KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Aqşin Kərimov: HƏMAS-İsrail toqquşmaları İran, Türkiyə, ABŞ, Rusiya və Çin maraqları kontekstində

Aqşin Kərimov: HƏMAS-İsrail toqquşmaları İran, Türkiyə, ABŞ, Rusiya və Çin maraqları kontekstində

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
107 0

İsraillə Fələstin arasındakı genişmiqyaslı toqquşmalar regional dağınıqlığa həssas olan nöqtələri ciddi şəkildə qurdalayır.

Hərbi nöqteyi-nəzərdən HƏMAS-ın çox təsirli hücum əməliyyatlarını icra etdiyi aydındır, hərçənd ki, o, İsrailin nizamlı, peşəkar ordusu və ən müasir silahları qarşısında hələ də acizdir.

Lakin HƏMAS hücumlarının İsraili qəfil yaxalamasından sonra qlobal məkanda İsrailin kəşfiyyat və əməliyyat uğursuzluqları haqqında bir xeyli müzakirə açılıb.

İndi bunu araşdırmaq yalnız İsrailin daxili işidir, beynəlxalq aləm isə hərbi toqquşmaların qlobal və regional miqyasdakı neqativ perspektivləri ilə əlaqədar həyəcan keçirir.

Yaxın Şərq oxunun tərs bucaqda fırlanması regionda Suriya, Livan, İraq, Yəmən, Əfqanıstan cəbhələrinin görünməmiş dərəcədə aktivləşməsinə gətirib çıxarır.

Yenidən qızışan başıbəlalı regiona beynəlxalq və regional oyunçuların hansı məntiqlə qarmaq atacağı maraq doğurur.

İran

İran illərdir HƏMAS-ın maliyyə, silah və təlim dəstəyini təmin edib. Rəsmi Tehran üçün Yaxın Şərq regionundakı qarışıqlıq proksi qüvvələrin yetişməsi baxımından faydalıdır. Bu mənada İranın İsrail-HƏMAS toqquşmaları fonunda “Zeynəbiyyun” və “Fatimiyyun” hərəkatlarını Suriya kanalında canlandırması Tehranın ciddi hazırlıq məşqlərindən xəbər verə bilər.

Hərçənd ki, İranla HƏMAS ideoloji cəhətdən bir-birinə simpatiya bəsləmir. Onların yeganə ortaq cəhəti İsrailə nifrətdir, bununla belə, Tehranın sona qədər HƏMAS-ı dəstəkləyəcəyi şübhəli görünür.

Məntiqlə İranın HƏMAS-ı dəstəkləməsindən çox, onun proseslərdən hansı əsaslı strateji sonluqla ayrılması daha ciddi izlənilməlidir. İranın “Hizbullah” kimi hərbi proksi qanadı Tehranın siyasətindən irəli gələn çağırışları yerinə yetirir. Bu, İran üçün qeyri-dövlət aktorlarının yetişməsində ciddi rola malikdir, ona görə də “Hizbullah”ın müxtəlif cəbhələri eyni qavrayışla birləşdirməsi üçün səy göstərəcəyi gözləniləndir.

Türkiyə

Türkiyənin strateji dəst-xətti İranınkından fərqlidir, Ankaranın xarici siyasətindəki mahiyyət Fələstini kənarda qoymur. Ancaq bu, Tehranın məntiqindən əhəmiyyətli şəkildə fərqli xüsusiyyətlərə malikdir.

Birincisi, ona görə ki, Türkiyənin İsraillə münasibətləri yaxşılaşıb, ikincisi, Ankara ilə Təl-Əviv ərəb dünyası ilə əlaqələrin ruhunu eyni ip üzərində cəmləşdirirlər.

Üçüncüsü, Türkiyənin xarici siyasət strategiyasındakı dini çalarlar səmimi çağırışlara dayanır.

Dördüncüsü, Türkiyə ilə İranın ikitərəfli münasibətlərin kontekstində regional proseslərə yanaşmada fikir ayrılıqları mövcuddur, hərçənd ki, Ankara ilə Tehran müştərək iqtisadi-siyasi və təhlükəsizlik mühiti yaratmaqda həvəsli görünürlər.

Ümumi fonda İsrail-HƏMAS qarşıdurması Türkiyə üçün sərfəli deyil. Ən azından ona görə ki, Fələstin məsələsi Türkiyə üçün Yaxın Şərqin ümumi təhlükəsizliyi üzrə prioritetləri vurğulayır.

ABŞ

ABŞ-dən İsrailə ciddi dəstəklər verilsə də, Vaşinqton üçün bir nömrəli pərdəarxası prioritetlərin icrasına şərait yarandığı üzə çıxmaqdadır. ABŞ ilə İsrail arasında İran mövzusunda və regional baxışlarda fərqliliklər mövcuddur və son zamanlar Təl-Əvivin daxili məsələlərlə əlaqədar Vaşinqtona əməlli-başlı yerini göstərməsi diqqət çəkirdi.

İndi isə ABŞ İsrailə özünün təhlükəsizlik çətirini hiss etdirmək üçün fürsət qazanıb, Təl-Əvivin strateji müdafiəsində Vaşinqtonun dəstəyinə ehtiyac hiss etməsi belə fikirləri meydana çıxarır.
Ancaq ABŞ-nin maraqları paralel olaraq sarsılır, çünki Ağ Ev, heç olmazsa, İsraillə Səudiyyə Ərəbistanı arasındakı normallaşma prosesində moderatorluq əldə etmişdi. Ər-Riyada gəlincə, o, İsrail-Fələstin hərbi eskalasiyasından sonra Təl-Əvivlə münasibətləri normallaşdıran prosedurları təxirə saldığını bəyan etdi.

Yuxarıda göstərilən məqam İsrailin həm Səudiyyə Ərəbistanı ilə yaxınlaşmaq, həm də İbrahim razılaşmasını (Bəhreyndə 15 sentyabr 2020-ci ildə imzalanmış saziş) icra etməsi prosesində ABŞ-nin roluna zərbə vurur.

Rusiya

Rusiya Ukraynada apardığı hərbi kampaniyada istədiyini əldə edə bilmir, buna görə o, Qərbə qarşı ritorikasını sərtləşdirir. Yaxın Şərq alovunun yuxarı qalxması isə Qərbin diqqətini Ukraynadan yayındırır – bu, Rusiya üçün göydəndüşmə fürsətdir.

Rusiya Yaxın Şərqin Suriya qanadındakı mövqelərini itirməyib, əksinə, İranla birlikdə ABŞ-nin regiondan çıxması şəraitini formalaşdırmağa can atır.

Üstəgəl, Kremlin Suriyada Türkiyə ilə əməkdaşlıq formatı dərinləşmək ərəfəsindədir. Kreml illərdir formalaşmış ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərini də korlayıb ikincini öz tərəfinə çəkməyi bacarıb.

Buna baxmayaraq, Rusiyanın İsrail-Fələstin münaqişəsinə böyük təsirləri yoxdur, çünki, o, diqqətini daha çox Ukraynaya yönəldir.

Çin

Ən uzaqgörən taktika Çinə məxsusdur, o, elə bir plana sahibdir ki, Rusiyanın da, İranın da, Türkiyənin də, Səudiyyə Ərəbistanının da diqqət mərkəzinə düşür.

Çinin Yaxın Şərqdəki strateji aktivləri onun İranla Səudiyyə Ərəbistanı arasındakı barışıq dialoquna vasitəçilik etməsi ilə şişdi və böyük ehtimalla Pekin növbəti mərhələdə İsraillə Fələstini bir araya gətirməyi planlaşdırırdı.

ABŞ Çinin böyüyən maraqları qarşısına Hindistanla Avropanı birləşdirəcək nəqliyyat dəhlizi layihəsi ilə çıxdı, bu marşrut, plana görə, Yaxın Şərqi də əhatə edəcək.

Ancaq rəqiblər bir-birinin əlindəki kartı vurmaqla məşğuldurlar, indi Yaxın Şərqdə HƏMAS-ın İsrailə hücumu ilə yaranan reallıqlar Çin üçün əlavə dəyərdir.

İsraillə Fələstinin davasının növbəti raundu Çin üçün bir çox cəhətdən əlverişlidir, birinci növbədə Pekin ABŞ-Hindistan oxunun istiqamətini dəyişməyi bacarır.

İkinci növbədə, Suriya Prezidenti Bəşər Əsədin Çinə səfərindən sonra Pekinin Suriyaya əlverişli şərtlərlə girişinin təmin olunacağını hesablamaq çətin deyil. Çinin regional qaynaması Yaxın Şərqin konyunkturasını əsaslı şəkildə dəyişə bilən nəticələr doğura bilər.

İsraillə Fələstin arasındakı hərbi ritorika irəlidə beynəlxalq siyasət baxımından iki ssenarini proqnozlaşdırmağa imkan verir.

Birincisi, qlobal və regional oyunçular münaqişə tərəflərinin hesablamalarını nəzərə alaraq regional gərginliyi azaltmaq üçün yarışa girirlər və mümkün atəşkəs razılaşmasından maksimal əmsalla çıxmaq istəyirlər.

İkincisi, münaqişə xətti genişlənib daha böyük regionlara yayılarsa, onda eskalasiyanın qarşısının alınmasından çox, onun yönləndirilməsi uğrunda ciddi rəqabət hiss oluna bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir