İran İslam Respublikasında sosial-iqtisadi problemlərə, milli valyutanın sürətlə dəyər itirməsinə, bahalaşmaya, ölkənin Qərbin sərt sanksiyaları altında əzilməsinə təbiət də öz şıltaqlığı ilə reaksiya verir.
Ölkədə başlayan quraqlıq, su çatışmazlığı da sosial-iqtisadi problemləri körükləyir və etirazları alovlandırır, bu alovun üzərinə isə İrana rəqib ölkələrin kəşfiyyat dairələri benzin tökür.
Etiraz aksiyalarının tüğyan etməsi onu göstərir ki, İran hökuməti bir çox problemin səbəbini aradan qaldırmaqda acizdir.
Kataklizmlər İranda siyasi mənzərənin də işığını söndürür, hərçənd ki, ali rəhbərlik bütün günahları keçmiş hökumətlərin üzərinə ataraq məsuliyyətdən qaçmaq meylini nümayiş etdirir.
Qarmaqarışıqlıq İran elitasında ciddi fikir ayrılıqları yaradır, hətta bu düşüncə də hakim ola bilər ki, artıq ali rəhbər Seyid Əli Xameneinin birbaşa nəzarətində olan SEPAH komandanlığını hərbi çevriliş barədə fikirləşməyə vadar edir.
Sual yaranır: SEPAH çevriliş oxu ilə kimi “vurmaq” istəyir? Düzü, burada hazırkı İran hökumətinin (prezidentlik institutu) hədəfdə olduğunu düşünmək yanlış qənaətin məhsulu kimi dəyərləndirilməlidir.
Çevriliş ssenarisinin ali rəhbərliyə qarşı (ali rəhbərliyin başında Xamenei dayanır, amma, onun yaxın ətrafı da var) çevriləcəyi ehtimallarını səsləndirmək üçün arqumentlər formalaşmağa başlayır, hərçənd ki, SEPAH özü də İranın ən dərin radikal hərbi-siyasi birləşməsidir.
Bir az da dəqiq ifadə etsək, söhbət heç də Xameneinin şəxsən öz oturduğu ali kürsüdən imtinasına şərait yaratmaqdan getmir, amma onun səlahiyyətlərinin mənimsənilməsi planları masada ola bilər.
Qısası, “radikallar mühafizəkarlara qarşı” prinsipi ilə çəkişmələr başlayır və sahəyə SEPAH öz tezisləri ilə girərək həm yaxasını kənara çəkir, həm də çevriliş üçün əsaslar hazırlayır.
Yaxasını kənara çəkir – bu ifadənin məğzini açmağa çalışaq, İranda iqtisadi böhranın səbəblərindən biri də SEPAH-ın böyük biznes imperiyası yaratmasıdır.
Buna görə də, cərəyan edən proseslərdə SEPAH özünün aydan arı, sudan duru obrazını yaradaraq günahı başqa yerlərdə axtarır.
Özü də bu təqsirlərin bir ucunu ali rəhbər Xameneinin nüfuzuna toxundurur. SEPAH komandanının müavini Yadollah Cavaninin “bəzi insanlar iqtisadi problemlərə görə ali rəhbər Əli Xameneini günahlandırır. Çünki o, ABŞ-la danışıqlara icazə vermir” deməsi çevriliş mətləbindən xəbər verir.
Bu, ölkədə ən böyük iqtisadi problemlərə səbəb olan diplomatik dalanın Xameneinin məsuliyyəti ilə bağlı SEPAH daxilində müzakirələrin getdiyinin etirafıdır.
Hərçənd ki, Cavaninin özünün də ələ alınması ehtimalları mövcuddur, ən azından onun Xameneinin rəsmi saytının işini zədələyən casus qadınla (Ketrin Şakdam) əlbir olduğu şübhələri İran siyasi üfüqlərində bərq vurur.
SEPAH hökumətin daxilindəki kürsülərin dayaqlarını laxlatmaq üçün yeni bir fikir də ortaya atıb, məsələn, SEPAH qeyd edir ki, İranın yüksək vəzifəli məmurlarının 4000-ə yaxın qohumu Qərb ölkələrində yaşayır.
Hər necə olursa olsun, SEPAH aksiyalar üçün iqtisadi səbəblərdən çox xarici müdaxilə amilləri axtarışını davam etdirəcək. SEPAH-ın çevriliş oxunun prezidentlik təsisatına doğru uçması daha məntiqli səslənir, çünki SEPAH üçün prezidentlik institutu həmişə hədəf olaraq qalır.
Aqşin Kərimov