Şimdi yükleniyor

Hasan Oktay: Ukrayna böhranı daha da dərinləşir: Sülh planı havada qaldı

ABŞ Prezidenti Donlad Tramp tərəfindən Ukrayna münaqişəsinin həlli üçün irəli sürülən sülh planına Volodimir Zelenskinin münasibətində qeyri-müəyyənlik müşahidə olunur. Tramp, Zelenskinin Vaşinqtonun təklif etdiyi plana laqeyd və ehtiyatlı yanaşmasına etirazını bildirib. Ukrayna tərəfinin isə yaxın həftələrdə planla bağlı konkret qərar verməsi gözlənilir. Bu vəziyyət regionda sülh prosesinin gələcəyi ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay EDnews-a açıqlamasında qeyd edib ki, hər keçən gün Ukrayna böhranı daha da dərinləşərək həllini tapmayan problemlər silsiləsinə çevrilir:

“Tramp seçki kampaniyası dövründə və prezidentliyə başladıqdan sonra ilk növbədə Ukraynada atəşkəsin və sülh sazişinin əldə olunmasına yönəlik siyasət yürüdürdü. Mövcud proseslər göstərir ki, o, Ukraynada mümkün sülh razılaşmasının dünya ictimaiyyətinə məhz öz diplomatik uğuru kimi təqdim olunmasını istəyir. Əgər sülh əldə olunmasa, Tramp bu vəziyyətdə Rusiya ilə Avropa İttifaqı arasında gərginliyin davam etməsini daha məqsədəuyğun hesab edir. Yeni strategiya sənədində də bu xətt öz əksini tapır. Tramp, Ukrayna böhranının Avropa ilə Rusiya arasında geosiyasi qarşıdurmaya çevrilməsini, bu münaqişə vasitəsilə isə hər iki tərəfə təzyiq göstərərək onları zəiflətməyi hədəfləyir”.

Professor əlavə edib ki, Amerika Çinlə strateji rəqabətini davam etdirərkən, Ukrayna böhranının Avropa ilə Rusiya arasında regional böhran kimi qalmasında maraqlıdır:

“Bununla ABŞ həm Avropa İttifaqı, həm də Rusiyanın özünə qarşı birləşməsinin və hər iki tərəfin Çinlə yaxınlaşmasının qarşısını almağa çalışır. Bu geosiyasi vəziyyəti dəqiq analiz edən Ukrayna Prezidenti Volodimir Zelenski, Donald Trampın seçilmə ehtimalını nəzərə alaraq balanslı mövqe tutmağa başlayıb və ABŞ-a zərər verə biləcək istənilən sülh sazişini qəbul etməkdən imtina edib. Hazırda ABŞ və Rusiya nümayəndələri arasında sülhə dair müəyyən təmaslar olsa da, hər iki tərəf öz maraqlarına uyğun olmayan razılaşmanı qəbul etməkdə tərəddüd edir. Trampın əsas məqsədi budur ki, nə Zelenski uduzsun, nə də Putin qalib gəlsin. Müharibənin bu cür qeyri-müəyyən və nəzarətli şəkildə davam etməsi hazırda ABŞ-ın geostrateji maraqları üçün uyğun hesab olunur”.

Aytac Kərimova
https://ednews.net/az/news/analytical-wing/707226-ukrayna-bohrani-daha-derinlesir-sulh

Yorum gönder