KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: 20 yanvar dairəsindən görünən Azərbaycan

Fuad Gahramanlı: 20 yanvar dairəsindən görünən Azərbaycan

Kafkassam Editör Kafkassam Editör - - 24 dk okuma süresi
123 0

3 gün ərzində apardığım müşahidələr.

Bu bizik. Cəmiyyət olaraq bizim gündəlik qayğılarımız, düşüncə və həyat tərzimiz, zahiri davranış qaydalarımız, ünsiyyət tərzimiz, çalışma formamız elə bil güclü bir “dəmir yumruq” tərəfindən sıxılaraq sanki bir dairənin içinə yerləşdirilib.
Bura məhşur 20 yanvar dairəsidir. Həmişə insanların sıx hərəkət halında harasa tələsdiyi, daim sel kimi axan avtomobillərin tıxacda tısbağa sürəti ilə irəlilədiyi, bu üzdən də aramsız siqnal səslərinin kəsilmədiyi, beton konstruksiyalı nəhəng körpünün açılmış “dəmir yumruq” kimi insanların başı üzərində hər an enməyə hazır qapaz kimi asıldığı, öz görünüşü, səs küyü ilə qaynar şəhər həyatının bir dairə içində necə cərəyan etdiyini göstərən filim səhnəsinə bənzəyən, şəhərə ilk gələnləri öz haray-həşirində, qarma – qarışıq get gəlində çaşdırıb azdıracağı, əjdaha kimi udacağı ilə qorxudan, hər cür insan təbiəti, xarakteri ilə çirkləndiyi üçün Bakının damarları tutulmuş xəstə ürəyi kimi döyünən 20 yanvar dairəsidir. Burası üst və yeraltı hissədən ibarət iki mərtəbəli bir dünyadır, səfalətin, ticarətin, qabalığın, saxtakarlığın, yalanın, tanışlığın, görüşlərin, razılaşmaların, yola salmaların ayrılıqların yaşandığı , bir parça çörək üçün fürsət gəzənlərin gəzib dolaşdığı xırdavat dükanı kimi sayıb bitiriləsi mümkün olmayan özünəməxsluqları, görünən və gizlin tərəfləri olan bir aləmdir. Eynən məmləkətin özü kimi görünən üst və alt qatlarda yaşanan, var oan Azərbaycan kimi.

Metronun dörd bir tərəfdə yerləşən çıxışları aşağıda müxtəlif qollara ayrılmış tunellərlə birləşir. 20 yanvar dairəsinin yeraltı dünyasını təşkil edən bu tunellər boyu boyu sıx, bir birinə dayalı yüzlərlə ticarət köşkləri uzanır. Onlar vergi əvəzinə yer haqqı olaraq metropoliten idarəsinə nağd şəkildə, qarşılığında heç bir qəbz verilməyən ödənişlər edirlər.
Normal hava ventillyasiyası olmayan bu tunellərdə yayda istidən və havasızlıqdan əziyyət çəkən satıcılar köynəklərini yuxarıdan aşağıya doğru az qala mədələri görünənə qədər açıb tərdən islanmış tüklü sinələrini yelləyir, dalğanın qumlu sahilə atdığı çırpınan balıqlar kimi öz köşkləri ətrafında taqətdən düşmüş şəkildə oturur, asta asta var gəl edirlər…

Bura təmtəraqlı çıxışların, üfürülərək şişirdilmiş rəqəmlərin, bəzədilmiş fasadların arxasında örtülü qalan alt qatdakı Azərbaycanın canlı real bir maketi də sayıla bilər.
Yaydan fərqli olaraq soyuq aylarda havasız, rütubətli tunellərin istisində xumarlanan satıcılar bir qayda olaraq alverin azlığından bir birlərinə şikayətlənir, ancaq hər gün də bu narazı olduqları fəaliyyəti səhər saatlarından işə başlayaraq davam etdirirlər. Onlar gündəlik olaraq təkrarlanan dəyişməz ritual kimi plastik materiallardan standart qaydada yığılmış ağ rəngli balaca köşklərin qarşısında dayanıb gəlib gedən adamları sanki öz baxışları ilə qarmağa keçirib dükanlarına çəkməyə çalışır, daha keyfiyyətli ayaqqabı, şalvar, kurtka, koftalar burda deyib hərdən öz satdıqları malları səsli reklam edirlər….

Budur, gülümsəməkdən yanlara dartılan dodaqlarını nəzarətdə saxlamağa çalışan qadın çantaları satan gənc oğlan müştərisi olan iki qıza çantaları həvəslə göstərir və hiss olunur ki, təkcə malını satmağa deyil, həm də qızlarla söhbətləşməyə, danışığı bir qədər də uzatmağa can atır. Rəfiqəsinin ciddi görkəminə rəğmən nisbətən boyu balaca, miniatür bədən quruluşlu kare saçlı qız isə satıcı oğlanın bu canfəşanlığını öz oynaq təbəssümü ilə mükafatlandırır. O, rəfiqəsinin ona çəp – çəp baxışını da görməzdən gələrək, oğlanı danışnağa daha da həvəsləndirir. Satıcı ğğlan isə ona baxaraq Çin istehsalı olan çantaların əsil türk malı olduğunu deyir, üzündəki təbbəsümlə “alsanız sizə aşağı yeri də var” deyib həm nəsə satmaq istəyir, həm də ki, çantanı dediyindən aşağı qiymətə verdiyi üçün minnət qoyub “telefon nömrəsi qoysanız yeni mallar gələndə sizə xəbər edərəm” fəndini işlətməyə hazırlaşır. Ancaq hiss olunur ki, nisbətən hündür boylu qız təklif olunan çantalardan daha çox, diqqətdən kənarda qalmağından narazıdır. O, qaşlarını çataraq rəfiqəsinin əlində tutub “o tərəfdə daha yaxşı mallar var deyib” sanki oğlana “arzun gözündə qalar” deyirmişcəsinə rəfiqəsini öz arxasınca çəkib aparır. Gedənlərin arxasınca acıqla baxan oğlan da üzünü yanındakı şalvar satan həmkarına tutub ucadan onların da eşidə biləcəyi bir səslə “adama deyərlər, əgər almayassansa niyə gəlib başımı xarab edirsən ” söylədi və sonra da balaca dükana girib deyinə – deyin düşürdüyü çantaları yerinə asmağa başladı…
Bir qədər aralıda isə kişi kurtkaları satılır. Orta yaşlı, üzü tüklü kişi yan tərəfdə krasovka satan həmkarına “bu alverin də zayı çıxıb e, Vallah səhərdən heç siftə eləməmişəm” deyib giley güzar edir.
Biraz qabağa gedirəm və gümüş bəzək əşyaları satan qaraqabaq kişi öz müştərisinə “qaqa canı bunlar indi dəbdədir, son modeldir, şəhərdə ən ucuz mal məndədir, Dubaydan özümüz gətiririk, al əgər qızın xoşuna gəlməsə gətirib qaytararsan ” deyərək Sədərək yarmarkasında qramı 6 manata təklif olunan gümüş qolbağı ona 7,5 manata satmağa çalışır .

Velotrekin qarşına doğru uzanan tuneldə isə hava daha ağır, insan get gəli isə daha çox sıxdır. Burada qadın koftalar satan gənc kişi şalvarı satan qonşusuna keçən dəfə bir koftanı maya dəyərinə verib qızın nömrəsini aldığını, özü də onun “bomba” şey olduğunu deyib bic- bic gülümsəyir. O, da həmsöhbətinə qibtə edən bir tonla “sən də zəli kimisən, yapışdınsa vsyo, qopmazssan” deyib açılmış əlinə təsdiq silləsi vurmaq üçün ona uzatdı.
Budur, biri şəkili digəri də talış ləhcəsi ilə siyasətdən danışan iki satıcıdan biri digərinə Fransanın erməniləri yenidən Qarabağa gətirmək istədiyini deyir, əlində təsbeh fırladan arıq, səliqəli saqqalı olan şəkili həmkarı da qımışa- qımışa, dodaqlarını irəli uzadıb astadan məhşur rus sözünü deyərək “… y bir də gələrlər, onlar bizdən indi it kimi qorxurlar canım üçün, , həm də bilirlər ki, Paşiniyan Ermənistanda hakimiyyətdə olduğu müddətdə Putin bir kopolu erməninin geri qayıtmasına imkan verməz” deyib əlinin dalı ilə sanki bu məsələni kənara itələyib , “ə, görürsən də Qəzzada camaatı uşaq böyük demıdən necə öldürürlər” mövzusuna keçid elədi .

Bir qədər irəlidə isə dükanının qarşısına qoyduğu taburetkada əyləşmiş şişman satıcının başı isə tənbəl tənbəl gah sağa, gah da sola dönür, hiis olunurdu ki, gəlib gedən gözəgəlimli qadınları öz baxışları ilə yola salır.
Onun yanında isə uşaq ayaqqabısı satan üzündə çapıq izi olan, çəlimsiz bədən quruluşlu kişi ilə yanında 5-6 yaşlı uşaq olan gənc qadın arasında qiyməti aşağı salmq üstündə gərgin mübahisə gedirdi. Bayaqdan bəri başını qaldırıb altdan yuxarıya doğru baxan uşaq bir küncündə çat olan eynək taxılmış gözlərini gah satıcıya, gah da anasına zilləyərək, onların mübahisənin nə ilə bitəcəyini gözləyirdi. Qadın “ay qardaş Vallah imkan yoxdur da nə edim, ayağındakı uşağın ayağını sıxır, heç cür çatmır o qədər dərd problem var ki, gəl 25- ə ver götrüm” deyib dil tökür, qiyməti salmağa çalışır. Saatıcı kişi də üzündəki qaşqabaqlı ifadə ilə heç cür yumuşalmayacağını göstərərək “ay bacı, mən də istəyirəm alverim getsin də, ancaq o qiymətə xeyir eləmir, neyləyim, xaraba qalsın buranı, qazancımız onsuz da kirayələrə gedir, 2 min də uşağın universitetə təhsil haqqını ödəməliyəm, bəs nə ilə verim onu hə?” O, danışmaq istəyən qadının yenə nə deyəcəyini bildiyi üçün ona ağzını açmağa imkan vermədən ” Allah bu gömrükdəkilərin evin yıxsın, tez- tez qiyməti qaldırırırlar, bizim də alver get- gedə ölür, mən üstünə cəmi 3 manat pul qoymuşam, necə endirim? ” deyib sual dolu nəzərlə qadına baxdı və əlini yox işarəsi olaraq qadının seçdiyi ayaqqabının üstünə qoydu…
Bu mənzərəyə dözməyib yeyin addımlarla oradan tez uzaqlaşıram…

Metronun 20 yanvar dairəsi ilə üzü Şamaxinkaya doğru olan çıxışda isə əməlli başlı haray həşir, vur çatlasındır. Pilləkənlərin sonunda qarşısına zənbil, torba qoyub kapron yeşik üstündə əyləşmiş belinə şall bağlamış iki yaşlı qadın ucadan ” yeddisi, səkkizi bir manata limon” deyib öz aralarında ticari rəqabəti apardılar . Bir qədər aralıda dayanmış kişşi isə “yerli Lənkəran limonu, gəl təmiz limona” deyərək öz satdığını “əsil limon” kimi reklam edir, əlində tutduğu limon yığılmış selofanları yellədərək sanki adamları cəlb etməyə çalışırdı.
Bir neçə yerdə isə yerə atılıb islanmış, ətrafına qara palçığa bənzər yığıntı yığılmış sellofan torbalar, onların arasında isə əzik siqaret qutuları, ətrafa səpələnmiş kağız qırıntıları və tapdanmış sarı yarpaq yığıntıları gözə dəyirdi.
Çıxışın sol tərəfində rəngsiz fanarkadan yığılmış piştaxtanın üstündə isə çoxlu göyərti yığılıb. Bu göyərti qalağı arxasından başı güclə görünən məktəb yaşlı oğlan uşağı isə “gəlin 6 dəstəsi bir manata” deyib alıcıları səsləyirdi. Arada bir yaxınlaşan qadın müştərilər göyərti dəstələrini seçərkən hərdən onlardan biri yerə düşür, bu zaman da satıcı oğlan əyilib onları ayaq altından götürür, “bu zibili yerə salmayın da” söyləyərək deyinirdi. Göyərti satanıdan təqribən iki metr aralıda göy rəngli masanın üstünə çoxlu lotereya kağızları qoyulub və onun ətrafında üst başları nimdaş görünüşlü, üzləri tüklü, bəzilərinin əlində siqaret olan 5-6 gənc toplaşmışdı. Onlar tərəddüdlə və açıq hiss olunan bir gərginliklə ciblərindən çıxardıqları mabatlıqları satıcıya verib udmaq ümidi ilə lotereya biletlərini pizurdular. Bəxtini sınayıb məyus olmuşlar bir qədər kənarda durub yeni oyunçulara ümidlə baxırdılar ki, kaş heç olmasa onlar udaydılar və buna görə də onlar da yenidən ümiddlənib günəmuzd işdən qazandıqları ilə səhər gəlib şanslarını yenidən yoxlayardılar.

Metro çıxışının sağ tərəfində isə Sumqayıta, Xırdalan, Saraya, Masazırda bir manat deyib müştəri çağıran taksi sürücülərinin səsindən qulaq tutulur. Rayonlarda iş tapa bilmədiyi üçün olan qalanını satıb kreditlə köhnə sınıq salxaq bir maşın alıb taksi fəaliyyəti ilə məşğul olan çoxsaylı gənclər üçün burada müştəri tapmaq son dərəcə önəmlidir və onlar bu işə daha çox yaşamaq uğrunda əsil mübarizə kimi baxlrlar. Onlar bu qazancla həm qaldıqları evlərin kirayə haqqını verməli, həm kredit və dolanışıq xərclərini ödəməlidirlər. Bu üzdən də bir çox hallarda aqressiv olurlar. Ona görə də bəzən müştəri üstündə aralarında davaya qədər gedib çıxan mübahisələr yaranır . Elə our ki, bir də görürsən harasa getmək istəyən müştərinin üstünə eyni anda iki sürücü hücum çəkərək onu ov kimi ələ keçirməyə çalışır. Bu zaman uduzan tərəf o birinin arxasınca “xiyar imkan verməz ki, çörək qazanaq” deyib növbəti “ov” axtarışına başlayır.
Avtomobildə otrub intizarlı baxışlarla yola çıxmaq üçün maşının dolmasını gözləyən müştərilər isə bəzən vaxt çox keçəndə, səbrləri tükəndiyi üçün avtomobildən düşüb başqa daha tez gedəcək maşın axtarırlar. Bu zaman isə sürücü müştərini səbirsiz olmasına, tələskənliyə görə məzəmmət edir və kənardan elə görünür ki, sanki adam onu arxayın edərək aldadıb, indi də yolda yarımçıq qoyaraq tərk edir. “Ovu” əlindən çıxan sürücü deyin – deyinə yenidın metro çıxışına doğru yeni həmləyə keçir.
Üzü axşama doğru isə adambaşı 1 manat olan qiymətlər 2 manata qalxır, əgər kimsə bu qaydaya tabe olmayıb aşağı qiymət təklif edirsə, dərhal həmkarlarının kollektivi etirazı ilə qarşılaşır. Kənardan durub bu mənzərəyə baxanda, taksiçilər arasında olan kəskin rəqabətin, mübahisənin onların qiymət qaldırmaq məsələsindəki həmrəyliyinə heç də mane olmadığını görürsən. Və düşünürsən ki, yəqin bir iki manat üstünədə belə kəskin rəqabət aparan bu insanlar, bəlkə də yaşadıqları ölkəsinin milyardlarla sərvətinin necə talan edildiyindən xəbərsizdirlər.

Metro çıxışın sol tərəfində, piyada yolunun üzü Şamaxinka deyilən əraziyə tərəf olan hissəsində isə balıq iyi ətrafı bürüyüb. Burada süni göl balıqlarını Xəzər və Kürdən tutulma adı ilə satırlar. Satıcılar hər dəfə müştərilərin bununla bağlı sualna cavab verərkən Allaha and içərlər ki, satdıqları vətəkə balığı deyil. Axşam tərəfi isə satılmayan balıqları yığıb aparır, şəhərlər isə onları yenidən geri gətrib öz yarım metr hündürlüyündəki stolun üstünə düzür, “səhər tutulub gətirilmiş” təzə balıqdır deyib satırlar.
Balıqçının yan tərəfində isə sellofan torbada üç ədədi 12 manata kənd toyuğu satan arıq, üzü tüklü, yan tərəfdə dişi olmayan satıcı oğlan üzünü turşudub dolu bədənli , düymələri dartılaraq güclə bağlanan geyilməkdən sürtülmüş drap gödəkcəli, təqribən 50 yaşlarında olan bir qadınla mübahisə edir. Qadın ona “ayıbdır e, Vallah, Allahdan qorx, təzədir dedin, mən də sənə inanıb açıb baxmadım, aparıb evdə baxıram ki, içi iylənib, əti də o qədər dondurub açmısan ki, rəngi dəyişib, didilir” deyib məzəmmət edirdi. Satıcı da “ay xala ola bilməz, yəqin sənə elə gəlir, ölənlərinizin goru haqqı, bu ölsün məndə ancaq təzə toyuqlar olur” deyib əlini yüngülcə üzünə vuraraq qadının haqsız olduğunu göstərməyə çalışır, onu yola verib mümkün qədər tez getməsini istəyirdi ki, yaxınlaşan başqa müştərilər deyilənləri eşidib toyuq almaqdan vaz keçməsinlər.
Balıqçı və toyuqçu ilə üzbəüz yolun əks tərəfində yerləşən dükanların satdıqları mallaları reklam edən, onların orjinal olduğunu deyən səslər səsgücləndiricidən çıxdıqları üçün bir birinə qarışaraq ətrafa yayılırdı.

Təqribən 50 metr irəlidə üzü Şamaxinka deyilən tərəfə doğru 7-8 pilləlik çıxışdan qalxdıqdan sonra, əsas asfalt yolun kənarı ilə avtobus dayanacağına doğru yol uzanır. Bu pilləkənlərin sağ tərəfində açıq həyəti olan çayxana var. Çayxananın həyətində və ətrafında isə daim olaraq yaşı 40-n üzərində görünən , vulqar geyimi ilə seçilən , kobud üz cizgilərini dəriyə yaxşı hopmamış ucuz kosmetika ilə rəngləmiş, şit, tünd qırmızı dodaq boyası çəkmiş bir neçə qədim peşə sahibi daim gəzişir, müştəri axtarılar. Bəzən də üzü tüklü, nimdaş geyimli və içkili olduğu kənardan sezilən yaşlı kişilərin onların qarmağına düşdüyünü görmək olur. Bu ərazi daim Sumqayıt istiqamətinə taksi, avtobus gözləyən adamlarla dolu olur. Çünki burada axşamüstü vaxtlarda taxsi qiymətləri qalxandan sonra metro çıxışının yanından fərqli olaraq, bir manatlıq taxsilləri tapmaq olur.

Körpünün altı ilə yolun əks tərəfinə – “Azərsuyun” binası qarşısındakı metro çıxışı olan tərəfə keçirəm. Burada da eyni mənzərə davam edir. Qarşısına çirkdən bozarmış , rəngsiz fanarkadan düzəldilmiş stolun üstünə kisədə qoz, badam, qarğıdalı yığıb satan qadın sakitcə otrub əllərini qoynunda çarpazlayıb yol çəkən gözləri ilə müştəri gözləyir. Yorğun gözləri ilə elə baxır ki, sanki baxışları da özü kimi kökdür və tərpənməyə taqəti qalmayıb.
Bir qədər aralıda isə hərəkətli taxtadan düzəlmə stolun üstündə ucuz Çin istehsalı olan qulaqcıq və adapterlər yığılıb və satıcı “gəlin ucuz və orjinal mallar bizdə” deyib öz satdıqlarını uca səslə reklam edir. Piyada keçidi ilə əsas avtomobil yolunu ayıran dəmir məhəccərin o biri tərəfində isə Lökbatana, Sədərəyə, Binəyə deyib adam çağıran, müştəri üstündə mübahisə edən taxsiçilərin səs küyü ucalır…
Və dörd bir tərəfdən 20 yanvar dairəsinə gələn yollara baxdıqca, bu məmləkətdə
bütün yolların 20 yanvar dairəsinə apardığını düşünürəm və bu düşüncələrin ağırlığı altında da oradan uzaqlaşıram….

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir