KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elçin XALİDBƏYLİ: Rusya Güney Kafkasyada kimi esir almaya çalışıyor

Elçin XALİDBƏYLİ: Rusya Güney Kafkasyada kimi esir almaya çalışıyor

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
159 0

Kreml gizli “əbədi savaş” planını açdı: Rusiya Cənubi Qafqazı girov almağa çalışır

Kremldə nəhayət, anlamalıdırlar ki, region dövlətləri Rusiyanın Cənubi Qafqazda qalması üçün həmişə müharibə şəraitində yaşamaq öhdəliyi götürməyiblər, onlar əvvəl-axır öz aralarında anlaşıb, sülhə və sabitliyə nail olmalıdırlar… Əgər, yekun sülh sazişi də Rusiyanın Cənubi Qafqazdan çıxmasına səbəb olacaqsa, deməli, Kreml bu regiondan həmişəlik getmək məcburiyyəti ilə elə indidən barışmalıdır…
Cənubi Qafqaz yenə də sülh prosesindən uzaqlaşmağa başlayıb. Bu regiona birbaşa aidiyyatı olmayan bəzi dövlətlərin və beynəlxalq qurumların qurduğu əngəlləyici ssenarilər sülh prosesini yeni gərginləşdirici faktorlar ətrafında mübahisələrlə əvəzləyib. Xüsusilə də, kənar qüvvələr tərəfindən Ermənistanın hərbi-siyasi təxribatlara cəsarətləndirilməsi savaş təhlükəsini ön plana keçirtməyə başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində hazırda bir çox modellərin müzakirə edildiyi də inkaredilməz reallıqdır. Bu baxımdan, ABŞ-ın və bəzi Avropa qurumlarının Azərbaycan və Ermənistanı ikitərəfli təmaslarla anlaşmağa çağırması əslində, ən doğru yanaşma təsiri bağışlayır. Çünki sülh prosesinin məntiqi də elə bunu tələb edir.

Məsələ ondadır ki, anlaşmaya ehtiyacı olan bütün problemlərin hamısı məhz Azərbaycan və Ermənistan arasındadır. Ona görə də, məhz Azərbaycan və Ermənistan anlaşmalıdır. ABŞ və Qərb, eləcə də Rusiyanın vasitəçiliyi isə yalnız bu ölkələr arasında ikitərəfli təmaslara şərait yaradılması ilə məhdudlaşmalıdır. Vasitəçi ölkənin ikitərəfli təmaslarda müzakirə olunan mövzulara müdaxilə etmələri və tərəf tutmaları isə yolverilməzdir.

Ancaq hazırda ABŞ və Brüssel prosesləri istisna olmaqla, bunun tam əksi müşahidə olunur. Rusiya üçtərəfli müzakirələr üzərindən Azərbaycan və Ermənistan arasında sülh prosesinin məzmun və istiqamətlərini təkbaşına müəyyən etməyə çalışır. Hətta Kreml Azərbaycan və Ermənistan arasında müzakirələrdə sülh yaratma məqsədi güdən heç bir addım atmır.

Əksinə, Kremlin əsas hədəfi ondan ibarətdir ki, əgər, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaqsa, bu sənədin məzmunu yalnız birmənalı şəkildə Rusiyanın Cənubi Qafqazdakı geopolitik maraqları üzərində qurulsun. Yəni, Kreml sülh prosesinə iki ölkənin normal münasibətlər qurması kontekstindən deyil, məhz Rusiyanın hədəflərindən yanaşır. Belə vasitəçilik absurd və məntiqsizdir. Və bu, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması cəhdləri qarşısında ən böyük əngəldir.

Ona görə də, əminliklə demək olar ki, Rusiya sülh yaratmaq deyil, məhz onu pozmaq məqsədilə vasitəçilik edir. Bu baxımdan, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün ilk növbədə Rusiyanın vasitəçiliyindən rəsmən imtina edilməsi vacibdir. Əks halda, Rusiya bu prosesə müdaxilə etmək imkanlarını saxladığı müddət ərzində sülh danışıqları heç bir ciddi nəticə verməyəcək.

Kremlin üçtərəfli anlaşmaları sülh danışıqlarında əsas hüquqi baza kimi qəbul etdirməyə çalışması da məntiqsiz və yolverilməz mövqedir. Çünki üçtərəfli anlaşmalar müvəqqəti çərçivə sənədlərindən başqa bir şey deyil. 10 noyabr üçtərəfli anlaşmasının müddəti isə ümumiyyətlə, 2025-ci ildə sona çatacaq. Və Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən çıxmalı olacaq.

Kremlin əsas cəhdləri də indi həmin sənədi başqa məzmunda – sülh sazişi adı altında Azərbaycan və Ermənistana qəbul etdirməyə yönəlib. Yəni, Kreml Azərbaycan və Ermənistanın əvəzindən yalnız Rusiyanın geopolitik maraqlarını ifadə edən sülh sazişinin mətnini hazırlayıb. Və israrla belə bir məntiqsiz sənədi hər iki tərəfə imzalatmağın yollarını axtarır.

Digər tərəfdən, üçtərəfli anlaşmalar heç bir halda, sülh prosesində əsas hüquqi baza ola bilməz. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi məhz beynəlxalq hüquq normaları çərçivəsində hazırlanmalıdır. Kremlin isə üçtərəfli anlaşmalar üzərindən Rusiyanı bu prosesdə BMT-nin statusunda ön plana çıxartmağa çalışması isə olduqca təhlükəli məqamdır. Ona görə də, Kremlə əvvəl-axır anlatmaq lazım gələcək ki, Rusiya sülh prosesində heç bir halda, söz sahibi ola bilməz.

Bütün bunlarla yanaşı, hazırda baş verən hadisələrdə Fransanın məkrli davranışları da xüsusi rol oynayır. Rəsmi Paris də Rusiya kimi, sülh yaratmaq deyil, prosesin pozulması istiqamətində fəaliyyət göstərir. Fransa hətta Ermənistanın silahlandırılmasına belə, başlayıb. Bu, regional sülh prosesinə ən ağır zərbədir.

Ona görə də, bəzi Qərb siyasi dairələri Azərbaycan və Ermənistana ikitərəfli təmasları tövsiyyə etməklə yanaşı, Fransanı da regional sülh prosesini əngəlləmək cəhdlərindən imtinaya çağırmalıdırlar. Fransa indiyə qədər iki dəfə – ötən ilin dekabrında və bu ilin iyun ayında regional sülh prosesini pozmağa nail olub. Ona görə də, Rusiya kimi, Fransanın da Cənubi Qafqazdakı bütün proseslərdən təcrid edilməsi vacibdir.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinə ən ciddi əngəl məhz Rusiya və Fransanın timsalında kənar müdaxilələrdir. Ona görə də, Rusiya və Fransanın sülh prosesinə müdaxilə imkanlarını tamamilə bloklamaq lazım gələcək. Yalnız bundan sonra Azərbaycan və Ermənistan ikitərəfli təmaslarla ən qısa müddətdə yekun sülh sazişini imzalaya bilərlər.

Hələliksə, Kreml regional sülh prosesini Rusiyanın geopolitik maraqlarının girovuna çevirməyə çalışır. Xarici işlər naziri Sergey Lavrovun ABŞ və Qərbin vasitəçiliyini yalnız Rusiyanın regiondan çıxarılması cəhdləri ilə əlaqələndirməsi də bunu təsdiqləyir. Yəni, gizli regional rəqabət planları quran Kremldə hesab edirlər ki, ABŞ və Qərb Cənubi Qafqazda yalnız ona görə sülhə nail olmağa çalışır ki, Rusiya bu regiondan çıxsın.

Halbuki, Kremldə nəhayət onu da anlamalıdırlar ki, Rusiyanın Cənubi Qafqazda qalması üçün region dövlətləri “əbədi savaş” öhdəliyi də götürməyiblər. Cənubi Qafqaz dövlətləri əvvəl-axır öz aralarında anlaşıb, sülhə və sabitliyə nail olmalıdırlar. Və əgər, yekun sülh sazişi də Rusiyanın Cənubi Qafqazdan çıxmasına səbəb olacaqsa, deməli, Kreml bu regiondan həmişəlik getmək üçün elə indidən hazırlaşmalıdır.

Elçin XALİDBƏYLİ

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir