Şimdi yükleniyor

Atif İslamzadə: XOCALARIN XOCASI SEYFƏDDİN RZASOY MİLLİ DƏYƏRDİR!

Atif

Öncə qeyd edim ki, yaxından tanıdığın insan haqqında yazmaq çox çətindir. Çünki ona bəslədiyini sevgi və sayğıdan onun məziyyətlərini mübaliğə edə bilərsən. Əgər dəyərləndirməsən qiymətli keyfiyyətlərini inkar edərsən. Hər iki halda yanlış meydana çıxar. Elə bu baxımdan bəhs edəcəyim şəxsiyyətə uzaqdan baxmaq qərarına gəldim. Çünkidoğrunu qiymətləndirmək üçün son dərəcə təmkinli olmaq çox vacibdir. Xüsusilə, bəhs etdiyin Seyfəddin Rzasoydursa, bu daha çətindir. Emosional xarakteri, sanqvinik temperamenti, eyni zamanda nadir tapılan qeyri-adi təfəkkürü, insanı heyrətə salan enerjisi doğru bir məqsədə yönəldiyi üçün bütün Türk xalqlarının zəngin mirasına çevrilmişdir. Bəlkə də sağlığında onu görən insanlar üçün adi insan hesab edilən bu şəxsiyyətdə olan dahilik keyfiyyətləri o qədər də dərk olunmur. Seyfəddin müəllim heyrətləndirici səviyyədə əsərlər də yaza bilər, çıxışlar da edə bilər, çox adi, hamının bildiyi suallar da verə bilər. Bu onun hər zaman öyrənməsindən xəbər verir. Təkəbbürü öldürüb təfəkkürü inkişaf etdirən bu dəyərli şəxsiyyətin bütün həyatı cəmiyyətin güzgüsüdür. Böyük idealları, qeyri-adi elmi eridusiyası, sadə təbiəti, xeyirxah şəxsiyyətiçox ciddi nəticələriin meydana çıxmasına səbəb olmuşdur.

  Hər zaman qeyd etdiyim kimi, Uca Allah kamil insana üç əsas cəhət bəxş edir. Birincisi, Uca Allaha inam, ikincisi, millət sevgisi, üçüncüsü ailə sədaqəti. Seyfəddin Rzasoy şəxsiyyətində məhz bu cəhətlər aydın görünür. İbadət əhli olması və ibadətin onun şəxsiyyətinin inkişafında baş verən təkamülü onu tanıyan hər kəs tərəfindən yaxşı bilinir. Milli duyğuları həm məfkurəsində, həm davranışlarında, həmçinin əsərlərində aydın görünür. Ailəyə bağlılığı zaman-zaman müşahidə etdiyimiz, bütün ailə yükünü çiynində daşıyan Seyfəddin bəyin, Seyfəddin atanın və Seyfəddin babanın ən orijinal xüsusiyyətidir.

  Seyfəddin Rzasoy gözəl insan, qayğıkeş ata, sevimli baba, görkəmli alim, əvəzolunmaz müəllim və inkişafına səbəb olduğu insanlardan daha çox səbəb ola bilmədiyi gənclər üçün qəlb ağrısı çəkən böyük şəxsiyyətdir. Özündən soruşsan, məni çox şişirdirdirsən deyəcək qədər də təvazökardır. Onu yaxından tanıdığım üçün bunu deyə bilirəm.  

İki səviyyə var. Söyləmək məqamı və dinləmək məqamı. Söyləyən çoxdur, dinləmək vəziyyətinə düşəndə də nizam pozulur, dinləyən öz məqamını anlayıb söyləyəndə də bir çox hallarda iğtişaş yaranır.Seyfəddin müəllim artıq söyləmək məqamı, müəllim məqamı daşıyır. Dinləyən anlasa qazanır. Bir də o var ki, sənin söylədiyin səndə olandır, sən onu başqasına verirsən. Dinləyən isə özündə olanı özündə saxlayıb başqasında olanı alır. Yəni söyləyəndən çox, dinləyən qazanır. Əgər anlaya bilərsə, qazanclı çıxar. Seyfəddin müəllim bu məqama gəlmək üçün çox dinləyən məqamında olub. Ona görə onu dayandırmaq, dinləndirmək yox, dilləndirmək lazımdır. Hər kəs öz məqamını bilərsə, hədsizlik olmaz. Söhbət mənəvi hədlərdən gedir.

  Seyfəddin Rzasoyun harada bir istedad görərsə, onu qanadlandırmaq, ona arxa durmaq xüsusiyyəti hər kəsə məlumdur. Onun meydana çıxardığı Hikmət Quliyev Səfa Qarayevi mən şəxsən tanımışam. Hər iki gənc tələbə çağından Seyfəddin Rzasoy sayəsində tanıdığımız və sevdiyimiz qiymətli elmi dəyərdir. Hikmət Quliyev bu gün AMEA Folklor İnstitutunun direktoru kimi, Səfa Qarayev AMEA RH-nın elmi katibi kimi yüksək elmi mövqelərə çatmış, hər ikisi elmlər doktoru elmi dərəcəsini almışdır. Yazdıqları kitablar və dissertasiya mövzuları isə humanitar elmlər üçün sözün həqiqi mənasında yenilikdir. Təbiidir ki, Seyfəddin Rzasoyun onların üzərində olan zəhməti danılmazdır. Hər iki şəxs Seyfəddin Rzasoyun canlı elmi əsərləri olaraq onun dualarda olmasını hər zaman şərtləndirir.

  Seyfəddin Rzasoy alim olaraq yalnız Azərbaycanda deyil, bütün Türk ölkələrində, eyni zamanda Avropa elmi mühitində də tanınır. Onun elmi istiqaməti folklorşünaslıq, mifologiya, ritualşünaslıq, etnokulturologiya, ədəbiyyatşünaslıq, struktur-semiotika və s.dir. Alim yalnız mifologiya sahəsində “Oğuz mifologiyası” cərəyanı yaratmış görkəmli alim olaraq bütün Türk Respublikalarında bütün Ali və orta məktəblərin öyrənməli olduğu çox ciddi elm sahibidir. Seyfəddin Rzasoya qədər ümumi türk mifologiyası öyrənilirdisə, alim öz monumental “Oğuz mifologiyası” monoqrafiyası ilə sübut etdi ki, uz mifologiyası da ayrıca öyrənilməlidir. Ümumiyyətlə, qədim oğuz eposunun bərpası istiqamətində Seyfəddin Rzasoyun xidməti çox böyük və danılmazdır. Onun elmə qazandırdığı portret kitabların və böyük əsərlərin kataloqu geniş biblioqrafiya təşkil edir:

1. İslam Ağayev: ömür və yaradıcılıq ütüdləri. Tural-Ə NPM, 2002, 121 s.

2. Nizami poeziyası: Mif-Tarix konteksti Bakı: Ağrıdağ, 2003, 211 s.

3. Oğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 199 s.

4. Yaddaş və şəxsiyyət (Mürsəl Həkimovla birgə).Bakı: Səda, 2004, 130 s.

5. Oğuz mifi və Oğuznamə eposu. Bakı: Nurlan, 2007, 181 s.

6. Folklorlaşan alim ömrü. Bakı: Nurlan, 2007, 197 s.

7. Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı.Bakı: Nurlan, 2008, 212 s.

8. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı: Nurlan, 2008, 188 s.

9. Oğuz mifologiyası. Bakı: Nurlan, 2009, 363 s.

10. Əbülqazi “Oğuznamə”sində mif və ritual. Bakı: Nurlan, 2013, 172 s.

11. Müasir Azərbaycan folklorşünaslığı (mif və epos məsələləri). II cilddə, I cild. Bakı: Nurlan, 2013, 364 s.

12. Muğanlıda Novruz karnavalı.Tiflis, “Tbiliselebi”, 2014, 103 s.

13. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı: Elm və təhsil, 2015, 436 s.

14. Ustad-namə (Rafiq Babayevlə birgə). Naxçıvan: Nuh, 2016, 107 s.

15. “Kitabi-Türkman-lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası. Bakı: Elm və Təhsil, 2020, 472 s.

16. Müasir Azərbaycan folklorşünaslığı (sənətkar, mətn və mühit məsələləri). II cilddə, II cild. Bakı: Elm və Təhsil, 2020, 308 s.

17. Nizami Gəncəvi: etnogenez və mifologiya. Bakı: Elm və Təhsil, 2021, 120 s.

18. Nizaminin “Yeddi gözəl” poemasında mf, folklor və təsəvvüf. Bakı: Elm və Təhsil, 2021, 344 s.

19. Büyük azerbaycan mütüfekkiri Nizami(M.Hüseynova və E.Quliyevlə birgə). Bursa, “Türk ocakları derneği Bursa şübesi”, 2022, 197 s.

20. “Dədə Qorqud” eposu. I kitab. Qəhrəmanın ölüb-dirilməsi. Bakı: Elm və Təhsil, 2022, 128 s.

21. “Dədə Qorqud” eposu. II kitab. Dastanın Alp Aruz variantının ilkilk bərpa təcrübəsi. Bakı: Elm və Təhsil, 2024, 304 s.

22. “Dədə Qorqud” eposu. III kitab. Şaman-qəhrəmanın xaos dünyasına yolçuluğu. Bakı: Elm və Təhsil, 2025, 176 s.

23. “Dədə Qorqud” eposu. IV kitab. Salur Qazanın Təpəgözü öldürməsi. Bakı: Elm və Təhsil, 2025, 276 s.

  Göründüyü kimi, Seyfəddin Rzasoy irsi Azərbaycanvə Türk folklorşünaslığının, mifologiyasının və ədəbiyyatşünaslığının zəngin sərvətidir. Bu sərvəti qorumaq, dəyərləndirmək və təbliğ etmək milli vəzifədir. Ancaq şüarçılıqla türk-türk demək deyil, sözün həqiqi mənasında türk olmaq üçün bu sahədə dəyərli əsərlər meydana qoyan Seyfəddin Rzasoy kimi dəyərlərimizi hər zaman bayraq kimi baş üzərində tutmalıyıq. Professor Seyfəddin Rzasoy bütün ömrünü şüurlu şəkildə insanlara yardım etməklə, xeyirxah niyyətlərini gerçəkləşdirməklə keçirmişdir. Elm sahəsində çox böyük işlər görmüs, yağla şorun dəyərinin bilinmədiyi bir yerdə  zəngin elmi miras qoymuş, ancaq əsl qiymətini yetərincə almamışdır. Ona müəllimlər müəllim, xocalar xoca deyir. Bu indiki riyakar münasibətlərin hökm sürdüyü bir cəmiyyətdə süni deyil, səmimi münasibətdir. Bunu qazana bilmək üçün məhz mənim tanıdığım Seyfəddin Rzasoy olmaq lazımdır. Onu tanıdığım üçün həmişə fərəh duymuşam. Onun insani keyfiyyətləri, elmi irsi, pedaqoji fəaliyyəti bu millətin dəyəridir. Bu dəyərdən hər kəs bəhrələnməli, onun adını və faydalı fəaliyyətini hər kəs yaxşı bilməlidir. Onu da qeyd edim ki, Seyfəddin Rzasoyun avtobioqrafiyasından yazmağa ehtiyac duymadım. Çünki onun əsərləri elə tərcümüyi-halıdır. Seyfəddin Rzasoy əslində böyük türk millətinin tərcümeyi-halı olaraq öyrənilməli olan böyük şəxsiyyətdir. Bu gün Seyfəddin Rzasoyun doğum və ad günüdür. Bu kimi şəxsiyyətlərin varlığı millətin varlığının mövcudluğunu göstərir. Millət oğlunu, Oğuz övladını, Türk balasını təbrik edirəm! Uca Allah hər zaman onun bütün diləklərini ömrünə yazsın. Amin.


Atif İslam oğlu İslamzadə

  Filologiya üzrə fəlsəfə doktoru, dosent                                      

     e-mail: [email protected]

Share this content:

Yorum gönder