Mayın 10-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. İranın (o cümlədən Şərqi Azərbaycan vilayətinin), Azərbaycanın (o cümlədən Naxçıvan Muxtar Respublikasının) gömrük sahəsinə cavabdeh olan yüksək rütbəli məmurlarının keçirdiyi görüş sıradan bir tədbir, sıradan bir xəbər olmadı. Baxmayaraq ki, geniş ictimaiyyətin diqqətini bu məsələlər cəlb etmədi.
Tərəflərin müzakirələr zamanı dostluq, qarşılıqlı faydalı əməkdaşlıqla bağlı verdikləri ümumi və standart açıqlamaların üstündən sürətlə keçərək demək olar ki, görüşü maraqlı və cazibədar edən Şərqi Zəngəzurla Naxçıvanı bir-birinə bağlayacaq kommunikasiya məsələlərinə diqqət yetirilməsi olub. Azərbaycanla İran arasında son aylarda müşahidə olunan dostluq və sıx işbirliyi artıq Ermənistanı fakt qarşısında qoyub. Bu işbirliyi sayəsində Ermənistan bölgədəki aparıcı müttəfiqini, eyni zamanda Azərbaycana qarşı istifadə edə biləcəyi ciddi rıçaqlardan birini itirməkdədir. Zəngəzur dəhlizini açmaqdan imtina edən Ermənistan əlavə şərtlər qoşmaqla Azərbaycanı seytnot vəziyyətə salmaq istəyirdi. Lakin nə Ermənistan, nə də onu qızışdırıb bu duruma gətirənlər Azərbaycanın gözlənilməz siyasi gediş edəcəyini, Ermənistandan yan keçərək, İran vasitəsilə “Yeni Zəngəzur dəhlizi”ni aça biləcəyini güman etməmişdilər.
May ayında keçirilən görüşdə 11 mart 2022-ci ildə Azərbaycan və İran arasında imzalanan, Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Memorandumdan irəli gələn məsələlər əsas müzakirə mövzusu olub. Görüş zamanı azərbaycanlı və iranlı gömrükçülər Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətini də müzakirəyə çıxarıblar. Bu görüş və alınan qərarlar iqtisadi məsələlərdən daha çox, siyasi və geosiyasi mahiyyət daşıyır.
Bu addımla Azərbaycan Zəngəzur dəhlizi mövzusunda diktə edən tərəf olduğunun, bu yolun açılacağının, Azərbaycanın Naxçıvanla, dolayısı isə Türkiyənin, Azərbaycanın türk dövlətləri ilə birləşdiriləcəyinin mesajını vermiş oldu. Kimlərsə Ermənistan vasitəsilə “dəhliz təzyiqi”ni əldə saxlamaqla nəyəsə nail olacaqdısa artıq o imkan da itirilmiş oldu. Azərbaycan bu addımıyla dəhlizin də, İranın da, elə Ermənistanın da üzərində təsir imkanlarının olduğunu, bu mövzularla bağlı heç kimsənin manipulyasiya edə bilməyəcəyini göstərdi. “Yeni Zəngəzur dəhlizi”nin incə mesajını isə belə də anlamaq olar: “Dəhliz də, İran da, elə Ermənistan da bizimdir. Bunlardan Azərbaycana qarşı istifadə etmək mümkün deyil”…
Mubariz Goyushlu