KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Elçin XALİDBƏYLİ:Bakü ABDnin maksatlı sulh oyunlarını bozabilecek mi

Elçin XALİDBƏYLİ:Bakü ABDnin maksatlı sulh oyunlarını bozabilecek mi

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
152 0

ABŞ da Qafqazın “qapı”sını səhv salıb: Bakı Ağ Evin qərəzli “sülh oyunları”nı pozur

Dini tolerantlıq üzrə böyük uğurlar qazanmış Azərbaycana qarşı ABŞ-ın şantaj xarakterli hesabatla böhtan atması, rəsmi Bakının Ağ Evin sülh vasitəçiliyinə münasibətdə tərəddüdlərini artırıb… Bayden adminstrasiyasının rəsmi Bakıya qarşı elə bir ciddi təsir mexanizmləri isə yoxdur, Ağ Evin qərəzli davranışları ucbatından ABŞ-ın Cənubi Qafqaz siyasəti növbəti dəfə iflasa uğramaq üzrədir…
Cənubi Qafqazda sülh prosesinin dərin böhran keçirdiyi artıq açıq-aşkar müşahidə olunur. Brüssel prosesi demək olar ki, iflasa uğrayıb. Rusiyanın vasitəçilik missiyasından isə Ermənistan tərəfindən imtina edilib. Və nəhayət, ABŞ-ın təkbaşına sülh müzakirələri təşkil etmək cəhdləri isə ümidverici nəticələrdən çox-çox uzaqdır.

Təbii ki, belə situasiyada yaxın vaxtlarda yekun sülh sazişinin imzalana biləcəyindən danışmaq olduqca çətindir. Halbuki, son 30 il ərzində əsas münaqişə predmeti olan bütün problemlər həll edilib, mübahisəli mövzular isə gündəmdən çıxarılıb. Yəni, Xankəndidə Azərbaycan bayrağı ucaldıldıqdan sonra regional sülh prosesi qarşısında elə bir ciddi əngəl qalmayıb. Və indi rəsmi İrəvanın mövcud tarixi reallığı qəbul edib, yekun sülh sazişini imzalaması üçün siyasi iradə göstərməsi Cənubi Qafqazda yeni inkişaf dövrünün başladılması üçün yetərli ola bilər

Ancaq ABŞ və Qərbin Ermənistanı himayə etməsi, rəsmi İrəvanı sülh prosesindən uzaqlaşmağa cəsarətləndirməsi situasiyanı daha da qəlizləşdirir. Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq hədəfi regional sülh prosesini geopolitik mübarizənin girovuna çevirməyə başlayıb. Halbuki, ABŞ və Qərb hər imkanda bu regionda sülhün bərqərar olmasına dəstək verdiyini bəyanlayır. Və bunu sübuta yetirmək üçün müəyyən diplomatik aktivlik görüntüləri ilə manipulyasiya cəhdi də göstərir.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Davosda Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşündə də regional sülh prosesi müzakirə olunub. Eyni zamanda, tərəflər ABŞ və Ermənistan arasında münasibətlər barədə də müzakirə aparılıblar. Və bu, onu göstərir ki, hazırda ABŞ-ın Cənubi Qafqaz siyasəti böyük ölçüdə Ermənistan üzərində indeksləşib.

Bir müddət Ceyms Obrayen ABŞ-ın Cənubi Qafqazda sülh və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini dəstəklədiyini vurğulamışdı. O, bildirmişdi ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında ümidverici sülh gündəliyinin mövcud olmasından məmnundur. Və tezliklə yekun sülh sənədinin imzalanacağına ümid edir.

Digər tərəfdən, Ağ Ev rəsmisi ABŞ-ın həm Azərbaycan, həm də Ermənistan ilə siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq münasibətləri olduğunu da vurğulamışdı. Halbuki, buna əslində, heç Ceyms Obrayenin özü də inanmaz. Çünki bir müddət öncə məhz elə həmin Ceyms Obrayen Azərbaycanı Ağ Evin adından təhdid etmişdi. Və Ağ Ev rəsmisi bunun artıq unudulduğunu düşünürsə, böyük səhv edir.

Üstünlük onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla yaxşı münasibətlərdən danışan Ağ Ev rəsmisi ABŞ-ın erməni diasporunun təzyiqləri ilə 907-ci düzəlişin hüquqi qüvvəsini bərpa etdiyini də unutmamalıdır. Hələ bu sıraya Azərbaycanda dini azadlıqların şübhə altına alınması barədə ABŞ-ın yaydığı son qərəzli hesabatı və s. bu kimi davranışları da əlavə etmək olar. Hər halda, əgər, Ağ Ev Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etməsində maraqlıdırsa, onda Dövlət Departamentinin erməni mənşəli əməkdaşlarının dünyanın dini sahədə ən tolerant ölkəsi olan Azərbaycana qarşı ABŞ-ın adından böhtan atmasına da imkan verməməlidir.

Əks halda, ABŞ Ceyms Obrayenin dediyinin əksinə olaraq, Azərbaycan ilə regional sülh gündəliyini müzakirə etmək imkanlarının məhdud qalacağı ilə də barışmalı olacaq. Hər halda, rəsmi Bakının Ağ Evin qərəzli mövqeyinə və davranışlarına qarşı verdiyi reaksiya belə düşünməyə tam əsas yaradır. Əslində, Ağ Evin də rəsmi Bakının reaksiyanın ABŞ-ın davranışlarına adekvat olduğunu nəzərə almaq məcburiyyətində qaldığı artıq müşahidə olunur.

Məsələ ondadır ki, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Luis Bononun son region səfərinin uğursuz olması qətiyyən təəccüblü deyil. Belə ki, amerikalı diplomat İrəvana səfər edərək, Ermənistan və Azərbaycan arasında sülh prosesini, eləcə də Vaşinqtonda görüş ehtimalını müzakirə edib. Ancaq eyni mövzuların müzakirəsi üçün Bakıya səfər edə bilməyib. Çünki bəzi məlumatlara görə, rəsmi Bakı amerikalı diplomatı Azərbaycanda qəbul etməyə həvəs göstərməyib. Və o, İrəvandan geri Vaşinqtona dönməli olub.

Bu situasiyadan bir neçə önəmli nəticə çıxartmaq olar. Birinci, rəsmi Bakı ABŞ-ın Ermənistanın himayədarı qismində sülh prosesinə vasitəçilik etməsinə qarşıdır. Ona görə də, Luis Bono İrəvanda Vaşinqton görüşü ilə bağlı razılıq ala bilsə də, Bakıda eyni nəticəyə nail ola bilməzdi. Rəsmi Bakı sülh prosesində kifayət qədər prinsipial mövqeyə malikdir. Və bu mövqeyini ABŞ-ın geopolitik maraqlarına uyğunlaşdırmaq niyyətində deyil.

Digər tərəfdən, Ağ Ev son aylarda Azərbaycanın maraqlarına ciddi problemlər yaradacaq addımlar atmağa çalışıb. Rəsmi Bakı isə ABŞ-ın bu davranışlarını diqqətlə izləyir və uyğun qərarlar verir. Xüsusilə də, dini tolerantlıq üzrə böyük uğurlar qazanmış Azərbaycana qarşı ABŞ-ın şantaj xarakterli hesabat yayaraq, böhtan atması rəsmi Bakının Ağ Evə münasibətdə tərəddüdlərini artırıb. Və hazırda rəsmi Bakının regional sülh prosesində ABŞ-ın vasitəçilik missiyasına etimad göstərmədiyi inkaredilməz reallıqdır. Və bu baxımdan, rəsmi Bakının Luis Bononu Azərbaycan paytaxtında görmək istəməməsi Ağ Ev administrasiyasına mesaj rolunu oynayır.

Belə anlaşılır ki, rəsmi Bakı ABŞ-ın vasitəçilik missiyasında qətiyyən maraqlı deyil. Hətta Azərbaycan tərəfi ümumiyyətlə, sülh prosesinin Cənubi Qafqaza heç bir aidiyyatı olmayan ölkələrin geopolitik maraqlarının girovuna çevrilmə təhlükəsinə açıq şəkildə müqavimət göstərir. Ona görə də, rəsmi Bakı vasitəçilərsiz birbaşa müzakirələr modelini təklif etməklə, bu variant üzərində israrlı mövqe tutur.

Yəni, rəsmi Bakı “kənardan heç kim qarışmasın” prinsipi ilə hərəkət etməyə üstünlük verir. İndiki situasiyada Azərbaycanı bu mövqeyindən uzaqlaşdırmaq üçün ABŞ və Qərbin əlində rəsmi Bakıya qarşı elə bir ciddi təsir mexanizmləri isə yoxdur. Bu baxımdan, Ağ Evin qərəzli, yanlış davranışları ucbatından ABŞ-ın Cənubi Qafqaz siyasətinin iflasa uğramaq üzrə olduğu açıq-aşkar müşahidə edilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir