CIA yeni direktörü Rusya’da “gazetecilik” adı altında casusluk mu yaptı?

İran’da TÜRK varlığının devlet statüsüne taşıma aktiviteleri

DONALD TRAMPIN QARABAĞLA BAĞLI PLANIMI VAR?

İtalya’da Masonlar Amerika’da Trump dertli!

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə necə cavab verməliyik?

Azerbaycan, Rusya 16 Mayıs 2017
455

Moskva məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Azərbaycan rəsmilərinin çoxsaylı müraciətləri, səfir Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü və Milli Məclisin hüquq komisiyasının sədri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin təcili olaraq Moskvaya göndərilərək rusiyalı həmkarlarıyla görüşlər keçirməsi də Konqresinin qeydiyyatının ləğvi prosesini dayandıra bilmədi.
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar – oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar.
Rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə önəm verirdi və bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə birbaşa mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putində iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında İlham Əliyevlə birgə iştirak edib. Həmin qurultayda çıxış edən İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradılmasının Heydər Əliyevin siyasətinin tərkib hissəsi kimi qiymətləndirərək bunları demişdi: “Mən çox şadam ki, Ümumrusiya Azərbaycanlıları Konqresi qısa müddətdə çox gücü və nüfuzlu təşkilata çevrilib. Konqres iki ölkə arasında əlaqələrin genişlənməsində çox mühüm rol oynayır”.
Konqresin 2011-ci ildə Moskvada keçirilən III qurultayına artıq prezidentlər qatılmır. Həmin tədbirdə ən yüksək rütbəli rəsmi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olur. Ramiz Mehdiyevdən başqa Prezident Administrasiyasnın xeyli şöbə müdiri də Moskva toplantısında iştirak edir. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Putindən fərqli olaraq Konqresin qurultayına qatılmayaraq, sadəcə təbrik məktubu göndərir. Bu qurultayda yeganə yadda qalan Ramiz Mehdiyevin “Azərbaycan və Rusiya müttəfqi ölkələrdir” açıqlaması olur.
Ümumrusiya Azərbaycanlıları Konqresinin növbəti IV qurultayı isə ötən il keçirilib. Bu qurultayda da prezidentlər iştirak etməyib. İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi məktubunda yenidən Ümumrusiya Azərbaycanlıları Konqresinin dünya azərbaycanlıları diaspor təşkilatları sırasında xüsusi yer tutduğu sözləri vurğulanıb: “Konqres təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor təşkilatının avanqardı sayıla bilər”.
Beləliklə, Ümumrusiya Azərbaycanlıları Konqresinin qurultaylarında edilən çıxışların qısa ekskursundan da görünür ki, rəsmi Bakı bu təşkilata ciddi əhəmiyyət verib, bu təşkilatı iki dövlət arasındakı münasibətlərin əsas elementi sayıb. Demək, əgər Kreml Konqresin qeydiyyatını ləğv edibsə münasibətlərdəki əsas elementi də ortadan qaldırıb.
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi hansısa hüquqi prosedurların pozulmasıyla əlaqələndirilib. Ancaq Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır. Kreml bu təşkilata rəsmi Bakının necə dəyər verdiyini yaxşı anlayırdı. Rusiya demokratik ölkə deyil və məhkəmənin hansısa hakimi ölkələrarası münasibətlərə mənfi təsir edə biləcək qərara imza ata bilməzdi. Kreml istəsəydi məhkəmə fərqli qərar verə bilərdi. Əgər Kreml Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə qərar veribsə deməli bunun səbəbini Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumunda axtarmaq lazımdır.
Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz az da olsa Rusiyanın regional gücünü zəiflədir. Məsələn, mayın 15-də Pekində “İpək yolu” layihəsiylə bağlı zirvə toplantısı keçirildi, həmin toplantıda Rusiya prezidenti də iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Pekindənki çıxışında qeyd etdi ki, yaxın bir neçə ayda Bakı-Tiflis-Qars dəmir yolu hazır olacaq. Bu dəmiryolunun işə düşməsi o deməkdir ki, Çindən çıxan mallar Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatacaq. Halbuki, Moskva Çin mallarının Trans Sibir dəmiryolu ilə Avropaya çatdırılmasını istəyir. Ancaq elə rusiyalı mütəxəssislərinin sözlərinə görə Trans Sibir dəmir yolunun porblemləri çoxdur və qatarlar ləng hərəkət edir. Ona görə də Çin Bakı-Tiflis-Qars dəmiryoluna maraq göstərir.
İkincisi, Azərbaycan cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüyünü artırır. Elə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin elan edildiyi gün Azərbaycan ordusu işğal edilmiş ərazidə işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasını istəmir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollara baş vurub.
Üçüncüsü, Kreml Azərbaycanda ötən prezident seçkisində olduğu kimi bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisinə az qalmış Moskvada “milyonerlər ittifaqı” yaradıldı. Həmin qurumda Rusiyada yaşayan azərbaycanlı oliqarxlarla yanaşı Rüstəm İbrahimbəyov və Abbas Abbasov da yer aldı. Habluki, bu ikisini oliqarx saymaq olmaz. Ancaq hər ikisi ilə Azərbaycan hakimiyyətinin problemi var. Görünür, Moskvada növbəti prezident seçkisində Azərbaycan hakimiyyətinə təzyiq kimi yeni planın hazırlıqlarına başlanılıb və ilk addım kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə qərar veriblər.
Azərbaycan Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvinə necə cavab verməlidir?
İlk növbədə Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərilməlidir. Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb. Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var.
Buna baxmayaraq, əgər Moskvada appelyasiya məhkəməsi Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvi qərarını təsdiqləyərsə Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq. Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi və Azərbaycana bağlı hansısa təşkilatı olmalıdır. Rusiyada yaşayan azərbaycanlıarın bir qismi Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətindən narazı idi. Ona görə də yeni təsis olunan təşkilat daha işlək olmalı və çevik qərarlar verməlidır. Əgər Kreml yeni təşkilatın yaranmasına da mane olarsa, onda Rusiyanın Azərbaycanla bağlı əsl planları bəlli olacaq və rəsmi Bakıda buna uyğun Rusiya siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar