seçkilik olmadığını iddia edir. Azərbaycan əhalisinin əksəriyyətinin Oğuz olduğunu bildirən Ruşəni Bəyə etiraz edərək, Azərbaycanlıların Ariya irqinə mənsub olduğunu iddia edir. Qənizadə qəzəblə yazır: ‘Əski Med əyaləti, Zərdüştün vətəni, ta Ərəb istilasına qədər yeddi yüz sənə sönmədən yaxılan atəşkədeyi-əzime-‘Azərgəşnəsb’ ilə daha yüzlərcə atəşkədələrin məhəli, Babəki-Xürrəminin məsğətorrəası [doğum yeri] və İranın təməl taşı bulunan Azərbaycanın əhalisinə nasıl Türk diyorsunuz? Qiyafə, səciyyə, məlamehi-vəchiyyə ‘fizyoloji’ vəəlhasil hər nöqteyi-nəzərdən tam bir İranlı bulunan Azərbaycanlının nerəsində Türklükdən cüz’i bir əsər bula biliyorsunuz? Millətlər daima lisanlarilə yek-digərindən təfriğ olunmaz [ayrılmaz]. Ətvar [manera], əxlaq və təmayülatdır ki, mədari-hökm [hökm mənbəyi] ola bilir.’ [25] Qənizadədən az sonra R.Ş.Təbrizi [Rzazadə Şəfəq] də Ruşəni Bəyə cavab vermək ehtiyacı hiss edərək yeni kitabça yazıb çap etdirdi. Təbrizi də milliyyəti təşkil edən ünsürlər arasında dilin əhəmiyyətinin olmadığını bildirir və ‘İran milləti’ anlayışına öz tərifini verir.[26]
İran dövlətinin Türklüyə qarşı siyasəti sərtləşdikcə Türklüyün bu dövlətlə arası açılmağa başlayır. Türkcənin yazı dili kimi yasaqlandığı, şifahi dilin işlədilmə sahəsinin məhdudlaşdırıldığı bir şəraitdə milli ədəbiyyatın inkişafını gözləmək doğru olmazdı. Dövlət mexanizminin oxumuş kəsim arasında aşağılıq kompleksi yaydığı bir mühitdə ana dilində yeni ədəbi nümunələrin ortaya çıxması mümkün görünmürdü. Belə bir şəraitdə Mirzə Əli Möcüz (1873-1934) yaradıcılığının ortaya çıxması fövqəladə bir hadisə oldu. Şəbüstərdə anadan olmuş Möcüzün şəxsiyyət kimi formalaşmasına gənc yaşlarından 16 il İstanbulda yaşaması mühüm təsir qoymuşdur. Müxtəlif mövzularda ana dilində əsasən satirik şeirlər yazmış Möcüz, milli şair Sabirin Güneydə davamçısı sayılmaqdadır. Möcüz özkeçmişində göstərmişdir: ‘Fars dilini çox da yaxşı bilmirəm və bu dildə çox az yazmışam. Həm də mən belə mülahizə etdim ki, Azərbaycanlılar Fars dilindən bir o qədər də xoşlanmazlar.’[27]
Sovet İttifaqının 1941’in avqustunda İranın quzeyini, İngiltərənin isə güneyini işğal etməsi ölkədəki siyasi durumu dəyişdirdi. İranda nisbi liberal siyasi mühit yarandı. Azərbaycanda da ictimai-siyasi həyat canlandı. Yeni təsis edilən Azərbaycan qəzetində Azərbaycan Türklərinin (‘Azərbaycanlılar’, ‘Azərbaycan xalqı’) ayrıca millət olduğunu əsaslandırmaq üçün milli dilin önəmi vurğulanır, onun (Türkcənin) başqa dillərlə (ilk növbədə Farsca ilə) bərabərliyi üzərində israr edilirdi. Dil məsələsi Azərbaycan Cəmiyyəti üçün də vaz keçilməyəcək ‘qırmızı xət’ hesab edilməkdə idi. Azərbaycan qəzeti Fars dilinin Azərbaycanda yayılmadığı, Azərbaycanın dilinin Türk dilləri sistemində müstəqilliyini, Azərbaycan əhalisinin dili ilə İranın başqa əyalətlərinin dili arasında hələ 7. yüzildən bəri heç bir oxşarlığın olmadığını, İranda Moğolların hökmranlığı ilə Azərbaycanın Türkləşməsi arasında heç bir əlaqənin olmadığını qeyd edərək, Azərbaycanda indiki dilin işlənməsi dövrü haqqında elmi məlumat verirdi. Bununla ‘İran milləti’ haqqında rəsmi ideologiyanın Azərbaycanla bağlı əsas ideyaları təkzib edilir, milli varlığın sübutu üçün nəzəri əsaslar ortaya qoyulurdu.
Azərbaycan, eləcə də Şahin (Təbrizdə Farsca çıxırdı) qəzetlərinin ən çox üstündə durduğu mövzulardan birisi də Rza Şah diktatorluğu zamanı Azərbaycana münasibətdə uyğulanan milli zülm siyasəti idi. Bu qəzetlərdə çap edilmiş məqalələrdə ictimai həyatın ayrı-ayrı sahələrində, özəlliklə dil məsələsində, milli ayrı-seçkilik siayasəti pislənilir, bu siyasətin məzlum Azərbaycanı iqtisadi və mədəni cəhətdən geridə qoyduğu vurğulanırdı.
Muxtariyyət prinsipi ilə yola çıxmış milli hərəkat liderləri ‘İran milləti’ anlayışına, yəni birdilli (Farsdilli), birkültürlü (Fars kültürlü) hakim millət anlayışına da münasibət bildirmək zorunda idilər. Milli Konqresin İran şahına, məclis sədrinə və baş nazirə ünvanlanmış məktubunda qeyd edilirdi ki, ‘Azərbaycan xalqı’ milliyyət, dil, adət-ənənə, özünəməxsus xüsusiyyətləri ilə ayrıca millətdir, dünyanın hər bir həyata qabil milləti kimi ‘Azərbaycan milləti’ də milli hökumət yaratmaq haqqına sahibdir, bu millət özü Azərbaycanı demokratik əsaslarla idarə etmək qabiliyyətinə malikdir. 21 Azər hərəkatı və Milli Hökumət (1945-46) zamanı üstündə durulan ən önəmli məsələlərdən birinin milli dil olması təbii idi.
21 Azər hadisəsindən gözü qorxmuş İran rejimi nəzəri-təbliğati fəaliyyət sahəsinə sonralar daha artıq diqqət ayırdı. İranda, özəlliklə Güney Azərbaycanın özündə Türklüyün kökünü qazmaq üçün praktik işlər də davam etməkdə idi. Əski kəsrəviçilik və onun Azərbaycan haqqında müddəaları daha da inkişaf etdirildi. Bu işə ölkənin çeşidli universitetlərindən tarixçi, dilçi, sosioloq alimlər cəlb edildi.
Burada Azərbaycan əhalisi arasında aparılan rəsmi təbliğatın mühüm bir sahəsi üzərində də dayanmaq gərəkdir. Bir tərəfdən, Azərbaycan Türklərinin tarixi birliyi, dili, mədəniyyəti hər cür hücumlara məruz qalır, digər tərəfdən, Azərbaycan İrana konstitusiya, demokratiya və azadlıq bəxş edən [əyalət], İranın başı (tacı) elan edilirdi. Məşrutə hərəkatı dövründə Azərbaycanın rolu, Təbriz üsyanının (1920) anti-Britaniya yönümlü hərəkat olması geniş işıqlandırılırdı.
İkinci Dünya Savaşından sonrakı dövrdə Azərbaycan/Türk milli hərəkatı əsas etibarı ilə milli mədəniyyət sahəsindəki fəaliyyətlərlə məhdudlaşdı. Türk kültürü üzərinə qoyulmuş tabuya baxmayaraq, milli mədəniyyət nümunələri ortaya çıxmaqda idi. Bu sıradan birinci olaraq həm tarixi baxımdan, həm də ideya-bədii dəyərinə görə Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) Heydərbabaya Salam poemasını (1954) göstərmək gərəkdir. Dalbadal bir neçə dəfə çap olunmuş bu əsərdən öncə yalnız Farsca yazmış (Beycətabad Xatirəsi qəzəlini çıxmaqla) nüfuzlu şairin bu əsəri Fars irqçiliyinə tutarlı bir cavab oldu. Milli hərəkatın yatırılmasından sonra Türk ictimai fikrində və mədəni həyatında yaranmış bədbin əhval-ruhiyyənin aradan getməsində bu möhtəşəm əsərin rolu əvəzsizdir. Şəhriyarın Tehran və Tehranlılar şeiri də Fars irqçisinə verilən gözəl bir cavab oldu. ‘Ayə, Tehranlı, insaf et, De eşşək sənsən, yoxsa mən?’ rədifli bu şeir, irqçilərin Türklərə yönəlik bəlli aşağılamalarına sərrast bir cavab olaraq qiymətləndirildi.
1960 -70’lərdə milli aydınların ruh halını göstərmək, onlar arasında dolaşan və müzakirə edilən fikirləri müəyyən etmək baxımından tanınmış şair və ictimai xadim Təbrizli Əlinin (1929 – 98) həmin dövrdə yazdığı əsərlər əvəzsiz qaynaqdır.Onillərlə İranda Türkün varlığını yox sayan, onu aşağılayan pan-İranist və irqçi təbliğata qarşı bu ölkədə yazılmış onlarla əsər arasında Təbrizli Əlinin Ədəbiyyat və Milliyyət kitabı[28] özəl yeri ilə seçilir. Bu kitab mürtəce-irqçi suçlamalara İran Türklüyünün ilk ümumiləşdirici cavabıdır. Çeşidli mövzulardan bəhs edən bu kitabın ən önəmli məziyyətlərindən biri Fars irqçilərinin aşağılamasını sinəyə çəkmək deyil, onlara eyni üslubda (Yalaq Əcəm; süfrə pişikləri; qab dibi yalayanlar; duz yeyib, duz qabını sındıranlar) cavabın verilməsidir. Bu, İrandakı Türk millətinin 1970’lərdən başlayaraq keyfiyyətcə yeni bir ruh halını yaşamağa başladığının əlamətidir.
Son dönəmdə stadionlarda və başqa yığnaq yerlərində səslənən şüarlar etnık gərilməni,[29] daha önəmlisi isə yeni nəslin aşağılıq kompleksindən çıxdığını göstərir. 2006’dakı etnik aşağılamalara cavab olaraq Azərbaycan şəhərlərində və Tehranda Türklərin protestoları ölkəni silkələdi. Etiraz nümayişlərində səslənən şüarlar bunlardı: Türk dilini atmarıq, Fars dilinə qatmarıq!, Türkün dili ölən deyil, Fars dilinə dönən deyil!, Türk dili İranda rəsmi dövlət dili olmalıdır!, Qarabağa uzanan yad əllər kəsilməlidir!, Qalx ayağa Azərbaycan!, Haray, haray, mən Türkəm!, Ölüm olsun faşizmə!, Ölüm olsun şovinizmə!, Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!, Təbriz, Bakı, Ankara, Farslar hara, biz hara?! , Nə Şərqi, nə Qərbi, itin Farsdan nə fərqi!, Hər kəs ki bitərəfdi, Farsdan da bişərəfdi!, And olsun Səttar Xana, Tehran gərək odlana!, Təəssübsüz millət gərək xar olsun!, Mən odam, odla oynama, alışarsan, yanarsan!, Azərbaycan var olsun, düşmənləri xar olsun!
Fars irqçiliyi, ölkə daxilində Türklüyün varlığını İran dövlətinin gələcəyinə təhlükə saydığı üçün başda Azərbaycan Respublikası olmaqla Türk dövlətlərinə münasibətdə xüsusi siyasət yürütməyi vacib bilir. Arazın quzeyindəki ‘Azərbaycan’ adlı kiçik dövlətin müstəqil varlığı və gəlişməsi enində-sonunda bu bölgə dövlətini (İranı) çıxmaza soxacağı bəs bəlli bir perspektivdir. Adı qoyulmasa da əslində iki dövlət arasında geopolitik düyün yaranmışdır. Bu düyünün açılması dünya siyasətinin önəmli sorunlarından biri olaraq dəyərləndirilməkdədir.
Geopolitik düyün
26 il öncə yazdığımız Azərbaycan Respublikasının Xarici Siyasəti Haqqında başlıqlı məqalənin[30] bir bölümü İranla münasibətlərə həsr edilmişdi. Buradakı fikirlər hələ də əskiləşmədiyindən, İranla münasibətlərdə prinsipial yenilik baş vermədiyindən həmin bölümü olduğu kimi, nöqtəsinə vergülünə toxunmadan oxucunun diqqətinə təqdim edirik:
Şimalda Azərbaycan Respublikası adlı müstəqil dövlətin yaranması İran üçün çox böyük problemlər yaratmışdır. Hər şeydən əvvəl Azərbaycan Respublikasının müstəqil varlığı Cənubi Azərbaycana təsir etməyə qadirdir və təsir etməkdədir. Odur ki, İrandakı mövcud rejim Azərbaycan Respublikasının özünü siyasi orbitinə cəlb etməyə, heç olmasa Azərbaycan Respublikasının, İranın Türk əhalisinə təsirini heçə endirməyə çalışır.
Azərbaycan Respublikasını özünün nüfuz dairəsinə cəlb etməyə cəhd göstərən İran, aşağıdakı geopolitik maraqlarını ödəməyə çalışır:
1. Müstəqil və güclü demokratik Azərbaycan Respublikasının təşəkkülünə hər vasitə ilə mane olmaq, onun Cənubi Azərbaycana təsirinin qarşısını almaqla İranın dövlət müstəqilliyini, ərazi bütövlüyünü və daxili sabitliyini qorumaq.
2. Burada və Orta Asiyada ABŞ’ın və Türkiyənin nüfuzunun qarşısını almaq.
3. Türk Dünyasında həmrəyliyin [indi daha doğru ifadə bütünləşmə/inteqrasiya ola bilər] genişlənməsinin qarşısını almaq.
4. Şimali Qafqaz, Orta Asiya və Volqaboyu müsəlmanlarına çıxmaq təəssüratı yaratmaq.[indiki şərtlərdə təəssürat sözünə heç gərək yoxdur]
5. Xarici siyasət sahəsində təcrid olunmuş vəziyyətdən çıxmaq təəssüratı yaratmaq. [indiki şərtlərdə təəssürat sözünə heç gərək yoxdur]
6. Azərbaycan Respublikasının timsalında satış bazarı əldə etmək.
80-ci illərin sonlarında İran güçlü dövlətçilik ənənələrindən, avtoritar dövlət mexanizmindən, zəngin iqtisadi-maliyyə, insan və b. ehtiyatlarından istifadə edərək zəifləməkdə olan Sovet İttifaqının müsəlman respublikalarında geniş fəaliyyətə başladı. Başlıca hədəf yuxarıda deyilən amillərə uyğun olaraq Azərbaycan Respublikası idi. Əsas fəaliyyət istiqamətləri və formaları:
– Azca çaşqınlıqdan sonra Azərbaycan Respublikasının müstəqilliyi tanındı (bəzi qüvvələr ‘qədim İran torpaqlarının’ istiqlalının tanınması əleyhinə idi); onunla diplomatik əlaqələr yaradıldı; baş konsulluq səfirliyə çevrildi; az sonra Naxçıvanda İranın baş konsulluğu işə başladı;
– Xüsusi xidmət orqanları geniş cəlbetmə işinə başladılar; əsas obyekt qeyri-Türk ziyalılar, iş adamları və bürokratiya, aşağı lümpen təbəqələr oldu; hədiyyə-rüşvət vasitəsilə hətta yüksək dövlət xadimləri və yuxarı nomenklatur ziyalılar ələ alınmaqdadırlar;
– Iranın Azərbaycana yönəlik təbliğatının əsası İslam və İslam inqilabı oldu; bu təbliğatı genişləndirmək üçün İranda kirillə mətbuat orqanları təsis edildi və böyük miqdarda Azərbaycanda yayılmağa başladı; Bakıda bəzi mətbuat orqanları İranın nüfuz dairəsinə cəlb edildi, hətta yeniləri yaradıldı; İran puluna ədəbiyyat yaymaq, dini cəmiyyət və məktəblər yaratmaq işi genişləndi;
– Azərbaycan iqtisadiyyatına nüfuz etmək üçün İran dövlət kapitalı, ya ona yaxın olan xüsusi kapital görünməmiş canfəşanlıq etməyə başladı; İran malları Azərbaycan bazarını ələ keçirməyə başladı;
– İranın özündə Azərbaycan məsələsi ətrafında ideoloji fəaliyyət güclənmiş, Şimali Azərbaycanla (‘Aranla’) Cənubi Azərbaycan arasında etnik-mədəni birliyin ‘olmadığı’ təbliğ edilir; ümumiyyətlə, Türklüyə və Türkçülüyə qarşı ideoloji mübarizə dövlət tərəfindən dəstəklənir; Azərbaycan Respublikasının müstəqil varlığı İran kütləvi informasiya vasitələrində gizlədilir, ya da Azərbaycan Respublikasının vəziyyəti təhrif olunur;
– Qum və Tehranda xüsusi mərkəzlər yaradılır; İran prezident aparatına bağlı Strateji Araşdırmalar Mərkəzi və İran XİN’ə bağlı Beynəlxalq Tədqiqatlar Mərkəzində Azərbaycan Respublikasına münasibət məsələləri geniş öyrənilir və müvafiq orqanlara təklif və proqramlar verilir; [Quzey Azərbaycanı öyrənən mərkəzlərin sayı daha da artmışdır].
– Azərbaycan Respublikasının cənubunda etnik azlıqlar arasında separatizm meylləri dəstəklənir;
– Azərbaycan Respublikası ilə münasibətləri gərgin olan dövlətlərlə Azərbaycana təzyiq sahəsində işbirliyi genişləndirilir.
Azərbaycan Respublikasının indiki mərhələdə İrana yönəlik siyasətində aşağıdakı müddəalar mütləq nəzərə alınmalıdır:
• İranın Azərbaycan Respublikasına qarşı fəaliyyəti ciddi qəbul edilməli, əlaqədar dövlət orqanları tərəfindən ona qarşı effektiv tədbirlər hazırlanmalı və həyata keçirilməlidir; İran kəşfiyyatının yerli mərkəzləri qətiyyətlə ləğv edilməlidir;
• İranla münasibətlərdə paritet əsas tutulmalıdır; məsələn, İranda Azərbaycan mətbuatının yayılmasına mane olduqları üçün İran təxribatçı mətbuat orqanlarının Azərbaycana daxil olmasının qarşısı alınmalıdır;
• İrana yönələn təbliğat işi əsaslı şəkildə yenidən qurulmalı, ona fəal xarakter verilməlidir; Azərbaycan Respublikasının müstəqil varlığı hər vasitə ilə İranda təbliğ olunmalıdır; İranda Azərbaycan televiziya verilişlərinin yayılmasına və Bakı radiosunun eşidilməsinə nail olmaq lazımdır;
• Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun təşkili işi sürətləndirilməli və onlara lazımi yardım göstərilməlidir;
• İrandakı Türk (özəlliklə Cənubi Azərbaycan) kapitalı Şimala cəlb edilməli, onunla müştərək müəssisələr qurmaq işinə rəvac verilməlidir;
• Qərbdə yaşayan Cənublu soydaşlarımızla sıx əlaqələr yaradılmalı, onların təşkilatlanmaları işinə yardım edilməli, İran rejiminə qarşı təbliğatda və başqa fəaliyyət sahələrində istifadə edilməlidir; onların nümayəndələrindən mütəxəssis kimi dövlət orqanlarına cəlb etmək olar; onlardan eyni zamanda Qərblə iqtisadi və başqa əlaqələrin yaradılmasında körpü kimi də istifadə etmək olar.
Şübhəsiz, Qarabağ problemi davam etdikcə İran istiqamətli fəaliyyətləri çox ehtiyatla yürütmək lazımdır. Bu vaxt münasibətlərin inkişafı paritet prinsipinə əsaslanmalıdır. Bərabər əsaslarda inkişaf edən əlaqələrin son nəticədə Azərbaycanın xeyrinə olacağı təxmin edilir.
Azərbaycan Respublikasının İrana diqqətinin artırılması Vahid Azərbaycan idealının gerçəkləşməsi vəzifəsindən daha çox Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi zərurətindən doğur. Belə bir həyati məsələdə laqeydlik davam edərsə, Azərbaycan Respublikası yaxın gələcəkdə cənubdan gələn təhlükə ilə üz-üzə duracaqdır. Alternativ yol – Azərbaycan Respublikasının İrana diqqətinin artırılması, ardıcıl və ehtiyatlı siyasətin yeridilməsidir. Belə olan təqdirdə Azərbaycan Respublikası öz varlığını və gələcəyini təmin etmiş olar, yaxın perspektivdə etibarlı müttəfiq (Cənubda güclü milli hərəkat, ya milli muxtariyyət, ya da müstəqil Cənubi Azərbaycan formasında) əldə edə bilər (alıntının sonu).
Bu yazının qələmə alınmasından onillər ötdü. İndi yazılsaydı başqa üslub seçilərdi, başqa mətləblərə baş vurulardı. Amma prinsipial dəyişikliyin edilməsi doğru olmazdı. Çünki münasibətlərdə prinsipial dəyişiklik olmadı. İran Azərbaycana girmək istədi, burada nüfuz sahibi olmaq üçün çox çabaladı. Amma Quzey Azərbaycan, İran strateqlərinin alqısındakı ‘əski İran torpağı’ olmadığını göstərdi. Azərbaycan hakimiyyəti İranın intriqa və düşmənliyini sinəyə çəkdi, ölkə başçılarının ünvanına deyilən ‘sionizm nökəri’ tipli aşağılamaları görməzdən gəldi, uyğun zamanı gözlədi. Qarabağ problemindəki son gəlişmə Əliyevlər hakimiyyətinin ilk dəfə fərqli mövqe ortaya qoymasına nədən oldu. İranın intriqaları və bəyanatları sərt qarşılıq gördü. Münasibətlərə qismi aydınlıq gətirildi.
Sonuc
Günümüz Quzey Azərbaycan əhalisinin əksəriyyəti üçün İran anlayışı Erməni tərəfdarı deməkdir. Sovetlərdən qalan soydaşlarımızın düşməni (Güney Azərbaycan) alqısını da buna əlavə etməmiz gərəkdir. Milli tarixçiliyin gəlişməsi, ümumiyyətlə ictimai həyatın milliləşməsi gedişində Fars ünsürünün Türk dövləti və millətinə qarşı tarixi mücadiləsi daha aydın şəkildə ortaya çıxacaqdır. Rəy sorğularında İran İslam Respublikası reytinqinin yetəri qədər aşağı olması əsasən bununla izah edilə bilər. Eyni zamanda Azərbaycan Respublikasında siyasi İslam tərəfdarlarının müsəlman dünyasında ən aşağı səviyyədə təxmin edilməsinin səbəblərindən birini də sabitləşmiş mənfi İran alqısı ilə izah etmək gərəkdir.
Son Qarabağ savaşında İranın Ermənistan tərəfində yer alması şiə kimlikli təbəqənin dilini qısa etdi. İran/Fars dövlətinin boynuna biçilən ‘müsəlmanların hamisi’, ‘şiəliyin qalası’ alqısı ciddi zərbə aldı. Azərbaycandakı dini ortam müzakirə mövzusuna çevrildi, dini sahədə islahatlar gərəyi mövzusu dilə gətirildi.
Güney Azərbaycanın və Türk millətinin son 30 ildə siyasi statusunda önəmli dəyişikliyin olmadığına baxmayaraq, milli hərəkatın bu zaman içində irəliləməsi, İran dövlətindən psixoloji qopma, Fars kültür orbitindən çıxma meylinin sürətlənməsi günümüzün bir gerçəyidir. Qarabağ savaşı bu meyli daha da gücləndirdi. Bura günlük həyatdakı etnik münasibətlər sahəsində özünü göstərən gərginliyin artmasını da əlavə etmək lazımdır. İranda etnik münasibətlər haqqında aparılan rəy sorğularının nəticələri bu qorxulu gərilmənin göstərgəsidir.
[1] Baxın: turkcudusuncebirliyi.com
[2] Burada və bundan sonra Türklər deyəndə Azərbaycan Türkləri nəzərdə tutulur. Lazım gəldikdə Türkiyə Türkləri, Qazaxıstan Türkləri, Özbəkistan Türkləri şəklində dəqiqləşdirilir.
[3] Məsələn baxın: https://www.youtube.com/watch?v=GY1AJsYg3q0; https://www.youtube.com/watch?v=F9AWpm7Lze8
[4] Türkiyədə son dönəmlər aktiv işlədilən tutumlu ‘alqı’ sözü İngiliscədəki perceptions, stereotipe, image sözlərinin qarşılığıdır. Ərəbcədəki təsəvvür, Ruscadakı obraz sözünə yaxındır.
[5] V. Minorsky, İran, İslam Ansiklopedisi, c. 12/II, Ankara: MEB: s.107.
[6] Mehmet Emin Resulzade, Azerbaycan Şairi Nizami, Ankara: MEB, 1951, s. 7, 172.
[7] Təbrizli Əli, Ədəbiyyat və milliyyət, […], s. 137. Məktəb və mədrəsələrdə yüzillərlə bu əsər öyrədildiyinə baxmayaraq, bizim milli fikirdə ona eyni cür yanaşılmamışdır. Özünün yazdığı kimi, “Fars tayfasından olan” Mirzə Fətəli Axundov bildiyimiz Kəmalüddövlə Məktubları’nda Şahnamə’ni və onun müəllifi Firdovsini bütün ədəbi əsərlərdən və ədiblərdən üstün tutmuşdur. O qətiyyətlə yazır: “Əlhəq demək olar ki, milləti-İslam arasında poeziya ibarətdir fəqət Firdovsinin əşarından ki, misli heç bir bəşərə İslam millətindən bu zamana qədər məqdur [qismət] olmayıbdır.” Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild, s. 31. http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2236-PANIRANIZMIN-YARANMASI-VE-TURKLUK-1.html/articlePg/2
[8] Ərəb hakimiyyətinin və kültürünün zəiflədiyi 11. yüzildə nədən Fars dili və ədəbiyyatının rolu artdı, nədən Farslar dövlət mülki bürokratiyasında hakim mövqeyə gətirildilər kimi suallara cavab üçün baxın: Nesib Nesibli, ‘Selçuklu Döneminde Türk-Fars İlişkileri Üzerine’, Türk Yurdu, Mayıs 2021, Yıl 110, Sayı 405, s. 26-33.
[9] Nailə Vəlixanlı (red.), Azərbaycan tarixi, 2. Cild, Bakı: Elm, 1998, s. 425-438. Türkdilli anlayışının mənşəyi və mənası haqqında baxın, Oder Alizade, Türkdilli Tabirinin Kimlik Anlayışında Doğurduğu Sorunlar, VIII Uluslararası Türk Dünyası Sempozyumu, 2. Cilt, Niğde: 2021, s. 123 – 136.
[10] А.И Медведев, Персия. Военно-статистическое обозрение, СПб, 1909, c. 419, 457.
[11] Yenə orada, s. 421, 457.
[12] Yenə orada, s. 423, 432.
[13] Zeynalabdin Marağayi, İbrahim bəyin səyahətnaməsi və ya Təəssübkeşliyin bəlası, Tərcümə edəni Həmid Məmmədzadə, Bakı: Elm, 1983, s. 237.
[14] Yenə orada, s.62-63, 160-161, 267, 288-289.
[15] Yenə orada, s. 433.
[16] Yenə orada, s. 159.
[17] Yenə orada, s. 437.
[18] Hidayət Hatəmi, Mühacir İran qəzetlərinin müstəmləkəçilik və imperializm əleyhinə mübarizəsi, Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1964, s. 171.
[19] Əhməd Ağaoğlu, İran və inqilabı, Bakı: CBZ, 2009, s.116.
[20] GünAzTV’nin xüsusi bir illik Yalanlama proqramında (2014) bu mövzular mütəxəssislərin iştirakilə ayrı-ayrılıqda eninə-uzununa müzakirə və tənqid edilmişdir. Baxın: https://www.youtube.com/channel/UC9za9wpu_syOdfQMI94OAMw/videos
[21] Ahmed Agayef, Türk alemi-1, Türk Yurdu, sayı 1, yıl 1, 30 Kasım 1911, s. 16-17.
[22] Mehmet Emin Resulzade, İran Türkleri, İstanbul, 1993, s. 17.
[23] Yenə orada, s. 17-18.
[24] Ruşeni Bey, Deşilmeğe muhtaç bir dert.Türkiyede İran Türkleri neden acemleşiyor? Vatan Gazetesi, İstanblul, 25 Ağustos 1921.
[25] M. Qənizadə, Ruşəni Bəgə cəvab, Berlin: Kavyani, 1924, s. 15.
[26] R.Ş.Təbrizi, Türk mütəfəkkirinin nəzəri-intibahına, Berlin: İranşəhr, 1924, s. 19.
[27] Şəbüstərli Mirzə Əli Möcüzün əsərləri, toplayan Məhəmməd Tağı Zehtabi, Birinici cild, s. 12; Şəbüstərli Mirzə Əli Möcüz, Şeirləri, tərtib edəni Kamil Vəli Nərimanoğlu, Bakı: Oskar, 2007, s. 3-4.
[28] Təbrizli Əli, Ədəbiyyat və Milliyyət, Tehran: Atropat Kitabevi,[ilsiz].
[29] Etnik münasibətlərdəki durum haqqında rəy sorğularının elan edilən nəticələri bu sahədə durumun ürəkaçan olmadığını göstərir. 1995’in mayında İran dövlət radio-televiziya şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrini örnək verə bilərik. Anket formasındaki Türk ilə evlənməyə hazırsınızmı?, Qızınızı Türkə verərsinizmi?, Türklə qonşu olmaq istərsinizmi? kimi 11 təhrikedici sualı cavablandıranların əksəriyyəti mənfi münasibət bildirmişdi.
[30] Baxın: Yeni Müsavat, 17. 08. 1995; Nəsib Nəsibzadə, Bölünmüş Azərbaycan, Bütöv Azərbaycan, Bakı: Ay-Ulduz, 1997, s. 158-162.

Prof. Nəsib L. Nəsibli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir