Rus uzman: Aliyev ve Nazarbayev SSCB’nin başına geçseydi ülke dağılmazdı

İranı ahvazda kim vurdu ?

İdlib anlaşmasına Amerika təhlükəsi

İranda askeri geçit törenine saldırı

Elxan Şahinoğlu “Birləşərək Türkiyəni çətin duruma salmaq istəyirlər”

Türkiye 10 Aralık 2015
893

Politoloq Elxan Şahinoğlu Rusiya ilə Türkiyə arasındakı gərginliyin yaxşı nəticə vəd etmədiyini düşünür

Yaxın Şərqdə “ərəb baharı”nın gətirdiyi gərginliyin miqyası durmadan artmaqdadır və Suriyada Türkiyəylə Rusiyanın üz-üzə gəlməsi ilə bölgədəki münaqişə bir qədər də alovlanıb. Məlumdur ki, Suriyada artıq dörd ildir vətəndaş müharibəsi davam edir və bu, müxtəlif dövlətlərin oraya müdaxilə etməsinə rəvac verir. Nəticədə isə həmin ölkələr də bir-birinə düşmən kəsilir, ümumilikdə dünyanın düzəni pozulur. Bu mövzuda politoloq Elxan Şahinoğlu ilə söhbətləşdik. Müsahibimiz bildirdi ki, Suriya böhranı olmasaydı, bu gün Rusiya ilə Türkiyə arasında gərginlik yaşanmazdı və normal münasibətlər davam edərdi. Amma artıq nəinki münasibətlər pisləşib, faktiki olaraq, “soyuq müharibə” başlayıb və Suriya böhranı düzəlməsə, Avrasiya məkanını çox böyük təlatümlər gözləyir. Çünki burada fərqli qüvvələr, fərqli maraqlar toqquşur.

– Elxan bəy, Suriya və İraqdakı proseslər Türkiyə ilə Rusiyanın münasibətlərinin pozulmasına səbəb oldu. Bu gərginlik hansı həddə qədər davam edə bilər?

– Gərginliyi daha çox Rusiyanın artırdığını düşünürəm. Hətta mövzunu Birləşmiş Millətlər Təşkilatına çıxarmaq istəyərək guya Türkiyənin Şimali İraqa müdaxilə etdiyini, onların daxili işlərinə qarışdığını iddia edirlər. Sonra İraq hökuməti açıqlama verdi ki, ruslardan belə bir xahiş etməyiblər. Düzdür, onlar tələblərində qalırlar və Türkiyədən oradakı hərbi birliklərini geri çağırmasını istəyirlər. Rusiya media vasitəsi ilə də vəziyyəti gərginləşdirir. Rus KİV-ni izləyənlər bilir ki, Türkiyə əleyhinə çox ciddi kampaniya aparılır, nəinki tənqidlər, hətta təhdidlər yağdırılır. Belə gərginliyin hər iki dövlətin əleyhinə olduğunu düşünürəm. Buradan belə başa düşmək olar ki, Rusiya özünü Türkiyə ilə uzunmüddətli gərginliyə hazırlayır. Bu, xoş hal deyil. Həm iqtisadi əlaqələr, həm insani münasibətlər pozulur. Rusiyada anlamırlar ki, Türkiyə ilə münasibətləri gərginləşdirməklə, türkləri aşağılamaqla digər türkdilli dövlətlərlə də əlaqələri korlaya bilərlər. Azərbaycan başda olmaqla, hətta Rusiyanın müttəfiq ölkələri – Qazaxıstan, Qırğızıstan belə, Rusiyadan Türkiyəyə yağdırılan nifrəti bölüşmür. Əksinə, bundan narahatlıq keçirirlər. Rusiyada müəyyən şovinist və ermənipərəst qüvvələr var ki, türklər əleyhinə olan bu təbliğatı daha da genişləndirirlər. Azərbaycana qarşı da kampaniya aparılır. Ölkəmizlə bağlı mənfi tendensiyalar baş qaldırıb. Ölkə xəritəmizi Dağlıq Qarabağsız göstərir, Ermənistana, Dağlıq Qarabağ separatçılarına dəstək verilməsini deyən ekspertlərin çıxışlarını yayırlar. Yəni belə vəziyyət təkcə Rusiya-Türkiyə münasibətlərinə deyil, Rusiyanın digər türkdilli dövlətlərlə münasibətlərinə də yaxşı heç nə vəd etmir.

– Artıq Rusiya, İraq hökuməti və İran Türkiyəyə qarşı birləşiblər. Bu, Ankaranı çətin vəziyyətə sala bilərmi?

– Bəli, çox təəssüf ki, Türkiyəyə qarşı qrup formalaşıb. Onlar Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma ortaya tutarlı bir fakt qoya bilmirlər. Hesab edirəm ki, təyyarənin vurulmasından sonra bu mövzunun soyuqqanlıqla müzakirəsinə və komissiyanın yaradılmasına ehtiyac var idi. Amma Rusiya ayağını dirədi ki, yox, mütləq Türkiyə məndən üzr istəməlidir. Heç bir dövlət bu hadisəyə görə Rusiyadan üzr istəməzdi. Çünki Türkiyənin sərhədi pozulmuşdu. Bundan əlavə, Ərdoğan üzr istəsəydi, ölkə daxilində imicinə çox ciddi zərər dəyərdi. Belə görünərdi ki, o, dövləti müdafiə edə bilmir. Artıq İran da Rusiyaya dəstək verir və deyir ki, Türkiyəyə qaz ixracatını azaldacaq. Bunlar hamısı bəhanədir. Birləşərək Türkiyəni çətin duruma salmaq istəyirlər. “Türk axını”nı dondurmaqla və İranın qazı azaltması ilə Türkiyə ilə bərabər bu dövlətlər özləri də itirir. Rusiya ona görə itirir ki, qazını satmaq üçün başqa bazar tapmalıdır. Bu isə mümkün deyil. Çünki Avropa Rusiyadan qaz almaq istəmir. İran da qazını Türkiyəyə az satmaqla maliyyə gəlirlərini azaldır. Belə olan halda, Türkiyə-Azərbaycan enerji əməkdaşlığının aktuallığı artır. Türkiyə baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfəri də əsasən bu yöndə idi və üç məsələ ilə yadda qaldı. Birincisi, Türkiyənin yük maşınları Rusiyanın sərhədində qalmışdı. Azərbaycan güzəşt edərək qiymətləri aşağı saldı. Həmin yüklər Azərbaycan və Xəzər dənizi üzərindən Mərkəzi Asiya dövlətlərinə daşınacaq. Bununla, tranzit statusumuz və gəlirlərimiz artır. İkinci məsələ Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi ilə bağlıdır. İşlər iki il bundan əvvəl bitməli idi. Azərbaycan üzərinə düşən bütün işləri yerinə yetirib. Gecikmələr Türkiyə tərəfdədir. İndi onlar layihənin daha tez gerçəkləşməsində maraqlıdırlar. Çünki Rusiya ilə gərginlik alternativ nəqliyyat dəhlizlərinin reallaşmasını diktə edir. Üçüncü məsələ odur ki, TANAP layihəsi 2018-ci ildə yekunlaşmalıdır, amma Türkiyə işlərin qısa müddətdə tamamlanmasını istəyir. Bu, Azərbaycanın da maraqlarına uyğundur ki, “Şahdəniz” yatağından çıxarılan qaz qısa müddətdə Türkiyə və Avropa ölkələrinə çatdırılsın. Yaxşı olardı ki, Türkiyənin Rusiyadan bu qədər enerji asılılığı olmayaydı. Əvvəlcədən Azərbaycan, Qətər və digər ölkələrlə danışıb onlarla enerji əməkdaşlığını gücləndirmək lazım idi. Belə olsaydı, Rusiya və İran Türkiyəyə qarşı enerji təxribatı həyata keçirə bilməzdilər. Bu vəziyyətdə Türkiyə üçün gərginlik arta bilər. Ona görə də Azərbaycanla əməkdaşlıq genişlənməlidir. Gələcəkdə mümkündür ki, TANAP layihəsi ilə ötürülən qazın hamısı Türkiyə tərəfindən alınsın. Çünki onların ehtiyacı artıb. Bu, Azərbaycan üçün də yaxşıdır. Hətta düşünürəm ki, gələcəkdə TAP layihəsi reallaşmaya bilər. Bir məqamı da xatırladım. İsrail də Türkiyəyə qaz ixracı ilə bağlı təklif irəli sürüb. İndiki gərgin məqamda, yəni ətrafda düşmən ölkələrin artdığı bir müddətdə hesab edirəm ki, İsraillə münasibətlər normallaşdırılmalıdır. Vaxtilə Ərdoğan İsraillə münasibətləri süni şəkildə pisləşdirdi. Heç buna ehtiyac yox idi. İndi barışıq zamanıdır. Azərbaycanın da İsrailə çox sıx münasibəti var. Hətta ölkəmiz bu məsələdə vasitəçi də ola, münasibətləri əvvəlki axarına qaytara bilər. Vaxtilə iki ölkə arasında çox sıx əlaqələr var idi. Ərdoğanın bir çıxışı ilə bütün bunların üstündən xətt çəkildi. Amma həmin o Fələstin Rusiya ilə gərginlik vaxtı Türkiyəni müdafiə etmir. Düzdür, indi Türkiyənin ərəb dünyasında iki dövlətlə – Qətər və Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri var. Amma onlar da Rusiya-Türkiyə gərginliyi ilə bağlı açıqlama verməyiblər. Onu da nəzərə çatdırım ki, hazırda bölgədə İsraillə Türkiyənin maraqları müəyyən qədər üst-üstə düşür. Həmçinin İsrailin dünyada baş verən proseslərə müəyyən qədər təsiretmə imkanları var.

– Bəs Ankara türk qoşunlarının Mosuldan çıxarılması tələbinə, təzyiqlərə nə qədər davam gətirə bilər?

– Əslində, İraq hökuməti özü ərazilərinə nəzarət edə bilmir. Mosulda İraq kürdləri hakimdir ki, onlar Türkiyədən çox ciddi dəstək alırlar. Şimali İraqın inkişafında Türkiyə şirkətlərinin böyük rolu olub. İndi qəfildən İraq mərkəzi hakimiyyəti ölkəyə nəzarət edə bilmədiyi halda, tələb edir ki, türk qoşunları oradan çıxsın. Türkiyə ona görə ordadır ki, İŞİD-lə mübarizədə İraq kürdlərinə dəstək verir. Sadəcə olaraq, dediyim kimi, birlik yaranıb və onlar Türkiyəni sıxışdırmağa çalışırlar. Davudoğlu vaxtilə qonşularla sıfır problem məsələsini ortaya atsa da, buna nail ola bilmədi. Yəqin ki, müəyyən müddət Türkiyə üçün çətinliklər olacaq. Düşmən ölkələrin və mərkəzlərin sayı artır. Ona görə də düşünürəm ki, Türkiyə İsrail, Amerika və Avropa ölkələri ilə münasibətləri daha da yaxşılaşdırmalıdır. Həmçinin əbədi müttəfiqləri olan Azərbaycan və türkdilli ölkələrlə əməkdaşlığı daha da genişləndirməlidir.

– Birliklərdən danışırıqsa, Türkiyəni də yalnız hesab etmək olmaz, onun da öz müttəfiqləri var. Bəs onların dəstəyi Türkiyə üçün yetərlidirmi? NATO lazım gəlsə, Türkiyəni müdafiə edəcəkmi?

– NATO Türkiyəni müdafiə etməlidir. Əgər Rusiya hər hansı bir zərbə endirərsə, Türkiyəni müdafiə etmək NATO-nun borcudur. Bu o demək deyil ki, NATO Rusiya ilə toqquşmaya gedəcək. Amma Rusiya hakimiyyət mənsublarının sərt açıqlamalarından belə görürəm ki, onlar Türkiyəyə qarşı hər hansı bir təxribat həyata keçirə bilərlər. Bu, Türkiyə təyyarəsinin vurulması və ya PKK-çılara silah ötürülməsi kimi hallar ola bilər. Ona görə də NATO dövlətləri Türkiyəni dəstəkləməlidir. Düzdür, onlarda da ikili münasibətlər olur. Amma NATO-suz da Türkiyə ordusu çox güclüdür və təxribatlara özü də cavab vermək qüdrətindədir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir. Yəqin buna görə də son günlər Rusiyada antiazərbaycan meylləri də güclənir. Bu təxribatlara son verməsələr, Rusiya-Azərbaycan münasibətlərində də hər hansı bir gərginlik yaranacağından narahatam.

– Belə iddialar var ki, Rusiya Suriyada həm də neftin qanunsuz satışına – dolayısı ilə ucuzlaşmasına qarşı mübarizə aparır. Buna münasibətiniz necədir?

– Onsuz da neftin qiyməti düşməkdədir. Üstəgəl, İran da bazara daxil olur. Bundan əlavə, Amerika özü neft istehsalını genişləndirir. Bütün bunlar neftin qiymətinin düşməsini qaçılmaz edir. Bu isə Rusiya iqtisadiyyatında çox ciddi problemlər yaradır. İnflyasiya artıb, rubl dəyərdən düşüb. İŞİD-ə zərbələr endirməklə neftin qiymətini artırmaq mümkün deyil. İŞİD guya nə qədər neft daşıyır ki, onun qarşısı alınmaqla neftin qiyməti qalxsın? Onların neft tankerlərini vurmaqla qara qızılın qiymətini qaldırmaq mümkün deyil. İqtisadçı ekspertlərin fikrincə, neftin qiyməti daha da enə bilər. Rusiya Gürcüstanı, Ukraynanı parçaladı, indi də Türkiyə ilə münasibətləri gərginləşdirir. Rusiya Amerika deyil və yalnız neftdən asılı ölkədir. Şaxələnmiş güclü iqtisadiyyatı yoxdur ki, Amerika kimi müxtəlif ölkələrdə müharibə aparıb nəzarəti öz əlində saxlaya bilsin.

– Bütün bunlar üçüncü dünya savaşının başlamasına səbəb ola bilərmi?

– Bu açıqlamanı Roma papası vermişdi. Müəyyən qədər təhlükələr var, amma buna müharibə demək olmaz. Suriyada böhran davam etdiyi müddətdə müharibə səviyyəsində olmasa belə, lokal toqquşmalar qaçılmazdır.

– Bəs yaranan mənzərə Azərbaycan üçün nə vəd edir?

– Hadisələr Azərbaycandan elə də uzaq məsafədə cərəyan etmir. Ona görə də mənfi təsirlərin olması mümkündür. Elə təkcə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi siyasi cəhətdən bizim üçün xoş deyil. Təbii ki, müsbət məqamlar da var, iqtisadi qazanclarımız oldu. Türkiyə Azərbaycana üz tutdu və böyük layihələri tez başa çatdırmaqda maraqlı olduğunu ortaya qoydu. Suriyada gedən savaş, Türkiyə-Rusiya, Rusiya-Qərb gərginliyi Azərbaycandan yan keçə bilməz. Çünki Azərbaycanın bütün bu dövlətlərlə normal münasibətləri var. Onların aralarında gərginlik olarsa, əlbəttə ki, bizim üçün müəyyən təsirlər görünəcək. Biz öz milli və təhlükəsizlik məsələlərimizi düşünməliyik. Başlıca problemimiz işğal altında olan torpaqlarımız, Qarabağdır. Belə fikirlər var ki, Azərbaycan da Ermənistana hücuma keçə bilər. Hesab edirəm ki, bu mövzunun Türkiyə-Rusiya münasibətlərindən asılılığı yoxdur. Rusiya Ermənistana kömək edə bilər, amma Azərbaycanın Ermənistana hücum etmək fikri yoxdur. Biz Dağlıq Qarabağdakı torpaqlarımızı geri qaytarmaq istəyirik və buna tam haqqımız var.

Şəfa Tapdıq

Yorumlar