KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elçin XALİDBƏYLİ: Rusiya Qafqazdan çəkilməyə məcburdur: Kreml Paşinyana qarşı “qiyam planı” qurur

Elçin XALİDBƏYLİ: Rusiya Qafqazdan çəkilməyə məcburdur: Kreml Paşinyana qarşı “qiyam planı” qurur

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
269 0

Kreml özünün geopolitik maraqları üçün Cənubi Qafqazda sülh prosesini pozmağa çalışır və növbəti dəfə regional “savaş ssenariləri”ndən istifadə etmək niyyətinə düşüb… ABŞ və Qərbə məğlub olmağa başlayan Rusiya rəqiblərini regiondan kənarda tuta biləmək üçün yenidən Azərbaycan və Ermənistan arasında uzunmüddətli müharibə törətməyə cəhd göstərir…
Cənubi Qafqazda qüvvələr nisbəti dəyişməyə başlayıb. Bu regionda Rusiyanın geopolitik mövqeləri ciddi şəkildə zəifləməyə başlayıb. Kreml artıq Cənubi Qafqazda hegemon dövlət statusunu böyük ölçüdə itirib. Və üstəlik, Rusiyanın itirilməkdə olan mövqelərini yenidən nə vaxtsa, bərpa edə biləcəyi də ciddi şübhələr doğurur.

Məsələ ondadır ki, Kreml Cənubi Qafqaza əsas nəzarət mexanizmi olan regional münaqişələr üzərindəki təsir faktorlarını əldən verməyə başlayıb. Son vaxtlar Azərbaycan-Ermənistan sülh prosesinin idarə edilməsi ilə bağlı geopolitik hüquqların Rusiyanın əlindən alınmaqda olduğu müşahidə edilir. İndi Rusiyanın regional sülh prosesində vasitəçilik missiyasından danışmaq belə, çətinləşib.

Maraqlıdır ki, Rusiyanı indi ABŞ və Qərb əvəzləməyə başlayıb. Əvvəllər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə müzakirələr Kreml sahibi Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada keçirilirdi. İndisə, bu müzakirələr əsasən Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəşiliyi ilə Brüsseldə baş tutur. Və bu, Rusiyanın tədricən prosesən kənarlaşdırılmaqda olduğunu göstərir.

Eyni zamanda, Brüssel prosesinin arxasında ABŞ-ın olduğu da artıq qətiyyən şübhə doğurmur. Belə ki, son məlumatlara görə, Brüssel görüşlərində müzakirə edilən nizamlanma variantı Ağ Evlə razılaşdırılıb. Hətta bəzi iddialara görə, həmin variant ümumiyyətlə, Ağ Evdə hazırlanıb. Hər iki münaqişə tərəfinin mövqeyinin təmin edilməsinə cəhd göstərilib.

Nə qədər qəribə də olsa, Kremlin “Vaşinqton sənədi” adlandırdığı nizamlama variantının mətni məhz Rusiya KİV-ləri tərəfindən ictimailəşdirib. Həmin mətni yayan Rusiya KİV-ləri sənədin Ermənistan hökuməti daxilindəki mənbələrdən alındığını iddia edirlər. Yəni, bu, o deməkdir ki, Rusiya kəşfiyyatı həmin sənədi Paşinyan hakimiyyəti daxilində olan agentura şəbəkəsi sayəsində ələ keçirə bilib.

Təbii ki, bu sənəd Rusiyanın maraqlarına qətiyyən sərfəli deyil. Çünki, həm Azərbaycan, həm də Ermənistan siyasi dairələri tərəfindən tolerant yanaşma ilə qarşılanan “Vaşinqton sənədi” yekun sülh sazişinin imzalanma ehtimalını artırır. Nəticədə Rusiya Cənubi Qafqazda özünün əsas təsir mexanizmini itirmək təhlükəsi ilə üzləşmiş kimi görünür.

Əgər, Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda yekun sülh sazişi həqiqətən də imzalanarsa, bu, Rusiyanın Cənubi Qafqaz hegemoniyasını sona çatdırmış olacaq. Yekun sülh sazişindən sonra Rusiyanın Ermənistandakı hərbi bazasına və Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlılara elə bir ciddi ehtiyac qalmayacaq. Və Azərbaycan-Ermənistan münasibətləri Rusiyanın iştirakı olmadan, ikitərəfli birbaşa təmaslarla nizamlanmağa başlayacaq.

Kremli ən çox narahat edən məqamlardan biri də məhz bununla birbaşa bağlıdır. Hər halda, yekun sülh sazişinin imzalanmasından sonra dərhal Rusiya hərbi kontingentlərinin Cənubi Qafqazdan çıxarılmasına yönəlik yeni prosesin başlayacağı qətiyyən şübhə doğurmur. Yəni, Kremldə Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxa biləcəyi mərhələnin yaxınlaşmaqda olduğunu anlamamış deyillər.

Ona görə də, Rusiyanın ciddi şəkildə narahat olması, Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmağa cəhd göstərməsi qətiyyən təəccüblü deyil. İndi Kremlə yaxın siyasi dairələr “Vaşinqton sənədi”ni yalnız Rusiyanın maraqlarına deyil, həm də Ermənistanın əleyhinə plan kimi təqdim etməyə çalışırlar. Hətta iddia edirlər ki, giya əgər, bu sənəd üzrə sülh sazişi imzalanarsa, bu, Ermənistanın süqutunun başlanğıcı olacaq.

Maraqlıdır ki, Rusiya siyasi dairələri Ermənistan cəmiyyətinə yaxınlaşan fəlakətdən “xilas yolu”nu göstərməyi də qətiyyən unutmurlar. Onların fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyət gedəcəyi təqdirdə, həm Zəngəzur dəhlizindən, həm də ölkədə müharibədən yayınmağın mümkün ola biləcəyini anlayır. Ancaq guya erməni baş nazir hakimiyyətini itirmək istəmir, öz şəxsi maraqlarını Ermənistandan daha üstün tutur. Yəni, erməni toplumuna “Paşinyanın devrilməsi Ermənistan üçün yeganə xilas yoludur” mesajı verilir.

Digər tərəfdən, Rusiya siyasi dairələri indiyə qədər Kremlin sayəsində hakimiyyətini qoruya bilmiş baş nazir Nikol Paşinyanın xəyanətini də arqumentləşdirməyə çalışırlar. Onların fikrincə, rəsmi İrəvan Qarabağın gələcəyində Ermənistanın bundan sonrakı iştirakından nəinki imtina edir, həm də həmin bölgədə yaşayan ermənilərin taleyini birbaşa Azərbaycanın öhdəsinə buraxır: “Qarabağın Azərbaycana birləşdirilməsindən sonra erməniləri gözləyən ən yaxşı şey deportasiyadır”.

Göründüyü kimi, Kreml israrla “suyu bulanırmağa” çalışır. Azərbaycan və Ermənistan arasında yeni münaqişənin yaradılması üçün Rusiyanın dəfələrlə sınaqdan çıxartdığı üsulları ön plana keçirir. Paşinyan hakimiyyətinə qarşı ölkədaxili etiraz dalğasına nail olmaq məqsədilə erməni toplumunun həssas nöqtələrini qıcıqlandırmağa cəhd göstərilir.

Belə anlaşılır ki, Rusiya özünün geopolitik maraqları üçün növbəti dəfə regional savaş ssenarilərindən istifadə etmək niyyətinə düşüb. ABŞ və Qərbə məğlub olmağa başlayan Rusiya yeni Azərbaycan-Ermənistan müharibəsində birbaşa maraqlıdır. Yəni, Kreml Cənubi Qafqazda qətiyyən sülh istəmir, yeni regional “münaqişə ocağı” yaratmaq üçün əlindən gələn hər şeyi edir. Və bu, Cənubi Qafqazın gələcək perspektivlərinin məhz bu regionun Rusiyanın əlindən tamamilə xilas edilməsinə bağlı olduğunu növbəti dəfə təsdiqləyir.

Elçin XALİDBƏYLİ

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir