Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Ərdoğanı Əsədlə “barışdıran” səbəb

Gündem 26 Kasım 2017
145

Gündəmin əsas hadisəsi Türkiyə prezidentinin Suriya ilə danışıqlar mövzusunda söylədiyi fikirlər oldu. Rəcəb Tayyib Ərdoğan Ankara və Dəməşq arasında yaxın təmasların, birgə fəaliyyətlərin mümkünlüyünü istisna etmədiyini deyib. Sitat: “Siyasətin qapıları, bildiyiniz kimi, son ana qədər hər zaman açıqdır”.

Hər nə qədər sensasiyalı açıqlama kimi görünsə də, prosesi izləyənlər üçün bu nöqtəyə gəlib çatmanın özü təəccüblü deyildi. Hətta bəziləri Soçidə prezidentlərin görüşündən bir gün əvvəl Putinlə bir araya gələn Bəşər Əsədin Ərdoğanla da görüşə biləcəyini iddia edirdilər. Amma bunlar sadəcə, iddia və ehtimallar idi. Real proseslər isə hələ iki il əvvəl başlayıb.

İlk dəfə iki il əvvəl məlum oldu ki, Türkiyənin NATO müttəfiqi, Yaxın Şərqdə ən əhəmiyyətli silahdaşı olan ABŞ artıq Suriyada hərəkətlərini Türkiyə ilə uzlaşdırmır. Daha konkret ifadə ilə yazsaq, Pentaqon Suriyanın şimalında kürd siyasi təşkilatı PYD və onun hərbi qanadı YPG-ni dəstəkləyir. Hansı ki, bu qruplaşma PKK-nin Suriya qolu hesab olunur və faktiki olaraq həmin vaxt İraq-Suriya-Türkiyə sərhədindən Hatay vilayətinin Reyhanlı rayonuna qədər ərazidə Türkiyə-Suriya sərhədinə faktiki nəzarət edirdi. Artıq onların 2015-ci ildə faktiki muxtariyyəti, məclisi, idarə orqanları və hətta polisləri belə vardı. Ən mühüm isə ABŞ ordusu əsasən kürdləri dəstəkləyir və planlanan Raqqa əməliyyatına illərin müttəfiqi Türkiyə ilə deyil, kürdlərlə getməyi qərara almışdı.

Suriyada kürdlərin özü də Ankaranın PKK-nın silahdaşı elan etdiyi PYD-nin muxtariyyət qurması Türkiyənin birbaşa ərazi bütövlüyünü təhdid edən, eləcə də onun Suriyada əl-qolunu bağlayacaqdı. Bu planı 2016-cı ilin 24 avqustunda Türkiyə ordusunun başlatdığı “Fırat Kalkanı2 əməliyyatı da poza bilmədi – baxmayaraq ki, Türkiyə ordusu 5 aylıq əməliyyat nəticəsində Əziz-Cerablus arasındakı ərazini ələ keçirdi. Ancaq kürdlər bu dəfə cənuba doğru irəlilədi, 2017-ci ilin aprelində Tramp hökuməti Suriya kürdlərinə – hansı ki, artıq digər etnik qrupları da ətrafına toplamaqla Suriya Demokratik Qüvvələri adlı siyasi ittifaq yaratmışdılar – 300 milyon dollarlıq silah və sursat verdi. Payızda isə kürdlər ABŞ aviasiyasının köməyi ilə İŞİD-in Suriyadakı ”paytaxtı” Raqqanı ələ keçirdilər. Hazırda Suiryanın 25 faizdən çox ərazisinə nəzarət edən kürdlər hökumətdən sonra əsas silahlı qrupa çevriliblər.

Ankara isə hələ 2016-cı ildə Suriya siyasətində korrektlərə başlamışdı. Hər kəsə – amerikalılara daha əvvəldən – aydın idi ki, Bəşər Əsədin devrilməsi və 3 ayda Dəməşqdə yeni hökumət qurulması arzuları artıq xəyaldır. Amerikalılar 2013-cü ildə Əsədin gedib-getməməsinin prioritet olmadığını elan etdilər və aydın idi ki, Vaşinqton yeni dönəmdə kürdlər vasitəsilə Orta Şərqdə güc tarazlığı qurmağa çalışır. Bu isə ən çox Ankaranın “ayağını” tapdamaq idi.

Bu səbəbdən də rəsmi Ankara 2016-cı ildən etibarən Suriyadakı silahlı müxalifləri dəstəkləməklə yanaşı, Suriyanın ərazi bütövlüyünün qorunmasına vurğu etməyə başladı. Çünki artıq Suriyada Əsədin alternativi parçalanmış, şimalında yeni de-fakto kürd dövləti yaranmaqda idi. Bu isə ən çox Türkiyənin zərərinə idi. Çünki Türkiyənin cənubunda onun ərazi bütövlüyünü təhdid edən separatizm ocağı yaranırdı. Bu səbəbdən də Ankara istər-istəməz “iki pisdən nisbətən az pisi” seçməyə məcbur oldu. Suriyanın unitar quruluşu və ərazi bütövlüyü məsələsi Bəşər Əsəddən önə keçdi. Bu mövzuda Ankara ilə eyni mövqeni bölüşən isə İran və Bəşər Əsədin özü idi.

Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində Suriyada kürd mövzusu ilə bağlı ümidli danışıb. Onun sözlərindən belə aydın olur ki, İran və Rusiya kürd məsələsinin Türkiyə üçün həssaslığını anlayır. Ancaq İran məsələsində şübhə olmasa da, Rusiyanın kürd mövzusunda mövqeyi hələlik aydın deyil. Çünki ruslar Suriyadakı etnik, dini və siyasi qrupların konqresinə kürdləri də dəvət etmək istəyirlər. Görünən odur ki, Moskva kürd reallığını qəbul edir və siyasi anlaşmaya kürdləri də daxil etmək istəyir. Ancaq Ankara bu mövzuya çox həssas yanaşır. Türkiyə prezidentinin açıqlamasından o da aydın olur ki, Ərdoğan Afrin bölgəsini, yəni Hatayla sərhəd ərazidə qalmış “kürd anklavını” tələb edir. Ehtimal ki, ruslar Afrini Türkiyəyə verməklə, yəni kürdləri oradan çıxarmaqla Türkiyəni kürdlərin Suriya konqresində iştirakına razı salmağa çalışacaqlar. Yaxın dövr üçün mümkün görünsə də, gələcək üçün kürd mövzusunun Ankara-Moskva-Vaşinqton “üçbucağında” necə həll olunacağı hələ də ciddi sual olaraq qalır.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar