KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Aqşin Kərimov: Blinken-Əliyev danışığı və ABŞ-nin üstünü örtdüyü məqsədini açıqlaması

Aqşin Kərimov: Blinken-Əliyev danışığı və ABŞ-nin üstünü örtdüyü məqsədini açıqlaması

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
122 0

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Əliyev Blinkenə deyib ki:

– ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Nümayəndələr Palatasındakı dinləmələrdə Azərbaycanla bağlı səsləndirdiyi fikirlər qərəzlidir, həqiqəti əks etdirmir və Azərbaycan tərəfindən rədd edilib,

– Azərbaycan ABŞ-nin Azərbaycana münasibətdə yüksəksəviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə alaraq bunu adekvat cavablandırıb.

Telefon danışığı ilə əlaqədar rəsmi məlumatın dərc olunduğu ərəfədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real fürsətlər görür.

Brayen jurnalistlərə açıqlamasında Bakı ilə İrəvanın sülh proqramını ABŞ-nin marağında olduğu ticarət dəhlizi fonunda qiymətləndirməklə Ağ Evin regionda ehtiraslanmasının səbəbini göstərir.

Hər şey Brayenin “Mərkəzi Asiyadan başlayan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı” deməsində gizlənir.

Deməli, prinsip etibarı ilə Ağ Ev Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilə Ermənistanla münasibətlərin normallaşmasını ticari yollara nəzarət kontekstində daha münasib sayır. Deməli, Əliyevlə Blinken arasındakı telefon danışığı zamanı bu məsələ ətrafında fikir mübadiləsi apardıqlarını söyləmək mümkündür.

Vaşinqtondan verilən açıqlamanın dərin aspekti ABŞ-nin planetar səviyyəli iki rəqibinə qarşı yönəlir.

Birincisi, Vaşinqton istəyir ki, Rusiya alternativ iqtisadi-ticari marşrutlardan kənarda qalsın.

İkincisi, ABŞ maraqlarını Çinin Mərkəzi Asiyada yüksələn nüfuzu və Cənubi Qafqazda profilini qaldırması fonunda Pekinə qarşı əks-həmlə formatına kökləyir.

Deməliyik ki, ABŞ-nin maraq və ambisiyalarından asılı olmayaraq, o, iki regionda – Cənubi Qafqaz və Mərkəzi Asiya – əlaqəli təyinatını kommunikasiyaların açılması planı üzərində qurur.
ABŞ-nin burada Zəngəzur dəhlizi layihəsinə xüsusi diqqət yetirdiyini vurğulamaq olar. Yəni “ABŞ Zəngəzur dəhlizinə qarşıdır” fikrini mütləq mənada səsləndirmək bir qədər yanlış olardı. Qırılma nöqtəsi Azərbaycanın dəhliz məntiqinin regional perspektivi ilə Vaşinqtonun gələcək maraqları arasında yarana biləcək uyğunsuzluqlardır.

Çünki Vaşinqtonun dəhlizlərə nəzarət uğrundakı mübarizəsini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin içərisində monopoliya yaratmaq cəhdi ilə davam etdirməsi əlavə regional gərginliklər yaradır.

Bu baxımdan, Vaşinqtonla Bakı arasında mövcud gərginlik Azərbaycanla Ermənistan arasında sülhün bərqərar edilməsi üçün səylərə mane olur.

Ona görə ki, ABŞ Azərbaycanın yaratdığı reallıqları Ermənistanın xeyrinə dəyişdirmək potensialına kilidlənir və Bakı ilə İrəvan arasındakı vasitəçilik missiyasındakı tərəfsizlik prinsiplərinə kölgə salır.

Yəni ABŞ sülh modelini bu cür görür ki, belə yanaşma Bakı üçün qəbuledilməzdir. Amma hər halda, Bakı ilə Vaşinqtonun ortaq məxrəcə gəlmək üçün kanalları açıq tutulur ki, bu da Ağ Evi Azərbaycanla Ermənistan arasında görüşdə vasitəçi olmağa ümidləndirir.

Lakin ABŞ etibarlı moderator olmaqda inadkardırsa, Bakı ilə sıx əməkdaşlıq etmək barədə razılıq əldə etməlidir. Belə əməkdaşlıq rejimi Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən xətdən uzaq tutulması və sülh müqaviləsi mətnində Azərbaycanın şərtləri nəzərə alınması ilə üstün bir səviyyəyə qalxa bilər.

Blinkenin ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda dövlət katibinin köməkçisi Ceyms O`Brayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi qeyd edilən xüsusiyyəti göstərir.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Deməli, yaxın perspektivdə Azərbaycanla ABŞ arasında yüksəksəviyyəli görüşlərin keçiriləcəyini və Vaşinqtonun Bakının maraqlarını nəzərə alacağını proqnozlaşdırmaq olar.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir