KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Cemil Hasanlı: Nə deyir Zahid Oruc?

Cemil Hasanlı: Nə deyir Zahid Oruc?

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
88 0

Deputat və Prezident Aparatının Sosial Tədqiqatlar Mərkəzinin müdiri Zahid Orucun deputatxanada bu günki çıxışı müharibə sonrası Sovet yastrebi Andrey Jdanovun azadfikirliliyə və Qərbə meydan oxuyan 1946-cı ilin avqustundakı çıxışını xatırlatda. Hərçəndi ki, bütün mənalarda Zahid Oruc Andrey Jdanov kimi bir kommunist ideoloqonun heç “drey” hissəsi də deyil.

Nə deyir Zahid Oruc? O deyir ki,
“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq…Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüz edənlərdən heç nə ilə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenliyi, qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir.”

Zahid Orucun sözlərinə görə, “ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir.” Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi yutub və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlətməkdən çıxır. Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.

Sonuncu cümlə açıqdan-açığa terrora, sui-qəsdlərə, insan qətllərinə çağırışdır. Stalinin Trotskini və özünün xaricdəki digər əleydarlarını öldürmək qərarlarına gələndə məhz bu “hər cür zərərsizləşdirməyə” getməyə qərar vermişdi. Fərq ondadır Sovetlər 30-40-cı illərdə bütün bu natəmiz əməlləri gizli edirdi, Azərbaycan hakimyyətinin sözçüsü Zahid Oruc isə bu açıq, adını parlament qoyan bir dam0daşda bəyan edir.

Belə çıxışları vaxtı ilə Ramiz Mehdiyev edirdi, indi isə onun yerişini Zahid Oruc yeriyir. Məsələ burasındadır ki, Zahid Oruc bu hakimiyyətdən nəinki iki əli, iki ayağı ilə yapışmalıdır, əslində bir çüt əl, bir çüt ayaq da borc almalıdır. Çünki bu hakimiyyət belə bir istedadsız, qabiliyyətsiz, ağasının qırmancı ilə fəxr eləyən adama layiq olduğundan çox şey verib. Normal cəmiyyətdə Zahid kimilər Gədəbəyin yamaclarına çəpiş otarası, ən yaxşı halda məhəllə aşığı olası biridir. Amma…Zahid də, onun “çiyindaşları” da son bir neçə seçkidə hakimiyyətin mənimsənilməsi prosesseinin bilavasitə iştirakçısıdır və həmin əməlin cəzası da konstitusiyada göstərilib.

Zahid Oruc prezidentin şərəf və ləyaqətinin qanuni və qeyri-qanuni, hətta terror yolu ilə qorunmasından danışır. Amma axı prezidentin tək şərəf və ləyaqəti yox, həm də məsuliyyəti və vəzifələri var. O deyir ki, “Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir.” Yaxşı OCCRP lap olsun Amerika kəşfiyyatının bir şöbəsi, amma Azərbaycan hakimiyyətinin oğurluqları, korrupsiyası, hakim ailənin mülkləri haqqında ortaya qoyduğu faktların hansı doğru deyil? Dünyada kimin oğurluq pulların axtarırlarsa içindən əliyevlərin korrupsiyası çıxır. OCCRP əsrin oğurluğu barədə (söhbət 3 milyard dollarlıq, sonra məlum oldu ki, 4 milyard dollarlıq oğurluqdan gedir) 16 min bank qəbzi qoydu ortaya. Bu məbləğin içərisində ərazisi işğal altında olan ölkənin müdafiə xərcləri də vardı. İlham Əliyev şərəf və ləyaqəti məsələsi kimi, konstitusiyaya görə prezident və ali baş komandan kimi məsuliyyəti, hüquq və vəzifələri də var. Bu boyda oğurluq və korrupsiya faktı niyə araşdırılmadı? Axı 3-4 milyard dollarlıq bir oğurluq faktın araşdırmaq bilavasitə prezidentin vəzifəsi idi. Sualın bircə cavabı var: ona görə araşdırmadı ki, ən yaxşı halda bu oğurluq ondan xəbərsiz edilməmişdi. Bu halda xalqın jurnalistin, blogerin, vətəndaşın prezidenti sorğulamaq haqqı var, ya yoxdur? Bunlar istəyirlər həm oğurluqla məşğul olsunlar, həm də heç kəs cəsarət edib bunlara oğru deməsin.

Lap bu yaxınlarda – fevral ayının 22-də London yüksək məhkəməsi Zahid Orucun deputat həmkarı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 63 milyon dollar dəyərində 22 mülkinə həbs qoydu. OCCRP-də bu rüsvayçılığı mətbuatda işıqlandırdı. Evlərin bütün ünvanları bəlli, sahəsi bəlli, qiyməti bəlli, çirkli pulların yuyulması marşrutu ilə ölkədən çıxarılan oğurluq pullarla alındığı bəlli. Nəticə nədir? Prezident buna hansı reaksiyanı verdi? Şərəf və ləyaqət məsələsi bax belə yerdə işləməlidir, xalqın təhlükəsizliyi bax belə yerdə yada düşməlidir. İlham Əliyev bütün bunları edə bilmir, çünki aşağı-yuxarı bütün yüksək vəzifəli şəəxslərlə korrupsiya ortağıdır. Korrupsiyanın başında bilavasitə, o, özü və ailə üzvləri dayanır, onların nəzarətindən kənar ölkədə korrupsiya ola bilməz. Şərəf və ləyaqət məsələsi bax budur.

Elə 2 il əvvəl həmin o Amerika kəşfiyyat şöbəsi hesab etdiyiniz OCCRP Əliyev ailəsinin Londonda 740 milyon funt sterlinq mülkiyyəti qoydu ortaya. Hamısını da ünvanı, yeri-yatağı, sahəsi, dəbdəbəsi, mənbəyi bəlli olmayan çirkli pullarla alınması, alqı-satqı tarixi və ad-familiyalar göstərilməklə mülk kağızları. Həmin vaxt Azərbaycan torpaqları hələ işğaldan azad edilməmişdi. Necə olur ki, ərazisi işğal altında olan bir ölkənin prezidentinin ailə üzvləri Londonda 740 milyon funt (hələ bəlli olan) dəyərində mülkiyyət alır və Zahid Oruc da prezidentin şərəf və ləyaqətinin terror yolu ilə olsa belə qorunmasından danışır.

“Vaşinqton post” yazdı ki, Azərbaycan prezidentinin 11 yaşlı oğlunun adına Dubayda 75 milyon dollar dəyərində villalar alınıb. Axı şərəf və ləyaqəti olan prezidentin və onun ailə üzvlərinin həyatı və fəaliyyəti şəffaf olmalıdır. Əgər adam ölkənin gəlirli sahələrini öz ailə üzvlərinə, qohum-əqrəbasına, korrupsiya ortaqlarına verirsə, ölkənin müdafiə xərclərinin oğurlanmasına göz yumursa (yüngül formada desək) onda şərəf və ləyaqət məsələsi qalır çayın o biri tərəfində. XXI əsrdə ölkədə qızılcadan uşaqlar həyatını itirir. Dünən bir ziyalı xanım haqqında yazılan yazıda ürəklər parçalayan bir məqam vardı: “Xəstəlik və müalicə üçün götürülən bank kreditləri tükəndirib onu”. Xəstəliyinin ağırlaşdığı son 5-6 ili necə yaşadığını bilmir. Bilmir müalicə üçün götürdüyü bank kreditinin fikrini çəksin, ya xəstəliyinin. Niyə ölkə bu günə düşüb. Çünki Banklar Əliyev ailəsinin, xəstəxanalar Əliyev ailəsinin, dərmanxanalar Əliyev ailəsinin, can xalqın, cəhənnəm tarının. Xaqlqın, jurnalistin, blogerin bunu sorğulamaq haqqı yoxdur?

Zahid Oruc deyir ki, “nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır.” Bu qədər topunuzla-tüfənginizlə, bərri-bəzəkli telekanalizasyalarınızla, palaz-palaz “mətbuatınızla” birnəfərlik Osmanqızı kanalının qarşısında niyə aciz qalmışınız, müzir vəziyyətinə düşmüşünüz?

O boyda əlində heç nəyə yaramayan “Sosial Tədqiqatlar Mərkəzi” var. Bir təhlil aparın görün ki, xalq niyə sizi yox, Osmanqızını dinləyir, Azərbaycan saatına baxır, Meydan tv-dən informasiya alır. Çünki yalan danışırsınız. Sənin deputat həmkarın Cavanşir Feyziyevin ARB kanalında 4 həftə əvvəl gedən müsahibəsini 5 nəfər bəyənmişdi. Hələ bu gedişlə siz birnəfərlik Osmanqızı ilə ayaqlaşmaq istəyirsiniz. Axı, prezidentlə yanaşı vətəndaşın da şərəf və ləyaqəti var. Sizin Mərkəz də daxil olmaqla bu qədər yalanı vətəndaşa necə sırımaq olar? Açın kanalları, debatlar təşkil edin bax onda kimin kim olduğu üzə çıxar, bax həmin məqamda, məhz həmin anda Mirzə Ələkbər demiş

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı,
Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı,
Hər kimin ağı qara isə utansın, a balam!
Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir