İngiltere’nin Gazprom kararının perde arkası!

Հայաստանի տնտեսական ակտիվության ցուցանիշը հունվար-մայիսին աճել է 8.6 տոկոսով

İsrail-İran kəşfiyyat müharibəsinin yeni cəbhəsi-Afrika…

Olası ABD – İran çatışmasında Türkiye’nin izleyeceği strateji ne olur?

Atilla Kaya: “AKP-nin yanlış xarici siyasətinin bizi qarşı-qarşıya buraxdığı problemlərdən biri də Rusiya ilə olan böhrandır”

Türkiye 12 Şubat 2016
599

Atilla Kaya: “AKP-nin yanlış xarici siyasətinin bizi qarşı-qarşıya buraxdığı problemlərdən biri də Rusiya ilə olan böhrandır”
kenanat

Türkiyə Cümhuriyyəti hazırda həm bölgədə davam edən münaqişə, həm də ölkənin cənub-şərq bölgələrində davam edən antiterror əməliyyatlarından dolayı gərgin dönəm yaşayır. Suriyada müharibənin şiddətlənməsi ölkəyə yeni qaçqın axınına səbəb olub, sərhədlərdə minlərlə insan gözləyir. Eyni zamanda ötən ilin noyabrından başlayan Rusiya-Türkiyə gərginliyi ölkə iqtisadiyyatına öz təsirini göstərməkdədir.

Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Atilla Kaya ilə həm regional məsələlər, həm də ölkə daxilində aparılan anti-terror əməliyyatları ilə bağlı söhbət etdik. Türk millətçilərinin proseslərə baxışını sorduq.

– Atila bəy, hazırda Rusiya və Türkiyə münasibətlərində ciddi bir gərginlik var. Bu vəziyyətə MHP-nin baxışı necədir, sizcə, bu problem necə həll olunmalıdır?

– AKP-nin yanlış xarici siyasətinin bizi qarşı-qarşıya buraxdığı problemlərdən biri də Rusiya ilə olan böhrandır. Daha çox detallara varmadan onu deyə bilərəm ki, ilk vaxtlarda AKP-nin “qonşularla sıfır problem” adı altında hətta Ermənistanla sərhədlərin açılmasına qədər gedən bir xarici siyasət kursu bu gün bütün qonşularla soyuq münasibətlər, hətta Suriya nümunəsində bəziləri ilə savaş durumunda olan bir Türkiyə tablosu ortaya qoyub.

Hardan baxsan bu, yanlış planlamanın, xəyalların, real olmayan, Türkiyənin imkanlarından artıq olan xəyallar qurmaqla Türkiyəni bir çox qonşuları və Yaxın Şərqdə bir çox ölkələrlə qarşı-qarşıya qoyan siyasət anlayışının nəticəsi olaraq qarşımıza çıxır. Bu gün ölkəmizdə 2,5 milyon suriyalı qaçqın var, Hələb ələ keçirilərsə, 500-600 min əlavə qaçqının gəlməsi ehtimalı var. Yəni böhranlı vəziyyət davam edir.

Rusiya məsələsinə gəldikdə, son illərdə, xüsusən də Putinin hakimiyyətə gəlməsindən sonra AKP iqtidarı illərində Rusiya-Türkiyə münasibətlərində ciddi irəliləyiş oldu. İqtisadi göstəricilərə baxdıqda iki ölkə arasında illik 30 milyard dollardan bir qədər çox ticarət dövriyyəsi vardı. Başqa sahələrdə də əməkdaşlıq vardı və Türkiyə-Rusiya əlaqələri tarixin heç bir dönəmində olmadığı qədər irəli getmişdi. Ancaq Suriya olayları münasibətlərə təsir etdi. Ötən ilin payızında Rusiya Suriyadakı maraqlarını qorumaq üçün aktiv hərbi əməliyyatlara qoşuldu. Məlum olduğu kimi, Suriyada Rusiyanın hərbi-dəniz və hərbi-hava bazaları və bir çox maraqları var. Yəni Əsədin getməsi Rusiyanın maraqlarına uyğun deyil.

Diqqət etsəniz, Rusiya Suriyada İŞİD-in mövqelərini bir neçə dəfə bombalayıb. Əsasən bizim “Bayır-bucaq” dediyimiz türkmənlərin bölgəsi və radikal olmayan müxaliflərin yerləşdiyi ərazilərdir. Bildiyiniz kimi, Suriyanın Laziqiyyə və Tartus şəhərlərində rus hərbi bazaları var. Laziqiyyənin şimalında dəniz kənarı bölgələrə “bucaq” deyilir, dağlıq ərazilərə isə “bayır” bölgəsi deyilir. Burda heç İŞİD də yoxdur. Rusiya İŞİD-lə mübarizə adı altında Bayır-bucaq türkmənlərini bombalamağa başladı. Türkiyə bununla bağlı bir neçə dəfə xəbərdarlıq etdi, hətta Rusiya səfiri XİN-ə çağırılıb etiraz edildi. Yəni bu, birdən-birə olmuş olay deyildi. Və nəticə etibarı ilə iqtisadi sahə də daxil olmaqla, bir çox sahələrdə Rusiya ilə böhran durumundayıq.

İqtidarın yanlış xarici siyasətini tənqid etməklə bərabər, ölkəmizin hava sərhədlərini pozan, eyni zamanda Bayır-bucaqda minlərlə müdafiəsiz mülki əhalini bombalayan Rusiyanın siyasətini qəbul etməmiz mümkün deyil. Ancaq biz düşünürük ki, vəziyyətin bu həddə gəlib çatması nəticə etibarı ilə nə Rusiyanın, nə də Türkiyənin maraqlarına uyğun deyil. Bu, daha çox Qərbin, bəlkə də amerikalıların maraqlarına cavab verəcək bir böhrandır. Bu vəziyyət toqquşmaya çevrilmədən ölkəmizin maraqlarını və Bayır-bucaq türkmənlərini müdafiə edəcək bir çərçivə daxilində bu işin həll olunmasında fayda vardır.

– Türkmən bölgəsinin durumundan bəhs etdiniz. Yeri gəlmişkən, Rusiya hökumətinin türk milliyyətçilərinin Suriyadakı fəaliyyətləri, silahlı dəstələrdə savaşması ilə bağlı iddiaları var. Bu mövzu son zamanlar xeyli böyüdülüb. Eyni zamanda xəbərlərdə də bir sıra milliyyətçilərin orda olması qeyd olunur. Türkiyə milliyyətçilərinin Suriyada nə kimi fəaliyyətləri var?

– Bu mövzu Rusiya pilotunun vurulması ilə müəyyən qədər gündəmə gəldi. İlk növbədə onu deyim ki, həm Ülkü Ocaqları təşkilatları, həm də MHP-nin fərqli vilayət, şəhər, rayon təşkilatları Türkiyənin özündə olan Suriya qaçqınları, eləcə də Bayır-bucaq bölgəsi dediyimiz ərazilərdəki türkmən kəndlərinə yardım üçün onlarla kampaniya təşkil edib. Bu günə qədər o bölgələrə yüzlərlə yük maşını yardım göndərilib. Bu bir humanitar yardımdır. Lakin türk milliyyətçilərinin kütləvi şəkildə gedib orda təşkilatlanmış bir şəkildə savaşa qatılması kimi cəhdləri olmamışdır. Bu gün mediada yazılır, faktlar var, Türkiyədən minlərlə insan gedib İŞİD-ə qatılır. Amma bunun qarşısında ümumi sayları 50-60 nəfəri keçməyən, əsas məqsədləri oradakı insanlara yardım aparmaq, o insanlara mənəvi dəstək vermək olan milliyyətçilərdən söhbət gedir. Təbii ki, bu bir fərdi qərardır, MHP-nin hər hansı bir təşkilatının və ya Ülkü Ocaqlarının təşəbbüsü və ya qərarı ilə deyil. Bu insanlar öz fərdi seçimləri ilə oralara gediblər. Könüllü olaraq o bölgələrə gedib müqavimət göstərən xalqa dəstək verən insanların varlığını biz mətbuatdan izləyirik. Yəni burda bir təşkilatlanma, planlı fəaliyyət yoxdur. MHP-nin və Ülkü Ocaqlarının əsas məqsədi bura gələn və sərhədin o tərəfində köməksiz qalan insanlara humanitar yardım çatdırmaqdır. Bu fəaliyyətimiz davam edir.

– Ancaq bilindiyi kimi, Rusiya Türkiyə ilə münasibətləri qaydaya salmaqda maraqlı deyil, əksinə, durum günü-gündən daha da pisləşir. İki gün əvvəl də Dumanın deputatı Qars müqaviləsinin ləğv olunması fikrini ortaya atdı. Sizin görüşünüz nədir, MHP hökumətin hansı addımı atmasını təklif edir? Necə düşünürsünüz, Türkiyə hakimiyyəti xarici siyasət kursuna yenidən baxmalıdırmı?

“Əməliyyatlar oradakı terror ünsürlərini təsirsiz hala gətirənə qədər bu mübarizə davam etməlidir”

– Türkiyənin xarici siyasətini yenidən gözdən keçirməsinin zamanı gəlmişdir. Bu bir inad və ya ideoloji maraqların təmin olunması prosesinə çevrilməməlidir. Bu cür milli maraqlar deyil, ideoloji yanaşmalarla həyata keçirilən xarici siyasətin yuxarıda da qeyd etdiyim kimi, Türkiyəni hansı sıxıntılara məruz qoyduğu artıq ortadadır. Dolayısı ilə milli bir xarici siyasət qurmaq üçün iqtidarın bu inadkarlıqdan vaz keçərək müxalifətlə də məsləhətləşmələrlə yeni bir xarici siyasət kursu hazırlamasına ehtiyac var.

– Türkiyə hökuməti artıq 2 aydan çoxdur ölkənin cənub-şərq bölgələrində antiterror əməliyyatları başlatdı. Hərbi əməliyyatlar bu gün də davam edir. Bu əməliyyatlar nə zamana qədər davam edəcək? Necə düşünürsünüz, o bölgədən terroru təmizləmək mümkün olacaq?

– 2002-ci ildə AKP hakimiyyətə gələndə PKK terror təşkilatının lideri həbs olunaraq ölkəyə gətirilmiş, terror təşkilatının özü dağılma mərhələsində idi, ölkədə aksiya keçirməyəcək bir vəziyyətə gətirilmişdi. Ancaq ondan sonra AKP-nin həyata keçirdiyi bir sıra yanlış fəaliyyətlər, xüsusən də 2009-cu ildə başlayan, ancaq tezliklə dayandırılıb və 2013-cü ildə yenidən başladılan və adına “çözüm sürəci”, “açılım prosesi” dedikləri planın fəaliyyətdə olduğu dövrdə PKK həm Türkiyədə, həm də dünya ictimai rəyində böyük həcmdə leqallaşma mərhələsi yaşadı. Eyni zamanda “barış prosesi” və ya “açılım prosesi” dedikləri prosesdə PKK bütün təchizat ehtiyaclarını təmin etmiş, şəhər və qəsəbələri silah və bombalarla doldurmuş, eləcə də dağdakı silahlılarını şəhərlərə yerləşdirmişdi.

Bütün bunlar Türkiyə Cümhuriyyətini idarə edən hökumətin gözləri qarşısında baş verib. Bir sıra hökumət rəsmilərinin zaman-zaman verdiyi açıqlamalar da bunu təsdiqləyir. Etiraf edirlər ki, biz bunları görürdük, amma “həll prosesinə” zərər gəlməsin deyə səsimizi çıxarmadıq. Surucda baş verən terrordan sonra hökumətin PKK-ya qarşı hərbi əməliyyatlara başlaması ilə dünənə qədər dağlarda aparılan antiterror əməliyyatları bu gün qəsəbə və şəhər mərkəzlərində aparılmağa başladı. Hazırda bəzi şəhər və qəsəbələrdə muxtariyyət elan edən, “buraların cavabdehi mənəm” deyən silahlı təşkilata qarşı hər bir suveren dövlətin etməli olduğu nədir?

Təbii ki, bu cür terror qruplarını zərərsizləşdirmək, dövlətin sərhədləri daxilində əmin-amanlığı bərpa etməkdir. Bir yerdə dövlət ya vardır, ya da yoxdur. Eyni ərazidə iki qüvvə hakim ola bilməz. Bu, dövlətin suverenliyinin tapdanmasıdır. Bu səbəbdən də baş verənlər hökumətin terrorla mübarizə siyasətini terrorla müzakirəyə dəyişməsinin nəticəsi olaraq bütün bunlar baş verir. Bu gün yüzlərlə şəhid bahasına çox ciddi bir mübarizə aparılır. Amma son zamanlar baş nazirin və bəzi AKP yetkililərinin açıqlamalarına baxırıq ki, yenidən “açılım prosesi” gündəmə gətirilir. Amma bu olarsa, Türkiyəyə qarşı ən böyük xəyanət ola bilər.

– Yəni siz müxalifət olaraq əməliyyatların davam etdirilməsinin tərəfdarısınız?

– Əlbəttə, bu proses sonuna qədər davam etməli, bölgədə ölkə vətəndaşlarının can və mal təhlükəsizliyini təmin edəcək ictimai qayda-qanunlar təsis edilməlidir. Bu əməliyyatlar terrorçuların zərərsizləşdirilməsi, o bölgədə tam şəkildə Türkiyə Cümhuriyyətinin varlığını hiss etdirənə qədər davam etməlidir. Oradakı terror ünsürlərini təsirsiz hala gətirənə qədər bu mübarizə davam etməlidir.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar