KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ATİF İSLAMZADƏ: BÖYÜK SEYYİD ƏZİM ŞİRVANİ İSLAMDA MƏZHƏBPƏRƏSTLİYƏ QARŞI İDİ

ATİF İSLAMZADƏ: BÖYÜK SEYYİD ƏZİM ŞİRVANİ İSLAMDA MƏZHƏBPƏRƏSTLİYƏ QARŞI İDİ

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
353 0

Tarixi qaynaqlardan görürk ki, sünni-şiə mövzusunun qarşıdurma səviyyəsində tətbiqi yalnız türklük və müslimanlıq ideyalarına qarşı yönəli məkrli fitnəkar siyasəti aşkara çıxarır. Elə bu səbəbdən də Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin bir çoxu bu məzhəbləri ya bütünlüklə inkar etmiş, ya şəriət üsulu kimi qəbul olunmasına qarşı çıxmış, yaxud da hər iki məzhəbi birləşdirmək istiqamətində mövqe nümayiş etdirmişdir. Bu şəxsiyyətlərdən biri də böyük mütəfəkkir klassik S.Ə.Şirvani idi. Əhəmiyyətli məsələdən biri də odur ki, o, seyyid idi, ancaq şiə məzhəbpərəstliyi yaradanları, ümumiyyətlə məzhəbçiliyi siyasətə çevirib islamı mahiyyətindən çıxarmağa çalışanları qəbul etmirdi. Çünki bunun arxasında din adı altında siyasi düşmənçilik toxumu səpənləri aydın görürdü.  F.Köçərli “Azərbaycan (türklərinin) ədəbiyyatı” ( 1, 9 ) toplusunda “Hacı Seyyid Əzim…cani-dildən ağlıyıb naləvü-fəryad edirdi ki, biz bir millət olduğumuz halda bir-birimiz ilə qardaş kimi dolanmağa Allahın hökmü ilə borclu ikən nə səbəbə iki firqəyə bölünüb ədavət başlayaq?” ( 2, 54 ).

    Sonra Firudin bəy Seyyid Əzimin külliyyatdan nümunə verir:

                    Şiəmiz sünniyə edər töhmət,

                    Sünnimiz şiədən edən qeybət,

                    Bizi puç etdi şiə-sunni sözü,

                    Əhli-İslamın oldu kor gözü   ( 2, 53).

  Bu misralar Seyyid Əzimin “Əkinçi” qəzetinin yaradıcısı Həsən Bəy Zərdabiyə müraciətlə yazdığı şeirdəndir ( 3, 117, 118). Ancaq biz bu misraları düşünülmüş şəkildə Firudun Bəy Köçərlinin əsərindən örnək verməklə, onun da bu mövqedə olmasına diqqət çəkmək istədik.  

    Ümumiyyətlə, Hacı Seyyid Əzim Şirvani dəfələrlə bu mövzuya toxunmuş, bu məsələyə geniş İslami mövqedən yanaşmış, fikir ayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasına öz etirazını bildirmişdir. Seyyid Əzim “Rəbiül-Ətfal” (Tifllərin baharı) əsərində oğlu “Mircəfərə xitab” edir ki:

                          “Demirəm sünni ol və ya şiə,

                           Tək hədəf olma tiri-təşniə”  (4, 33)

   Yəni, demirəm sünni və ya şiə ol, tək eyiblilik oxuna (tiri-təşni) özünü hədəf etmə, deyir. Şair daha sonra şiəliyin hüquqi əsaslarına toxunaraq oğluna məsləhət görür ki, şiəlik etsə də, radikal şiə təəssübü iddiasıyla ifrat mövqedə dayanıb hətta peyğəmbər səlavatullahın əshabı haqqında küfr və lənət edənlərdən özünü fərqləndirə bilsin. Buna görə də bu yerdə böyük Seyyid Əzim özünü misal göstərir:

                           Mən özüm şiəyəm, budur sifətim,

                            Leyk əshabə yox müxalifətim   ( 4, 33 ).

   Bu yerdə Seyyid Əzim Şirvani çox ciddi və incə bir məsələyə toxunur. Həddini aşıb azğınlaşmış ifratçı şiə və sünni tərəfdarlarının İslam tarixində adı qiyamət gününəcən əbədiləşmiş xülafeyi-ər-Rəşidiyyun (dörd xəlifə) (Həzrət Əbu Bəkr, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli) haqqında dedikləri böhtan və hədyanlar, hətta lənət oxumaq cəhaləti Seyyid Əzimi narahat edir. Ona görə də eyni yerdə oğluna “Dilini saxla lənət etməkdən” deyir, bunun İslamı parçaladığı, Allahın və onun Rəsulunun adına hörmətsizlik olduğunu diqqət mərkəzinə çəkir. Eyni zamanda Seyyid Əzim peyğəmbər əleyhissəlamın əshabları, xüsusilə də dörd xəlifədən hər hansı biri  haqqında mənfi mülahizə söyləməyin  onlara deyil, söyləyənin özünə zərərli olduğunu, nə isə deməklə “yaxşının yaman olmayacağını” qeyd edir:

                 Sən dedin ki, deyil xəlifə Ömər,

                 Ömərə bu kəlamdən nə zərər?

                 Sən dedin ki, deyil imam Əli,

                Olmadı zaye ehtirami-Əli    ( 5, 97).        

   Ümumiyyətlə, sünnilik və şiəlik məzhəblərinin düşmənçilik səviyyəsində gəlib çıxmasında Peyğəmbər əfəndimizdən (SƏS) sonra dövləti idarəçiliyin ali rəhbəri olaraq kimin bu vəzifəyə haqqı çatacağı, kimin haqqı çatmayacağı barədə mübahisə və münaqişələr bu xəlifələri nəinki bir-birindən ayırmaq, hətta bir-birinə qarşı qoymaq iddiası meydana çıxarmış, məhz bu məsələnin həmişə qüvvədə qalmasına çalışan qaranlıqda gizlənmiş güclər də dəfələrlə buna rəvac vermişlər.

             QAYNAQLAR


1. Köçərli F.B. Azərbaycan ədəbiyyatı, II cilddə, I c., Bakı: Elm, 1978, 598 s.

2. Köçərli F.B. Azərbaycan ədəbiyyatı, II cilddə, II c., Bakı: Elm, 1981, 460 s.

3. Şirvani S.Ə.Seçilmiş əsərləri. III cilddə, II c., Bakı: Avrasiya Press, 2005, 384 s.

4. Şirvani S.Ə.Seçilmiş əsərləri. Bakı: Maarif, 1990, 224 s.

5. Şirvani S.Ə.Seçilmiş əsərləri. III cilddə, III c., Bakı: Avrasiya Press, 2005, 288 s.

3


ATİF İslam oğlu İSLAMZADƏ

           Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                       

          e-mail: atif.islamzade@mail.ru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir