KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Fuad Gahramanli: İranla Azərbaycan arasında müharibə baş verə bilərmi?

Fuad Gahramanli: İranla Azərbaycan arasında müharibə baş verə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
28 0

Bizi hansı təhlükə gözləyir?

Azərbaycan və İran arasında yaranmış gərginlik yeni mərhələyə daxil olur. Adətən əvvəlki dövrlərdə iki ölkə arasında gərginlik yarananda heç vaxt Azərbaycan tərəfi buna rəsmi münasibət bildirmir, problemi qapalı diplomatik kanallarla həll etməyə üstünlük verirdi. Bu dəfə isə dövlət başçısı İlham Əliyev İranın Azərbaycanla sərhədlərə ordu yığmasına açıq etirazını bildirdi. Demək ki, Azərbaycan İranın təhdid mesajlarına yanaşmasını dəyişdiyi üçün gərginlik daha da arta və uzun sürə bilər.
İlk növbədə maraq doğuran məsələ İranın nəyə görə sərhəddəki hərbi təlimlərlə Azərbaycana qarşı bu cür təzyiq göstərməyə çalışmasıdır. Yaranmış gərginliklə bağlı Azərbaycan tərəfi hər hansı izahat verməsə də İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, onlar “Sionizmin ölkələrinin sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəklər”. Buradan belə nəticə çıxır ki, İran ya Azərbaycan İsrail hərbi əməkdaşlığından narahatdır, ya da öz əsil narahatlığını bu ideoloji tezis arxasında gizlədir. Nəzərə alsaq ki, Azərbaycan İsrail hərbi əməkdaşlığı təkcə bu gün yox, əvvəllki illərdə də olub, o zaman İranın narahatlığının əsil səbəbinin başqa olduğu aydın olar.
İranın narahatlığının əsil səbəblərindən birini bu günlərdə SEPAH komandalarından Hüseyn Purismayıl açıq şəkildə ifadə edib. O deyib ki, “Azərbaycan Türkiyə və Pakistan hərbi əməkdaşlığı Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoya bilər.” Öncə onu vurğulayaq ki, bu cür avantürist ifadə heç bir diplomatik etikaya sığmır və Azərbaycan dövlətini yer üzündən silməklə hədələnməsi deməkdir. Bu yerdə iranlılar demiş şirin quyruğu görünür, demək ki, Azərbaycan, Türkiyə və Pakistan hərbi əməkdaşlığı Türkiyənin Cənubi Qafqazda hərbi mövcudluğuna yol açdığı üçün İran özünü oyundan kənar qalmış hiss edir və bu fonda da Azərbaycanın hərbi müdafiə imkanlarının artırmasından narahat olur. Zatən 44 günlük müharibə zamanı İran Ermənistana etdiyi hərbi yardımlarla bu mövqeyini göstərməkdə idi.
İkinci önəmli səbəb isə Gorus – Qafan yolunun Azərbaycan dövlət orqanları tərəfindən nəzarətə götürülməsi ilə bağlıdır. İran Azərbaycan tərəfinin etirazlarına baxmayaraq bu yol vasitəsilə ilə Qarabağdakı separatçı rejimə müxtəlif təyinatlı yüklər göndərməklə işğalçıları açıq aşkar himayə edir, qonşuluğu yaraşmayacaq bir şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı saymazlıq göstərirdi. İndi Qarabağdakı ermənilərə bu yolla yardım etmək və ölkəmiz ərazisindəki separatizmi dəstəkləmək imkanı əldən çıxdığı üçün İran Azərbaycana qarşı qəzəblidir.
Bir nüansı da qeyd edək ki, İranın xüsusi ilə də təhlükəsizlik və hərbin rəhbərliyi Əfqanıstandan bu ölkəyə gətirilərək Ermənistana və oradan da Qərb ölkələrinə göndərilən narkotiklər üzərindən böyük qazanclar əldə edirlər. Bu baxımdan Gorus – Qafan yolunun nəzarətə götürülməsi həm də İran rəhbərliyindəki müəyyən kəsimin maraqlarına da ciddi zərbə vurur.
Bundan əlavə İran görür ki, Cənubi Qafqazdakı geosiyasi rəqabətdə ona hər hansı iştirak haqqı tanınmaması və yeni oyunçuların proseslərdə iştirakı fonunda “ofsayda” qalması onu regional güc kimi daha da zəiflədir və önəmsiz edir. Bu üzdən də hərbi təzyiq və təhdidlə öz mövcudluğunu və maraqlarını gündəmə gətirməyə çalışır.
Maraq doğuran məsələ budur ki, bəs indiki bu gərginlik müharibəyə, hərbi toqquşmalara çevrilə bilərmi? İndiki şərtlər çərçivəsində bu real deyil. Çünki İran rəhbərliyi yaxşı bilir ki, əgər Azərbaycana qarşı hərbi gücə əl atmaq kimi sərsəm bir niyyətə düşərsə bu, beynəlxalq səviyyədə çox kəskin reaksiya doğurar. Bu halda İran ən yumşaq halda daha kəskin sanksiyalarla üzləşər. İranın onsuz da sanksiyalardan çətin duruma düşdüyü hazırkı vəziyyətdə bu fəlakətli nəticələrə səbəb ola bilər. Eyni zamanda İran rəhbərliyi onu da gözəl bilir ki, Azərbaycana hərbi müdaxilə bu təcavüzü İrana qarşı daha sərt tədbirlər görmək üçün bir imkan kimi dəyərləndirməyə hazır olan İsrail və ABŞ – a gözəl bir fürsət vermiş olar. Aydındır ki, İran da hazırkı iqtisadi böhran və müqayisə olunmayacaq hərbi gerilik şəraitində belə bir hərbi qarşıdurmaya getmək istəməz. Biz bunu Qasım Süleymani məsələsində də, Hörmüz körfəzinə Amerika hərbi gəmilərinin gəlməsi olayından da aydın gördük.
Digər tərəfdən isə İran hər nə qədər özünün ərazi və əhali böyüklüyünə güvənsə də, bu ölkənin ordusunun texniki imkanları 70-80 ci illərin istifadə müddəti çoxdan bitmiş texnika və silahları səviyyəsindədir. Bu baxımdan yüksək texnologiyalarla və müasir silahlarla təhciz olunmuş Azərbaycan ordusu İran üçün heç də asan hədəf deyil. 80 – ci illərdə İraqda uğursuz və primitiv döyüşlər aparmış İran ordusu, Qarabağ savaşında yüksək peşəkarlıqla və müasir texnologiyalarla vuruşmuş Azərbaycan ordusundan döyüş hazırlığına, silah təhcizatına və təcrübəsinə görə çox geri qalır. İran ordusunun döyüş hazırlığı hərbi təyyarə bilib Ukrayna sərnişin təyyarəsini vurmasından, Hörmüz körfəzində hərbi təlim zamanı səhvən öz gəmisini partlatmasında da görünür. Ona görə də İranın belə bir ordu ilə Türkiyə kimi hərbi müttəfiqi olan Azərbaycana hərbi müdaxilə edəcəyini gözləmək olmaz.
Başqa bir tərəfdən isə İranda 40 milyona yaxın Azərbaycan türkünün yaşaması, bu ölkənin hərbi – siyasi elitasında mühüm yer tutması səbəbindən İranın ölkəmizə hər hansı təcavüzü daxili etnik iğtişaşlara və sobatallara səbəb olar. Aydındır ki, İran rəhbərliyi də bu faktı nəzərə alır və qarşısındakı Azərbaycan dövlətin 40 milyonluq uzantısının, böyük bir parçasının müvəqqəti də olsa onun içində olduğunun fərqindədir.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.